“İslamı qəbul etmək heç vaxt ağlıma belə gəlməzdi, lakin indi illər ötdükdən sonra düşünürəm ki, bu yolu seçmək lap əvvəllərdən başlanmışdı, sadəcə mənim kimi inadkar və tərs insana öz yanlışlığını anlamaq üçün, həqiqətən də, çox vaxt lazım idi.
Kitablar oxumağa 12 yaşımda başladım. Yox, bu o demək deyil ki, mən, ümumiyyətlə, oxumağı bacarmırdım, sadəcə o zamana qədər mütaliəyə həvəsim yox idi. Yalnız məktəb proqramı nəyi tələb edirdisə, onu oxuyurdum. Elə o ərəfədə də Dostoyevskinin “Cinayət və Cəza” əsərini oxudum. Əsər mənə elə bir təsir etdi ki, sonrakı bütün dərs illərində mən bir neçə dəfə bu kitabı yenidən oxudum. Hətta əsərin mövzusu ilə bağlı bir neçə inşa və resenziyalar yazdım. Sonralar buraxılış və qəbul imtahanlarında da əsəri təkrarən oxumadan onun haqqında çox maraqlı bir inşa yazdım. Kitaba o qədər də aludə deyildim. Mütaliə hərisliyi məndə hər kəsin yaxşı tanıdığı Freyd və Nitşe yaradıcılığı ilə tanışlıqdan sonra başladı. 12 yaşlı qızın psixologiya, psixoanaliz və dinlər haqqında saysız-hesabsız kitabları dərin maraqla oxumağını təsəvvür edə bilirsinizmi? Məni həm indi mövcud olan, həm də tarixə qarışmış dinlər, bir sözlə, hər şey maraqlandırırdı. Bütün səmavi dinlər, buddizm, krişnaizm, Qədim Misir mədəniyyəti, asteklər və mayya, hətta satanizm haqqında da ədəbiyyat oxuyurdum. Qədim Misirə aid kitablarda firon və Allahların təsvirlərinə valeh olurdum, hətta daha ətraflı məlumat almaq üçün canlı krişnaistlərlə də münasibətdə olurdum. Elə o zamanlar da mənimlə bir gündə anadan olan diktatorlar; Hitler və Stalinin fəaliyyəti diqqətimi çəkdi. Napoleon və Leninin şəxsiyyətləri ilə bağlı yazılanlara maraq göstərməyə başladım. Və eyni zamanda Quranla tanışlığa başladım. Onu çox böyük maraqla oxudum, artıq mütaliə fondum zəngin olduğuna görə stereotip düşüncələrə sahib olmadığım üçün Qurana obyektiv yanaşmağı bacardım və orada yazılanların 99% həqiqət olduğunu düşündüm.
Amma Qədim Misir, satanizm, astek və maya mədəniyyətləri fonunda səmavi dinlər mənə bəsit görünürdü, nədənsə daha ekzotik baxışlara meyil edirdim. Mən artıq ənənəvi xristian ailəsində doğulduğum, körpəlikdə bəptiz edildiyim, xaç suyuna salındığım üçün özümü ruhən xristian hesab edəcək insan deyildim. Xristianlıq haqqında həm kilsə vəzlərindən, həm də oxuduğum xüsusi ədəbiyyatdan çox şey bilirdim. Bibliyada yazılanları xristian məişətində görə bilmirdim, sözlər və davranışlar çox fərqli idi. Kitabda xristianlıq mərhəmət dini kimi təqdim olunurdu, vaizlər isə daim Allahla qorxudurdular. Həmçinin Müqəddəs Üçlük nəzəriyyəsinə də inanmırdım, mənə elə gəlirdi ki, Əhdi-Ətiq və Əhdi-Cədid kitablarını oxuyan istənilən sağlam düşüncəli insan yalnız təkallahlılığa etiqad edə bilər. Amma yenə də protestant-katolik-provoslav qarışığı olaraq, nəzəri cəhətdən də olsa özümü xristian dininə aid edirdim.
Bir dəfə anam internetdə Qurandan parçalara rast gəldi və onları çap edib paylamağa başladı. Bir qadın kimi orada verilən çox fikirlərlə biz də razı idik və elə buna görə də ətrafdakı insanların da buna münasibətini öyrənməyə çalışdıq.
Beləcə, Quran ilk dəfə həyatıma daxil oldu. Bu hadisədən düz 9 il sonra 23 yaşımda olarkən bir azərbaycanlı ilə ailəvi dost olduq. O, bizim ailənin daimi ziyarətçinə çevrildi. İndi onu çox böyük minnətdarlıq hissi ilə xatırlayıram. O, mənim bir şəxsiyyət kimi formalaşmağımda çox mühüm rol oynadı. Məscidə getmirdi, namaz qılmırdı, qonaqlıqlarda dosrları ilə spirtli içkilər içirdi, hətta hərdən bəzi “otların” da dadına baxırdı, amma buna baxmayaraq çox mükəmməl və hərtərəfli bir insan idi. Anamla mən nə onunla tanışlığa qədər, nə də ondan sonra bu dərəcədə mərhəmətli və insansevər adam görməmişdik. O, ətrafındakı bütün insanlara – istər öz həmyerlilərinə, istərsə də, yerli camaata heç bir fərq qoymadan hər cür yardımlar edərdi. Axır vaxtlar biznes sahəsində işləri yaxşı getməsə də, yenə də hər kəsə əl tuturdu, bəzən özü pulsuz qalırdı. O, belə həyatı artıq özünə kredo (əqidə yolu) seçmişdi. Tez-tez nənəmin bağına qonaq gələrdi və gələrkən də özü ilə çoxlu ərzaq gətirərdi, hətta özü yeməsə də, bizə donuz əti də alırdı. Amma onun bizə göstərdiyi yaxşılıqlar bununla bitmirdi, o bizə əsl qadının özəllikləri barədə danışırdı, şəxsiyyətli və özünə hörmət edən xanımın keyfiyyətlərini anladırdı. Mən indi başa düşürəm ki, o, əsl müsəlman qadının portretini yaradırdı. Onun gözəl keyfiyyətləri bununla bitmirdi. Əgər dünya belə adamlardan ibarət olsaydı, həyat çox-çox daha gözəl olardı. Amma onun söylədiklərini anamgil sevə-sevə dinləsələr də, buna o qədər də önəm vermirdilər. Sadiq olan bircə mən idim; hər sözünü həzm edirdim, hər bir fikri məndə dərin iz buraxırdı. Artıq istər-istəməz dəyişməyə başlayırdım, daha ciddi geyinirdim, davranışım daha da mədəni və aristokrat olmuşdu. Ancaq yenə də İslamı qəbul etməyi düşünmürdüm.
Sonralar bizim yollarımız ayrıldı. Mən pul, ürəkaçan, sakit bir həyat axtarışında oldum. Çoxlu işlərdə çalışdım. Moskvaya köçdüm və xoşbəxtliyi orada axtarmağa başladım. Amma şüurumda şifrələnən “ideal qadın” obrazı və onun malik olduğu keyfiyyətlər, əxlaq normalarına hələ də sadiq qalmağım mənə Rusiyada yaşamağı dözülməz edirdi. Nə onlar kimi ola bilmirdim, nə də öz yaratdığım obraza uyğun yaşaya bilmirdim. Elə həmin vaxtlarda Misirə getmək imkanı yarandı. Bir müsəlmanla ailə qurub oraya köçmüş rəfiqəm mənə dəvət yolladı və mən Qahirəyə gəldim. Misir məni öz ciddi İslam mədəniyyəti ilə öncə valeh etsə də, sonralar alışdığım normaların olmaması məndə bir az rahatsızlıq yaratdı. Çörək pulu qazanmaq o qədər də asan olmadı, zəhmətsiz gəlirə də yer yox idi. Və elə o zaman bir daha anladım ki, “Moskva göz yaşlarına inanmır”. Rəfiqəmin köməyi ilə qalmağa yer və iş tapa bildim. Müsəlmanlarla gündəlik və daha sıx münasibətlərim “Quran”da mənim üçün qaranlıq qalan 1% mətləblərə də aydınlıq gətirməyə başladı. Artıq həyat özü mənə cavabsız qalan suallara çözüm tapmağa kömək edirdi. Bir anlığa İslamı qəbul etməyi düşündüm. Amma stereotiplər imkan vermədi, ailəm nə deyəcəkdi, axı günlərin birində Rusiyaya qayıdacaqdım, insanlar mənə necə baxacaqdılar? Bu suallarla günlər keçirdi. Bir gün indiki həyat yoldaşımla tanış oldum. Üçüncü görüşümüzdə o, mənə elə bir sual verdi ki, cavab verməkdə aciz qaldım: “Əgər sən Quranın Allahdan gəldiyinə, Mühəmməd (s)-in Allahın elçisi və peyğəmbəri olduğuna, nazil olma zamanına görə İslamın son din olduğuna inanırsansa, niyə indiyədək İslamda deyilsən?” Mən buna inanırdım, daha doğrusu, bu mənim üçün gün kimi aydın olan bir həqiqət idi. Bəs məni qorxudan nə idi? Ona görə də rəfiqəmə belə bir sual verdim: “Birdən mən İslamı qəbul edərəm və qarşıma bir xristian çıxar və mən də onu sevərəm, o zaman halım necə olacaq?” Rəfiqəm cavab verdi: “Allah hər şeyin ən gözəlini biləndir, o sənə xristianı sevdirməz, ailə qurmaq üçün sənin qarşına uyğunsuz adam çıxarmaz”.
Səhv etmirəmsə, ramazan ayının birinci həftəsi idi. Orucluğun axırıncı günündə İslamı qəbul etməyi qərarlaşdırdım və tanış olduğum adama bunun qaydalarını mənim üçün öyrənməsini tapşırdım. O, can-başla razı oldu. Amma iş elə gətirdi ki, ramazan ayının artıq üçüncü həftəsi şəhadət gətirib İslam dinini qəbul etdim. Düz bir ay sonra isə həmin adam mənə evlənməyi təklif etdi və mən onun təklifini qəbul etdim. Allah, doğrudan da, qarşıma ən gözəl insanı çıxarmışdı. O, məni 36 illik evlilik həyatında özünün ilk və son, həm də yeganə qadını etdi. Həyatımı xoşbəxtlik, hüzur, məhəbbətlə doldurdu, öz qohumları simasında mənə gözəl dostlar qazandırdı, mənə sağlam və bəxtəvər ailə bəxş etdi. Bir qadının arzu edə biləcəyi nə varsa, Allah mənə verdi, çünki O, ən gözəlini biləndir. İmana doğru yolda heç bir şeydən qorxmaq lazım deyil.
Yaxın vaxtlarda onu da öyrəndim ki, mən həm də Peyğəmbərimizlə də eyni gündə doğulmuşam, Allahın rəhmət və salamı onun üzərinə olsun! Məncə, bunda da bir hikmət var. Əlhəmdülillah”.
Sahra Raml
Mütərcim: Zəhra Süleyman-Kıstı