ŞƏRQDƏ, QƏRBDƏ VƏ İSLAMDA QADIN

ŞƏRQDƏ QADIN

(c) John Croft; Supplied by The Public Catalogue FoundationProf. Dr. Nəcməddin Ərbakan bu mühazirəni 1967-ci ildə “Türk Evdar Qadınlar Dərnəyi”nin tərtib etdiyi bir gecədə söyləmişdir:

“Çıxışıma başlarkən belə bir möhtərəm cəmiyyət qarşısında bəndənizə sizə xitab etmək şərəfini və imkanını bəxş etdiyinə görə “Türk Evdar Qadınlar Dərnəyi”nə hüzurunuzda təşəkkürü borc bilirəm.

Söhbətim, bəlkə, uzun çəkdi, ona görə də rica edirəm oturmağıma icazə verəsiniz. Ayaqüstə dayanmağım, bəlkə, sizi narahat edə bilər.

Bu gün burada birlikdə “Şərqdə, Qərbdə və İslamda Qadın” mövzusu üzərində söhbət edəcəyik.

Bu kəlmələr bir az ümumi kəlmələrdir. Belə bir ad altında danışdığımız mövzunun nə olduğunu başdan tam mənası ilə müəyyənləşdirmək mümkün olmur, lakin icazə versəniz, mən bu mövzunun daxilinə nüfuz edim. Nə demək istədiyimiz, çox güman ki, danışıqlarımız əsnasında və sonda daha yaxşı başa düşüləcəkdir.

Bu gün bütün dünyaya baxdıqda, həqiqətən, iki ayrı blok gözə dəyir. Bunlardan biri “Şərq Bloku” dediyimiz ölkələrin təşkil etdiyi bir dünya, digəri isə “Qərb Bloku” dediyimiz ölkələrin təşkil etdiyi bir dünya. Bu söhbətimizdə əvvəl bu iki blokun içərisində qadının tutduğu yeri araşdıracağıq. Sonra da bu araşdırmamızdan bəzi nəticələr çıxarmağa çalışacağıq. Bu araşdırmanı apararkən blokların təməl quruluşlarını ələ alıb bu təməl quruluşlara görə qadının yerini müəyyənləşdirməyə məcburuq. Bir blokun təməl quruluşunu bu üç yöndən araşdırmaq faydalı olar; iqtisadi sistem, ictimai quruluş və dünyagörüşü. Araşdırmamızda belə bir iqtisadi sistemin, belə bir ictimai quruluşun və belə bir dünyagörüşünün nəticə etibarı ilə cəmiyyət içərisində belə bir qadın ortaya çıxardığını bildirmək istəyirəm.

Hər şeydən əvvəl şərqə nəzər salaq:

Əzizim, bu gün “Şərq Bloku”na daxil olan kommunist ölkələr, həqiqətən, iqtisadi sistem, ictimai quruluş və dünyagörüşü baxımdan müstəqil bir dünya ifadə etməkdədir. Bu dünyanın formalaşmasına bildiyimiz kimi bundan təqribən 100 il əvvəl Karl Marks adlı bir yəhudi xaxamının (ravvin, yəhudi ruhanisi) ortaya atdığı iqtisadi nəzəriyyələr səbəb olmuşdur. Bu şəxsin həmin nəzəriyyələri irəli sürməkdə yalnız iqtisadi bir fikir bildirmək istədiyi, yoxsa, daha başqa nəticələrə varmaq istədiyi məsələsi müzakirə olunması lazım olan bir məsələdir. Onun tərbiyə olunma tərzinə, ideoloji mübarizələrinə baxdıqda məsələnin sadəcə iqtisadi baxımdan ələ alınması bir az sadəlövhlük olar. Təqribən 100 il əvvəl ortaya atılan bu fikirlər bundan əlli il əvvəl Rus inqilabında özünə bir vətən tapdı. Bu fikirlər Rusiyada kommunizm rejiminin yerləşməsinə yol açdı və beləcə kommunist sistem özünə bir tətbiq sahəsi tapmış oldu. II Dünya Müharibəsindən sonra Rusiyanın bəzi ölkələri işğal etməsi nəticəsində bu sistem müxtəlif ölkələrə yayıldı və ən azı 8 ölkədə tətbiq olundu və həmin tətbiqat bu günə qədər təxminən 25 illik bir dövr keçirdi. Ümumiyyətlə, bu gün artıq bəzi fərziyyələrin insanları hansı nəticələrə aparacağı bariz bir şəkildə ortaya çıxmışdır. Belə ki, vaxtı ilə sırf nəzəri olaraq ortaya atılan bəzi iddiaların tətbiq edilən sahələrdə hansı nəticələr verəcəyi məsələsi bu gün artıq bir kəhanət olmaqdan çıxmış, gözlə görünən bir həqiqət halını almışdır.

Bu həqiqətin içərisinə girmək indi artıq mümkündür. Yaxın vaxtlara qədər Şərq ölkələrinə səyahət etmək yasaq idi. Bilindiyi kimi, ancaq bəzi məhdud yerlərə səyahət etməyə icazə verildiyi halda, yavaş-yavaş bu icazələrin dairəsi bir az genişləndirilmiş və bu ölkələrin vəziyyətini yerində incələmək imkanı əldə edilmişdir.

Şəxsən mən “Şərq Bloku” ölkələrinə bir çox səyahətlər edirəm. Hətta bir ay əvvəl bir sərgi ilə əlaqədar Qərbdən Şərqə keçmək, qısa bir zamanda Leyptsiq və Münix Sərgilərini gəzmək imkanı və fürsəti əldə etdim. Əvvəllər də müxtəlif münasibətlərlə əlaqədar “Şərq Bloku”na səyahət etmişdim. Buna görə də hüzurunuzda rəvayətlərə istinad edərək deyil, müşahidələrimə dayanaraq danışıram.

“Şərq Bloku”nda ana fikir kommunizm fikridir. Bu fikrin tətbiqində fərd deyə bir ünsür qəbul edilmir. Tək məqsəd olaraq cəmiyyət mənfəəti adı altında bir qayə və məqsəd ortaya qoyulur və bu qayə uğrunda lazım gələrsə, hər cür fərdi haqlar rahat şəkildə pozula bilir. Bu ölkələrdə iqtisadi həyat tamamilə planlı vəziyyətdədir və bu sistemli iş məcburi bir plandır. Plan hər şeyi idarə edən bir basqı və bir istiqamətləndirmə vasitəsidir. Bu planın hansı məqsədlərlə hazırlandığı hər bir vaxt müzakirə edilə bilər, lakin ortada bir reallıq vardır. Bu ölkələrdə idarəçi və idarə edilən deyə iki ayrı zümrə mövcuddur. İdarəçilər idarə olunanları bu planın tətbiq olunmasına məcbur edirlər.

Bundan başqa, “Şərq Bloku”nda qazanc məfhumu deyilən bir məfhum yoxdur. Mülkiyyət deyə bir məfhum da yoxdur, mal və pul cəmiyyətindir. İnsanlar ancaq zəruri miqdarda bunlardan faydalana bilirlər. Yaşamaq üçün zəruri olan miqdardan artığı mütləq cəmiyyətə aiddir. Ümumiyyətlə, insanlar daha artıq işləyib, daha artıq qazanmaq istədikləri vaxt qazana biləcəkləri bir şey yoxdur. Əldə edə biləcəkləri hər bir şey məhdudlaşdırılmışdır. Artıq istehsal cəmiyyətin malıdır – deyilir və istehsalçının əlindən alınır. Heç kimin malı-mülkü yoxdur. Taksi sürücüsü öz taksisində bir məmurdur, sürücüdür. Hər bir kəs öz evində kirayəneşindir və bir şeyə sahib olmaq istəsəniz, ola bilməzsiniz. Bu vəziyyət təbii olaraq cəmiyyətdə çox mühüm nəticələr doğurmuşdur. Belə bir vəziyyət insan fitrətinə və yaradılışına uyğun olmadığı üçün dərhal cəmiyyət həyatında axsaqlıqlarını göstərir. Keçən ilki səyahət bunu çox açıq şəkildə göstərdi.

