İSLAM CƏMİYYƏTİNDƏ QADININ ROLU (ÜÇÜNCÜ HİSSƏ)

İSLAMİ TƏBLİĞ

20461_317004330830_6840426_nMüsəlman qadınlar İslam dinini çox yaxşı başa düşüb həyat tərzinə çevirsinlər deyə bu əqidəni digər insanlara da çatdırmaq üçün üzərlərinə düşən vəzifəni yerinə yetirmiş və bu yoldakı sıxıntılara Allah üçün qatlanmışdılar. Əshabə xanımlar bu cəhətdən mühüm olan nə varsa, onlardan istifadə edərək bir çox insanları İslamla şərəfləndirə bilmişlər.

Heç bir düşüncə və ya sistem qadına İslam dininin verdiyi qədər dəyər və qiymət verməmişdir. İslam dini qadınlara da kişilər kimi önəm vermiş, hətta bəzi məsələlərdə qadını kişidən daha üstün tutmuşdur. İslamda qadın ikinci dərəcəli deyildir. İslam qadına nə daşıya biləcəyindən artıq yük yükləmiş, nə də ona heç bir vəzifə verməməklə diqqətsiz yanaşmamışdır. İslam cəmiyyətindəki hökmlər qadını da, kişini də yaradan və onları ən gözəl tanıyan Allah tərəfindən qoyulmuşdur. Buna görə də İslam dini həm kişi, həm qadın, həm də cəmiyyət üçün onların xoşbəxtliyini, hüzurunu və qurtuluşunu təmin edəcək yeganə yaşam sistemidir.

Kişiyə nisbətən qadın daha zəif və günah etməyə daha meyillidir. Bunu bildiyi üçün İslam dini qadını günahdan qorumaq və tərbiyə etmək üçün bəzi hökmlər bildirmişdir. Məsələn, qadının örtünməsi zərurət yaranmadıqca evindən çıxmaması, işləməməsi və başqa hökmlər… Şübhəsiz ki, bu hökmlər onu kişi qarşısında kiçiltmək, onu sıxışdırmaq, ya da ona zülm etmək üçün verilmiş hökmlər deyil, cəmiyyətin islahı üçün qadının oynadığı onəmli roldan və ona verilən dəyərdən qaynaqlanan hökmlərdir, çünki qadın islah olarsa, cəmiyyət də islah olar. Qadın ifsad (fəsad) olarsa, cəmiyyət də fəsad içində olar. Evdə ana olan qadın əgər saleh bir qadındırsa, atanın verə bilməyəcəyi elm və tərbiyəni uşaqlarına verdiyi zaman saleh bir cəmiyyət üçün  təməl daşı təşkil edəcək saleh bir nəsil ortaya çıxar. Budur, bu təməli təşkil edəcək olan anadır. Buna görə də İslam qadına cəmiyyətin qurtuluşu üçün ən önəmli vəzifələrdən biri olan yetişən yeni nəsli islah və tərbiyə etmək vəzifəsini vermişdir. Allah-Taala qadına verdiyi dəyərə görə bu önəmli vəzifəni də qadına vermişdir, çünki bir insanın önəmi ona verilən vəzifənin əhəmiyyətinə bərabərdir. Qadına dəyər bu şəkildə verilir, yoxsa qadına istədiyi şəkildə geyinmək, istədiyi yerə getmək izni vermək ona dəyər vermək deyil, əksinə onu bir sərgi əşyası halına gətirmək deməkdir.

Bu gün qərb mədəniyyəti bunun açıq bir nümunəsidir. Qadına istədiyi kimi geyinmək və istədiyi yerə getmək azadlığı verən qərb mədəniyyəti qadını bir sərgi əşyası halına gətirmiş və onlardan bir reklam ünsürü kimi istifadə etmişlər. Sanki heyvan kimi soyaraq istehsal mallarının reklamını oynamaqda vasitəçi olaraq istifadə etmiş, İslamın qorumaq üçün üzərində titrədiyi qadını canlı məxluqların ən alçaq və səfehi vəziyyətinə gətirmişdir. Bu gün qərb mədəniyyəti bərabərlik, qadın haqları şüarları ilə küçəyə tökdüyü qadını kişinin mənfəətlərini artıran bir ticarət əşyası halına gətirmişdir.

İslam dini qadına ona önəm verdiyi üçün örtünməsini əmr edir, çünki dəyərli olan qorunur. Dəyərsiz olanlar isə əhəmiyyətsiz buraxılır. Qadının örtülü geyimi cəmiyyətin islahında çox böyük rol oynayır. Cəmiyyətdəki bütün qadınlar örtünərsə, cəmiyyətin təməl daşı olan ailə qorunur, çünki o zaman ər arvadından başqa heç kimə baxmaz, gənclər nəfsi arzularına uyaraq zinaya yaxın düşməz, kişi küçədə gördüyü daha gözəl qadınlara görə xanımından soyumaz, boşanmalara və ailələrin dağılıb-parçalanmasına yol açan fitnələr ortaya çıxmaz.

İslam dini qadını bir əşya olmaqdan qurtarıb ona cəmiyyətdəki ən şərəfli vəzifə olan nəsli tərbiyə etmək işini vermişdir. Qərb mədəniyyəti isə haqlarda bərabərlik, səs verməkdə bərabərlik, vəzifələrdə bərabərlik şüarları ilə küçəyə tökdüyü qadını bir bəzək və əşya halına gətirmiş, onu cəmiyyətin ən aşağı təbəqəsi halına salmışdır. “Sən kişi ilə bərabərsən”, – deyərək İslamın onun üzərindən götürüb kişiyə yüklədiyi evin dolanışığını təmin etmək vəzifəsini ona yükləyərək layiq olmadığı bir çox işlərdə qadını haqsız yerə yormuşdur. İslam cəmiyyətində evinin xanımı olan qadını onun-bunun xidmətçisi vəziyyətinə salmışdır.

Qadın saleh olduğu zaman kişinin ən böyük yardımçısı ola biləcəyi kimi ifsad (fəsad) olduğu zaman da kişinin boynuna sarılmış ən böyük zənciri olar. Gözəl bir islami tərbiyə ilə yetişən qadının İslam cəmiyyətində nə qədər önəmli funksiyaları olduğunu yuxarıda verilən nümunələrlə göstərmişdik. İslam cəmiyyətində qadın həmişə kişinin yanındadır və işlərində ona ən böyük dəstəkdir. İslam cəmiyyətində qadınlar savaş kimi kişilər üçün də çox çətin və təhlükəli olan işlərdə belə kişilərin yanında olmuş, onlara arxa-dayaq olmuşlar. Qadın müharibədə yaralıları müalicə etməkdə, onları yedirtməkdə, ehtiyac olanlara kömək etməkdə önəmli bir rol oynamışdır. Qadın sadəcə bu vəzifələrlə qalmamış, lazım gələndə kişi ilə bərabər şəxsən silahlanaraq savaşa qatılmışdır.

İslam dininə görə qadın sadəcə evin təmizliyinə baxan və ailə üzvlərinin xidmətində duran bir xidmətçi deyildir. İslam dini qadına çox önəmli vəzifələr vermişdir. Bu vəzifələrini yerinə yetirə bilməsi üçün qadına lazım olan elm və tərbiyənin verilməsini vacib bilir.

Rəsulullahın (s) zamanındakı bu elm və tərbiyə işinin əshabələrin arasında şəxsən Peyğəmbərimiz (s) tərəfindən məsciddə icra edildiyinin şahidi oluruq. O zamanlar qadınlar da məscidə gəlirdilər. Şübhəsiz, qadınlar məscidə sadəcə namaz qılmaq üçün gəlmirdilər, çünki Rəsulullah (s)-ın bir çox hədisində də gördüyümüz kimi qadın üçün namaz qıla biləcəyi ən xeyirli yer evidir. O halda qadınlar məscidə sadəcə namaz qılmaq üçün deyil, əslində Rəsulullahın (s) orada söyləmiş olduğu vəz və nəsihətdən istifadə etmək üçün gəlirdilər. Rəsulullah (s) qadın-kişi bütün xalqın tərbiyə işini məsciddə icra edirdi. Rəsulullah (s) qadınlara kişilərlə bərabər verdiyi dərslərdən əlavə həftədə bir gün (cümə axşamı günü) də sadəcə qadınların iştirak etdiyi, onlara məxsus problemlərin müzakirə olunduğu özəl dərslər verirdi. Bu müntəzəm, proqramlı maarifləndirmə və tərbiyə o nümunəvi əshabə qadınları şəkilləndirdi.

Qadının cəmiyyətdəki ən önəmli vəzifəsi bir ana olaraq övladlarını yetişdirib tərbiyə etməsidir. Bu vəzifəsini gözəl bir şəkildə yerinə yetirə bilməsi üçün İslam mübəlliğlərinin qadına lazımi elm və tərbiyəni verməsi, vəzifəsinin əhəmiyyətini ona başa salması və onu bu mövzuda təşviq etməsi lazımdır. Qadınlar lazım olduqda müharibədə də aktiv şəkildə iştirak edə biləcəkləri üçün bu mövzularda da ihmal edilməyib lazımi təlimin verilməsi lazımdır. Lakin qadının əsl təməl vəzifəsi yeni nəsli yetişdirməsidir. Bunun üçün onun hər şeydən əvvəl bu xüsusda maarifləndirilib yetişdirilməsi lazımdır.

Qadına layiq olduğu dəyər veriləndə və Allahın razı olduğu çərçivədə yetişdirilib maarifləndirildikdə İslam dövlətində qalmaqal deyil, sakitlik hakim olar. Cəmiyyəti meydana gətirən fərdlər bir-birilə vuruşmaq əvəzinə bir-birinə dəstək olurlar. Beləcə, İslam cəmiyyətinin təməl daşı olan ailə Allahın razı olduğu saleh bir ailə olur. Ailə saleh olarsa, ondan meydana gələn cəmiyyət də saleh bir cəmiyyət olar. Qadın da cəmiyyətdə fitrəti üçün ən uyğun olan məqsədinə qovuşmuş olar.

“Rəsulullahın həyatı ilə İslamın hərəkat metodu”

Mütərcim: Fərəh Əlizadə

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma