HƏZRƏT XƏDİCƏ
Peyğəmbərin ilk xanımı
Babası Əbdülmüttəlib vəfat edərkən səkkiz yaşında olan Peyğəmbərimizi əmisi Əbutalib öz himayəsinə almışdı. Əbutalib onu bütün övladlarından daha çox sevər, onsuz süfrə başına oturmazdı. Övladları süfrəyə otursalar belə, “Durun, oğlum gəlsin” – deyərək onların yeməyə əvvəl başlamalarına mane olardı.
Əbutalibin ailəsi Peyğəmbərimizin iştirak etmədiyi süfrədəki yeməkdən doymazdılar. Onun olduğu süfrədə isə hamıya pay çatmaz zənn edilən yemək kifayət edər, hətta bəzən artıq da qalardı. Bu səbəbə görə bütün ailə onu çox sevərdi.
Peyğəmbərimizin əmisi Əbutalib Qüreyş qəbiləsinin böyüklərindən olmasına baxmayaraq, son dərəcə fəqir idi. Bir neçə dəvəsindən başqa heç nəyi yox idi. Üstəlik böyük bir ailəyə sahib idi. Uşaqlarının ehtiyaclarını ödəməkdə çətinlik çəkər, bu da onu narahat edərdi.
İllər keçdi, Peyğəmbərimiz iyirmi beş yaşına çatdı. O il Qüreyş qəbiləsinin zəngin şəxsləri Şama göndəriləcək bir ticarət karvanının hazırlığı ilə məşğul idi. Bu karvana Həzrət Xədicə də qoşulmuşdu.
Hz. Xədicə dul bir qadın idi. Buna görə də mallarına nəzarətçi olaraq Şama gedəcək etimadlı bir şəxsə ehtiyacı var idi. Buna görə də müəyyən adamlar vasitəsi ilə Məkkədə belə bir şəxsi axtarmağa başladı.
Əbutalib Hz. Xədicənin karvanına nəzarət edəcək bir şəxsi axtardığını eşitdikdə qohumu Həzrət Mühəmmədin yanına gəlib utana-utana ona belə dedi: “Ey qardaşımın oğlu, bilirsən ki, mən fəqir bir şəxsəm. Bu qıtlıq zamanında dolanışıq çox çətindir. Bax, qüreyşlilər Şama getmək üçün bir karvan hazırlayıblar. Bu karvana Xuvəylidin qızı Xədicə də qoşulub. Xədicə ticarətlə məşğul olan və qazandığı puldan başqalarının da istifadə etməsinə şərait yaradan bir qadındır. Onun indi sənin kimi etibarlı bir adama çox ehtiyacı var. Onun yanına getsən və bu işə meyilli olduğunu bildirsən, hər halda sənə başqalarından daha çox üstünlük verər.
Həqiqətdə mən sənin Şam tərəflərə getməyini istəmirəm və sənə yəhudilərdən bir zərər gəlməsindən qorxuram. Lakin başqa çarəm yoxdur”.
Peyğəmbərimiz əmisinə “Bəlkə, o mənə bir xəbər göndərər” – cavabını verdi.
Əbutalib: “Mən səndən başqasını vəzifələndirəcəyindən narahat oluram. Sən bu işin ardınca düş!” – dedi.
Peyğəmbərimiz sevgili əmisinin sözünü yerə salmadı: “Əmican, sən necə istəyirsənsə, elə də et” – dedi.
Xədicə Peyğəmbərimizin bu işə talib olduğunu eşidəndə çox sevindi, çünki onun doğru sözlü, etimadlı bir şəxs olduğunu, “Mühəmmədi-Əmin” ləqəbi ilə tanındığını çox yaxşı bilirdi. Ona xəbər göndərməməsinin səbəbi bu işə talib olacağını bilmədiyi üçün idi. Həmçinin “Mən onun bunu istəyəcəyini bilmirdim” – dedi. Sonra da xəbər göndərərək əvvəlcə ticarət karvanını öz öhdəsinə götürənlərə verdiyindən daha çox məvacib vermək şərti ilə ticarət malını Şama aparmasını təklif etdi. Peyğəmbərimiz yanına gələndə də belə dedi: “Səni Şama göndərəcəyim ticarət mallarının üstündə nəzarətçi göndərmək üçün çağırdım. Düz danışan, son dərəcə qətiyyətli, gözəl əxlaqa sahib olduğunu bilirəm. Sənə indiyə qədər heç kimə vermədiyim yüksək bir məvacib verəcəyəm”.
