İnsanın Allah yanındakı dəyəri onun Allaha etdiyi duasına bağlıdır. “De ki: “Əgər duanız olmasa, Rəbbinizin yanında nə qədir-qiymətiniz var? …”[1]
İnsan aciz bir varlıqdır. İxtira etdiyi nailiyyətlər hər nə olursa-olsun və hər nə qədər olursa-olsun yenə də həyatında hər şeyi dəyişə bilməz.
Biz bilirik ki, qəza və qədərə razı olmaq və müsibətlərə səbir etmək imanın əsaslarındandır, lakin dua qəza və qədəri dəyişə bilər. Və insanın qarşılaşacağı müsibəti, hətta ölümü belə ondan uzaqlaşdıra bilər.
Dua insanın maddi və mənəvi ehtiyacını Allah-Taalaya ərz edib qəbul etməsini diləməsidir. Dua insanın acizliyini, Allahın isə qüdrət və əzəmətini düşünərək ilahi dərgaha əl açaraq hacətini ərz edib qəbul etməsini istəməsidir.
Rəhməti sonsuz, məğfirəti hüdudsuz, ehsanı nəhayətsiz olan Cənabı-Haqq Kitabında “… Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! …”[2] – buyurub.
Əcəba, bütün dualar qəbul olunurmu? Və bütün insanların duası qəbul olunurmu?
Dua haqqında Quranda zikr edilən ayələrə nəzər saldıqda görürük ki, kafirlərin duası Allah qatında qəbul olunmur və Allah-Taala kafirlərin duası üçün “zəlalətdən başqa bir şey deyildir” – buyurur.
Bəs müsəlmanların necə? Bütün müsəlmanların duası qəbul olunur?
DUANIN QƏBUL OLUNMASININ ŞƏRTLƏRİ
Duanın qəbul olunması üçün günahlardan tövbə etmək, pak qəlb və sağlam ruhla Allah-Taalaya yönəlmək, qəlbi başqa heç bir şeylə məşğul etməmək, səmimiyyətlə, ixlasla əl açıb yalvarmaq, nəyi istədiyini bilmək və istədiyini şüurlu şəkildə istəməkdir. Etdiyi duadan fayda görmək istəyənlər bu şərtləri unutmamalıdır. Əks təqdirdə, Qədr gecəsində və Kəbənin içində belə olsa, qəflətlə edilən duanın gətirəcəyi faydadan söz gedə bilməz.
Eyni zamanda bu şərtlərlə birlikdə gözəl əməllər etmək, Allah-Taalanın razı olacağı şəkildə yaşamağa çalışmaq duanın qəbul olunması üçün bir hazırlıq mərhələsidir. Dua üçün əllərini qaldırmadan əvvəl, “Əcəba, mən Allahın istədiyinə əməl edirəmmi ki, Ondan bu duamın qəbul olunmasını istəyirəm?” – düşünməlidir.
Sevən sevdiyinin arzusunu yerinə yetirir. Bir qul Rəbbini razı edəcək bir əmələ və gözəl əxlaqa sahib olarsa, zamanı gələndə əllərini qaldırıb “Ya Rəbbim! …” – deyərsə, o əllər boş geri çevrilərmi?
Quranda Allah-Taala Həzrət Zəkəriyya (ə)-ın duasının qəbul edildiyini bildirdikdən sonra belə buyurur: “Biz (Zəkəriyyanın) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini onun üçün (doğmağa) qabil bir hala gətirdik. Onlar yaxşı işlər görməkdə bir-birilə yarışır, ümid və qorxu ilə Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər”[3].
Günah etmiş bir qul səmimi bir peşmanlıqla günahından döndüyü halda Rəbbinə yalvararaq Onun rəhmətinə ümid bəsləməlidir. Allahın rəhmətindən ümidini üzmək haramdır. Quranda Allaha şirk qoşmaqdan sonra ikinci böyük günah sayılır.
Ümid elə gözəl bir fəzilətdir ki, insan ona qəlbində zərrə qədər şübhə olmadan xalis bir şəkildə sahib olarsa və o xalisanə ümid ilə Allaha dua edərsə, əgər, məsələn, bir şəxsdə xərçəng xəstəliyi olarsa və bütün həkimlər, “Sənin bu xəstəliyinin heç bir çarəsi yoxdur. Tibb bu xəstəliyin qarşısında acizdir”, – desələr, inanın, o xəstəlik sağalar. …
Mövzumuza qayıdaq: İnsan təkcə sıxıntılı, ehtiyac duyduğu günlərdə deyil, hüzurlu, xoşbəxt, sağlam, güclü, qüvvətli günlərində də ilahi dərgaha əl açıb dua etməli – şükr etməlidir.
Bir möminin başqa mömin üçün dua etməsi gözəl əxlaq nümunəsidir və fəzilətli bir əməldir.
Ən çox qəbul edilən dua bir möminin digər bir mömin haqqında (onun xəbəri olmadan) etdiyi duadır.
Namaz qılan bir mömini görəndə ibadətinin qəbul olunmasını istəmək, bir möminin xəstə olduğunu eşidəndə sağalması və şəfa tapması üçün dua etmək, darda qalan din qardaşının probleminin həll olunması üçün dua etmək, üzərində haqqı olanlara yardımçı olmasını, sihhət və afiyət verməsini, günahlarını bağışlamasını istəmək, axirətə köç edən din qardaşları haqqında rəhmətini, məğfirətini onlardan əsirgəməməsini istəmək insana dünyada sadəcə hüzur və səadət gətirir. Allah-Taala mömin qardaşı haqqında xeyirli dua edən bir qulunu bu duasına görə özü üçün etdiyi duadan məhrum və peşman etməz.
Duanın qəbul olunmasının digər şərtlərindən də biri ilahi vədə əməl etmək, imanlı, təqvalı olmaq, saleh əməl və düzlükdür, çünki Allah ilə bağladığı əhdə vəfalı qalmayan bir kəs duanın qəbul olunmasına dair verilən ilahi vədin gerçəkləşəcəyini gözləməməlidir.
Bir nəfər Həzrət Əli (ə)-ın hüzurunda duasının qəbul olunmadığından şikayətlənib dedi: “Allah-Taala Özü buyurub ki, dua edin, Mən də qəbul edim. Mən dua edirəm, ancaq nədənsə qəbul olunmur”.
İmam cavabında buyurdu: “Sizin qəlbiniz yeddi şeyə xəyanət etdiyinə görə duanız qəbul olunmur:
- Siz Allahı tanıyırsınız, amma Onun haqqını sizə vacib olduğu kimi yerinə yetirmirsiniz. Buna görə də Allahı tanımağınız sizə heç bir fayda vermir.
- Siz Allahın göndərdiyinə (Peyğəmbərə) iman gətirmisiniz, amma onun Sünnəsi ilə müxalifət edirsiniz. Bəs sizin imanınızın faydası nədir?!
- Onun Kitabını oxuyursunuz, amma əmrlərinə itaət etmirsiniz. “Eşitdik və itaət etdik”, – dediniz, amma sonra müxalifətə başladınız.
- Cəhənnəm əzabından, ilahi cəzadan qorxduğunuzu iddia edirsiniz, amma müntəzəm surətdə sizi ona (Cəhənnəm və cəzalara) yaxınlaşdıran işlər görürsünüz. Bəs sizin qorxunuz hara getdi?!
- Deyirsiniz ki, Allahın vəd verdiyi mükafatlara rəğbət bəsləyirik, amma sizi mükafatlardan uzaqlaşdıran işlər görürsünüz. Bəs sizin meyil və rəğbətiniz hara getdi?!
- Allahın nemətlərini yeyirsiniz, amma şükrünü yerinə yetirmirsiniz.
- Allah–Taala sizə Şeytanla düşmən olmağı əmr etmişdir, amma siz onunla dostluq edirsiniz. Şeytanla düşmən olduğunuzu iddia etdiyiniz halda, əməldə onunla müxalifət etmirsiniz.
Camaatın eyiblərini gözlərinizin önündə canlandırır, öz eyiblərinizi isə görməməzliyə vurursunuz. Belə olan halda nə üzlə duanızın qəbul olunmasını gözləyirsiniz? Halbuki özünüz onun qapılarını bağlamısınız. Təqvalı olun, öz əməllərinizi islah edin, əmrun bil–məruf və nəhyun ənil–münkər edin ki, duanız da qəbul olunsun”[4].
Duanın qəbul olunma şərtlərinə əməl etmək insanın əxlaqının gözəlləşməsinə, tərbiyə olunmasına, məsuliyyət hissinin artmasına müsbət təsir göstərər.
Dua edərkən mütləq bu saatda, bu vaxtda etməlisən – deyə dəqiq bir vaxt yoxdur, lakin Allah qatında duanın qəbul olunmasının daha münasib və daha məqbul vaxtları bizə hədislər vasitəsilə çatıb. İndi bu vaxtlar haqqında məlumat verək:
DUANIN QƏBUL OLUNMA EHTİMALI DAHA ÇOX OLAN VAXTLAR
- a) Cümə gecəsi; Cümə gecəsi və onun savabının digər gecələrdən (həftənin gecələrinə nisbətdə) üstünlüyü vardır.
İmam Mühəmməd Baqirdən belə nəql olunur: “Həqiqətən, Allah–Taala bir mələyə hər cümə gecəsi Öz ərşinin üstündən gecənin əvvəlindən axırına qədər belə nida etməsini əmr edər: “Bir mömin bəndə yoxdurmu ki, axirəti və dünyası üçün fəcrin tülu etməsindən əvvəl (yəni sübh namazından əvvəl) Mənə dua etsin və Mən də onun duasını qəbul edim? Bir mömin bəndə yoxdurmu ki, fəcrin tülusundan əvvəl günahlarından Mənə tövbə etsin (yəni Mənim yoluma qayıtsın) və Mən də onun tövbəsini qəbul edim? Ruzisini əksiltdiyim mömin bir bəndə yoxdurmu ki, fəcrin tülusundan əvvəl rizqinin çoxalmasını Məndən istəsin və Mən də onun rizqini çoxaldıb onu zənginləşdirim? Xəstə bir mömin bəndə yoxdurmu ki, fəcrin tülusundan əvvəl ona şəfa verməyimi Məndən istəsin və Mən də ona afiyət bəxş edim? Qəmli və həbs olunmuş mömin bir bəndə yoxdurmu ki, fəcrin tülusundan əvvəl Məndən onu azad etməyimi və qəmi ondan bərtərəf etməyimi istəsin və Mən də onu azad edim? Məzlum bir mömin bəndə yoxdurmu ki, fəcrin tülusundan əvvəl ona olunmuş zülmün intiqamını almağımı Məndən istəsin və Mən də ona kömək edib onun intiqamını alım?” İmam deyir: “Mələk fəcr tülu edənə qədər nida edər”[5].
- b) Cümə günü; Cümə gününün son saatı günəş batana yaxın duanın qəbul olunacağı saatdır. Rəvayət olunub ki, bu saat günəşin diskinin yarısının batıb yarısının qaldığı vaxtdır. Həzrət Fatimeyi-Zəhra da bu vaxt dua edərdi. Bu vaxt dua etmək müstəhəbdir.
Fatimə (ə.s.)-dan belə rəvayət olunur ki, Fatimə deyir: “Peyğəmbərin belə dediyini eşitdim ki, hər bir müsəlman Cümə gününün məxsus bir saatında Allahdan xeyir istəsə, Allah hər bir vaxt ona verər”. Dedim: “Ey Allahın Elçisi! Bu hansı vaxtdır?” Peyğəmbər cavab verdi: “Günəşin yarısı batış halına gəldiyi vaxt”. Rəvayət belə davam edir ki, Fatimə hər Cümə öz xidmətçisinə deyərdi: “Tavana qalx və günəşin yarısının batdığını gördükdə mənə xəbər ver ki, dua edim”.
Duanın qəbul olunacağı saatda Peyğəmbərdən rəvayət olunan duanı oxumaq müstəhəbdir:
“Subhanəkə, la ilahə illa əntə, ya Hənnan, ya Mənnan, ya Bədiəs–səmavati vəl–ərz, ya zəl–Cəlali vəl İkram”.
Tərcümə: “Sən hər cür eyib və naqislikdən uzaqsan, Səndən başqa ilah yoxdur, ey Hənnan (rəhmli), ey Mənnan (çox şəfqətli və mərhəmətli), ey göyləri və yeri yoxdan var edən, ey Cəlal və Kərəm sahibi!”
- c) Qədr gecəsi; Rəvayət olunur ki, bir nəfər Peyğəmbərə belə dedi: “Qədr gecəsinə yetişdiyimdə Allah-Taaladan nə istəyim?” Peyğəmbər (s) buyurdu: “Afiyət (sağlamlıq)!”.
ç) Ərəfə günü; Hz. Peyğəmbər (s) belə buyurub: “Ən xeyirli, qəbul edilməyə ən layiq olan dua, Ərəfə günü edilən duadır. Mənim və məndən əvvəlki peyğəmbərlərin söylədiyi ən xeyirli söz: “Allahdan başqa ilah yoxdur və Onun şəriki də yoxdur. Mülk Ona məxsusdur və həmd Ona məxsusdur. O hər şeyə qadirdir” sözüdür. (O gündə) bu mübarək zikri də tez–tez təkrarlayın”.
Bundan başqa, azanla iqamə arasında, vacib namazlardan sonra, səcdədə ikən, camaat namazı qılarkən, iftar vaxtı, səmimiyyətlə və ixlasla yerinə yetirilən saleh bir əməldən sonra dua etmək fəzilətlidir.
QURANDA ZİKR EDİLƏN DUALAR
Quran-kərim insanları Cənabı-Haqqa dua etməyə dəvət etdiyi kimi, peyğəmbərlərimizə aid olan gözəl dua nümunələri də verir. Bundan əlavə, Quran-kərimdə saleh möminlərin, Allah dostlarının etdikləri dualar da zikr olunub[6].
Bundan başqa, gündəlik oxunacaq bəzi dua və zikrləri də nəzərinizə çatdırmaq istəyirəm ki, bunların da dünya və axirətiniz üçün bir çox faydaları vardır:
- Günəş tülu (çıxmamışdan) və qürub (batmamışdan) etməmişdən əvvəl 10 dəfə aşağıdakı zikrləri demək lazımdır:
“La ilahə illəllahu vəhdəhu la şərikələhu. Ləhul–Mulku və ləhul–Həmdu Yuhyi və Yumitu və Yumitu və Yuhyi və huvə Həyyun la Yəmutu biyədihil–Xayru və huvə əla kulli şəyin Qədir”.
Tərcümə: “Allahdan başqa ilah yoxdur və Onun şəriki də yoxdur. Mülk və həmd Ona məxsusdur. Həyat verir və öldürür. Öldürür və həyat verir. O, ölməzdir və diridir. Xeyir Onun qüdrət və rəhmət əlindədir. Və o, hər bir şeyə Qadirdir”.
“Əuzu bil–lahis–səmiil–əlimi min həməzatiş–şəyatin və əuzu bil–lahi ən yəhduruni innəllahə huvəs–səmiul–əlim”.
Tərcümə: “Şeytanların vəsvəsələrindən Eşidən, Bilən, Allaha sığınıram. Onların mənim yanıma gəlmələrindən Allaha sığınıram. Həqiqətən, Allah Eşidən, Biləndir!”
Hədisdə bildirilib ki, bu iki zikr vacib Sünnədir. Əgər bu iki zikr yaddan çıxsa, onları qəza etmək lazımdır.
- Məğrib və sübh namazlarından sonra 100 dəfə aşağıdakı zikri demək lazımdır:
“Bismillahir–Rəhmanir–Rəhim. La haulə və la quvvətə illa billahil–əliyyil–əzim”.
Tərcümə: “Rəhman, Rəhim Allahın adı ilə! Əliyy (Hər şeydən yüksək, qüdrəti uca), Əzim (böyük) Allahdan başqa güc və qüvvət yoxdur!”
Əgər bu zikri 100 dəfə deməyə qadir olmasan, 7 dəfə de, çünki bu zikr insanı 70 növ bəladan amanda saxlayar.
- Aşağıdakı zikrləri kifayət qədər demək lazımdır:
- a) “Həsbunəl–lahu və niməl–Vəkil”[7].
Tərcümə: “Allah bizə yetər, O nə gözəl Vəkildir”.
Bu zikr düşmənlərdən və çətinliklərdən gələn qorxunu dəf edər.
- b) “Ufəvvidu əmri iləllah. İnnəllahə Bəsirun bil–ibad”[8].
“Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah bəndələrini görəndir!”
Bu zikr düşmənlərin məkr və hiylələrini dəf edər.
- c) “La ilahə illa əntə, subhanəkə, inni kuntu minəzzalimin”[9].
“Səndən başqa İlah yoxdur. Sən hər cür eyib və naqislikdən uzaqsan. Həqiqətən, mən zalımlardan olmuşam”.
Bu zikr dünya və axirət qəmini dəf edər.
ç) “Ma şaəllahu la quvvətə illa billah”.
“Allahın istədiyi olar. Allahdan başqa güc və qüvvət yoxdur”.
Bu zikr ruzinin artması və işlərin asanlaşmasına səbəb olar.
Ya Ərhəmər–rahimin! Səni zikr etmək, Sənə şükr etmək və Sənə gözəlcə ibadət etmək üçün bizə yardımçı ol. Həbibi–Əkrəmin haqqı və hörməti xatirinə bizi Sənə dua etməkdən məhrum etmə! Amin!
Bizim üçün dua edənlərdən Allah razı olsun!
Məhbubə Kərimzadə
[1] “Furqan”; 77
[2] “Mumin”; 60
[3] “Ənbiya”; 90
[4] “Nurul-Quran fi təfsiril-Quran”; c. 1, s. 458, 459
[5] “Məfatihul-Cinan”
[6] “Bəqərə”; 126-128, 201, 250, 285, 286
“Ali-İmran”; 8, 9, 16, 17, 37-38, 53, 135, 147, 191-194, 195
“Maidə”; 25, 83, 84, 114
“Ənam”; 161-163
“Əraf”; 23, 43, 47, 89, 151, 155, 156
“Yunus”; 12
“Hud”; 47
“Yusif”; 33, 101
“İbrahim”; 40, 41
“İsra”; 23-24, 80
“Ta ha”; 25-35, 114, 124-126
“Ənbiya”; 83-84, 87-90
“Muminun”; 28, 29, 93, 94, 97, 98, 109, 118
“Furqan”; 65, 74
“Şuəra”; 83-89, 169
“Nəml”; 19
“Qəsəs”; 16, 21, 24
“Ənkəbut”; 30
“Saffat”; 100
“Sad”; 35
“Mumin”; 7-9, 27
“Əhqaf”; 15
“Zariyat”; 15-18
“Həşr”; 10, 19
“Mumtəhinə”; 4, 5
“Təhrim”; 8
“Nuh”; 28
[7] “Ali-İmran”; 173
[8] “Mumin”; 44
[9] “Ənbiya”; 87