Qərbi Berlindən Şərqi Berlinə keçdiyimiz vaxt gördüyümüz mənzərə bu idi: Şərqi Berlində – şəhərdə sanki siqnal fiti çalınmış, hər kəs zirzəmiyə girmiş, prospekt və küçələrdə ancaq beş-üç adam gəzirmiş kimi bir görünüşdə idi. Vitrinlər çox sönük, əşyalar üst-üstə yığılmış vəziyyətdə idi, insanların da üzü gülmürdü. Bu mənzərənin rejimin təbii bir nəticəsi olaraq qəbul edilməsi lazımdır, çünki o vitrini hazırlayan insanın daha yaxşı hazırlamaqla əldə edəcəyi nəticə yoxdur. Bütün məsələ ona verilmiş olan vəzifəni formal olaraq yerinə yetirmiş kimi görünməsindən ibarətdir. İnsan şövqünün insanı daha yaxşıya, daha gözəl olana və daha yüksəyə sövqedici təsirində bu rejimdə faydalanmaq mümkün olmur, çünki daha yaxşıya doğru getməkdə fərdin əldə edə biləcəyi heç bir əlavə nəticə yoxdur. Belə bir rejimin iqtisadi həyatda böyük və vahiməli nəticələri özünü açıq bir şəkildə göstərir. Bu ölkələrdə bəzi evlərin tikildiyini görürük. Necə ki bizi də gəzdirib, bunları göstərdilər. Yalnız bunlar həqiqətdə bəzi zəruri şərtlərin ortaya çıxardığı nəticələrdir, insanın öz insanlığını hiss edərək və şövqlə iş görərək “bu əsər mənimdir, bu nəticəni mən ortaya çıxardım”, – deyə biləcəyi bir əsərə rast gəlmək olmur. Əldə edilən nəticələr insan övladının yaradılışına uyğun olmayan və ümumiyyətlə, hər cür hissiyyatdan məhrum olan bir növ maşınlaşmış mexaniki hərəkətlərin cəmindən ibarət olan ruhsuz nəticələrdir. Bəli, evlər tikilmiş, lakin altı uşaqlı bir ailəyə 48 kv. m-lik yer rəva görülərək tikilmişdir. Fabriklər qurulmuş, lakin bu fabriklər istehsalı artırsın, rifah səviyyəsini yüksəltsin, ümumiyyətlə, fərdlərə bir şey versin deyə deyil, idarəçi zümrəyə filan məqsəd üçün bu imkan lazımdır, o imkan yaransın deyə qurulmuşdur. Məsələnin bu şəkildə qəbul edilməsinin insan səadətinə vurduğu zərbəni hər küncdə-bucaqda və hər dairədə görmək mümkündür. Vaxtı ilə etdiyimiz bir səyahətdə keçmiş böyük fabriklərdən birinin ümumi müdirinin bugünkü rejimdə, bir idarədə katib olaraq işlədildiyini gördük, çünki bu gün ümumi müdir vəzifəsinə qoyulmuş şəxs köhnə bir qazanxana fəhləsi idi və hər hansı bir yazını yazmaqda aciz olduğu üçün yanında sabiq baş müdir səviyyəsindəki bir insanı bir xidmətçi və bir katib kimi istifadə edib yazılarını ona yazdırmağa məcburdur. Əvvəllər baş müdir olan şəxs çox mədəni və qədim dövrü görmüş bir şəxs olub, cari basqı rejiminə baxmayaraq, əcnəbilərlə söhbət edə biləcək qədər cəsur idi. Hadisə Çexoslavakiyada baş vermişdi. Həmin şəxsdən soruşdum:

– Bu gün ölkənizin əvvəlki vəziyyətinə nisbətən geriyə getdiyini görürəm. Bütün bu cəhdlərlə əldə etdiyiniz nəticələr haraya gedir?

Bu təcrübəli şəxsin verdiyi cavab çox maraqlı oldu:

– Bizim əldə etdiyimiz nəticələr nəzarətin nəzarətinə gedir, çünki bizdə fəhlələr işləmir, bunların başında bir nəzarət vardır. O nəzarətçilər də işləmir, bunların başında da bir nəzarətin nəzarəti vardır. Əslində nəzarətin nəzarəti heç bir iş görməyən havadarlı və arxalı şəxslərdir. Çox yüksək maaş alırlar. Ümumiyyətlə, bizdə iqtisadi həyatın mənası bir kəlmə ilə xülasə edilərsə, nəzarətin nəzarətinə gedir.

Oradan bəzi dəzgahlar satın alırdıq. Bu barədə ayrıca önəmli tövsiyələr verdi:

– Sizdən bir xahişim var. Mən ölkəsini və vətənini sevən bir insanam. Buradan aldığınız malların sonra əleyhimizə nəticə verməsini istəmirəm. Burada bu mallar bağlanarkən lütfən başında öz adamlarınız olsun, çünki bizim fəhləmiz dəzgahın bir boltunu sıxarsa, digər boltunu sıxmaz, çünki hər iki boltu da mükəmməl sıxıb-sıxmaması arasında bir fərq yoxdur.

women_miners_4Bu rejim əslində fəhləyə rifah gətirmək üçün ortaya çıxdığını iddia edən bir rejimdir. Halbuki həqiqətdə fəhləyə bir rifah gətirməmişdir. Fəhlənin bəzi haqlarını qəsb etmək və onun normal ehtiyaclarını təmin edə bilmədiyi halda, fəhləni basqı altında saxlamaq prinsipini həyata keçirir. Bu ölkələrdə işverən və dövlət eyni şəxsdir, fəhlənin ona tətbiq edilən maaş sisteminə etiraz etmək hüququ yoxdur. İşverən və dövlət eyni şəxs olduğu üçün bütün sinifsizlik iddialarına baxmayaraq, bu rejimdə yaşayan insanlarda yenə bir idarə edən və idarə edilənlərin zümrəsi təbii olaraq formalaşmışdır. Yalnız yeganə fərq idarəçilərə qarşı bir etiraz məqamının və bir etiraz imkanının olmamasındadır. İdarə edənlər rahat bir şəkildə bu rejim içərisində hər cür zülmü və işgəncəni tətbiq edə bilirlər. Bir az əvvəl söylədiyim kimi uzun illərdən sonra çatdıqları iqtisadi nəticələr çox təəsüflər olsun ki, “Şərq Bloku”nda sadəcə bir neçə cümlə ilə xülasə etidyim nəticələr olmuşdur. Bu rejim insan fitrətinə uyğun deyildir və yaşaya bilmir. Necə ki bir neçə ilkin təcrübədən sonra bu rejimin ən qatı tərəfdarları belə mütləq geriyə qayıtmaq zərurətini hiss etmiş və yavaş-yavaş öz ideoloji mübarizələrində fədakarlıq edib ölkədə yaranmış iqtisadi problemləri həll etmək məcburiyyətində qalmışlar. Necə ki Xruşovun rəhbərliyi dövründə söylədiyi nitq çox maraqlıdır və mühüm bir dönüş nöqtəsini təşkil etməkdədir. O, çıxışında deyir: Rusiyada aqrar istehsal istədiyimiz nəticələri verməyəcək. Kommunist rejim yaxşı bir rejimdir, lakin insan təbiətinə ziddir. Necə ki biz kəndlilərə öz evinin dolanışığını təmin etmək üçün özünə aid olmaq şərti ilə evinin ətrafında çox məhdud ərazi, bir kəndin müştərək böyük ərazisini ayırırıq. Kəndlilər özlərinə aid olan hissəni çox yaxşı əkibbecərirlər. Müştərək hissəni isə əkmirlər. Ümumiyyətlə, əsas xəzinəyə gələn hissədən yaxşı nəticə ala bilmirik. Digər hissələrdə istehsal davam edir. Əgər biz Rusiyada aqrar istehsalı artırmaq istəyiriksə, yoldaşlar, gəlin, kəndlilərin evlərinin ətrafındakı özlərinə aid bu ərazi bölümlərini böyüdək”.

Bunun mənası “kəndlilərə mütləq mülkiyyət haqqı tanımalıyıq”, – deməkdir və bu yolda bir çox addımlar atmağa məcbur oldular, çünki ərz etdiyim kimi iqtisadi həyat insan fitrətinə uyğun olmayan bir prinsipin qurbanı olmuşdur. Bundan başqa, fabriklərdə mükafat sisteminə, pul sisteminə və bir-birinə rəqib fabriklər sisteminə qayıtmaq məcburiyyətində qaldılar. Belə bir səbəbi yaradan odur ki, biri istehsal etməzsə, o biri istehsal etsin, “bax, sən nə üçün istehsal etmirsən!” – deyə bir bəhanə tapıb başına qaxmaq mümkün olsun. Bunun da mənası təkrarən, yavaş-yavaş qazanc sisteminə dönmək deməkdir. Bugünkü həqiqətlərə istinadən artıq çox rahat bir şəkildə ifadə etmək olar ki: Bəzi təsadüflərlə özünə bir yurd tapmış olan kommunizm sistemi insanlıq tarixində müəyyən bir dövr yaşamaq imkanını əldə etmişdirsə , insan təbiətinə uyğun gəlməyən bu düşüncə sistem bir müddət yaşamış, ondan sonra itib getmişdir”, – deyə biləcəyimiz illər uzaq deyildir. Bir dönüş başlanmışdır və bu dönüşün sonu bu cür ölkələrdə normal metodlara və sistemlərə keçidlə nəticələnəcəkdir.

Əzizlərim, bu tablo ilə sizə “Şərq Bloku”ndakı iqtisadi mənzərəni göstərməyə çalışdım. “Şərq Bloku”ndakı ictimai həyat belə bir iqtisadi düşüncənin tətbiqinə görə yenə insana səadət gətirməkdən uzaq bir mənzərə ərz edir. Şərqdə ictimai həyatda bizim başa düşdüyümüz mənada bir ailə məfhumu ortadan qalxmışdır. Qadın, kişi hər bir kəs heç bir fərq qoyulmadan ən yüngül işdən tutmuş ən ağır işə qədər işləmək məcburiyyətindədir. Yalnız qadınlar bir az daha az maaş almaq şərti ilə eyni ağır işdə işləməkdədirlər. Uşaqlar əslində ailənin malı sayılmaz. Bunlar cəmiyyətin bir ünsürü tələqqi edilərək rahatlıqla çox kiçik yaşlarından etibarən, hətta doğulan gündən etibarən ailədən uzaqlaşdırılmaqda və xüsusi tərbiyə mərkəzlərində bəzi “belə tərbiyə etsək, cəmiyyət üçün daha yararlıdır, belə tərbiyə etsək, daha faydalıdır” kimi nəzəriyyələrlə müxtəlif səbəblərdən tərbiyə düşərgələrinə göndərilməkdədir. Normal bir ailə həyatı yoxdur. Həmçinin çox mühüm bir məsələni sübut etməyə məcburuq. Belə bir cəmiyyətdə mütləq mənada bəzi qiymət hökmləri və ülvi məfhumlar tamamilə dəyərsiz sayıldığı üçün cəmiyyətdə bizim başa düşdüyümüz mənada bir nizam, bir hüzur və bir mənəvi qənaətlənmə halı mövcud deyil. Həmçinin hər şey materialist və maddi bir yöndən ələ alındığı üçün insanların mənəvi tərəfləri qurumuşdur.

Bu son səyahətimizdə, həqiqətən, insanlıq məfhumlarını itirmiş bir növ robotlaşmış insanların içinə düşdüyümüzü hiss etdik. Məsələn, maşınla hər hansı bir yerə gedirsiniz, sürücü maşını mehmanxananın qarşısında saxlayır. Adətən, bir insan müştərisinin çamadanına yardım edər, lakin “Şərq Bloku”nda belə bir şeydən söhbət gedə bilməz. Sürücü mehmanxananın qarşısında dayandıqdan sonra “Tez çamadanınızı götürün”, – deyərək bir xəbərdarlıq edir və ondan sonra yoluna davam edir, çünki insanlıq məfhumu ortadan qalxmışdır və sürücü ona verilən mexaniki vəzifəni icra edir. Bundan sonrasında mənfəətini düşünür və içəridəki müştərisinə “çamadanı tez götürün, filan yerə gedəcəm”, – deməkdən çəkinmir. Sürücüsü, otaqçısı, qapıçısı, müdiri və hər şeyi belə maddi olan bir cəmiyyət insanı nə qədər mütəəsir edəcək bir cəmiyyətmiş. Bunu o cəmiyyətin içinə düşənlər açıq bir şəkildə görürlər. Cəmiyyətdə insana əsas qənaətbəxşlik verən, hüzur, qarşılıqlı sevgi, məhəbbət və mənəvi qiymətlər ortadan qalxarsa, neçə hüzursuz bir mənzərə meydana gəlir. Bunu Şərqdə görmək mümkündür. Həqiqətən, səadətdən uzaq bir yerdir. Məsələ bununla sona çatmır. Bu iqtisadi etimad belə bir ictimai həyatı ortaya qoymaqdan əlavə bir də insanlara çox qənaətsiz bir dünyagörüşü gətirir. Bilmək lazımdır ki, bu sistem tamamilə maddiyyatçı və materialist bir sistemdir və axirət məfhumuna öz düşüncə sistemində qətiyyən yer verməmişdir. Ümumiyyətlə, hər şeyin bu dünyadakı müvəqqəti əsaslarına görə nizamlanması ortaya çıxmaqdadır. İnkişaf etmiş kamil bir insanın yalnız belə müvəqqəti şeylərlə qane olması mümkün deyildir. Yalnız bu baxımdan bu sistemi ələ alsaq insanlara xoşbəxtlik gətirə bilməz, onlara qənaətbəxşlik verə bilməz və ortaya məqbul nəticə qoya bilməz. İqtisadi həyatı, ictimai quruluşu və belə qənaətbəxşliyi olmayan bir dünyagörüşü ilə qurulmuş və bəzi təsadüflərlə meydana gəlmiş və mütləq müvəffəq gözü ilə baxmaq məcburiyyətində olduğumuz bu dünyada qadının yerini axtarsaq, onun üçün xüsusi bir yer tapmaq mümkün deyil. Bu dünyada qadın kişi ilə heç bir fərqi olmayan və hər bir məsələdə daha az iş bacardığı üçün daha az maaş almağa məhkum bir varlıqdır. Qadın ən ağır işlərdə işləməyə məcbur edilir. Bu ölkələrdəki fabrikləri gəzərkən insan çox vaxt ağır dəzgahların başında qızğın dəmirləri əlcəkli əlləri ilə tutan məhkum qadın tipləri ilə qarşılaşır. Dəmirçixanada qadın, gələn qızğın dəmiri maşa ilə tutub ikinci dəmirçiyə vermək vəzifəsini yerinə yetirir. Qan-tər içindədir. Axşam evinə gec gedəcək və ertəsi gün sabah təkrarən işinin başına dönəcəkdir. Ona mənəvi baxımdan heç bir şey göstərilmir. Əksinə, işindən daha az maaş alır. Yenə şərqdəki qadın dediyimiz zaman sizə bu tablonun yanında başqa bir tablo da göstərim.

Leyptsiqdə bir muzeyə getdik. Bu muzeylə tanışlıq üçün izahat verən bir qadın tipi gördük. Bu qadın hər dəqiqə eyni sözləri təkrar etməklə gələnlərə məlumat vermək vəzifəsini icra edən bir qadındır.

Yüz əlli il əvvəl bir xalq üsyanındakı qəhrəmanlar və bunlara aid bir heykəl haqqında danışarkən 45 dəqiqəlik danışığı ərzində yarım saat rusları mədh etməyə başladı. Halbuki bu üsyanın ruslarla heç bir əlaqəsi olmamışdır. “Görürsünüz, ruslar o zamandan bəri bizi xilas etmək üçün nə böyük fədakarlıqlar etmişlər”, – deyən bu bələdçi məhkum bir alman qadını idi. Danışığında üzünün ifadəsi elə idi ki, sanki: “Ah, mən normal, sərbəst bir yerdə olsam, sizə bu abidənin tarixçəsini və bizim hekayəmizi o qədər gözəl danışaram, amma … nə edim ki, burada bu yanıltmacı təkrar etməyə məcburam”, – demək istəyirdi.

 (ardı var)

Prof. d-r Nəcməddin Ərbakan

Mütərcim: Xəyyam Qurbanzadə

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma