SİYASƏTİN TƏK ULDUZU

imagesTarix səhnəsində müxtəlif zamanlarda çox məşhur insanlara, özlərindən sonra dərin iz qoymuş qəhrəmanlara, liderlərə rast gəlmək olar ki, belə insanlar həyatını öz xalqının rifahı üçün həsr etmiş və son nəfəslərinədək haqq uğrunda mübarizə aparmışlar. Bəzi insanlar var ki, lider adını qazanmaq üçün sonradan çox çalışaraq bu məqama çatıblar. Elə insanlar da var ki, yazımın qəhrəmanı kimi anadangəlmə lider olaraq doğulub. Yox, yox! Bu, qətiyyən mübaliğə deyil. ”Lider olmur, lider doğulur” – sözü sanki onun üçün deyilib. Onun həyat yoluna və fəaliyyətinə nəzər salsanız, bu sözümə haqq qazandırarsınız.

Lider təkcə bir işdə öndə olmaq deyil. Həyatın hər bir sahəsində öndə olmaq və ya olmağa çalışmaqdır. Sənətdə, idmanda müxtəlif sahələrdə bir ulduz, bir lider olduğu kimi siyasətin də ulduzu, lideri məhz odur – Prof. Dr. Nəcməddin Ərbakan.

1970-ci illərin əvvəlində siyasət aləminə gələrək ölkəsinə və dünyaya fərqli bir baxış, siyasətə fərqli bir düşüncə tərzi gətirən dahi şəxsiyyətdir Nəcməddin Ərbakan! O, kamillik zirvəsinə doğru gedən bir insanda vacib və zəruri hesab edilən bütün xüsusiyyətlərə sahib idi. Çox zəkalı, əzmli, qeyrətli, cəsur, mərd, çalışqan, səbirli, gülərüzlü, ən əsası isə Allahı sevən, haqqı batildən çox gözəl bir şəkildə ayıran müsəlman lider idi. Həm də gözəl xətib və natiq idi. Sadə və dəqiq danışırdı. Dediyi hər bir söz onu dinləyənlər tərəfindən asanlıqla anlaşılırdı. O, bəzi siyasətçilər kimi yalnız boğazdan yuxarı danışmırdı. Dediyi hər sözü, verdiyi hər bir vədi həyata keçirirdi. Buna görədir ki, milyonlarla insanın sevimlisinə çevrilmişdi. Müasir dövrümüzdə dini siyasətdən ayırmayan, bəlkə də, yeganə lider idi. O, siyasətin bir ibadət olduğunu göstərdi və bunu isbat etdi. Siyasətə gəlişi ilə o artıq dövlət idarələrində əqidəli insanların yer almasının vaxtı çatdığını, dini məsələlərin rahatlıqla hər sahədə səsləndirilməsinin vacibliyini vurğulamışdır.

Ərbakan Xocaya görə müsəlmanca düşünmənin təməl əsasları bunlardır: “Dünya həyatı çox əhəmiyyətli bir imtahandır. Axirət isə dünya həyatının hesabı və imtahandakı müsbət və mənfi qiymətlərin qarşılığıdır. Nəfəslərimiz sayılıdır, bunlar Allah yolunda xərclənməlidir, çünki ölüm bizə çox yaxındır. İslam dini Allahın təyin etdiyi bir dindir. Ona görə də mükəmməldir və kamil şəkildədir. Qətiyyən, zərrə qədər nöqsanı, artırması və xətası yoxdur. İslam dini qüsursuzdur, bütövdür. Ona nəsə əlavə edilə bilməz və ondan hər hansı bir şey çıxarıla bilməz. Əvvəldən axıra qədər haqdır, xeyirdir və hamısı hər kəs üçün və hər yerdə lazımdır, çünki İslam dünya və axirət səadətinin tək dərmanıdır”.

İslam səadətin tək dərmanıdır, – deyən Ərbakan Xocanın qurduğu və bütün partiyalardan tamamilə seçilən partiyasının adı da məhz Səadətdir.

O, milli görüşü sayəsində Səadəti qurmaqla nəinki öz xalqına, bütün dünyaya nizamlı, xoşbəxt həyat bəxş etmək məqsədində olub. Onun üçün milli görüşçü olmaq – mənəviyyatçı olmaq, haqqı üstün tutmaq, barışı istəmək, milləti ilə, vətəni ilə bir yerdə bütöv olmaq, tarixdəki şərəfli yerini almağı nəzərdə tutmaq, müstəqil, azad və öndə olmaq deməkdir.

Sarsılmaz əqidəsi, mübarizə əzmi, qüruru, əsl hədəfə bağlı olan qərarlılığı, hansı şərtlər altında olursa-olsun ümidsizliyə düşməyən iradəsi və bir ömür boyu davam edən fədakarlığı və sədaqəti ilə Ərbakan Xoca yaşadığı dönəmdə nəinki gənclərə, həmçinin bütün insanlığa örnək olmuş ideal bir liderdir. O, gənclərin həm sevimlisi, həm də ideal olaraq gördükləri əvəzsiz bir siyasətçi idi. Gənclərə böyük önəm verərdi. Bu önəmin dəyərini bir sözlə belə ifadə edərdi: “Bir millətin ən böyük gücü nə topu, nə də tankıdır. Milli və mənəvi dəyərlərə görə yetişmiş övladlarıdır”.

Əsrimizdəki zülmlərin əsas səbəbkarı olan sionizmin ən böyük qorxusu idi Nəcməddin Ərbakan.

Ən böyük cihadı da sionizmə, haqqı tapdalayacaq bütün batillərə qarşı daim mübarizə aparması, onların çirkin planlarının üstünü açması olub. Ərbakan Xocanın həyatı bizə cihadı bir başqa cür sevdirdi. O, özünün dediyi kimi malı və canı ilə cihad edən bir mömin olmağı hər şeydən üstün tutmuşdur. Allahın rizası üçün yaşamağı özünə qayə seçmiş və bütün müsəlmanların bu istiqamətdə yaşaması üçün çalışmışdır. Çevrəsindəki bəzi insanlar tərəfindən dəfələrlə xəyanət görsə də, mübarizə əzmini heç bir zaman itirmədi. ”İman edirsinizsə, ən uca sizsiniz”, – ayəsini daim yaşadı və yaşatmağa çalışdı. Bütün dünya məzlumlarının cəsarət və güvənc yeri oldu.

O, bu gün həyatda olmasa da, əbədi səadətə yetişəcək üsul və qaydaları bütün insanlara çatdırdı. Hədəfə çatmaq üçün bu yolda aparılan mübarizə ürəkdən inananların, hesab və mənfəət güdməyənlərin çiyinləri üzərində yüksələcəkdir. Buna örnək məhz o dahi bir insandır. Nəcməddin Ərbakan şərərfli bir ömür yaşadı, şərəflə vəfat etdi. İllərlə haqqı müdafiə edib əzmlə, qətiyyətlə apardığı mübarizə onun davamçıları olan milli görüşçülərə əmanət olaraq qaldı. Biz də bu haqq işi uğrunda mübarizəni ona verilmiş bir söz olaraq sonadək aparmağa borcluyuq. Bu həm bizim vətəndaşlıq borcumuz, həm də vəzifəmizdir.

Mən də bir Milli Görüşçü olaraq onun gənclərə verdiyi dəyər və nəsihətlərdən ilhamlanaraq bu mübarizədə çox kicik bir pay olsun deyə siyasət aləminin tək liderinə olan sonsuz hörmət və məhəbbəti qələmə almağı özümə borc bildim. Bu yazı ona olan sevgimin sözlə ifadə edilə biləcək çox az bir hissəsidir.

“Milli Görüş” Xocasız qalsa da, yaşayacaqdır, çünki Xocaya sədaqət şərəfimizdir! 

Sənubər Vəlizadə

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma