“Əvvəllər mən anamla yaşayırdım. Anamın güclü dini mənşəyi olmayıb. Bir araya gələ bilmədiyimizdən mən bir neçə ay küçədə yaşamalı oldum və oradan qəyyum evinə yerləşdirildim. 3 qəyyum evində olmuşam. Nəhayət, sonuncu evdə 6 il yaşamışam. Bu vaxt ərzində mən tamamilə yalqız idim. Mənə dayaq olacaq nə atam, nə anam, nə də dostlarım var idi. Düşünürəm ki, məhz bu tənhalığıma görə “qapılar” üzümə açıldı və həqiqəti axtarmağa başladım. Pentikostal kilsəsinə getməyə başladım. Hər bazar səbirsizliklə ora getməyi gözləyərdim. Hiss edirdim ki, bu mənim evdə ala bilmədiyim ruhumun təhsili, tərbiyəsidir. Kilsədə tez-tez İsa (ə)-ın kim olduğunu soruşardım, belə ki, həm nahardan, həm də yatmağa getməzdən əvvəl biz sadəcə dualar edərdik. Mənə üçlük nəzəriyyəsini öyrədəndə bəzi şeylərin çatışmazlığını hiss edirdim.
Sonralar kilsədən uzaqlaşdım, çünki həyatda hər şey məndə sual doğururdu. Ali məktəbdə oxuyarkən orada bir müsəlman oğlan var idi. Mən ona xristianlıq barədə izahat verərdim, o isə İslam barədə məni məlumatlandırardı. Xatırlayıram ki, onunla danışmağa başlayarkən xristianlıq barədə müəyyən fikirləri inkar edərdi və bu, həqiqətən, mənə toxunurdu.
Mən kiminsə düşüncəsi ilə istiqamət götürmək istəmirdim, öz fərdi düşüncəmlə həqiqəti tapmaq istəyirdim. Beləcə kitabxanaya getməyə başladım və İslam, xristianlıq və digər əqidələr barədə daha çox bilgi axtardım, yeni nəsə öyrənməyə çalışdım.
İslamda məni cəlb edən ondakı gözəllik idi. Mən heç vaxt stereotiplərə, mediaya və ya mənfi təsirlərə məruz qalmamışdım. İslam barədə oxumağa başlayarkən uşaqlıq bilgilərimlə və o dövrdəki həyat tərzimlə qarşı qarşıya gəldim. Mənə elə gəldi ki, həyatımın əsas istiqaməti müəyyən deyildi, indi isə bu istiqamət İslam idi.
Sanki ruhum zədələnmişdi. Bir müddət yemək yeyə bilmədim. Düşünmək də, yatmaq da mənə çətin idi. Bir dəfə ağlayaraq çölə çıxıb Yaradanın harada və kim olduğunu soruşub dedim: “Xahiş edirəm mənə cavab ver, mənə istiqamət ver, mən yolumu itirmişəm və belə davam edə bilmirəm”. Mən hansı Allahı çağıracağımı da bilmirdim. Xristianların, yoxsa müsəlmanların çağırdığı Allahı… Əlhəmdülillah, iki gündən sonra cavab aldım.
Bir gün riyaziyyat dərsində kitab oxuyarkən bütün ünsürlərini inkar etdiyim iman daxilimə doldu. Bu hissi tam olaraq izah etmək çətindir. Lakin o andan hər şeyə inanmağa başladım və kitabları oxumaqla kəlmeyi-şəhadəti öyrəndim. Mən Hz. Mühəmməd (s) və İslam dini haqqındakı digər əsasları da hərtərəfli öyrəndim və bu hisslər bütün daxili aləmimi bürüdü. Sadəcə bu sözləri deyə bildim: “axtardığım budur”. O an gözlərim yaşla doldu və qəlbim sevincdən titrəməyə başladı. Sinif otağından bayıra qaçdım. Vanna otağına gedib bildiyim tərzdə “dəstəmaz” aldım.
Məktəbimizdə hicablı bir müsəlman bacım vardı. Ona müraciət edərək: “Səninlə danışmağa ehtiyacım var, çünki mən də müsəlmanam”, – dedim. O, məni öz ailəsinin yanına apardı. Ailəsi çox mehribanlıqla məni evlərinə dəvət etdi. Onlar mənə öz qonaqpərvərliyini göstərərək geyim, kitab, ərzaq və s. verdilər, hətta məni məscidə apardılar. Məsciddə kəlmeyi-şəhadət gətirdim.
Həyatım tamamilə dəyişdi. Artıq mənim mənsubiyyətim var. Anamla uzun müddət etiqad sarıdan fikir ayrılığımız olurdu. Hətta milliyyətim də qarışıq idi. Anam ağ, atam isə qara dərili idi. Mən atamın yanında böyüməmişdim və buna görə də hər zaman mənə haradan gəldiyim, soyum barədə tez-tez sual verirdilər. Bu zaman nə deyəcəyimi bilmirdim. Mən Kanadalıyam və yalnız anam tərəfi tanıyırdım. İndi isə mən nə üçün burada olduğumu, haraya gedəcəyimi bilirəm. Bilirəm ki, Yaradanıma doğru gedirəm və bu, məndə öyrənmək istəyi yaradır. Mənim keçmişim ancaq öyrənməklə, nəyi isə araşdırmaqla başlayıb və bu, Allah: “dur” – deyənədək davam edəcək. Mən hər kəsi daxili sülh, əmin-amanlıq üçün dayanmadan mübarizə aparmağa səsləyirəm. Məqsədim Allahın mənə bəxş etdiyi o kiçik nuru başqaları ilə paylaşmaqdır”.
Gülnarə Məmmədova