MÜSİBƏT VƏ ÇƏTİNLİK ZAMANINDA SƏBİR ETMƏK
VƏ SAVABINI ALLAHDAN GÖZLƏMƏK
Allah (c.c) bu dünyada istər qadın olsun, istər kişi olsun, bütün qullarını müsibət və çətinliklərlə imtahan edir. Bu imtahanlarda müvəffəqiyyət qazanmaq ancaq bunların Allahdan gəldiyini bilib səbirlə qarşılamaqla mümkündür. İmtahanlara (sınaqlara) səbir etmək imanın açıq bir göstəricisidir. Allaha səmimiyyətlə bağlanmış xanım əshabələrin həyatları haqqında oxuduqda ən dəyərli varlıqlarını itirmək kimi müsibətlə qarşılaşdıqda belə bunu böyük bir səbir və mətanətlə qarşılayıb mükafatını Allahdan gözlədiklərini görürük. Necə ki, onlar müsibət anında səbirsizlik göstərib üsyan etmənin özlərinə fayda verməyəcəyini, Rəbbi-Zülcəlalın rəhmətindən uzaqlaşdırma fəlakətinə düşürəcəyini də çox yaxşı bilirdilər. Xanım əshabələrin həyatlarında dediklərimizə dair saysız-hesabsız nümunələr var. Burada onlardan bir neçəsini sizin diqqətinizə çatdıracağıq:
Ümmü Harisə Rəsulullah (s)-ın yanına gələrək: “Ey Allahın Rəsulu, mənə Harisədən bir xəbər ver. Əgər Cənnətdədirsə, səbir edim, yox əgər deyilsə, Allah mənə nə edəcəyimi göstərsin”, – dedi. Rəsulullah (s): “Ey Ümmü Haris, oğlunun qovuşduğu sadəcə bir Cənnət deyil, Cənnət bağçalarıdır. Oğlun Firdövs Cənnətinin ən yüksək məqamına nail olmuşdur” – dedi[1].
Başqa bir misal: Bəni-Dinardan bir qadının (Sümeyra xatunun) əri, qardaşı və atası Ühüd günü Rəsulullah (s) ilə birlikdə müşriklərə qarşı vuruşarkən şəhid oldular. Onların ölüm xəbəri qadına verildiyi zaman, o: “Rəsulullah necədir?” – deyə soruşdu. “Yaxşıdır, Allaha həmd olsun! O, sənin arzu etdiyin kimi həyatdadır!” – dedilər. Qadın: “Onu mənə göstərin ki, qəlbim bir az sakit olsun”, – dedi. Peyğəmbəri (s) ona göstərəndə tez gedib paltarının ucundan tutdu və: “Atam-anam sənə fəda olsun, ey Allahın Elçisi! Sən həyatda sağ olandan sonra bütün müsibətlər bizim üçün asan olur” – dedi[2].
Bir başqa örnək isə Hz. Səfiyyə bint Əbdülmüttəlibdir. Hz. Səfiyyə qardaşı Hz. Həmzəni görmək üçün şəhidlərin olduğu yerə tərəf yönəldi. Rəsulullah (s) onun oğlu Zübeyr ibn Əvvama: “Onu qarşıla və geri qaytar. Qardaşına nə olduğunu görməsin” – buyurdu. Buna görə Zübeyr anasını qarşılayaraq ona: “Ey anacan, Rəsulullah geri qayıtmağını əmr edir” – dedi. Hz. Səfiyyə: “Nə üçün? Qardaşımı görməyimmi? Mən onun kəsilib doğrandığını bilirəm. O, Allah üçün bu müsibətlə üzləşdi. Onsuz da bizə bundan başqa heç bir şey təsəlli verə bilməzdi. İnşallah, səbir edib əcrini Allahdan gözləyəcəyəm”, – dedi.
Zübeyr gedib anasının söylədiklərini Peyğəmbərə (s) bildirdi. Allah Rəsulu (s): “Elədirsə, qoy görsün!” – buyurdu.
Hz. Səfiyyə də qardaşı Hz. Həmzənin mübarək cəsədinin yanına gələrək ona baxdı, namaz qıldı, dua etdi və: “Biz Allahınıq (Allahın mülküyük) və Ona doğru qayıdacağıq!”[3] – deyib Hz. Həmzə üçün istiğfar etdi[4].
Fədakar qadınlardan digər bir nümunə Əmr ibn Cəmuhun xanımı Hind bint Əmr ibn Həzamdır. Ühüd günü Mədinədə Peyğəmbərin (s) öldürüldüyü barədə bir şayiə yayılmışdı. Qadınlar Rəsulullah (s) haqqında doğru məlumat əldə etmək məqsədilə Ühüdə tərəf gəlirdilər. Hind (r.ə) yolda Peyğəmbərin (s) xanımları ilə rastlaşdı. Ondan Peyğəmbər haqqında soruşduqda sanki heç nə baş verməyibmiş kimi sevincək halda: “Sizə şad xəbərim var, Peyğəmbər sağ-salamatdır. Bu nemətin qarşısında bütün müsibətlər asanlaşır”…
Hz. Aişə dəvənin üstündəki cənazələrin kimə məxsus olduğunu soruşduqda mömin xanım Hind hamısının özünə məxsus olduğunu bildirərək: “Biri oğlum, biri qardaşım, digəri də ərimdir. Dəfn etmək üçün Mədinəyə aparıram”, – dedi.
Hind dəvənin ovsarından yapışıb Mədinəyə doğru çəksə də, dəvə çox çətinliklə yeriyirdi. Sonra dəvə yerə çökdü. Hz. Aişə: “Dəvə yükünün ağırlığına görə çökür? – deyə soruşdu. Hind: “Nədən çökdüyünü bilmirəm. Halbuki başqa vaxtlarda iki dəvənin yükünü daşıyardı. Ancaq indi onda fərqli bir hal olduğunu görürəm”, – dedi.
Onlar dəvəni qalxmağa məcbur etdilər. Dəvə qalxdı, ancaq Mədinəyə yönələndə yenə çökdü. Dəvənin yönü Ühüdə tərəf çevriləndə isə dərhal qaçmağa başladı. Hind belə qərara gəldi ki, Ühüdə qayıdıb macəranı Rəsulullaha (s) danışsın. Cənazələrlə birlikdə dəvəni də sürüb Ühüdə gətirdi. Peyğəmbərimizə (s) baş verənləri danışdıqda Həzrət (s) soruşdu: “Ərin döyüşə gələrkən Allahdan nəsə istəmişdimi?” Hind: “Əmr Ühüdə gedəndə üzünü qibləyə tutaraq: “Allahım, mənə şəhidlik qismət et! Məni məyus və məhrum bir halda ailəmə qaytarma!” – deyə dua etmişdi”, – dedi.
Bundan sonra Rəsulullah (s): “Elə buna görə də dəvə yerimir. … Ey Hind, ərin Əmr sadiqlərdəndir. O, şəhid edildiyi andan başlayaraq mələklər qanadları ilə onun üzərinə kölgə saldılar və haraya dəfn ediləcəyini gözləyirlər. Ey Hind, ərin Əmr, oğlun Həllad və qardaşın Abdullah Cənnətdə bir araya gələcək və dost olacaqlar”, – dedi.
Bu müjdədən sonra Hind sadiqlərdən olan əri ilə əbədi həyatda da birgə olmağı arzulayaraq: “Ya Rəsuləllah, nə olar, Allaha dua et, məni də onlarla bir araya gətirsin” – deyə yalvardı[5].
Bu əhvalatdan da imanın insanı hansı mərhələyə yüksəltdiyinin, iman sayəsində bütün çətinliklərin asanlaşdığının şahidi oluruq.
SAVAŞDA SU PAYLAMAQ VƏ YARALILARI MÜALİCƏ ETMƏK
Müsəlman qadın sadəcə evində deyil, eyni zamanda savaşda da yerini almışdır. Hərb zamanı müsəlman qadınlar su daşıyıb möminlərə paylayırdılar, yaralıların yaralarını sarıyaraq müalicə edirdilər. Məsələn, Ühüd döyüşündə Hz. Aişə, Ümmüsələmə və başqa qadınlar qollarını çirmələyib, sürətlə və mütəmadi olaraq kürəklərində su tuluqları ilə su daşıyıb yaralılara içirdir, su tuluğu boşalanda geri dönüb doldurur, sonra yenə tələsik qayıdaraq suyu yaralılara içirdirdilər.
SAVAŞDA İŞTİRAK ETMƏK
İslam cəmiyyətində ehtiyac olduğu zaman, lazım gəldikdə müsəlman qadın İslam ordusuna qoşulmuşdur. Şübhəsiz ki, hücum xarakterli cihad qadınlar üçün haramdır, lakin islami bir dövlətdə düşmən tərəfindən işğal təhlükəsi baş verdiyi zaman müsəlman qadının da döyüşdə iştirak etməsi lazım ola bilər. Belə ki, İslamın tarixinə nəzər saldıqda da buna dair örnək ola biləcək hadisələr görürük. Məsələn, Ühüd döyüşündə Ümmüəmir (r.ə) şəxsən özü döyüş meydanına atılaraq qalxanı ilə Rəsulullahı (s) hücum edənlərdən qorumağa çalışmış, hətta ona hücum edənlərin qarşısını alaraq onların bir neçəsini yaralamışdı.
Bu mövzuda digər bir örnək də Ümmüəymənin (r.ə) Ühüd müharibəsində göstərdiyi nümunəvi davranışıdır. Ümmüəymən Ühüd savaşında müsəlmanlar dönüb qaçmağa başladıqları zaman bir tərəfdən yerdən torpaq götürüb qaçanların üzünə atırdı, bir tərəfdən də: “Qılıncı al və geri dön” – deyərək mücahidlərə hayqırırdı. Nəhayət, şəxsən özü əlinə bir qılınc alıb savaş meydanına atıldı və müşriklərlə vuruşdu[6].
(ardı var)
“Rəsulullahın həyatı ilə İslamın hərəkat metodu”
Mütərcim: Fərəh Əlizadə
[1] Rahiqul Məhtum
[2] Vaqidi, I, 292; Heysəmi, VI, 115, İbn Hişamın “Sirə”si, c. 2, s. 99
[3] “Bəqərə”, 156
[4] İbn Hişam, III, 48; İbn Hacər, “əl-İsabə” IV, 349
[5] Vaqidi, I, 264-265; İbn Hacər, “Fəthul-Bari” III, 216; İbn Əbdibərr, III, 1168
[6] Əs-Siyrətül Hələbiyyə, Rahiqul Məhtum