İnsan batil yoldan dönüb haqq yola qayıdaraq həyatını mənasız, boş yerə keçirdiyini və əsl səadəti unutduğunu anlayır. Ömrünün qalan hissəsini mümkün qədər özünü xilas etmək üçün düzgün yaşamağa çalışır. Deməli, insanın ilk addımı öz səhvini, günahını başa düşməsi və qəflət yuxusundan ayılmasıdır. Bundan sonrakı addımı onun tövbə etməsidir.
“Nisa” surəsinin 26-27-ci ayələrində buyurulur: “Allah sizə (bilmədiklərinizi) bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları sizə göstərmək və tövbələrinizi qəbul etmək istər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir! Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Şəhvətlərinə uyanlar isə sizin böyük bir sapqınlığa düşməyinizi istəyirlər”.
Uca Allah “Nur” surəsinin 31-ci ayəsində belə buyurur: “… Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!”
Allahın Öz rəhməti ilə bəndəsinə baxması quluna duyduğu sevginin əlamətidir. Onun qulunu sevməsi, qulunu Özünə doğru çəkib Öz zatı ilə qulu arasındakı məsafəni ortadan qaldırması Özünü quluna tanıtdırması deməkdir. Hansı məhəbbət bundan daha üstündür? Hansı rəhmət, şəfqət bundan daha uca ola bilər?
İmam Hüseyn (ə) bir duasında belə buyurub: “Ey Allahım, Səni itirən kimsə nə tapdı və Səni tapan nə itirdi? Səndən başqasını seçən və seçdiyi şeylə xoşhal olan zərər görmüş və yoxluğa düşmüşdür”.
Allah bizi Haqqa çatana qədər, Onun yaxınlığını əldə edənə qədər tövbəyə, yəni Allahın böyüklüyü və qüdrəti ilə uyğun gəlməyən davranışlardan üz çevirməyə dəvət edir. Qul ilk addımdan sona qədər tövbəsinə davam etməli, özü ilə Allah arasında uzaqlığı yox etməlidir.
Quranda və hədislərdə gözə çarpan Peyğəmbər (s) və məsum imamlar haqqında tövbə – haramlardan tövbə mənasında deyil, çünki peyğəmbərlər və imamlar məsumdurlar. Onların tövbəsi öz məqamlarına uyğun bir tövbədir.
İmam Cəfər Sadiq belə buyurmuşdur: “Etdiyi günaha görə peşman olub tövbə etmək və Allaha yönəlmək Allahın qulunu Özünə doğru çəkməsidir. Qulun hər məqamda tövbəyə davam etməsi lazımdır. Cahilin tövbəsi günah və haramlardan çəkinməsindən ibarətdir”[1].
Qulun tövbə etməsi onu günah edərkən dünyada Allah tərəfindən verilən ilahi möhlət və günahı örtmə nemətinə arxayın olmamağa, dikbaşlıq və kibr kimi rəzalətlərdən uzaq olmağa dəvət edir. İmam Zeynulabidin belə buyurub: “Allahım, bizi qəlblərini məhəbbətin qarşısında heyrətə düşürdüyün, qəlblərində (könül) hazır olduğun və Səndən başqa hər şeydən üz çevirib Özünə yönəltdiyin kimsələrdən et!”
İnsan günah edərkən Haqqın hüzurunda cürətlə və utanmadan Allaha qarşı çıxmış və günahını təkrar etməklə bu utanmazlıqda israr etmiş olur. Bu, təsəvvür edilməz bir üsyandır. Deməli, müsəlman ilk mərhələdə haramlardan tövbə etməlidir.
1. Peşmanlıq. Müsəlman istər vacib əməlləri tərk etmək, yaxud günah etmək və yasaqlara əhəmiyyət verməmək üzündən olsun keçmiş günahlarına görə peşman olmalıdır. Peşmanlıq günahı tərk etməklə olur. Bu, zahiri peşmanlıqdır. Belə bir peşmanlığın insanın qəlbinədək yeriməsi qeyri-mümkündür. Əsl peşmanlıq odur ki, etdiyin əməldən nifrət edəsən. Bu, insana bir tərəfdən keçmiş səhvlərini düzəltməsinə yardım edir, digər tərəfdən isə qəlbdən günahların yaratdığı pis nəticələri siləcək, batinini təmizləyib yuyacaq göz yaşına səbəb olur. Yazı yazan insan öncə yazacağı lövhəni silib təmizləyir. Sonra hərfləri yazır. Allah da əvvəl qəlbi göz yaşları ilə yuyar, sonra da sirləri o qəlbə yazar. İnsan da eyni zamanda iki dəfə günahının təkrar olunmasına razı olmaz, ağlına belə gətirməz, hətta o günahdan söz açılmasından belə qorxar. Belə bir peşmanlığı da insan Allahdan istəməlidir. Tövbə məqamında saleh bir insanın peşman olması şərtdir.
2. Günahı tərk etməkdən və ya tərk etmə qərarında olmaqdan ibarətdir. Həqiqətən, insan qəlbini, ruhunu Allaha üsyan etməkdən təmizləməlidir. Allaha məhəbbətdən dəm vuran müsəlman Ona üsyan etmə rənginə sahib olmamalıdır və Uca Allahdan bunun üçün yardım diləməlidir. Yoxsa, bacarmayacaq, çünki Şeytanın hiylələri nəfsi-əmmarənin üstün gəlməsinə görə tövbəsini yenidən pozacaq. Bəndə hər zaman dua etməli, ikinci dəfə fəlakətə düşməməsi üçün Allahdan səbir və yardım istəməlidir. Burada daha bir xüsus var. Tövbəsini pozması müsəlmanın təkrar tövbə edə bilməməsi mənasında deyil. Tövbə qapısı hər zaman insanın üzünə açıqdır. Əgər bir insan tövbəsini pozarsa və yenidən tövbəyə müvəffəq olarsa, mütləq ilahi əfvə nail olacaq. Amma tövbəsini gecikdirərsə, fürsətlər bir-bir əldən gedər, məhdud həyatın hər anını fürsət bilib boş keçirdiyi və tövbə etmədiyi zaman zərər görər. Digər tərəfdən günahın insanın batinində meydana gətirdiyi pis nəticələr artar. Beləcə, tövbə etmək daha da çətinləşər, insana buna üstün gələ bilməmək qorxusu hakim olar .
3. Tövbənin əsaslarından biri də insanın başqalarına aid haqlarını ödəməsindən, üzərində bütün haqları həqiqi sahiblərinə qaytarmasından ibarətdir. İnsan dini baxımdan vacib olduğu halda digər müsəlmanlardan, valideynlərindən, qohumlarından birinin haqqını vermədiyini gözdən keçirməlidir, hansı heyvanlara və ya bitkilərə əziyyət etdiyini görməlidr. Halallaşması lazım olan yerdə halallaşmalı, zülm etdiyi məxluqun könlünü almalı, zay olan haqqı düzəltməlidir. Hər hansı bir insana qarşı iftira edibsə, bunu aradan qaldırmaq üçün səy göstərməlidir. Onun vəzifəsi haqq sahibləri üçün dua etmək, xeyir diləmək olacaq. Əgər vəzifəsi ehsan etməksə, bunu etməlidir, müqəddəs dinin əmr etdiyi kimi hərəkət etməlidir. Haqq sahiblərindən haqlarını tapdalayan insandan razı qalmaq, düşmən münasibətində olmaq nə qədər ki, davam edəcək, bütün bunlar ortadan qalxmayınca Allaha yaxınlaşmaq da bir əngəl olacaq. Düşmənçilik bu dünyada pərdə arxasındadır. Qiyamət günü pərdələr qalxacaq və hər şey ortaya qoyulacaq. Bu dünyada məsələ həll olunsa, cəzalandırma olmayacaq, amma pərdə arxasında olan hər şey bütün aydınlığı ilə ortaya çıxacaq. Dünyəvi həyatda sirati-müstəqimlə qarşı-qarşıya qalan şəxs qiyamətdə də uxrəvi siratla qarşılaşacaq.
4. Yerinə yetirilməsi vacib olduğu halda müxtəlif səbəblərə görə əda edilməmiş fərz və vacibləri qəza etməkdən ibarətdir. Allaha ümid edərək vacib namaz və orucları yerinə yetirməlidir. Amma bu, nafilə ibadətlərə aid deyil. İnsan onu öz iradəsi və istəyi ilə edər. İmam Sadiq (ə) belə rəvayət edir: “Allah buyurub: “Mənim qulum ona fərz və vacib etdiyim şeylərdən daha məqbul və sevimli bir şeylə Mənim məhəbbətimi qazana bilməz”[2]. Fərz namazlardan biri tərk edilsə, o biri aləmdə bu ibadətin yeri boş qalır, insanın uxrəvi həyatına zərər verir və Cənnətə girməsinə əngəl yaradır. Bu ibadətləri qəza olaraq yerinə yetirmək əslində bu cür nöqsanları aradan qaldırmaq üçündür.
5. Keçmiş günahlardan qorxması. Bu günahların özünə verəcəyi zərəri qəbul etmək. Bəndənin qurtuluş üçün əfv diləyində israrlı olması, Uca Allaha dua etməsi lazımdır. Bu məqamda Peyğəmbərdən və məsum imamlardan da faydalanması, Allah qatında onları özünə şəfaətçi etməsi istənilir (Onların şəfaəti məqbuldur).
İmam Sadiq (ə) buyurub: “Allah üçün, Allahın yaxınlığını əldə etmək üçün nəfsi ilə və nəfsinin arzuları ilə mübarizə aparan insan nə xoşbəxtdir. Bu mübarizədə nəfsin “əsgərlərinə” və istəklərinə qalib gələn hər kəs Uca Allahın razılığını əldə etmişdir. Yeganə çətinlik insanın nəfsidir. Tövbəni ləngitmək də nəfsdəndir”.
Uca Allahdan bizi saleh və məqbul tövbəyə və tam bir dönüşə müvəffəq etməsini, bizi Öz rəhməti ilə Özünə doğru çəkməsini, bizi Öz feyzi ilə tövbədə sağlam addımlar atdırmasını və məqsədə çatana qədər bizə müvəffəqiyyət və uğur ehsan etməsini diləyirik.
Gülnarə Məmmədova
[1] “Misbahul-Şəriə”
[2] “Üsuli-Kafi”