KARİ ƏNSARİ

“Quran oxuyun, İslamı öyrənin, o zaman İsa Məsihi daha yaxından tanıyacaqsınız!”

KARİ ƏNSARİBu sözlər amerikalı yazar, ictimai xadim və İslamı qəbul etmiş gözəl qadın Kari Ənsariyə məxsusdur. Gözünü xristian ailəsində açan, hər il rəngarəng və gözqamaşdıran Milad bayramını qeyd etməyə alışan, kiçik yaşlarından qəlbi Allah kəlamına açılan Kari məhz müsəlman olduqdan sonra Həzrət İsanı (ə) və Həzrət Məryəmi (ə) həqiqi məhəbbətlə sevdiyini deyir.

Daim mənəvi axtarışda olmaq, həyatın mənasını dərk etməyə çalışmaq insana məxsus bir haldır. Dünya var olandan insan daim axtarır, nəyə isə nail olur, daha çox nail olmağa çalışır, yenə də axtarır. Hər kəsin həyatında bir “həqiqət anı” yaşanır ki, həmin an sanki beyində yeni bir ötürücü işə düşür, sanki dəfələrlə oxunan kitabın həqiqi mənası heç vaxt diqqət cəlb etməyən bir sözlə açılır.

Kimliyindən və elmi dünyagörüşündən asılı olmayaraq dünyada hər bir insan Allahın varlığı haqqında düşünür. Gəldiyi əqli nəticə onu ya imanlı, ya ateist, ya da aqnostik olmağa vadar edər. Bir olan Allaha iman etmək, onun müqəddəsliyini fitrətən hiss etmək kimliyindən asılı olmayaraq hər bir insanda mövcud olan haldır. Uca Allah deyir: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar və yerin yaradılması haqqında düşünər…”  (“Ali-İmran”, 190-191).

Gözünü adi bir amerikan və “dünyəvi xristian” ailəsində açan Kari hələ uşaq yaşlarından belə bir narahat ruha sahib olmuş qadınlardandır. Xristianliğı yalnız Pasxa, Milad bayramlarında kilsəyə getmək, “Müqəddəs gecə” mahnıları oxumaqla yaşayan valideynləri ona hərdən dini kitablardan davranış mədəniyyətinə aid yazılar oxuyur, əxlaqi qaydalar öyrədirdilər. Beləliklə də, Kari yüksək mənəviyyatlı ictimai fərd kimi yetişsə də, özü Allahla təmasdan, qəlbi isə iman nurundan məhrum olaraq qalırdı. Özünün İslamdan öncəki həyatı, narahat ruhi yaşantısı barədə Kari yazır: “ Xatırlayıram, bir dəfə atalığım mənə dedi: “Südü stolun üstünə sən dağıtmısan? Yox?  Yaxşı, amma bax, yalan danışırsansa, İsa hər şeyi görür”. Atamın Allahı xatırlatması hər dəfə belə də bitirdi: “İsa bilir, İsa görür”. Amma İsa nə edəcək, dağılmış südə onun münasibəti necə olacaq, anlaya bilmirdim”.

Bu suallara cavab tapa bilmək üçün Kari uşaq yaşlarından başlayaraq uşaqlar üçün nəzərdə tutulan Qızıl Bibliya, İncil kitablarını oxuyur və hətta xristianlığın məşhur “10 əmri”ni də əzbərləyir. Xüsusilə, Peyğəmbərlər haqqında oxuduğu maraqlı tarixçələr ona daha güclü təsir göstərir, lakin bütün bu oxuduqları, özünün də dediyi kimi, onun üçün tarixçə olaraq da qalırdı. Peyğəmbərlərin həyatı, mübarizəsi, yaşantıları onun həyatı ilə heç cür uyğunlaşmırdı, müqəddəs yazılarda oxuduqları ilə öz həyatını birləşdirəcək bir bağ görə bilmirdi: “Dini yəqinliyə çatmağı çox arzulayırdım, məktəb yoldaşlarım məndən xaç suyuna salınıb-salınmadığımı soruşurdular və yox cavabı alarkən “Ailəliklə cəhənnəmə düşəcəksiniz”, – deyirdilər. Mən isə cavabında “nə qədər ki, əxlaq və vicdanlı həyat sürürəm, Allah məni sevəcək” – desəm də, hiss edirdim ki, bu mürəkkəb və qəddar dünyada zaman keçdikcə mən də eqoist və dalğın, eyni zamanda da təkəbbürlü bir insana çevrilirəm. Həyatım azad buraxılmış istəklər və xudbin niyyətlərdən ibarət idi. Ailəm, övladım, gözəl karyeram olsa da, əsəblərim gərgin idi, hər şeyə reaksiya verir, hər kəsdən qıcıqlanırdım və demək olar ki, məqsədsiz bir həyat tərzi sürürdüm.  Boşanmış qadın və bir oğul anası kimi 30 yaşıma çatdıqda isə həyatıma gələcək ərim – əslən hindistanlı, tünd dərili və müsəlman imanlı bir insan – Əhməd daxil oldu. Onunla işlədiyim şirkətdə tanış olmuşdum. Mənim mətbuatdan tanıdığım sərsəm və qəddar müsəlman-ərəb imicinə tam əks bir insan olan Əhməd çox sakit və islami həyat yaşayırdı, sakit namaz qılır, sakit oruc tutur, həm özü yaşayır, həm də digərlərinə yaşamağa kömək edirdi. Onunla evlənməyə qərar verdik və şərtləşdiyimiz kimi, o, zorla öz dinini mənə sırımayacaq, mən isə övladımızın islami qaydada tərbiyə almasına mane olmayacaqdım. Amma zaman keçdikcə mömin bir insanın zövcəsi olmaq və mənim “yaxşı insan olaramsa, Allah məni sevər” – fəlsəfəm bir-birinə qarşı getməyə başladılar. Hiss edirdim ki, daha dərin bir şeyi “hər şey yaxşı olacaq” – nəzəriyyəsinə qurban verirəm. Mən də Əhməd kimi ilahi bir təmas, Allahla ünsiyyətdə olmaq istəyirdim, amma İslamdan qorxurdum.

Sonra bir qızımız oldu. Əhməd onun qulağına azan oxudu, mən də qızımızın müsəlman əqidəsində böyüyəcəyi barədə verdiyim vədə əməl edəsi oldum. Hər halda məndən fərqli olaraq onun Allah, iman, din haqqında artıq kiçik yaşlarından açıq söhbətlər dinləməyə daha çox şansı olacaqdı. Qızımızın islami yöndə necə tərbiyə alacağını, onu hansı öhdəliklər gözlədiyini daha dərindən öyrənmək məqsədilə Quran oxumağa başladım. Əslində bütün bunların qızımın həyatı üçün nə dərəcədə yaxşı olub-olmadığını bilmək istəyirdim, lakin Müqəddəs Quranı oxumağa davam etdikcə əsas məqsədim –  İslamın qızımın həyatına necə təsir göstərəcəyi barədə narahat düşüncələrim tədricən unudulur, onun yerini sevimli peyğəmbərlərim – İbrahim, Musa, Yusif,  İsa haqqında danışılan rəvayətlər, onların daha fərqli mövqedən tanımağa başladığım obrazları tutmağa başlayırdı. Mühəmməd Peyğəmbərin də həyatı ilə maraqlanırdım, Allahın rəhməti olsun ona, sən demə o da gülürmüş, sevinirmiş, əsəbiləşirmiş, ağlayırmış. O, kövrək də olub, sərt də, möhkəm də olub, zəif də… Hətta zaman-zaman Xədicə ilə dərdləşməsi, ondan məsləhətlər alması məni lap təsirləndirdi. Bu, mənim “hüquqsuz qadınların zülmə məruz qaldığı” İslam haqqındakı təsəvvürlərimə daban-dabana zidd idi. Peyğəmbərin məsciddə şəri sualları cavablandırdığı vaxtlarda onun qadınlara kişilərlə eyni zaman ayırması, onlara kişilərlə eyni danışmaq hüququnu verməsi heyrətamiz idi. Son xütbəsində gələcək nəsillərə müraciət edən Peyğəmbər müsəlman kişilərə öz qadınları və qızlarına hörmət, qayğı və sevgi ilə yaxınlaşmalarını tövsiyə etmişdi. Hüquqi və sosial ədalət məsələlərində gender bərabərliyi, insanın həm işgüzar, həm də şəxsi həyatının bütün aspektlərini əhatə edən və hamı üçün keçərli olan qanunlar, coğrafi və təbii varlıqların bu dərəcədə mükəmməl təsviri məni Müqəddəs Qurana qırılmaz iplərlə bağladı. İslamla yaxın təmasda, mütaliə və əqli düşüncələrdə keçən bir ildən sonra beynim qəlbimə yol tapdı, Allah Quran vasitəsilə mənimlə danışarkən qəlbimi Ona açdım. Tək və bənzərsiz, Peyğəmbər Mühəmməd (s)-in tanıtdığı, bir olan Allaha təslim oldum, İslamı qəbul etdim.

Beləliklə də, qızımın İslamda necə böyüyəcəyi sarıdan narahatlıqla yanaşdığım bu dində araşdırmalar apararkən, qızımı gözləyə biləcək təhlükəli məqamlar tapmağa cəhd edərkən İslam özü məni tapdı.

Qəlbləri fəth edən, həyatları və taleləri dəyişən Uca Allaha həmd olsun!

Zəhra Süleyman-Kıstı  

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma