İslam mədəniyyətində rəftar və xarakter baxımından kamil surətdə ictimai və dini əxlaqa, kəramətə sahib olan bir çox qız və qadınlar vardır. Onların arasında Amənə Beygəmə işarə etmək olar.
Amənə xatun, yaxud Amənə Beygəm böyük alim Birinci Məclisinin, yəni Əllamə Mühəmmədtəqi Məclisinin dörd qızından biridir. Tarixi mənbələrə görə Amənə xatun əməlisaleh və müctəhidə bir xanım olmuşdur. Onun müasiri olan “Riyazul-Üləma”nın müəllifi bu xanımı bilikli bir alim, mötəbər, mübariz və möminə bir xanım kimi xatırladır. Amənə Beygəm fiqh və İslam ehkamına dair kitablar tərtib etmişdir. Bundan başqa, o, “Biharul-Ənvar”ın bəzi cildlərindəki hədislərin toplanmasında qardaşı Əllamə Mühəmmədbaqir Məclisiyə (İkinci Məclisi) kömək etmiş və hətta həyat yoldaşı Molla Mühəmmədsaleh Mazandarani, Əllamə Hellinin “Qəvaid” (“Qaydalar”) kitabındakı çətin ibarələrin çözülməsində xanımının fikirlərindən bəhrələnmişdir.
Bu xanımın həyatındakı ən əhəmiyyətli nöqtələrdən biri, onun evlilik məsələsinə olan münasibətidir. Belə ki, tarix kitablarında zikr edilmişdir ki, Molla Mühəmmədsaleh Mazandarani, Əllamə Mühəmmədtəqi Məclisinin ən seçilmiş şagirdlərindən biri olmuş, ustadının ehtiram və etimadını qazanmışdı. O, son dərəcə yoxsulluq və ehtiyac içində yaşaması ilə yanaşı, gənclik dövrünü tənha və həyat yoldaşı olmadan keçirirdi. Şagirdinin bu vəziyyətindən xəbərdar olan Əllamə bu problemi həll etmək qərarına gəlir. Bir gün dərs bitdikdən sonra Molla Salehin evlilik haqqındakı rəyini öyrənir. Onun razılığını əldə etdikdən sonra qızı Amənə Beygəmlə Molla Saleh haqqında söhbət edir. Əllamə qızına deyir: “Qızım, sənə bir həyat yoldaşı tapmışam ki, son dərəcə kasıb, yoxsul və olduqca fəzilətli, elmli, saleh və kamildir. Amma onu qəbul etmək sənin ixtiyarındadır. Bu məsələyə fikrini bildirməyini istəyirəm”. Alim xanım Amənə Beygəm atasına belə deyir: “Ata, kasıbçılıq və yoxsulluq kişilər üçün eyib deyildir!” Bununla da o, Molla Mühəmmədsaleh Mazandarani ilə evliliyə razılığını elan edir.
Bu xanımdan İslam dünyasına əzəmətli alim kişilər doğulmuşdur. Şiə məzhəbinin ali məqamlı alimi Əllamə Vəhid Bəhbəhani, Əllamə Bəhrul-ülum, Seyid Əli Təbatəbai (“Riyaz”ın sahibi) və bizim əsrin böyük alimi, dünya şiələrinin mərcəi-təqlidi mərhum Ayətullah Bürucərdi və s. Amənə Beygəm və Molla Mühəmmədsaleh Mazandaraninin qız nəvələrindəndirlər.
Eləcə də Amənə xatun öz ictimai fəaliyyətləri ilə dövrünün ən tanınmış və sevilən mübariz qadınlar sırasına daxil edilmişdir. O, öz asudə vaxtlarında xalqın iddia və mübahisələrini təhqiq edər, onların dini və ictimai problemlərini həll edərək suallarını cavablandırardı.
Bu möhtəşəm xatun ömrünün son anlarına qədər elmi, dini və ictimai məsələlərin həlli ilə öz dövrünün xanımlarını fikri azadlığa səsləmişdir. Onun mübarək qəbri İsfahan məscidlərinin birində yerləşir.
Sonda zəruri olaraq qeyd etmək istəyirik ki, bu modernizm böhranında və insani dəyərlərin qərb mədəniyyətində məhvə doğru sürükləndiyi bir şəraitdə bizim dini mədəniyyətimizdə heç də az olmayan belə mübariz qadınların həyatını oxumaq və onları yenidən canlandırmaqla dünya və axirət səadətini vəd edən bir həyata çıraq yandırıb, belə ali hədəflərə doğru addımlaya bilərik.
Mütərcim: Ruhəngiz Həşimova