ONUN DİLİNDƏN PEYĞƏMBƏRİMİZ

images (2)Hamınızı, bütün tədbir iştirakçılarını hörmət və məhəbbətlə salamlayır, sevgi ilə qucaqlayıram. Bu gün 28 aprel 1997-ci il bazar ertəsi günü gözəl Ankaramızın bu əzəmətli salonunda bir yerə yığışmışıq. Dini İşlər İdarəsinin tərtib etdiyi “IX Müqəddəs Doğum Həftəsi”ni başlayırıq.

Hər şeydən əvvəl belə gözəl bir görüşü təşkil edən, bu qədər əhəmiyyətli bir mövzunu gündəmdə saxlayaraq 9 ildən bəri bu sahədə fəaliyyətini davam etdirən Dini İşlər İdarəsinin bütün kollektivinə və təşkilatçılarına hüzurunuzda təşəkkür edirəm. Belə bir toplantıda böyük bir maraqla iştirak edən dəyərli qardaşlarımıza da bu tədbirə təşrif buyurduqlarına görə ayrıca təşəkkür edirəm. Bu həftənin bütün millətimiz, bütün İslam aləmi və bütün insanlıq üçün xeyirli olmasını Cənabı-Allahdan istəyirəm.

“İnsan sevdiyi ilə həşr olunacaqdır!” Cənabı-Haqq hamımızı Peyğəmbərimiz əleyhissəlam ilə həşr etsin. Cənnətdə ona qonşu etsin, inşallah!

Belə bir həftəni bir ənənə olaraq qızılgül ilə təmsil etmək nə qədər də mənalıdır. Necə ki tədbir başlayarkən bizə verilən əlimdəki bu gülün üzərinə:

“Canım qurban olsun sənin yoluna,

Adı gözəl, özü gözəl Mühəmməd”, –

deyə Yunis İmrənin səmimi hisslərlə söylədiyi bir beyti yazılmışdır. Və bu həftə belə gözəl bir rəmz ilə işarələnmişdir. Həqiqətən, bütün İslam dünyasında və bizim adət-ənənələrimizdə də qızılgül güllərin ən gözəli hesab edildiyi üçün Peyğəmbərə məhəbbətin rəmzi olaraq qəbul edilmişdir.

Həmçinin bizim millətimizin bir böyüklüyü də ondadır ki, Peyğəmbərimizə hörmət əlaməti olaraq neçə illərdir camelərimizi qızılgül şəkilləri ilə yox, gül qönçələri ilə bəzəyirlər. Onun böyüklüyünə hörmət xatirinə yenə bizim millətimiz Mühəmməd adı əvəzinə “Mehmet”, “Mehmetcik” adından istifadə etmişdir. Ümumiyyətlə, bir gülün bu həftənin simvoluna çevrilməsini və bunun yaratdığı təsiri yüksək qiymətləndirirəm və bunu xüsusi olaraq diqqətinizə çatdırıram.

Peyğəmbərimiz əleyhissəlam Quran-kərimdə də ifadə edildiyi kimi, bütün insanlığa ən gözəl nümunə (üsveyi-həsənə) olaraq göndərilmişdir. Buna görə də hər bir məsələdə ondan nümunə götürmək səadət və xoşbəxtliyə qovuşmaq üçün ən gözəl yoldur. Yenə Quran-kərimdə bildirildiyi kimi o, “Bütün aləmlərə rəhmət olaraq göndərilmişdir”. Onun rəhmətindən yalnız müsəlmanlar deyil, yalnız bütün insanlıq deyil, həqiqətən, bütün aləmlər faydalanır. Əsasən Quran-kərim və Peyğəmbərimiz əleyhissəlamın Sünnəsi İslamı öyrənə bilmək üçün göndərilmişdir, çünki Cənabı-Haqq Rəhman və Rəhimdir. O, bizi yaratmış və ədalətli olduğuna görə də bizi bu dünyada daim imtahan etməkdədir. Lakin bu imtahanda uğur qazanmağımız, dünya və axirət səadətinə qovuşmağımız üçün Rəhman və Rəhim sifətinin tələbi olaraq İslam dinini göndərərək bizə yol göstərməkdədir.

Əlbəttə, Cənabı-Haqq gördüyü işləri ən mükəmməl şəkildə yerinə yetirir. Buna görə də bizə bir tərəfdən Quran-kərimi, digər tərəfdən də ən gözəl nümunə olaraq Peyğəmbərimiz əleyhissəlamı göndərmişdir. Əgər Peyğəmbərimiz əleyhissəlam olmasaydı, biz Kitaba baxaraq səcdənin necə yerinə yetirildiyini belə mükəmməl bilməzdik, çünki təkcə Kitabdan öyrənmək yetərli olmaz. Bu gün kimimiz qulağa, kimimiz də ənsəsi üzərinə yatıb-qalxaraq səcdə edərdik. Halbuki bir dəfə gördüyü zaman insan: “Həə. Deməli, belə etmək lazımmış”, – deyə doğru olanı başa düşər. Ona görə də ən gözəl təlim yolu Kitab və Sünnə yoludur. Bax, Cənabı-Haqq da bizə İslamı belə göndərmiş və düzgün olanı göstərmişdir. Buna görə də müsəlmançılığı öyrənmək üçün Peyğəmbərimiz əleyhissəlamı tanımaq və onun əzəmətini hiss etməyə çalışmaq əsas bir şərtdir və hər şeyin təməli də elə bundan başlanır.

Hər bir müsəlman bu həqiqətlərə inanır. Ümumiyyətlə, onu tanımaq üçün belə bir həftənin təşkil olunması bu sahədə görülmüş işlərin ən xeyirlisidir. Lakin daha əvvəl də ifadə etdiyim kimi, Peyğəmbərimiz əleyhissəlam bütün insanlığa rəhmət olaraq göndərildiyi üçün bütün insanların da ondan dərs alması lazımdır. Əgər bunlara diqqətlə nəzər salsaq, insanların elə buna məcbur olduğu daha açıq bir şəkildə görünmüş olacaq.

İndi isə mövzuya başqa bir formada yanaşmaq istəyirəm. Bildiyiniz kimi, son illərdə genlər üzərində çox əhəmiyyətli tədqiqatlar aparılır. İstər kənd təsərrüfatı sahəsində və istərsə də tibbi məqsədlər üçün görülən işlər və aparılan araşdırmalara çox böyük məbləğdə maliyyə sərf olunur. Bu sahədə göstərilən fəaliyyət və aparılan təcrübələr, elmi nəticələr göstərmişdir ki, bitki, heyvan və insan dişi və erkək hüceyrənin birləşməsindən təşəkkül edən bir ilk hüceyrədən meydana gəlir. Bunlarda da bir hüceyrə qılafı, bir plazmatik membran və bir xromosom vardır. Lakin bunların birindən buğda, birindən pişik, birindən isə insan ortaya çıxır. “Bu nə üçün belə olur?” – sualının cavabında genlər üzərində aparılan araşdırmalar bu həqiqəti ortaya çıxarmışdır: “İnsan xromosomu heyvan və bitki xromosomundan fərqlənir”.

Elmi araşdırmaların nəticəsində bitkiləri meydana gətirən xromosomların tək mərkəzli, heyvanları meydana gətirən xromosomların iki mərkəzli, insanları meydana gətirən xromosomların isə üç mərkəzli olduğu və insanı insan edən əsl xüsusiyyətlərin də bax, bu üçüncü mərkəzdən ortaya çıxdığı məlum olmuşdur. Ümumiyyətlə, meymundan insan olmaz, çünki meymun bir heyvandır və onun xromosomu iki düyünlüdür. Əslində insanı insan edən üçüncü düyün də xromosomun içində belə mövcud deyildir.

İnsanı insan edən bu üçüncü düyün nədir?

İnsana “gülən heyvan”, yaxud “danışan heyvan” deyə tərif vermək çox yanlışdır, çünki meymunlar da gülür və danışır. Hətta balıqlar belə uzaq dənizlərdə bir-biri ilə danışa bilir.

Bax, o üçüncü düyünə görə Allahın insanlara verdiyi və insanları digər canlılardan ayıran dörd təməl xüsusiyyət vardır. İnsan elə bir məxluqdur ki:

  1. Doğru ilə yanlışı,
  2. Pis ilə yaxşını və gözəl ilə çirkini,
  3. Ədalətlə zülmü,
  4. Faydalı ilə zərərlini bir-birindən ayıra bilir.

