QADIN ÖVLADLARININ ƏDƏB VƏ TƏRBİYƏSİNƏ GÖRƏ CAVABDEHDİR
Abdullah ibn Ömərdən rəvayət edildiyinə görə Rəsulullah belə buyurmuşdur: “Hər biriniz çobansınız və hər biriniz də öz rəiyyətinə (təbəəsinə) görə cavabdehdir. İmam (bir dövlət başçısı) bir çobandır və təbəəsinə (yəni hakimiyyəti altında olanlara) görə cavabdehdir. Kişi ailə fərdlərinin çobanıdır və onlara görə cavabdehdir. Qadın ərinin evində bir çobandır və övladlarına görə cavabdehdir. Xidmətçi ağasının malının çobanıdır və ona görə cavabdehdir. Hamınız çobansınız və rəiyyətinizə görə cavabdehsiniz”[1].
HƏDİSİ-ŞƏRİFDƏN ÖYRƏNDİKLƏRİMİZ
1. Müsəlman qadının yerinə yetirməklə mükəlləf olduğu, yerinə yetirmədiyi təqdirdə də cavabdeh olduğu vəzifələrin başında ədəb və tərbiyə ölçüləri içində övladlarını yetişdirmək gəlir. Valideynin öz övladı üçün qoyub-getdiyi ən böyük sərvət və ən gözəl ərməğan ədəb (gözəl davranış) və tərbiyədir. Peyğəmbərimiz buyurmuşdur: “Övladlarınıza ikram edin (yəni onlarla hörmətlə davranın) və onlara gözəl ədəb öyrədin!”[2]
Başqa bir hədisində belə buyurub: “İnsanın öz övladına ədəb verməsi (yəni gözəl davranışlar öyrətməsi) bir sa (yəni üç kiloqram) sədəqə verməsindən daha xeyirlidir”[3].
Valideyn Peyğəmbərdən rəvayət edilən bu hikmətli sözlərin tələbini yerinə yetirməli, övladlarına ədəb, əxlaq və gözəl davranışlar öyrətməli, beləcə, onları sağlam bir ruh və xarakterlə gələcəyə hazırlamalıdır. Uşağın gələcək illərdə istər fərdi, istərsə də ictimai münasibətlərində müvəffəq olması buna bağlıdır.
2. Uca Allah övlad və ailə tərbiyəsi mövzusunda bu müraciəti ilə valideynin üzərinə vəzifə və mükəlləfiyyət qoymuşdur: “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı yanacağı insanlar və daşlar olan oddan qoruyun. …”[4]
Bu ayə haqqında Həzrət Əli (ə) belə bir izah verir: “Özünüzü və əhli-əyalınızı oddan qoruyun”, – demək, özünüzə və ailə fərdlərinə xeyir, elm və ədəb öyrədin, – deməkdir”[5].
“Kafi” kitabında Əbubəsirdən “Özünüzü və əhli-əyalınızı oddan qoruyun!” – ayəsi haqqında belə rəvayət olunmuşdur: “İmam Sadiqdən arvad-uşağı Cəhənnəm atəşindən necə qorumaq haqqında soruşdum. İmam buyurdu: “Onlara Allahın əmr etdiyini əmr et, onları Allahın yasaq buyurduğu şeydən çəkindir. Əgər itaət etsələr, sən onları qorumuş olarsan və öz vəzifənə əməl etmiş sayılarsan. Əgər üsyan etsələr, özləri günahkardırlar və sən öhdəndə olanı əda etmiş sayılarsan”[6].
Ayənin təfsiri haqqında Zeyd ibn Əsləm bunu deyir: “Bu ayə nazil olduqda əshabə (başqa bir rəvayətdə Hz. Ömər) soruşdu: “Ey Allahın Elçisi! Özümüzü qoruyarıq. Uşaqlarımızı necə qoruya bilərik?” Peyğəmbər buyurdu: “Onlara Allaha qul olmağı; itaət və ibadəti əmr edin. Allaha üsyan etməkdən və günah etməkdən də çəkindirin; bu onları qorumaq deməkdir”[7].
Hədisdən və ona verilən kiçik izahdan xülasə olaraq aşağıdakı nəticələri çıxarmaq mümkündür:
– Qadın ərinin evində bir çobandır və övladlarına görə Allahın qarşısında cavabdehdir;
– Qadın övladlarına qarşı hörmətlə davranmalı, onlara gözəl davranışlar öyrətməli, namaz qılmağı, digər dini və əxlaqi vəzifələri təlim etməli və hər şeydən əvvəl əxlaq yönündən onlara gözəl nümunə olmalıdır.
– Övladları sevməli və onlarla ciddi maraqlanmalı, onları cəmiyyəti pozan və çürüdən hər cür pornoqrafik jurnal və qəzetlərdən uzaq tutmalı, televiziyanın təxribatçı və çirkin proqramlarından onları qorumalıdır.
Fərəh Əlizadə
[1] “Buxari”; “Nikah”, 81; “Müslim”; “İmarət”, 20; “Əbudavud”; “İmarət”, 1, “Tirmizi”; “Cihad”, 27; Əhməd ibn Hənbəl; 2, 5
[2] “İbn Macə”; “Ədəb”, 3
[3] “Tirmizi”; “Birr”, 33; Əhməd ibn Hənbəl, 5, 96
[4] “Təhrim”, 6
[5] “Alusi”; “Ruhul-Məani”, XXVII, 156
[6] “Kafi”; c. 5, s. 62, 2-ci hədis
[7] “Alusi”; “Ruhul-Məani”, XXVII, 156