Rəbbimizin bizə əta etdiyi maddi və mənəvi, fərqində olduğumuz və olmadığımız nemətlər sonsuzdur. Bunların hər birinə görə şükr etməli olsaq, bir ömür bizə tək bir nəfəs alıb-verməyimizin şükrü üçün kifayət etməz, çünki hər bir nəfəs üçün üç dəfə şükr etməliyik. Bir dəfə nəfəs aldığımız üçün, çünki almasaq yaşaya bilmərik, sonra nəfəsi içimizdə tutub saxlaya bildiyimiz üçün, çünki tutub saxlamasaq da, yaşaya bilmərik və sonra o nəfəsi verdiyimiz üçün, çünki nəfəs vermədən də yaşamaq olmaz. Yadımıza salaq görək nəfəs almağımız, yaşamağımız üçün ən zəruri nemət olan havaya görə onu bizə təmənnasız, bol-bol bəxş edən Allaha ömrümüzdə neçə dəfə şükr etmişik? Çoxumuzun cavabı bu olacaq: “Heç yadıma da düşməyib”. Allah-Taalanın bəndələrini qıtlığa düçar etməyinin hikməti elə bunda gizlənmişdir ki, ən qiymətli nemət belə bol və daimi olduqda insan üçün dəyərsiz hala gəlir və onun üçün nəinki şükr etmək yada düşmür, əksinə nemət bolluğu nəfsin tüğyanına səbəb olur.
Nemətin ələ gəlməsinin də, əldən çıxmasının da bir imtahan olduğu məlumdur. Arif insanlar ələ gələnə sevinməz, əldən çıxana təəssüflənməzlər, çünki nemət məsuliyyət, məsuliyyət isə qiyamət günündə peşmançılıqdır. Əldə etdiyimiz hər bir nemət barəsində hesab verəcəyimiz mütləqdir. Ev əşyasından tutmuş, insanın sahib ola biləcəyi ən yüksək məqama qədər hər şeydən sorğu qarşısında qalacağıq. Evə bir əşya alınanda, məsələn paltaryuyan maşın, televizor və ya başqa bir əşya şükr etməli və yalnız bu əşyanın bizim üçün axirəti qazanmaqda bir rolu olacağı halda isə sevinməliyik. Əgər o maşın bizim əvəzimizə paltar yuyarkən əldə etdyimiz boş vaxtı qeybət, mənasız söhbətlər və s. kimi günah işlərə yox, bir ibadət növünə sərf edə biliriksə, onda sevinməliyik. Əgər o televizordan səviyyəsiz serial və əyləncəli verilişlərə baxıb ömrümüzü israf etməyərək, əksinə imanımızın kamilləşməsi, əxlaqımızın gözəlləşməsi, elmimizin artması üçün istifadə ediriksə, onda sevinməyə dəyər. Əks halda o nemətin əlimizdə olmağındansa, olmaması bizim üçün daha xeyirlidir.
Nemətin dəyəri və ölçüsü nə qədər böyükdürsə, məsuliyyəti də o qədər ağırdır. Mala, mülkə görə aparılacaq sorğu-sual onları haradan, necə qazandın, nəyə sərf etdin, övladlara görə olan sorğuların hesabında onu necə tərbiyələndirdin, onun saleh bir bəndə kimi yetişməsi üçün hansı səyləri etdin, sağlamlığa görə aparılacaq sorğu-sual onu Allaha ibadətəmi, yoxsa üsyana həsr etdin, şəklində olacaqsa, rəhbər vəzifəli bir şəxsin hesabı məsuliyyətini daşıdığı insanların çoxluğu səbəbindən qat-qat ağır olacaqdır. Bir şəxs bir cəmiyyətdə rəhbər olduğu müddətdə o cəmiyyətdə baş verən bütün haqsızlıqlara, zülmə, hüzursuzluğa görə cavabdehlik daşıyır. Lakin cəhalətləri üzündən öhdəsindən Allahın razı qalacağı şəkildə gələ bilməyəcəkləri bu məsuliyyətin altına girmək üçün gecəsini gündüzünə qatanlar var. Müəyyən mövqeyə sahib olmaq üçün hər mümkün imkandan istifadə edən, hakimiyyətə çatmaq və onu əldə saxlamaq üçün başqalarının qanını tökən bu insanların bir neçə illik hakimiyyət nəşəsi, sərvət yığmaq, şöhrətpərəstlik kimi nəfsani istəkləri müqabilində qarşılaşacaqları hesabdan xəbərləri olsaydı, yəqin ki, o rəhbər vəzifələrə təyin etməyə, o kreslolarda oturtmağa adam tapılmazdı. (İslam tarixində təqvalı və arif insanların uxrəvi hesabın qorxusundan rəhbərlik məqamından boyun qaçırdığı faktları olmuşdur).
Dünya sevgisi bəsirət gözünü tutan, dildə dünyanın faniliyini iqrar etsə də, əməldə sanki dünyada əbədi qalacaqlarmış kimi davranıb ömürlərini yaradılış qayəsinə çatmaq üçün yox, qoyub gedəcəkləri şan-şöhrəti, var-dövləti yığmağa sərf edən belələri üçün İmam Əli (ə) buyurmuşdur: “Dünya malının halalında hesab, haramında əzab vardır”.
Malik olduğumuz hər bir şeyi bizim özümüzə aiddir deyə düşünsək də həqiqətdə mülk Allahındır. İnkar edə bilmərik ki, “mənimdir” dediyimiz evimiz nə vaxtsa başqalarının olacaq, “mənimdir” dediyimiz sərvətimiz naməlum əllərə keçəcək və “mən” dediyimiz canımızı belə vaxtı çatanda bizdən alacaqlar. Deməli, bu dünyada nə “mənimki” var, nə də “mən”! Nə varsa, hər şeyin həqiqi, mütləq sahibi Allahdır. Hər bir nemət bizim istifadəmizə müvəqqəti olaraq, axirətimizi onunla qazanaq deyə verilmişdir.
Hər kəsə bəlli olan, lakin üzərinə toz qonmuş bu həqiqəti unudan insana İmam Sadiq (ə): “Biz bu dünyaya sahib olmağa yox, şahid olmağa gəldik”, – deyə xatırladır.
Bəsirət gözü açıq insanlar nemətin azına şükr etmiş, çoxunu isə ehtiyac sahiblərinə paylayaraq özlərini bu yükdən qurtarmışlar. Axı Allah Quranda hər zənginin malında fəqirlərin, yetimlərin, qohum-əqrəbanın da haqqı olduğunu və haqq sahibinin haqqını verməyənlərə axirətdə əzab verəcəyini bildirmişdir. Başqalarının haqqını rahatlıqla yeyənlər bilməlidir ki, Allah-Taalanın qəzəb yumruğu bu dünyada da əzilən kütlənin vasitəsi ilə öz başlarına enəcək. Nə oldu Mübarəklərin, Zeynulabidin ibn Əlilərin yığdıqları sərvət? Belə zalım insanlara o dünyada əzablarını artırmaq üçün Allah sadəcə möhlət verdi. Sonda isə yığdıqları rüsvayçılıqla əllərindən alınaraq özləri də rəzil oldular.
Tarixə nəzər saldıqda görürük ki, hər zaman haqqa yox, gücə dayanan bütün rejimlərin aqibəti oxşar olur, lakin qəribə görünən və təəccüb yaradan budur ki, tarix təkrarlansa da, insanlar ondan ibrət almağı düşünmür…
Nəmidə Bədrəddinqızı