AZAN NİDALARI EŞİDİLİRSƏ, BURA VƏTƏNDİR!

IslamNədir bizim üçün vətən? Coğrafi xətlərlə sərhədlənmiş torpaqdırmı, yoxsa yaşamaq üçün qeydiyyatında olduğumuz bir məkan? Doğrudanmı, ölməyə yaxşı yer və ya güzəranımızın gözəl keçdiyi hər bir ərazidir vətən? Bu qloballaşan və pulun bütə çevrildiyi indiki dünyamızda bu kimi suallar hər bir insanı maraqlandıra bilər, xüsusilə torpaqlarını və igid oğullarını itirmiş Azərbaycan kimi ölkələrin vətəndaşları üçün daha da aktualdır bu məsələ.

Onillərdir Azərbaycan gəncliyinə vətənpərvərlik hissi bayağı və keyfiyyətsiz televiziya kanalları və digər vasitələr ilə təlqin olunmağa çalışılsa da, mahnılar bəstələnsə də, ölən əsgərlərə “şəhid” adı verilsə də, nəinki torpaq uğrunda ölməyə hazır bir nəsil yetişdirilmədi, hətta əllərinə azacıq bir imkan düşsə, vətənindən imtina edib Avropa ölkələrinə sığınmağa hazır olan bir toplum əmələ gəldi. Bu ölkədə kişilik anlayışı “şərəf və ləyaqət”lə deyil, “bacarana can qurban”, – prinsipi ilə ifadə edilməyə başladı. Bəs bunun səbəbini harada və necə axtaraq?

Son illərdə inkişaf edən və yayılan internet vasitəsilə insanlar çox məlumatlar əldə etdilər. Sosial medialarda fikir bildirməyə başladılar. Artıq siyasətlə məşğul olmaq üçün meydanlara, mitinqlərə getməyə ehtiyac qalmadı. Və insanların siyasi-əxlaqi görüşləri, dini-mənəvi baxışlarını öyrənmək üçün sorğu və ya anketlər keçirməyə də gərək yoxdur. Forumlardan, paylaşım saytlarından insanlarımızın əhvali-ruhiyyəsini, fikirlərini görmək mümkündür. Təxminən on il əvvəl xalqın dini ənənələrinə hücum etməklə başlayan “sağlam düşüncə” hərəkatı, “din və irtica” düşmənlərinin fəaliyyəti bu gün eyni şövqlə, belə demək mümkündürsə, vətənpərvərsizliyi təbliğ etməkdədir. Bir neçə il bundan əvvəl “hər bir dindən uzaq Allah əqidəsi”ni yaymağa çalışanlar indi də vətən uğrunda vuruşmağı primitiv və məhdud cəmiyyətlərin xüsusiyyəti kimi tanıdırlar. Bir az vətənpərvərlik göstərmək istəyənlər isə gülünc obyektinə çevrilir. Bir sözlə, vətən anlayışı təhrif olunaraq şüurlardan silinir.

Əslində bunda təəccüblü heç bir şey yoxdur, əksinə hər şey qanunauyğundur, çünki dini olmayan şəxs Allahı sevə bilməz, Allahı sevməyən isə vətəninin qədrini bilməz, onu evi bilib sahib çıxmaz.

загруженноеİslam xilafətinin son dayanacağı Osmanlı Dövlətinə Avropa ölkələrinin birləşmiş qüvvələri 37 cəbhədən hücum edərkən o zamanın osmanlı torpaqlarına daxil olan bütün ölkələrdən, Afrika, Asiya ölkələrindən, o cümlədən də Azərbaycandan axın-axın insanlar müqəddəs vətəni qorumağa getdilər. Söz gəlişi deyil, həqiqətən də, müqəddəs olan o torpaqlara murdar ayaqların dəyməməsi üçün imanlı müsəlmanlar canlarından keçdilər. Sarsılmaz imana və güclü ruha sahib olan o dövr insanları üçün namaza çağıran azan nə idisə, xəlifənin – Osmanlı sultanının cihad çağırışı da o qədər dəyərli idi. Hər ikisi eyni təsir gücünə malik idi. 1915-ci ilin 18 martında qazanılan məşhur Çanaqqala qələbəsinin sirri nə idi? Yüksək gücə malik olan ölkələri demək  olar ki, yalın əl ilə sərhəddindən qovan Osmanlı Ordusunun qüdrəti haradan və necə gəlirdi? Dünyanın ən tanınmış və güclü siyasətçilərindən biri, lakin gücünün mənbəyi igidlik və ya şücaət deyil, yalnız və yalnız hiylə və tamah olan Uinston Çörçil yazırdı: “Türklər Çanaqqalanı çətin bir vəziyyətə salan, zamanın ən qabaqcıl texnikasına sahib olan güclü ölkələr və onların ordusuna qarşı sanki bir qala kimi tikilmişdilər”. Ölümü nəinki gözünün önünə alan, gözəl vətən uğrunda ölməkdən şərəf duyan bu əsgərləri idarə edən hansı qüvvə idi? 276 kiloqramlıq ağırlığındakı top mərmisini kürəyinə alaraq topun qundağına qoyan və bununla da savaşın aqibətini həll edən Seyid Əli Onbaşı o gücü haradan almışdı? Çanaqqalada məğlub olduqları üçün məhkəməyə çəkilən, ittihamlara məruz qalan general Hamilton və Çörçil etiraf edirdilər: “Bizi türklərin maddi gücü deyil, mənəvi gücü məğlub etdi. Onların atmağa barıtları belə olmadığı halda, biz göydən yardıma gələn gücləri müşahidə etdik… Başa düşmürsünüzmü, biz Çanaqqalada türklərlə deyil, Allahla müharibə etdik, ona görə də məğlub olduq!”

Tarixin bu səhifələrinə nəzər salarkən bu gün nədən müsəlman torpaqlarının bu qədər çirkaba batmasının, xarabalıqlara çevrilməsinin səbəbini anlayırıq. Şuşanı itirdikdən sonra Gövhər ağa məscidinin qeyrətini çəkən media nümayəndələri sanki o məscidin 1988-ci ilə qədər tarix muzeyi olduğunu, şəhərin ən mərkəz hissəsində gümüş gümbəzli erməni kilsəsi olduğu halda, burada bir məscidin belə fəaliyyət göstərmədiyini bilmirlər. İtirildikdən sonra adlanan Ağdam məscidinə Azərbaycanın “Məscidi-Əqsa”sı adını verən bu jurnalistlər Bakıda dağıdılan məscidlərə görə səslərini də çıxarmırlar, əksinə heç bir qanuni əsası olmayan, şifahi olaraq qoyulmuş hicab qadağasına ciddi-cəhdlə haqq qazandırmaq istəyirlər. İtirilmiş torpaqların, ayaqlar altına atılmış ana-bacı namuslarının günahkarlarını “xarici və daxili” düşmənlərə yükləməkdənsə, bir həqiqəti dərk etməlidirlər; yalnız imanlı qəlblər başqalarının rifahı üçün çalışar, İslam ruhuna sahib olan insanlar vətəni qorumağı şərəf, torpaq uğrunda ölməyi əbədi həyat hesab edərlər, çünki yalnız İslam dini şəhidə ölməzlik statusu qazandırır, başqa heç bir dində və ya dəyərlər sistemində belə bir fikrə rast gəlinmir. Müsəlman ölkələrdə gəncləri Avropa dəyərlərinə həvəsləndirərək dindən uzaqlaşdırmağa və soyutmağa çalışan qüvvələrin də qorxduğu elə budur, amma onlar hələ də anlamırlar ki, zəfər İslamındır.

Məşhur rus portalı Rusiyanın təsir dairəsində olan bütün torpaqlarda olub-keçən hadisələr, baş verən müharibələr haqqında geniş və ətraflı məlumat verən “ArtOfWar” (Hərb sənəti) saytında Qarabağ savaşları haqqında oxuyarkən bir erməni zabitinin yazısına rast gəldim: “Bir gün Azərbaycan ordusu qəflətən əks-hücuma keçdi və əlimizdə olan bir yüksəkliyi aldı. Bu savaşda bizim tərəfdən 10, Azərbaycan əsgərlərindən isə 20-dən çox əsgər, çoxlu silah-sursat itkisi oldu. Biz geri çəkilməyə məcbur olduq. Həmin gecə kəşfiyyata göndərilən hərbi qulluqçu (agent) Azərbaycan əsgərlərinin dərin bir eyforiya vəziyyətində olduğunu, qələbəni “qeyd etdikləri” üçün içib sərxoş olaraq hərəsi bir tərəfdə yıxılıb qaldıqları xəbərini gətirdi. Bu fürsəti əldən vermək olmazdı. Biz elə o gecə hücuma keçərək onların ordusunu darmadağın etdik və dünən 20 əsgərin itkisi ilə qazandıqları yüksəkliyi onlardan geri aldıq. Bu dəfə isə 40-dan çox Azərbaycan əsgərini məhv etdik”.

Qarabağ itkisinin və digər faciələrimizin səbəbini bir-birinin üstünə atanlar, millətçilik və siyasi alverə qapanıb həm özlərini, həm də milləti siyasi korluğa düçar edənlər bir şeyi hələ də anlaya bilmirlər: vətən də, dövlət də ilk növbədə əxlaqdan və mənəviyyatdan başlayır, bunlar olmazsa, bir millətin öz torpağına sahib çıxması yalnız fantaziya olar. Yuxarıda gətirdiyim kiçik misal buna bariz sübutdur, “torpağı yadellilərdən qoruyacağıq”, – deyə döyüşə atılıb, qurban verərək, o yadellinin murdar və əxlaqsız adətlərini yaşadıqdan və yaşatdıqdan sonra, onun dəyərlərinə həvəs göstərdikdən sonra vətəni xilas etməyin nə faydası və anlamı olacaq? Azərbaycanın ən yeni tarixi son onilliklərdə məruz qaldığı faciələr, itirdiyi torpaqlar, deqradasiyaya uğrayan mənəviyyatı bir xalqın dinsizlikdən vətənsizliyə necə gəlib çıxdığını açıq şəkildə göstərən əyani vəsaitdir.

240px-Zonaro_GatesofConstHalbuki möhtəşəm tarixə malik olan İslam ümmətinin təcrübəsi bizə bütün bunların tam əksini göstərir. Bir zamanlar 3 qitədə hökmran olan əzəmətli imperiyanın sərhədlərini qorumaq üçün sözün həqiqi mənasında dünyanın bir ucundan digər ucuna “Dövləti-Aliyyə” uğrunda vuruşmağa, tanımadığı, dilini belə bilmədiyi müsəlman bacısının namusunu qorumağa gedən şir ürəkli müsəlmanlar yetişirdi. İslam ədalətini dünyada bərqərar etmək, dahi Mehmet Fateh Sultanın da dediyi kimi, “torpaqları deyil, könülləri fəth etmək” üçün, yeni-yeni torpaqları İslam coğrafiyasına qatmaq üçün həyatlarından keçən o şanlı əsgərlərin ruhunun qidası yalnız və yalnız Quran, Peyğəmbər kəlamları idi. İslam Ordusunun getdiyi yerlərə ədalət və əmin-amanlıq götürdüyünü yalnız İslam tarixçilərinin deyil, Qərb yazarlarının da əsərlərində rast gəlirik. Lakin Azərbaycan oxucusunun da çox yaxşı tanıdığı publisist alim Manaf Süleymanovun “Esitdiklərim, oxuduqlarım, gördüklərim” əsəri bu mənada həddindən artıq diqqətəlayiqdir, çünki bu kitab sovet dövründə yazılmış və bolşevik istilasını qurtuluş, azadlıq adlandıran, 28 aprel tarixini “Bu yaz səhərindən qoca Şərqin qapısı, Odlar yurdu Sovet Azərbaycanının paytaxtı, əfsanəvi, tükənməz sərvət xəzinəsi qədim Bakının tarixində yeni – xoşbəxt bir dövr başlanır”, – cümləsi ilə ümumiləşdirən və elə bu cümlə ilə də bitən bir memuardır. 1918-ci ilin mart qırğınından sonra Bakıya daxil olan və çox az bir müddət burada hökmran olan Osmanlı Ordusunun davranışı, fəaliyyəti haqqında məlumat verən bu kitabda diqqətli oxucu üçün çox vacib olan məlumatlar yer almaqdadır. Onlardan bir neçəsinə nəzər salaq: “Quba (Füzuli) meydanında, Quru bağda – Parapetdə, Vağzal qarşısındakı meydanda, bulvarda, Qaraşəhər körpüsü qabağında dar ağacları quruldu. Hərəsindən bir cənazə sallanırdı. Cənazənin təqsirini və etdiyi günahı iri hərflərlə taxta parçası üzərində yazıb dar ağacına söykəmişdilər. Bir cənazənin boynuna qarət etdiyi şalı sarımışdılar. Başqa birisinin zorla aldığı şeyləri dar ağacının yanında yerə qoymuşdular. Hər kəsin cəzasını sübut edən əşyayi-dəlil göz qabağında idi.

Xəzri küləyi əsdikcə cənazələr yellənirdi. Dar ağacından asılanların arasında qanunu pozmuş türk əsgəri də vardı. Heç kəsə mərhəmət, aman yox idi… Dələduz adamlar, qoçular qaçıb gizlənmişdilər. Çörək çox baha idi. İngilislər nə qədər əmr verib, qərar çıxardıb, hədə-qorxu gəldilərsə də, çörəyin girvənkəsini 5 manata endirə bilmədilər…

Türklər ərzaq mallarına müəyyən qadağalar qoydular. Bunları pozanlara şiddətli cəza verilirdi. Divarlarda xüsusi elan – xəbərdarlıq asılmışdı. Qanunu pozanlar edamla hədələnirdi. Bir günlük ehtiyacından artıq evində ərzaq tapılan adamlar, özünə aid olmayan əşyanı yerdən götürənlər, qarətlə məşğul olanlar, insanlara qarşı zor işlədənlər dar ağacından asılacaqdı. Dükanlarda, həyət-bacada, küçələrdə bir kəsin malına, var-dövlətinə, sərvətinə əyri gözlə baxan yox idi. Oğurluğun kökü kəsilmişdi. Əliəyrilər, peşəkar oğrular belə cürət edib başlı-başına qalmış qiymətli şeyləri götürmürdülər; gözucu belə baxmırdılar. İsabəy Hacınskinin evinin qabağında güzgülü, qədim bir şifoner içi bahalı xəz palto, ipək və yun paltarla dolu, qapısı azca açıq şəkildə qalmışdı, qorxudan heç kəs cürət edib yaxınlaşmırdı. Görünür, qarətçilər də macal tapıb apara bilməmişdilər. İki gündən sonra həmin şeyləri komendaturadan gəlib apardılar. Heç kəsin var-dövlətinə gözucu belə baxmırdılar. Qonum-qonşu, ağsaqqallar gedib komendantlığa xəbər verirdilər ki, küçəmizdəki parça ilə, qiymətli əşyalarla dolu olan sandıqça, xalça, gəbə, xalını gəlin aparın, düşmənçiliklə bizi şərə salarlar. Bir çörək satanın müştərilərdən bir şahı artıq aldığına görə qulağını dükan qapısına mıxlamışdılar. Şərab satmaq, içmək, tiryək çəkmək qadağan edildi, tiryəkxanaları bağladılar, sərxoş və tiryək çəkmiş adamı tutduqda kötəkləyirdilər. Ən yüngül cəza qırx dəyənək vurmaq idi”.

Bir daha təkrarən qeyd edim ki, bu sözlər hər hansı bir türk tarixçisinin, İslam aşiqinin əsərindən deyil, Türkiyə ilə düşmən münasibətində olan Sovetlər dövründə yazılmış və nəşr edilmiş, zamanında çox məşhur olmuş bir kitabdan götürülmüşdür. Gündən-günə inkişaf edən bahalı təhlükəsizlik sistemləri, “dünyəvi və mütərəqqi” qanunlarla qorunan indiki dünyamızda hələ də normal ictimai asayiş təmin olunmur, bir nəfəri qorumağa an azı 5 polisin düşdüyü hazırkı dövrdə hələ də sağlam atmosfer yarada bilmirlər. Və İslamı olduğu kimi anlayıb yaşamayana qədər də heç bilməyəcəklər.

Zəhra Süleyman-Kıstı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma