Həzrət Ruqiyyə Peyğəmbərimizin qızlarının ikincisi idi. Peyğəmbərimizin 33 yaşı olanda dünyaya gəldi. Kiçik yaşda müsəlman oldu. Peyğəmbərimiz onu həya və ədəb incisi Hz. Osmanla evləndirdi.
Məkkədə müşriklərin işgəncələri dayanılmaz bir hal aldıqda Hz. Osman xanımı ilə birlikdə Həbəşistana hicrət etdi. Onların hicrətləri Peyğəmbərimizi çox təsrləndirdi. Onları yola salarkən: “Lutdan sonra ailəsini götürüb Allah yolunda hicrət edənlərin ilki Osmandır” – buyurdu.
Həbəşistan Nəcaşisi mühacirləri çox yaxşı qarşıladı. Onlara əlindən gələn köməyi göstərdi. Bu arada Ruqiyyənin bir oğlu dünyaya gəldi. Adını Abdullah qoydular.
Hz. Ruqiyyə bir yandan sevgili atasından ayrıldığına görə, bir yandan da vətənindən uzaq düşdüyünə görə çox kədərlənirdi. Bu kədərini bir az da olsa, Abdullah unutdururdu.
Hz. Osman ilə Hz. Ruqiyyə anamız bir müddət Həbəşistanda qaldıqdan sonra Peyğəmbərimizin ayrılığına artıq dayana bilmədilər. Orada qarşılaşacaqları işgəncələri bilə-bilə Məkkəyə geri döndülər. Bir müddət sonra Mədinəyə hicrət izni çıxdıqda isə oraya hicrət etdilər. Beləcə Allah yolunda iki hicrət savabını birdən qazandılar.
Mədinədə günləri hüzur içində keçirdi. Artıq İslam dövləti qurulmuş, düşmənlərinə qarşı qalib gələcək gücə nail olmuşdu. Bu arada Peyğəmbərimizin sevimli nəvəsi Abdullah 6 yaşına gəlmişdi. Ətrafına sevinc dolu şölələr saçırdı. Peyğəmbərimiz Hz. Həsən və Hz. Hüseyni sevdiyi kimi Abdullahı da sevir, qızının evini əvvəlkindən daha sıx ziyarət edirdi. Lakin bir gün gözlənilməz bir hadisə baş verdi. Bir xoruz Abdullahın üzünü və gözünü dimdikləyərək yaraladı. Buna görə xəstələnən Abdullah bu bəladan qurtulmayaraq vəfat etdi. Cənazə namazını Peyğəmbərimiz özü qıldı. Dəfn qurtarandan sonra məzar daşını düzəltdi. Onun gözlərindən axan yaşlar mübarək saqqalını isladırdı. Bir Peyğəmbər olduğu halda ölən biri üçün ağlamasının səbəbini soruşanlara: “Uca Allah qullarından mərhəmətli və yumşaq qəlbli olanlara mərhəmət edər” – cavabını verdi.
Hz. Ruqiyyənin Abdullahdan başqa övladı yox idi və sonradan da övladı olmadı.
Hz. Ruqiyyə Bədr döyüşünə hazırlıq anlarında çox rahatsız idi. Xəstəliyi ciddi olduğuna görə Peyğəmbərimiz Hz. Osmana orduya qatılmamasını əmr etdi. Buna görə də Hz. Osman çox arzu etməsinə baxmayaraq, Bədr döyüşündə iştirak edə bilmədi. Mədinədə qalaraq xanımının yaxşılaşması üçün əlindən gələni etdi. Lakin Hz. Ruqiyyə yoluxduğu xəstəlikdən qurtula bilmədi və vəfat etdi. Cənazəsini Rəsulullahın dayəsi Ümmü Əymən yudu.
Bədr zəfərinin müjdəsi gələrkən o artıq dəfn edilirdi. Bir az sonra Peyğəmbərimiz (s) gəldi. Sevgili qızının qəbrinin başında durdu. Dua və niyaz etdi.
İsmayıl Mutlu; “Xanım əshabələr”