İnsanlar sahib olduğu bu dörd xüsusiyyətə görə bütün məxluqların ən şərəflisidir. Bu xüsusiyyətlərin əsasında insan cəmiyyətlərində doğru ilə yanlışın ayırd edilməsindən elm, pis ilə yaxşının, gözəl ilə çirkinin ayırd edilməsindən əxlaq və din, faydalı ilə zərərlinin ayırd edilməsindən iqtisadiyyat, ədalət ilə zülmün ayırd edilməsindən isə siyasət və hüquq ortaya çıxmışdır. Bax, insanın xromosomundakı bu müxtəliflik də cəmiyyəti və dünyanı bu vəziyyətə salmışdır. Bu açıqlamanı əxlaqın, dinin və elmin özünəməxsus yerini çox yaxşı başa düşək deyə verirəm. Elm hər şeyin doğrusunu göstərir. Beş dörddən böyükdür. Lakin bu hələ kifayət deyil. Əgər o beş qazanc haram, dörd qazanc da halaldırsa, din və əxlaq  gəlib halal olan dörd qazancın haram olan beş qazancdan üstün olduğunu öyrədir. Beşin dörddən böyük olduğunu bilmək kifayət deyil. Buna görə də bunları bir-birinin yerinə qoymaq mümkün deyil.

Elm meşədə yolu azmış bir adamın əlindəki kompasa bənzəyir. Ağılla hərəkət edib göy üzünə baxaraq və ulduzları müşahidə edərək düzgün cəhəti müəyyənləşdirə bilərsiniz. Yaxşı, “Bəs, mən indi bu qaranlıqdan xilas olmaq və təhlükələrlə dolu bu meşədə cəhətləri müəyyən etmək, doğru yolu tapmaq üçün hansı tərəfə gedəcəyəm?” – deyə düşünərkən şimal tərəfdəki ağacların arxasındakı yırtıcılar məni gözləyirsə, cənub tərəfdə başqa təhlükələr vardırsa, mütləq olaraq şimala və cənuba getmək heç bir fayda verməz. Xilas ola bilmək üçün ağıl şərt olduğu kimi, bunu göstərən din, məlumat verən Quran-kərim və Peyğəmbərimiz əleyhissəlamın Sünnəsi də bu ölçüdə kompas kimi şərtdir və zəruridir. İnsana həm ağıl, həm də xəritə lazımdır. Ümumiyyətlə, yalnız ağıla və elmə əsaslanaraq səadət və xoşbəxtlik tapacağını zənn edənlər əslində səhv düşünürlər və belə insanlar xəta içindədirlər.

Din fitri və zəruridir. Səadət və xoşbəxtliyin qaçılmaz bir parçasıdır. Onsuz da müsəlmançılıqda elm dinin bir parçasıdır. Ümumiyyətlə, bu xətadan xilas olma məcburiyyətindəyik.

İnsanların tarixən keçdiyi həyat yoluna nəzər saldığımız zaman nə görürük? Peyğəmbərlər insanlara ən böyük inqilabları göstərmişlər. Sühuf verilən ülul-əzm peyğəmbərlərdən İbrahim əleyhissəlam bütləri qırdıqdan sonra baltanı böyük bütün çiyninə qoydu və bütlərin sahibləri ora gəldikdə üzünü onlara tutaraq: “Bu bütləri bu, böyük büt qırdı”, – dedi. Bu sözə, əlbəttə ki, heç kəs inanmadı, çünki bir büt gedib başqa bütü qıra bilməz. Bu, əslində bizə bunu təlqin edir: “Dində ağıla və məntiqə uyğun gəlməyən hər hansı bir sözə inanmaq olmaz”. Bax, bu hadisə insanlıq tarixində böyük bir dönüş nöqtəsi olaraq elm cığırının açılmasını təmin etmişdir.

Digər tərəfdən Musa əleyhissəlama göndərilən “On Əmr” hüquq nizamının ortaya çıxmasını təmin etmişdir. Yəni qoyduğu qaydalar bütün insanlığın tabe olması lazım olduğu nizamı ortaya çıxarmışdır.

Davud əleyhissəlamın dövründə insan artıq hər cəhətdən yerləşməyə başladığı üçün ticarəti, yəni iqtisadiyyatı qurmuşdur.

İsa əleyhissəlama gəlincə isə o da əxlaqın təməlini meydana gətirmişdir.

Yəni insana verilmiş dörd təməl məziyyət insanlıq tarixinin dönüş nöqtələri olaraq yaşanmışdır. “Yaxşı, bu peyğəmbərlər bu işləri gördülər, bəs Peyğəmbərimiz əleyhissəlam hansı işləri görmüşdür?” – deyə belə bir sual qarşısında qaldığımız zaman bunu bilmək üçün bu gün əlimizdə olan Matta İncilini oxuyaraq əsl həqiqəti öyrənə bilərik. Orada belə yazılır: “Həvarilər İsa əleyhissəlamın ayrılacağını hiss etdikləri vaxt narahat olmağa başladılar. O bunu hiss etdikdə dedi: “Baxın, mən ayrılıram deyə üzülməyin. Mən ayrılmalıyam ki, hər şeyi nizamlayanın gəlməsinə zəmin hazırlansın”.

Kimdir o? Əlbəttə ki, Peyğəmbərimiz əleyhissəlam, yəni peyğəmbərlər ayrı-ayrılıqda insanlıq tarixində yeni səhifələr açmışlar. Lakin son peyğəmbər (ə) hər şeyi nizama salmışdır.

Elmi, əxlaqı, iqtisadiyyatı və hüququn təməl qaydası olan ədaləti də nizamlamış və qaydaya salmışdır. Məhz buna görədir ki, Peyğəmbərimiz əleyhissəlam bütün insanlığın ən önəmli şəxsiyyətidir, dönüş nöqtəsidir. Və hamımız onu da bilirik ki, din fitridir və insanlığın xilası üçün buna yiyələnmək zəruridir.

Bir az əvvəl çox dəyərli qardaşlarımız da çıxışlarında ifadə etdilər ki, İslam demək elm, müasirlik, ictimai ədalət və ədalətli bir quruluş deməkdir. Ümumiyyətlə, bu barədə daha artıq izahata ehtiyac olmadan “Elm Çində də olsa belə onun ardınca gedin”, – hədisi-şərifi elmin nə qədər əhəmiyyətli hesab olunduğunu ortaya qoymaqdadır. “İki günü bir-birinə bərabər olan şəxs bizdən deyildir!” – deyir bizim Peyğəmbərimiz. Bəs nə olmalıdır? Hər gün daha irəliyə doğru getməliyik, yəni tərəqqi etmək, yenilik və müasirlik əsl İslamın bir sifətidir. Onsuz inkişaf etmək olmaz. O, hər bir şəxsi irəliyə doğru aparan ən güclü mühərrikdir.

Digər tərəfdən “Qonşusu ac ikən tox yatan bizdən deyildir!” – hədisi-şərifi ictimai ədalətə işarə etdiyi kimi, “Özü üçün istədiyini mömin qardaşları üçün də istəmək”dən ibarət olan İslam düşüncəsi nə gözəl bir ədalətli quruluş fikri ortaya qoymaqdadır. Ümumiyyətlə, xoşbəxtlik üçün, insani keyfiyyətlərə malik olmaq üçün nə lazımdırsa, hamısı İslamda vardır. Peyğəmbərimiz də buna başçılıq edən şəxsdir. Buna görə də ifadə edildiyi kimi, Peyğəmbərimizin doğum günü bir həftə ərzində deyil, bütün il boyu keçirilsə belə yenə də azdır.

Deyildiyi kimi, İslam dini barış və sülh dinidir. İslam kəlməsi “silm” və “səlam” sözlərindən yaranıb. Silm və səlam sülh deməkdir və bizim Peyğəmbərimiz də bütün aləmlərə rəhmət olaraq göndərilmişdir.

Bir az bundan əvvəl çıxış edən qardaşlarımızın sözləri onun necə tolerantlıq və mərhəmət Peyğəmbəri olduğunu ifadə etməyə yetərli olduğu üçün mən bu barədə geniş şəkildə bütün təfərrüatı ilə danışmaq istəmirəm.

Peyğəmbərimizin mübarək doğum günü səadət və xoşbəxtlik nizamı üçün son dərəcə önəmli bir hadisədir. Bunun önəmli bir nümunəsi də Qüdsdür. Qüds tarix boyunca bir neçə dəfə qərb mədəniyyətinin əlinə keçmişdir. Onlar Qüdsə gəldikləri hər səfərdə müsəlmanları qılıncdan keçirmişlər. Lakin müsəlmanlar hər dəfə oranı xilas etdikdən sonra onları bağışlamışlar, çünki İslam əfv, tolerantlıq və gözəl davranış deməkdir.

Buna görə də müsəlman oldu-olmadı, hamı Peyğəmbərimizi bir rəhbər olaraq qəbul etmək məcburiyyətindədir. Necə ki Qərb araşdırıcıları bunu açıq şəkildə göstərmiş və etiraf etmişlər. Cəmiyyətdə hamı tərəfindən tanınan məşhur elm adamları belə Peyğəmbərimizin malik olduğu üstünlükləri göstərərək bunu aydın bir şəkildə izah etmişlər. Buna görə də Peyğəmbərimizə sadəcə olaraq təkcə müsəlmanların deyil, bütün insanların sevgi göstərməsi son dərəcə təbiidir və labüddür.

Bir məsələyə də diqqətinizi yönəltmək istəyirəm. Görün, sonradan müsəlmanlığı qəbul edən Con Devnport özünün müsəlman olmasını necə anladır: “Mən bir tarixçi idim. Müxtəlif araşdırmalar apardığım üçün İslam dini və Hz. Mühəmməd əleyhissəlam haqqında bilgiləri də araşdırdım. Bu araşdırmamı elmi şəkildə həyata keçirdim. Əvvəl uşaqlıq dövründən başladım. Gördüm ki, Həzrət Mühəmməd əleyhissəlamın tərtəmiz bir uşaqlıq illəri olub. Gənclik dövründə hamının nümunə göstərdiyi və “əl-Əmin” dediyi etimadlı bir şəxs hesab olunub. Vəhy dövrünə və digər hadisələrə nəzər salanda bunlar hamıdan üstün bir insanın xüsusiyyətləridir, – deyə düşündüm. Lakin bu son peyğəmbərdir, – deyə bilmədim”. Ancaq Məkkənin fəthini araşdırmağa başladığı zaman artıq işin rəngi dəyişdi.

Məkkənin fəthi haqqında yazılmış ən gözəl kitablardan birinin adı “İzzu Sacidə”, yəni “Səcdədəki İzzət”dir, çünki Peyğəmbərimiz fəthdən sonra Məkkəyə girərkən dəvəsinin üstündə Cənabı-Haqqa həmd və şükr edərək daxil oldu. Məkkənin fəthi ilə müsəlmanlar tərəfindən ən böyük zəfər qazanıldığı halda və Peyğəmbərimizə həyatı boyunca ən böyük zülmü rəva görən insanların hamısı təslim olub tir-tir titrəyərkən Peyğəmbərimiz intiqam almaqla, hətta ədalətlə hər cür cəzanı verə bildiyi halda, onların hamısını, o cümlədən Ühüd müharibəsində öz əmisi Hz. Həmzənin ciyərini çeynəyən insanı belə bağışlamışdır.

Con Devnport deyir: “Belə bir müəzzəm hadisəni gördüyüm vaxt həyəcanlanmağa başladım. Yaxşı, bütün bunlardan sonra nə edəcək? – deyə düşünərkən bir də gördüm ki, yenə Mədinəyə qayıtdı və yenə arpa çörəyi yeyərək həsirin üzərində yaşamağa başladı. Bütün bunları görüncə hamısı normal insanların həyatında da vardır, lakin bu zəfəri qazandıqdan sonra sadə həyatına təkrar qayıtmaq ancaq böyük bir Peyğəmbərin əxlaqı ola bilər, – dedim və qaçaraq səcdəyə qapandım və müsəlman oldum”.

Bəli, Peyğəmbərimiz bütün insanlıq üçün ən gözəl nümunədir. Bu həftəni tərtib edənlər və onu bütün insanlığa tanıtdırmaq üçün bu xeyirli xidməti göstərənlər nə xoşbəxt insanlardır!

Mühəmməd Akif Ərsoyun Peyğəmbərimiz haqqındakı bir sözünü açılış nitqini söyləyən xanım bacımız ifadə etdi. Mən də sözümü yenə Mühəmməd Akif Ərsoy qədər dəyərli olan şairimiz Nəcib Fazil Kısakürəyin bir fikri ilə bitirmək istəyirəm;

“Yol onun, varlıq onun, gerisi bir anqarya (məcburi iş)

Üzüstü çox süründün ayağa qalx, Sakarya”. 

Mübarək Doğum Həftəsi Xeyirli Olsun!

Prof. d-r Nəcməddin Ərbakan

Mütərcim: Xəyyam Qurbanzadə

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma