O AZAN MƏNİM ÜÇÜN SƏSLƏNDİ

mashaBu gün bütün dünyada, o cümlədən də bizim ölkəmizdə kütləvi “ulduz” istehsalı yüksələn xətt üzrə inkişaf edir. Gəlirli olmasına görə bu sahə, bəlkə də, nanotexnologiya və ya avtomobil istehsalını geridə qoyur. Axın-axın səhnə insanı istehsal edib adını “ulduz”, “star”, “istedad” qoyan bu sənaye sahələrindən biri də Rusiya və MDB insanlarının diqqətini televiziya ətrafına yığıb özünə çoxlu sayda geniş tamaşaçı kütləsi qazana bilmişdi. “Ulduz fabriki” (“Fabrika zvyozd”) adı ilə efirə çıxan və çox məşhur olan bu layihəyə yüzlərlə ifaçı qatılır, oradan da nəhəng Rusiya şou-biznesinə vəsiqə qazanırdı. Belə “bəxtəvər” ulduzlardan biri də Marina Alalıkina idi. O, ilk çıxışından tamaşaçı kütləsinin məhəbbətini qazana bilmiş, hər yerdə qapılar üzünə açılmış, təklif və qonorar seli ona doğru axmağa başlamışdı. Karyerasının ən qızğın mərhələsində və şöhrətinin ilk çağlarında bütün Rusiya şou aləmini “acı xəbər” sarsıtdı: Marina Alalıkina – yeniyetmələrin sevimlisi Maşa – bir müsəlmana ərə gedir və o artıq səhnəni tərk edir. Xəbər ildırım sürəti ilə yayıldı və hər kəs tezliklə Maşanın İslamı qəbul edəcəyi barədə atmacalı və kinayə dolu proqnozlar verməyə başladı. İki il keçmədi ki, proqnozlar özünü doğrultdu. Rusiya pop sənətinin ən ümidverici, parlamaqda olan ulduzlarından biri, açıq-saçıq və ekstravaqant görüntüləri ilə estetlərin qəlbini fəth edən Marina Alalıkina İslamı qəbul etdiyini açıq şəkildə bəyan etdi və hicablı müsəlman xanım olaraq Məryəm adını götürdü.

Hadisənin üzərindən bir neçə il keçməsinə baxmayaraq, Maşa hələ də rus mediasının diqqət mərkəzindədir. İslama gəlişi hər hansı bir mistika ilə və ya heyrətamiz hadisələrlə müşayiət olunmadı. O, Mərakeş otellərindən birinin eyvanında oturub kofe ilə qəlyanaltı edərkən namaz vaxtı müəzzinin insanları necə səslədiyini eşitdi və çörək boğazında tıxanıb qaldı: “Bu azan mənim üçün səslənir”, – dedi və şəhadət gətirdi. Uzun müddət ərindən başqa bunu hamıdan gizli saxladı. Lakin o vaxta qədər ki, yaxın adamlarından biri ağır xəstəliyə tutuldu və uzaqda yaşadığına görə Maşa onu ziyarət edə bilmədi. O zaman Maşa israrla və fasiləsiz olaraq onun üçün dua edib Allahdan ona şəfalar dilədi. Ertəsi gün həmin adam ona zəng etdi və: “Mən səni gördüm, sən burada idin və mənə çox kömək etdin. Çox sağ ol”, – dedi. Bu hadisə Maşanın dilini açdı, ömür boyu Allaha dua etməyi, Ondan nəsə istəməyi özünə ar bilənlər sırasında olan Maşa ruhi təcrübəsini hər kəslə bölüşməyə ehtiyac duydu.

İslam dininin incəliklərini, ərəb dilini öyrənməyə başladı. Sosial şəbəkələrdə, şəxsi bloqunda həm öz təəssüratlarını bölüşdü, həm də islami biliklər təbliğ etməyə başladı. Onun İslam dini ilə bağlı fikirləri çox diqqətəlayiqdir: “Nəyə görə müsəlmanlar dəridən qabıqdan çıxaraq İslamı “sülh dini” kimi tanıtmağa çalışırlar, sanki kimlərdənsə üzr istəyirlər, özlərinə və dinlərinə haqq qazandırırlar. Halbuki günahkar olan varsa, o da Qərbin elə özüdür. Zülmə məruz qalan, torpaqları və sərvətləri işğal olunan müsəlmanlardır. İndi “sülh dini” adı altında müsəlmanları hər şeyə razı olan, inanan, tolerant, etiraz etməyən bir zümrə olaraq yetişdirirlər. İslam sülh dini deyil, həqiqət və ədalət dinidir. “Sülh” sözü nisbi anlayışdır, kimin üçün isə normal görünən bir hal başqası üçün zalımlıq ola bilər. Elə Qərbin özündə, pedofiliya ilə əlaqədar hər hansı bir hadisə işıqlandırılarkən hər kəs – həmin liberallar ölüm hökmündən, axtalamaq cəzasından danışırlar. Niyə tolerant olmurlar bəs? Ona görə də İslamı insanlara xoş göstərmək üçün ona epitetlər düşünməyə, təsəvvürlər yaratmağa ehtiyac yoxdur. İslam Allahın qanunudur. Barışılması mümkün olmayan hallarda İslam barışmaz dindir, ortada zülm varkən İslam sülh dini olmaq məcburiyyətində deyil!”

Kifayət qədər güclü bilik və intellekt sahibi olan Marina Alalıkina İslam dini haqqında olduqca maraqlı fikirlərin müəllifidir. Onlardan bir neçəsini sizin diqqətinizə çatdırırıq:

– Başqa dinlərdən fərqli olaraq, İslamın çox güclü təməli var və hər bir kərpic öz yerindədir. Bu, sadəcə ruhi bir təcrübə deyil, gündəlik həyatın konkret qanunlarıdır.

– Mənim İslama doğru və ona yiyələnmək üçün uzun bir yolum olmayıb. Mən sadəcə yolun o biri tərəfinə keçmişəm.

– Həyatda öz yerini və təyinatını bilmək üçün insan “eşitmə aparatı”na malik olmalıdır və onu hər dəfə təmizləməlidir. Bu təmizləyici vasitə isə Şəriətdir.

– Nənəm həmişə deyərdi: “Həyat daim öz-özünlə mübarizə deməkdir”, Çexov isə belə deyib: “Damla-damla qulu içimdən çıxarıb atdım”. Sonra isə Qəzalini oxuyuruq: “Allah haqqında düşünə bilmirsənsə, heç olmasa özünü unutmağa çalış”.

Budur, İslam! 

Zəhra Süleyman-Kıstı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma