KİÇİK GÜNAHLARDAN ÇƏKİNMƏK

imagesHz. Aişə deyir: “Rəsulullah (s) mənə belə buyurdu: “Ey Aişə, gözə görünməyən, ilk baxışda əhəmiyyətsiz hesab edilən hər cür günahlardan çəkin! Çünki bu günahlar üçün Allah tərəfindən vəzifələndirilmiş bir məmur vardır. Əgər kiçik saydığın günahlar insanla bir araya gələrsə, onu məhv edər. Eyni ilə çöllükdə yaşayıb yanına qövmün işçiləri gələn bu şəxs kimi; o şəxs və başqaları odun daşıyıb üst-üstə yığarlar və bir qalaq meydana gətirərlər. Qəflətən qalaqlanmış odunu yandırarlar və çöldəki bütün canlıları yox edərlər”[1]

Peyğəmbərin (s) vəfatından sonra Ənəs ibn Malikin (r.a) dediyi: “Sizlər elə bir əməllər edirsiniz ki, gözünüzdə onlar qıldan daha incədir. Halbuki biz Peyğəmbər (s) dövründə onları (çox böyük) günahlar sayardıq”[2] – şəklindəki təsbiti, həqiqətən də, diqqət çəkməkdə və hədisimizin mənasının başa düşülməsində yardımçı olmaqdadır.

Həsən Bəsrinin: “Rəsulullahın əshabəsi nə qədər kiçik də olsa, gözəl saydıqları əməlləri edərdilər. Bunun müqabilində kiçik görünsə də çirkin əməlləri tərk edərdilər”[3] – şəklindəki müşahidəsi də eyni anlayışın (fikrin) bir təzahürüdür.

HƏDİSDƏN ÖYRƏNDİKLƏRİMİZ

1. Allaha ibadət və günah etməkdən çəkindirmə cəhətdən kişi öz arvadını həmişə xəbərdar etməli və ona bu məsələlərə daim ciddi yanaşmasını tövsiyə etməlidir. Xüsusilə ailə həyatında “İslam insanı” ola bilmək üçün ər-arvad bir-birini xəbərdar etmək, pisliklərdən çəkindirmək, yaxşılıq və gözəlliklərə təşviq etmək məcburiyyətində­dirlər.

2. Kiçik hesab edilən günah işləri böyük günahlara çevirən bəzi səbəblər vardır. Belə ki, ilk görünüşdə dəyərsiz, önəmsiz görünən kiçik günahlar, sözlər, hərəkətlər və davranışlar insanı fəlakətə sürükləyib məhv edər. Kiçik günahların təhlükəli cəhəti böyük günahların yerinə yetirilməsi üçün münasib bir zəmin yaratmasıdır.

Necə ki əvvəldən kiçik deyib əhəmiyyət verilmədən yerinə yetirilən günahlar israr nəticəsində böyük günahlara da yol açar. Böyük günahların da israrla yerinə yetirilməsində şirk və küfrə düşmək təhlükəsi var. Böyük günah (şirkdən başqa) mömin bəndəni imandan çıxarmaz və (dərhal) küfrə salmaz. Ancaq yerinə yetirilən hər günah “ağ bir kağız üzərindəki qara mürəkkəb damlası kimi” insanı mənəvi cəhətdən korlayır, onun qəlbində bir neçə qara nöqtələr və ləkələr yaradır. Bu həqiqəti İmam Cəfər Sadiq (ə) Allah Rəsulundan (s) belə rəvayət edir: “İnsan hər hansı bir günah etdiyi zaman onun qəlbində qara bir nöqtə yaranar. Əgər tövbə edərsə, o nöqtə təmizlənər. Ancaq əgər yenə günah etsə həmin nöqtə böyüyər və nəhayət, qəlbinin hər yerini bürüyər. Bundan sonra isə o, heç vaxt nicat tapmaz”[4]. Uca Allah da kitabında: “… Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır”[5] – deyə buyurmuşdur.

Bunun sirri budur ki, kiçik günahın təsiri az olduğuna görə bir, yaxud iki dəfə yerinə yetirildikdə qəlbin qaralmasına o qədər də təsir etmir, lakin təkrar-təkrar yerinə yetirildikdə və onun zəif izləri üst-üstə yığıldıqda güclənir və tədricən qəlbə təsir göstərməyə başlayır. Bu, su damlalarının daş üzərinə ardıcıl damcılayıb onda iz qoymasına bənzəyir. Əgər bu qədər su daş üzərinə bir dəfə tökülsə, onun üzərində heç bir iz qoymaz.

3. Növü və mahiyyəti nə olursa-olsun günah kiçik görünməməlidir. Allah Rəsulu (s) buyurub: “Günahın kiçikliyinə baxmayın. Ancaq baxın, görün Kimə qarşı ədəbsizlik etmisiniz”[6].

Əbuüsamə Zeyd əş-Şəhham belə rəvayət edir: “İmam Sadiq dedi: “Kiçik günahlardan çəkinin, çünki onlar heç vaxt bağışlanmaz”. Onda mən soruşdum: “Kiçik günahlar hansılardır?” İmam: “Bir insan günah edir və deyir: “Xoş mənim halıma! Kaş bundan başqa heç bir günahım olmayaydı”, – deyə cavab verdi”[7].

Səmaə deyir: “İmam Kazimin bu barədə belə dediyini eşitdim: “Gördüyünüz xeyirli işləri çox saymayın, az günahı da az saymayın, çünki az günah xırda-xırda toplanar və çox olar. Gizlində Allahdan qorxun ki, ta öz tərəfinizdən haqqı əda etmiş olasınız!”[8]

4. Kişi-qadın – hər bir müsəlman: “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun qarşılığını) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)”[9] kimi ayələrin insanlar üçün göstərdiyi əməllərə uyğun olaraq və cavabdehlik duyğusuna görə həyatını nizamlamalıdır. Etdiyi hər hansı bir yaxşılığa güvənərək həyatında islami həssaslığı göstərməyən bir müsəlman, xüsusilə nizamsız bir həyat yaşayır. Bu o deməkdir ki, belə insanları bir çox xoşagəlməz hadisələr və təhlükələr gözləyir.

Əbu Əyyub Ənsarinin (r.a) insanlara belə xəbərdarlıq etməyi bu məsələnin necə ciddi olduğunu bir daha göstərir: “Bir adam nəsə yaxşılıq (həsənə əməl) edir, sonra ona güvənir və kiçik günahları unudur. Beləliklə, o, günahlarla əhatə olunmuş bir vəziyyətdə Allaha qovuşur. Əgər bir adam pislik (kiçik günah) edib fəqət (o günahın vəbalını düşünərək) daim bir qorxu və həyəcan hissi keçirərsə, nəhayət, o güvənli bir şəkildə Allaha qovuşur”[10].

Hz. Aişə ilə bağlı “iftira” hadisəsindən danışan bu ayə də insanda eyni ruh və həssaslıq yaradır: “O zaman ki siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, dəqiq bilmədiyiniz bir sözü ağzınıza alır və onu əhəmiyyətsiz, yüngül (asan, insana günah gətirməyən) bir şey sanırsınız. Halbuki bu, (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq), Allah yanında çox böyük günahdır!”[11]

Fərəh Əlizadə

[1] “Müsnəd”, 1/402, 5/33, 6/70, 151

[2] Buxari, “Rikak”, 32

[3] İbn Əbid-Dünya “Məvsua”, I, 89

[4] “Biharul-Ənvar”, c. 73, s. 327, hədis 10

[5] “Mutəffifin”, 14

[6] “Biharul-Ənvar”, c. 73, s. 168, hədis 6.

[7] “Üsuli-Kafi”; “Kitabul-İman vəl-Küfr”; “Babu İstisğariz-Zünub”; 1-ci hədis

[8] “Üsuli-Kafi”; “Kitabul-İman vəl-Küfr”; “Babu İstisğariz-Zünub”; 2-ci hədis

[9] “Zilzal”, 7, 8

[10] İbn Hacər “Fəthul-Bari”, XI, 330

[11] “Nur”, 15

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma