Peyğəmbərimiz 45 yaşına çatmışdı, yəni Həzrət Peyğəmbərin peyğəmbərliyə vəzifələndirilməsindən beş il keçmişdi. Qız övladlarının sonuncusu olan seyidlər nəslinin qaynağı, “Cənnət qadınlarının xanımı”, Həzrət Həsən və Hüseynin anası olan Həzrət Fatimə cümadəlaxirə ayının iyirmisi, cümə günü bu qoca dünyamıza gözlərini açdı. Peyğəmbərimiz peyğəmbərlik nuru ilə onun nəslindən gələcək olan nurlu nəsli – Əhli-Beyt imamlarını görmüş, onun doğum xəbərinə digər övladlarına sevindiyindən daha çox sevinmişdi.
Peyğəmbərimiz daha sonra Xədicə anamızın yanına getdi və onu təbrik etdi. Qundağa sarınmış övladını qucağına aldı. Öpdü, sevdi və bağrına basdı. Sonra da ilahi ilhama tabe olaraq ciyərparəsinə “Fatimə” adını qoydu. Fatimə “ayrılmış, uzaq qalmış” mənasını verir. Allah onu və övladlarını sevənləri, onları nümunə götürüb onlara tabe olanları Cəhənnəmin əzabından ayırdığı və azad etdiyi üçün atası tərəfindən ona bu ad verilmişdir. Peyğəmbər buyurmuşdur: “Mən qızımın adını Fatimə qoydum, çünki Allah onu və onu sevənləri Cəhənnəmdən ayırmış və azad etmişdir”.
Həzrət Fatimə sonralar da bir çox başqa adlarla yad edilmişdir. Məsələn, danışması, yeriməsi və daha bir çox xüsusiyyətləri ilə Peyğəmbərimizə oxşadığı üçün “atasının qızı” mənasını verən “Binti–Əbiha”, “par-par parıldayan” mənasını verən “Zəhra”, Peyğəmbərimizdən bir parça olduğu üçün “tərtəmiz parça” mənasını verən “Bıdatut–Tahirə”, dünyəvi və şeytani həvəslərdən, kirlərdən uzaq olduğu və Allaha yönəldiyi üçün “təmizlənmiş” mənasını verən “Bətul”, Peyğəmbəri bir mələk kimi qoruduğu üçün “atasının anası” mənasını verən “Ümmü Əbiha”, bunlardan başqa “Siddiqə” (özü-sözü tam həqiqət olan), “Mübarəkə” (bərəkətlənmiş), “Tahirə” (tərtəmiz), “Mərziyyə” (Allahın razılığını qazanmış), “Mühəddisə” (Allahın ilhamı ilə danışan), “Səyyidə” (qədri uca və ulu), “Məryəmül–Kübra” (Ulu Məryəm), “Səyyidətun–Nisa” (qadınların xanımı) və “Əşrəfun–Nisa” (qadınların ən şərafətlisi) kimi müxtəlif adlarla çağırılmışdır.
Həzrət Fatimə danışıq baxımından Peyğəmbərə çox bənzəyirdi. Atasının yanına daxil olduğu zaman Peyğəmbər hörmətlə ayağa qalxar, önu öpər, halını soruşar və onu yanında oturdardı. Peyğəmbər də onun yanına daxil olduğu zaman Həzrət Fatimə ayağa qalxar, atasına qarşı eyni münasibəti göstərər, əllərini öpər və atasını yanında əyləşdirərdi.
Peyğəmbər bir döyüşdən, ya da bir səfərdən qayıtdıqda əvvəl məscidə gedib iki rükət namaz qılar, sonra ilk əvvəl Fatiməni ziyarət edər, ondan sonra həyat yoldaşlarının yanına gedər, bir yerə gedərkən də son olaraq Fatimə ilə vidalaşardı. Peyğəmbərin həyat yoldaşı Həzrət Aişənin “Peyğəmbər ən çox kimi sevərdi?” – sualını “Fatiməni”, – deyə cavablandırdığı, “Kişilərdən kimi sevərdi?” – sualına da “Onun ərini (yəni Əlini)”, – deyə cavab verdiyi “İstiab” kitabında qeyd olunmuşdur.
Həzrət Fatimə Peyğəmbərimizin bir parçası idi. Necə ki Peyğəmbər bir hədisində buyurmuşdur: “Fatimə mənim bir parçamdır; onu qəzəbləndirən məni qəzəbləndirmiş, onu sevindirən də məni sevindirmişdir”.
Fatimə evlənmək yaşına çatanda Peyğəmbərimiz onu Allahın əmri ilə əmioğlusu və ilk müsəlman Həzrət Əli ilə evləndirdi. Peyğəmbərimiz buyurmuşdur: “Bir mələk mənim yanıma gəlib dedi: “Ey Mühəmməd, Allah sənə salam göndərib deyir: “Həqiqətən, Mən qızın Fatiməni yuxarı aləmdə (mələi–əlada) Əbu Talibin oğlu Əli ilə evləndirdim. Sən də onu yer üzündə onunla evləndir”.
İmam Əlinin Həzrət Fatimədən Həsən, Hüseyn və Muhsin adlı üç oğlan, Zeynəb və Ümmü Külsüm adlı iki qız övladı olmuşdur.
Həzrət Fatimənin həyatında gözə çarpan digər xüsusiyyət də Həzrət Əliyə olan itaəti idi. Sevimli ərinin hər istəyini və əmrini tərəddüd etmədən yerinə yetirərdi.
Həzrət Fatimə əshabələr arasında ibadətə olan münasibəti ilə də fərqlənirdi. Çox vaxt gündüzləri oruc tutar, gecələri namaz qılardı.
Eyni zamanda doğru danışması ilə də tanınırdı. Həzrət Aişə, “Peyğəmbərdən başqa Həzrət Fatimədən daha doğru danışan birini görmədim” – deyərək onun bu xüsusiyyətinə diqqət çəkmişdir.
Həzrət Fatimə bütün həyatını yoxsulluq içində keçirdi. Yeməyə bir şey tapmadığı üçün bir neçə gün ac qaldığı günlər də olmuşdur, lakin o heç bir zaman vəziyyətindən şikayət etməmiş, sözü və əməli ilə ərinə əziyyət verməmişdir. Əksinə, yoxsulluğu ilə belə comərdlik edər, özü yeməz və möhtacları yedizdirərdi. Qapısına gələn kasıb və imkansızı əliboş geri qaytarmazdı. Bu baxımdan başqalarını özündən üstün tutduğu üçün bir dəfə üç gün ac qalmış və bu hadisəyə görə onunla İmam Əli haqqında “Dəhr” (bir adı da “İnsan”) surəsinin 5–10-cu ayələri nazil olmuşdur.
Həzrət Fatimə Peyğəmbərimizin söhbətində ən çox iştirak edib, ondan ən çox feyz aldığı üçün onun elminin daşıyıcısı idi. Hətta digər əshabələrin, bəzən Peyğəmbərimizin “elm şəhərinin qapısı” olaraq vəsf etdiyi Həzrət Əlinin belə bilmədiyi məsələləri bilirdi.
Həzrət Fatimə həya və ədəb incisi idi. Örtünmənin ən gözəl şəklinə tabe olar və naməhrəm kişilərə görünməməyə son dərəcə cəhd göstərərdi.
Həzrət Əli ilə Həzrət Fatimənin ailə həyatları Peyğəmbərimizin tövsiyələri istiqamətində çox xoşbəxt keçməsinə, bir-birini incitməmələrinə, bir-birinin haqq və hüquqlarına ciddi şəkildə riayət etmələrinə baxmayaraq, İmam Əli ilə onun arasında bəzi nizamsızlıqlar olduğunu hədislərlə isbat etməyə çalışanlar olmuşdur. Guya Əmirülmöminin Əli (ə) Əbucəhlin qızını almaq istəmiş və buna görə Həzrət Fatimə evinə getmişdir. Həzrət Peyğəmbər Həzrət Əlini torpağa bulaşmış bir halda tapıb, belə demişdir: “Qalx, ey torpaq atası! Fatimə məndəndir; mənim bir parçamdır; onu incidən məni incitmişdir. …” Sonra Əli Peyğəmbərə belə bir təsəvvürdə olmadığını bildirmiş və birlikdə evə qayıtmışlar. Bu hekayə tamamilə uydurmadır və hədisi Əlinin əleyhinə çevirmək istəyənlərin yalanıdır. Əgər belə bir şey olsa belə, yəni Əli əleyhissəlam Əbucəhlin qızı ilə evlənmək istəsəydi də belə bu şəri əmrə Həzrət Fatimənin etirazı və Peyğəmbərin belə bir təzyiqi düşünülə bilməz. Əli əleyhissəlamı kim bu şəri haqqından məhrum edə bilər ki?!…
Peyğəmbərimizin vəfatı Həzrət Fatiməni dərindən kədərləndirdi. Atasının vəfatına görə belə bir şeir söylədi:
“Kim Əhmədin (Peyğəmbərin) qəbrinin torpağını iyləyərsə, zaman keçdikcə bir daha heç bir ətri iyləmək istəməz.
Üstümə elə müsibətlər töküldü ki, şayəd onlar gündüzlərin üstünə tökülsəydi, qaralıb gecə olardılar”.
Həzrət Fatimə bu kədərə çox dayana bilmədi. Peyğəmbərimizin vəfatından 95 gün sonra o da vəfat edərək sevimli atasına qovuşdu.
Həzrət Fatimə özü qəbrinin gizli qalmasını vəsiyyət etdiyi üçün Əli ibn Əbi Talib onu gecənin qaranlığında torpağa tapşırdı və bilinməsin deyə qəbri yerlə bir etdi. Düşmənləri tamam çaşdırmaq üçün qırx simvolik qəbir düzəltdi. Başda İmam Əli olmaqla Fatimeyi-Zəhranın övladları, bəzi əshabələr və Həzrət Zəhranın yaxın qohumları qəbrin yerini bilirdilərsə də, Həzrət Fatimə ciddi bir şəkildə və israrla qəbrinin gizli qalmasını istədiyi üçün bunların heç biri qəbrin yerini kimsəyə bildirmədi. Əhli-Beyt imamları da, heç şübhəsiz, qəbrin yerini bilirdilər, lakin bəzi şəxslər istisna olmaqla sirri heç kimə açmadılar. Buna görə də Həzrət Zəhranın qəbrinin yeri haqqında bir-birinə zidd olan mülahizələr söylənilmiş və bu mövzuda tarixçilər arasında da fikir ayrılığı olmuşdur. Bəziləri qəbrin Peyğəmbərin “Rövzeyi-Mütəhhərə”sində (“Pak bağça”sında, yəni Peyğəmbərin qəbri ilə minbəri arasında), bəziləri Fatimənin öz evində, bəziləri Bəqi qəbiristanlığında və bəziləri də İmam Əlinin qardaşı Uqeylin evinin yanında olduğunu demişlər. Bu ehtimalların içində ikinci ehtimal daha qüvvətlidir. Əllamə Məclis Mühəmməd ibn Əbi Nəsrdən belə dediyini rəvayət etmişdir: “Həzrət Əbülhəsəndən (İmam Rzadan) “Fatimənin qəbri haradadır?” – soruşduqda “Öz evində dəfn edildi, lakin məscid genişləndirildikdən sonra qəbir məscidin içinə daxil oldu” – deyə cavab vermişdir”.
İsmayıl Mutlu; “Xanım əshabələr”