“Atam bizə milli və mənəvi dəyərlərə bağlı bir insan, həqiqi bir müsəlman olmağımız üçün hər zaman nəsihətlər verərdi. Və buna xüsusi diqqət yetirərdi. Əlbəttə ki, mənim də müxtəlif dünyagörüşü və ideologiyalara sahib olan dostlarım olub. Ancaq siyasi düşüncəm heç bir zaman dəyişməyib”.
Zeynəb Ərbakan
“Milli Görüş” hərəkatının banisi mərhum Nəcməddin Ərbakanın qızı, “Səadət Partiyası” Qadın Qollarının rəhbəri Zeynəb Ərbakan 3 dekabr 1967-ci ildə Ankarada dünyaya gəlib. Orta təhsilini Ankarada başa vuran Zeynəb xanım 1994-cü ildə Orta Doğu Texnik Universitetinin (ODTÜ) Kimya mühəndisliyi fakültəsinin məzunu olub. Uşaqlıq illəri mühafizəkar bir mühitdə, tələbəlik illəri isə sol görüşə sahib gənclərin sıx olduğu ODTÜ-də keçən Zeynəb xanım heç bir zaman öz siyasi düşüncəsini dəyişməyib.
Universiteti bitirdikdən sonra o, Milli Görüş hərəkatının müxtəlif mərhələlərində müxtəlif vəzifələri icra edib. Belə ki, Rifah Partiyası dövründə İstanbul Qadın Qollarında məsul şəxs, Səadət Partiyası dövründə isə Qadın Qolları rəhbərinin müşaviri və Mərkəz Qadın Qolları Müşavirə Şurasının rəhbəri vəzifələrində fəaliyyət göstərib. Hal-hazırda Səadət Partiyası Qadın Qollarının rəhbəri vəzifəsini daşıyan Zeynəb Ərbakan bir an olsun belə Milli Görüş prinsiplərini unutmadan həyatını bu mübarizəyə həsr edib. O, keçirdiyi bütün konfrans və toplantılarda qadınların bu mübarizədə əhəmiyyətli rola malik olduğunu vurğulayır, onlara Milli Görüşün mütləq iqtidara gələcəyini söyləyir və onları daha fəal olmağa təşviq edir.
Müsahibələrindən birində müxbirin verdiyi “Özünüzü İslam cəmiyyətinin hansısa bir yerinə aid insan hesab edirsinizmi?” – sualına, “Özümü canı ilə və malı ilə İslama xidmət etməyə çalışan bir insan olaraq görmək istəyirəm” – cavabı Zeynəb Ərbakanın həqiqi bir mübarizə insanı olduğunu bir daha sübut edir.
Zeynəb Ərbakan üç övlad içərisində anası ilə ən çox ünsiyyətdə olan övlad olmuşdur. Atasının siyasi fəaliyyətlə məşğul olduğu üçün evdən tez-tez uzaq qalması onu anası ilə daha da yaxınlaşdırmış, onları ana-övlad münasibətindən çox dost və dərd ortağı etmişdir.
O, atası haqqında xatirələrində isə belə deyir: ”12 sentyabr hadisələri baş verən zaman anam mənə: “Atan edam edilə bilər”, – demişdi. 13 yaşlı bir uşaq üçün bu çox ağır bir xəbər idi. Xüsusən də mənim üçün, çünki mən qərarlarımın həmişə atamın verməsini istəyərdim. Belə bir insanın övladı olduğum üçün özümü çox xoşbəxt hesab edirəm”.
Zeynəb Ərbakan ana kimi – dörd övlad anası olan Zeynəb xanım onları həm dünyalarını, həm də axirətini qazandıra biləcək keyfiyyətlərə sahib, gözəl bir insan və əsl müsəlman kimi yetişdirmək arzusundadır.
Zeynəb xanıma bundan sonrakı fəaliyyətində və şəxsi həyatında Allahdan müvəffəqiyyətlər diləyirik.
Kifayət Həsənli