AVROPALI KÖÇƏRİ, MÜSƏLMAN QƏLBLİ RUS QADIN

izabelİzabel Eberhardt Avropada İslamı qəbul edən qadınların, bəlkə də, ən birincisidir. Öz dövrü və mühiti üçün həddindən artıq orijinal, fərqli və bir qədər də qəbuledilməz olan bu qadın hələ də bütün dünya üçün sirr olaraq qalmaqdadır. Təsadüfi deyilldir ki, onu həyat tərzi, fəaliyyəti, baxışlarına görə “əsrarəngiz”, “qəribə”, “anarxist” kimi adlarla xatırlayırdılar. O, həqiqətən də, çox maraqlı və təzadlı bir ömür yaşamışdı. Elə buna görə də onun haqqında bu gün də müxtəlif şayiələr söylənilməkdədir.

Anası Natalya Nikolayevna Merder Sankt-Peterburqun adlı-sanlı Eberhardt nəslinə mənsub olan, lüteran təriqətli  xristian, atası – Pavel Karloviç Merder isə 1812-ci il müharibəsi veteranı, Rusiyada bir çox yüksək vəzifələrdə, o cümlədən senator vəzifəsində də çalışmış əsilzadə zadəgan idi. Lakin İzabel sərbəst düşüncəsi, ağlı və kamalı ilə daha çox atalığı Aleksandr Trofimovskiyə çəkmişdi. Məhz bu adamın sayəsində İzabel kamil ev təhsili alaraq tarix, fəlsəfə, kimya, coğrafiya elmlərinə, bundan başqa yunan, latın, türk, ərəb, italyan, alman və doğma rus dillərinə mükəmməl səviyyədə yiyələnmişdi. Bütün bunlarin başında isə qızğın mütaliə həvəsi dururdu. Rus əsilli olsa da, Cenevrədə dünyaya gələn İzabel yaşıdlarından çox fərqlənirdi. Ailəsində baş verən anlaşilmazlıqlar üzündən ətrafdakılar onu heç də  isti qarşılamırdılar, onu hətta nikahdankənar doğulmuş uşaq kimi də qəbul edənlər vardı. Bu səbəbdən də sonralar anasının qızlıq soyadı – Eberhardt adı altında fəaliyyət göstərməyə başladı. Həmişə oğlan qiyafəsındə gəzər, uşaq oyunları ilə maraqlanmaz, çox oxuyar və artıq uşaq yaşlarından yazılar yazardı. Elə bu yaşlarından da böyük qardaşı fransız legionuna yazıldıqdan sonra uzaq Afrika çöllərinə – səhra həyatına can atdı. İyirmi yaşında olarkən anası ilə birlikdə o zaman Fransanın koloniyası olan Əlcəzairə səfər edir və dənizkənarı şəhərlərdən birində yaşamağa başlayır. Burada yaşadığı mənəvi axtarışlar nəticəsində anası ilə birlikdə İslamı qəbul edir. Anası Fatma Manubiə, özü isə Si Mahmud Əsadi adını götürür. Sonralar “Qadiriyyə” adlı gizli sufi cəmiyyətinə üzv olaraq kolonial rejimə qarşı aktiv şəkildə mübarizə aparmağa başlayır. İzabelin özünə kişi adını qəbul etməsi heç də təsadüfi deyildi. O, azad düşüncəli qadın idi, ərəb cəmiyyətində sərbəst dolaşması üçün diqqət cəlb etməməyə çalışırdı. Qısa bir zamanda at çapmağı ən azı çöl bədəviləri səviyyəsində öyrənə bilmişdi. Məqsədi səhra həyatını öyrənmək, gördüyü heyrətamız və ekzotik ərəb məişətini avropalı oxucuya çatdırmaq idi. O zamankı Əlcəzairin fransız legionçularından ibarət kübar cəmiyyətə heç qoşulmazdı, onlara hətta nifrət edirdi. Buna görə də bir müddət Əl-Ued vahəsinə çəkilərək, çoxdan onu cəzb edən məğrur bədəvilərə qoşulub köçəri həyat tərzi keçirməyə başlayır. Burada yaşadığı günlər barədə İzabel gündəliyində belə yazır: “İndi mən İslam torpağında – səhrada yalqızam, sivilizasiyadan, onun riyakar komediyalarından çox uzağam. Mən azadam və mənə belə yaxşıdır”.

O zamankı ərəb tayfalarının, bədəvi köçərilərin onu öz sıralarına qəbul etmələri, qadın olduğunu bildikləri halda, onunla bir kişi kimi davranmaları hər kəsi hələ də heyrətə salmaqdadır. Kənar cəmiyyətlər üçün qapalı olan tuareq, bərbər tayfaları İzabeli öz adamları kimi görürdülər və ona görə də bütün gizli yığıncaqlarına dəvət edirdilər. Elə bu ərəfələrdə də İzabel fransız hökumətinə qarşı açıq mübarizəyə başladı və yazılarında müstəmləkəçiliyi, Avropa şovinizmini kəskin tənqid etməyə başladı. Yazılarında antisemitizmə yol verdiyini bəhanə gətirərək, onu çalışdığı fransızdilli qəzetdən uzalaşdırdıqdan sonra o, ərəb qızları üçün məktəblər təşkil edmək üçün çalışmağa başladı. Bir-birinin ardınca “Avara”, “İslamın isti kölgəsində”, “Səhra qumlarının əsirliyində” və s. romanlarını yazdı və hamısında da müsəlman cəmiyyətini, adət və ənənələrini tərənnüm etdi. Pasport adı İzabel Eberhardt olsa da, özünü gah “Mahmud Əsadi”, gah “Məryəm”, gah da “Mahmud Əl-Moskobiy” (moskvalı) kimi təqdim edən İzabelin şöhrəti nəinki Şərq aləmində, həm də İsveçrədən Fransaya qədər yayılmışdı. Rusların “rus qəlbli bədəvi”, ərəblərin “müqəddəs Rusiya sirri”, avropalıların isə “Saxaralı amazon qadın” adlandırdıqları İzabel həm yazıçı, həm jurnalist, həm səyyah, həm də etnoqraf idi. Qadınlar arasında ilk hərbi müxbir kimi də o, tarixə adını yazdırmışdı. “İslamın isti kölgəsində” adlı avtobioqrafik əsərində yazır: “Allahın Allah, Məhəmmədin (s) isə Onun Rəsulu olduğunu sadəcə demək və hətta buna inanmaq yetərli deyil. Özünü müsəlman adlandıran hər bir kəs bütünlüklə, qəlbi və bədəni ilə, həmişəlik, lazım gəlsə, ölənə qədər İslam məqsədlərinə həsr olunmalıdır. Bu iman onun qəlbinə hopmalıdır, bütün hərəkətlərini idarə etməlidir, hər bir sözünü istiqamətləndirməlidir. Əks təqdirdə onun bütün ruhani təcrübəsi faydasız olacaqdır. Allah gözəllikdir. Və bu söz özündə hər şeyi əks etdirir: xeyir, həqiqət, düzgünlük, mərhəmət… Ruhunu bürüyən bu imanla insan güclü olur, müdrik olur və bu, anlaya bilməyənlərin gözündə fövqəltəbii bir şhadisə kimi görünər…”

Yaradıcılığının və həyatının ən çiçəklənən çağında, 27 yaşında həyat yoldaşı Sliman Xanni ilə daşqın nəticəsində həlak olan İzabel bu gün də yazıçıların, tədqiqatçıların diqqət mərkəzindədir. Cenevrədə doğulduğu küçə onun adını daşıyır. Avstraliya kinematoqrafçıları onun haqqında, xüsusilə də, fransız müstəmləkəçiliyinə qarşı mübarizəsindən bəhs edən film çəkdilər. Ayrı-ayrı nəşriyyatlar bu gün də onun əsərlərini böyük tirajlarla çap edib yayırlar.

Qəbri nurla dolsun!

QEYD: İzabel Eberhardt haqqında Google-da axtarış etdikdə çoxlu sayda maraqlı və eyni zamanda ziddiyyətli məlumatlara rast gəlmək mümkündür. Bu məlumatlar arasında onun istər əsli-kökü, istərsə də şəxsi həyatı haqqında nalayiq, guya əxlaqsız hərəkətlər etdiyi, müsəlman qadına yaraşmayan həyat tərzi sürməsi haqqında da fikirlər mövcuddur. Belə məlumatlar yalnız bir səbəblə; onun müsəlmanlığı qəbul etməsi və Avropa müstəmləkəçilik siyasətini kəskin tənqid etməsi ilə izah oluna bilər, çünki o zamankı ərəb cəmiyyətində, müsəlman şəraitində qadının belə həyat sürməsi və hamı tərəfindən hörmətlə qəbul edilməsi praktiki olaraq mümkün ola bilməzdi.

Zəhra Süleyman-Kıstı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma