Lahor Əhmədiyyə hərəkatının “Sülh Mesajı” (Paigham Sulh) adlı kitabından tərcümə edilmış 13 fevral 1963-cü ildə Mövlana Yaqub Xan tərəfindən yazılmış bir məqalənin belə bir başlığı var: “İslamı qəbul etmiş Şotlandiyalı Leydi Kobaldın İslam qaydalarına uyğun dəfn mərasimi. Bir Şotland dağının zirvəsində müsəlman qəbri. Baş daşında bu sözlər həkk olunub: “Allah göylərin və Yerin nurudur”.
Öz ata yurdunda vəfat etmiş bu xanım İnvernesdən 60 mil aralıda yerləşən çox böyük bir malikanəsinin mərkəzində – uca bir təpədə üzü Məkkəyə doğru dəfn edilməsini vəsiyyət etmişdir. Dəfn zamanı imamlıq edən Şeyx Mühəmməd Tufayl 30-40 adamın iştirak etdiyi bu mərasimdə xanımın vəsiyyətinə uyğun olaraq heç bir xristian nazirinin iştirak etmədiyinin şahidi olub. Dəfndə ərəbcə dualar, o cümlədən Qurandan müəyyən ayələr oxunub. Baş daşında ərəbcə yazılmış “Allahu nur-us səmavati vəl ard” sözləri də Leydi Kobaldın vəsiyyətinə görə qeyd olunub.
Şotlandiyanın Danmor qrafının ən böyük qızı olan Leydi Evelin Zeynəb Kobald (1867-1963) böyük gücə və muxtariyyata sahib idi. O, etnik milli mənsubiyyəti, əcdadları ilə ifrat dərəcə fəxr edən və ingilisləri özündən aşağı səviyyədə görən, Şotlandiyanın tipik zadəgan sinfinə mənsub bir xanım idi. Uzaq bir məkanda böyük ixtiyara sahib, müstəqil fikirli bir xanımı İslam dini hidayət etdi və gerçək Allahı ona tanıtdı və sevdirdi. Yüksək bir zirvədə və zadəganların hüzurunda bu bəyannamə ilə insanlara həqiqəti çatdırdı: “Allah göylərin və Yerin nurudur”.
Leydi Kobald həcc mərasimini icra edən ilk britaniyalı, bəlkə də, ilk qərbli xanım-zəvvar olub. Öz təəssüratlarını və qazandığı təcrübəni “Məkkə ziyarəti” (Pilgrimage to Mecca) adlı kitabında qeyd etmişdir. Onun “İlluziya ölkəsi-Kenya” (Kenya, A Land of Illusion) adlı kitabı da var.
Londonun “The Times” və “Daily Telegraph” qəzetləri xanım haqqında nekroloq dərc etdirib. Onun İslamı necə qəbul etməsi haqqında fikirləri və fotoşəkli “Bizim seçimimiz İslamdır” (“İslam Our Choice”) kitabının 171-ci səhifəsində yerləşdirilib.
Həcc ziyarətini 1933-cü ildə yerinə yetirib. Ərəbcə çox yaxşı danışa bilirdi. Onun kitabxanasında ərəb sufizminə aid kitablar və 1917-ci il nəşrli Mövlana Mühəmməd Əlinin ingilis dilinə tərcümə etdiyi Quran-kərim tapılıb. 1929-cu ildən dul qalıb və yenidən ailə həyatı qurmayıb.
“The İslamıc Review” (İslami Baxış”) jurnalında 1933-cü il 14 dekabrda Mühəmməd Peyğəmbərin (s) mövludu şərəfinə Böyük Britaniyanın Müsəlman Cəmiyyəti tərəfindən Londonda keçirilmiş təntənəli gecədə Leydi Kobaldın məruzəsi dərc olunub. Həmin yığıncaqda xanım ev sahibəsi kimi çıxış edib. Peyğəmbərin həyatı barədə söylədiyi möhtəşəm çıxışı ilə yanaşı Məkkə və Mədinə şəhərlərinin şəkillərini slayd şəklində çıraqla divarda göstərərək zalda iştirak edənlərdə canlı təəssürat oyadıb. Eyni zamanda Hira mağarasını, Peyğəmbər məscidini, Kəbəni, Məscidül-Əqsanı, Cəbəl Ühüdü və Peyğəmbərin həyatı ilə bağlı Məkkə və Mədinənin müxtəlif yerlərinin təsvirini göstərib. Bu qısa vaxt ərzində Hz. Mühəmmədin (s) olduğu müqəddəs yerləri müsəlmanlara bir daha xatırladıb, qeyri müsəlmanların yaddaşında isə silinməz iz qoyub. Onun söylədiyi çıxışından aşağıdakı sətirləri qeyd etmək istərdik:
“Xanımlar və cənablar, xüsusilə mənim müsəlman bacı və qardaşlarım! Peyğəmbərin (s) doğum günü ilə əlaqədar qeyd edilən bu gecəyə xoş gəlmisiniz! Bildiyiniz kimi bir neçə ay əvvəl mən Məkkə ziyarətində olmuşam və Peyğəmbərimizin doğulduğu və ilk 40 ilini yaşadığı müqəddəs yerləri görmüşəm. Ona hələ o zamanlar Əl-Əmin ləqəbi verilmişdi, çünki onun heç vaxt vədinə xilaf çıxdığı, yalan danışdığı, yoldaşlarını pis vəziyyətdə qoyduğu görünməmişdır. Hər zaman azyaşlı uşaqlara mehribancasına yanaşar, onlarla xoş rəftar edər və ehtiyac içində olanlara kömək əlini uzadardı. O dövrdə bütlərə tapınan, insan qurbanı tələb edən, öz qız övladlarını diri-diri torpağa basdıran cahillərin əməllərinə qəzəblənər və buna çox təəssüflənərdi. İlk dəfə bəşəriyyətə elçi-peyğəmbər olaraq seçilməsi bəyan olduğu Hira mağarasında həmin günə qədər tənha qalıb Rəbbinə dua edərdi. Peyğəmbərlik əmrini ilk olaraq xanımı Xədicəyə və daha sonra ona ən yaxın olan qohumlarına bildirir. Bütlərə inanan insanları Allah üçün ibadətə yönəltmək olduqca çətin bir iş idi. O bilirdi ki, öz qəbiləsi – Qüreyş ən qatı düşməni olacaq. Buna baxmayaraq bu sözlərlə ətrafındakı insanlara müraciət etdi: “Əgər məni doğru danışan, həqiqəti söyləyən bir insan kimi tanıyırsınızsa, məni dinləyin. Siz, ey yeganə qudrət sahibinin yaratdığı insanlar, həyat karvanınız bir gün sizdən uzaqlaşacaq və ölüm sizi haqlayacaq. Sahib olduğunuz hər şeyi tərk etməli olacaqsınız. Sizinlə əbədi qalan yalnız bu dünyada etdiyiniz əməlləriniz olacaq. Tərifə layiq olan yeganə varlıq Allahdır ki, Onun adları təkrar olunmağa dəyər. O, xidmət edilməyə layiq bir əzəmət sahibidir. Yalnız Onu düşünün, Onun hüzurunda əyilin. Yalnız Ona inanın, Ondan qorxun. Onunla heç kim müqayisə edilə bilməz, Onun izni olmadan heç kim və heç nə var ola bilməz. Buna görə də Allahla sizin aranızda olan vasitəçinin – Peyğəmbərin sözlərinə əhəmiyyət verin”.
Bundan sonra Hz. Mühəmmədin (s) keşməkeşli, çətin həyatı başlayır. Tərəfdarları şəhid edilir və ya ağır işgəncələrə məruz qalır. Nəhayət, Mədinəyə hicrət edir. Artıq ona itaət edən müsəlmanlarla asi olan kafirlərə qarşı 10 il davam edən cihad dövrü başlayır. Nəhayət, öz missiyasını sona çatdırır və bütpərəstliyə son qoyulur. Peyğəmbər (s) qələbə ilə Məkkəyə qayıdır. Onu nə qədər uca tutaraq bir kral kimi hörmət etsələr də, yenə öz sadə həyatına davam edir. Allahın Rəsulu öz davamçılarına vəsiyyət edərək onları elm öyrənməyə, həyat hadisələrinə şüurlu yanaşmağa çağırır və buyurur ki, “alimin mürəkkəbi şəhidin qanından daha dəyərlidir”. Çünki elm bizim yaxşını pisdən (haqqı batildən) ayırma bacarığımız, Allaha gedən yolu işıqlandıran bir nur, əsl səadətimizə çatmaq üçün bir vasitədir, düşmən əleyhinə istifadə etdiyimiz silahdır”. Onun davamçıları İslam dinini nəinki Asiyada, hətta Misir, Şimali Afrika, İspaniya və Cənubi Avropada yayaraq müxtəlif universitet, məscid, xəstəxanalar və şəhərlərdə məktəblər təşkil edib və öz imanlarına sarılaraq İslam dinini sivilizasiyanın fənəri kimi əllərində tutaraq xürafat və nadanlıq içində boğulan, qaranlıq Avropaya işıq salmışdılar.
Mühəmməd (s) bu dünyada ən böyük Peyğəmbər və şəxsiyyət olub. Biz müsəlmanlar Qurandan və ondan nümunə götürərək həyatımızı onun görmək istədiyi kimi imanla yaşamağa çalışmalıyıq, çünki o bilirdi ki, bəşəriyyətin yaralarını məhz İslam dini sağalda bilər”.
Gülnarə Məmmədova