Karvan hazır oldu. Hz. Xədicə ticarət işlərini yaxşı bilən qulamı Məysərəni də Peyğəmbərimizə köməkçi verdi. Sonra bərk-bərk tapşırdı: “Mühəmməd sənə nə əmr edərsə, dərhal itaət edəcəksən. Heç bir fikrinə qarşı çıxmayacaqsan. Geri qayıdarkən onun hər hərəkətini mənə bildirəcəksən”.
Nəhayət, karvan yola çıxdı. Peyğəmbərimizin əmisi Əbutalib və xalaları onu yola salmağa gəldilər. Karvanda olan qohumlarından və tanışlarından qohumları Mühəmməd (s) ilə maraqlanmalarını rica etdilər.
Səfər vaxtı Peyğəmbərimizlə bağlı bir çox möcüzələr baş verdi. Bunlardan biri də onun yorulan və karvandan geri qalan dəvələri sürətləndirməsi idi. Hicaz ilə Şam arasında dəvələrdən ikisi yorulduqları üçün karvandan geri qalmışdı. Həmin anda Peyğəmbərimiz qabaqda gedirdi. Məysərə hadisəni xəbər verdi. Rəsulullah (s) dəvələrin yanına getdi. Onların ayaqlarının altlarını və sümüklərini ovdu, əlini sürtdü. Sonra da oradan ayrıldı. Dəvələr dərhal qaçmağa başladılar və dəstənin önünə keçdilər.
Üç ay davam edən yorucu bir səfərdən sonra Şama çatdılar. Karvanda malı olanlar Bəsrə bazarında münasib yerlərə endilər. Peyğəmbərimiz isə kilsənin yaxınlığında olan zeytun ağacının altında gecələdi.
Həmin vaxt kilsənin rahibi Nastura gələnləri pəncərədən seyr edirdi. Peyğəmbərimizin zeytun ağacının altında oturduğunu gördükdə birdən həyəcanlandı. Bu şəxsin kim olduğunu öyrənmək istədi. Məysərə daha əvvəllər də buralara gəldiyi üçün rahib onu tanıyırdı. Bir adam göndərərək qul Məysərəni yanına çağırtdı. Ağacın altında gecələyən şəxsin kim olduğunu soruşdu. Məysərə: “Məkkə xalqından və Qüreyş qəbiləsindən bir şəxsdir” – dedi. Rahib: “O ağacın altında indiyə qədər peyğəmbərlərdən başqa heç kim oturmamışdır” – dedikdən sonra son peyğəmbərin İncildəki vəsflərindən birini soruşdu: “Gözlərində qırmızılıq varmı?”
Məysərə: “Bəli, həm də o qırmızılıq gözlərindən heç vaxt ayrılmaz”, – deyərkən Rahib daha çox həyəcanla “O, peyğəmbərdir. Həm də peyğəmbərlərin sonuncusudur. Kaş ki mən onun peyğəmbər olaraq göndəriləcəyi zamana yetişə biləydim”, – dedi.
Bu söhbətdən sonra Məysərə bir yandan çox həyəcanlandığı halda, digər tərəfdən də son Peyğəmbərə xidmət etmənin sevincini və həzzini yaşayırdı. Ona olan sevgisi daha da artmışdı.
Məysərəni təəccübləndirən digər hadisə də Peyğəmbərimizin yəhudi bir müştəri ilə aralarında olan bu hadisə oldu.
Bir yəhudi Rəsulullah ilə bazarlıq edirdi. Yəhudi Peyğəmbərimizin dediklərinə inanmadı və ondan müşriklərin sitayiş etdiyi bütlərdən Lat və Üzzanın adına and içməsini istədi.
Peyğəmbərimiz o vaxta qədər insanlara heç bir faydası və zərəri toxunmayan bütlərə etibar etməmiş, onların adına and içməmişdi. Yəhudinin istəyini rədd etdi. “Mən indiyə qədər onların adına and içməmişəm. Onların yanından keçərkən üzümü çevirib keçmişəm”, – buyurdu.
Yəhudi onun bu sözündən sonra “Söz sənin sözündür” – dedi və Məysərəyə tərəf dönərək: “Vallah bu şəxs son peyğəmbərdir. Bizim alimlərimiz Tövratda onun vəsflərini tapıblar”, – dedi.
Bir neçə gün sonra satışlar sona çatdı, alınası şeylər alındı. Peyğəmbərimiz satdıqları mallardan böyük bir qazanc əldə etdiyi kimi almaq istədiyi əşyanı da ucuz qiymətə aldı. Beləcə iki tərəfli gəlirli bir ticarət etmiş oldu. Bütün bunları heyranlıqla izləyən Məysərə belə dedi: “Ya Mühəmməd, biz Xədicəyə ancaq qırx ildə qazana biləcəyi gəliri qazandırdıq. Həyatımda bu səfərdən daha çox gəlir əldə etdiyimizi xatırlamıram. Bu, şübhəsiz, sənin bərəkətindəndir”.
Alış-veriş tamamlandıqdan sonra karvan Məkkə tərəfə hərəkət etdi. Hava son dərəcə isti idi. Karvandakılar yandırıcı istinin altında təngnəfəs olurdular. İstidən şikayət etməyən yalnız Peyğəmbərimiz idi, çünki Allah mələklərini sevgili həbibinin yanına göndərmişdi. İki mələk kainatın ağasının üzərinə kölgə salmışdılar.
Məysərənin qəlbində Peyğəmbərimizə qarşı dərin bir sevgi oyanmış, xidmət etdiyi şəxsin bir Peyğəmbər olacağına dəqiq olaraq inanmışdı.
Uzun bir səfərdən sonra karvan Məkkəyə yaxınlaşdı. Məysərənin sevinci yerə-göyə sığmırdı. Sevinirdi və peyğəmbərimizdə gördüyü möcüzələri tez bir zamanda Hz. Xədicəyə xəbər vermək üçün can atırdı, lakin ticarətdən bol miqdarda gəlir əldə edildiyini Hz. Xədicəyə peyğəmbərimizin özünün xəbər verməsini istəyirdi. Belə dedi: “Ya Mühəmməd, sən məndən əvvəl get, nə qədər qazanc əldə etdiyimizi ona sən xəbər ver! Ta ki, səni daha yaxından tanıya bilsin!”
Peyğəmbərimiz bu təklifi qəbul etdi. Dəvəsinin sürətini artırdı, bir az sonra da gözdən itdi.
Peyğəmbərimiz Məkkəyə daxil olduğu vaxt Xədicə evinin damında oturub, Qüreyş qadınları ilə birlikdə söhbət edirdi. Mələklər hələ də Peyğəmbərimizin başının üstündə ona kölgə salırdılar. Xədicə həyəcanla bunu qadınlara göstərdi və “Baxın, baxın! Mələklər Mühəmmədin üzərinə kölgə salıblar”, – dedi.
Peyğəmbərimiz onların yanına gəldi və qazandığı gəlirin miqdarını bildirdi. Hz. Xədicə buna çox sevindi.
Bir az sonra karvan da qarşıda göründü. Məysərə malları gətirib Hz. Xədicəyə təqdim etdi.
Hz. Xədicə son dərəcə həyəcanlı idi. Maraqla qulamın Peyğəmbərimiz haqqında verəcəyi xəbəri gözləyirdi. Məysərə baş verən hadisələri bir-bir danışdı. Peyğəmbərimizin karvandan geri qalan dəvələri necə sürətləndirdiyini, rahibin peyğəmbərimiz haqqındakı sözlərini, yəhudi ilə arasında olan söhbəti, indiyə qədər qazanmadıqları gəliri necə əldə etdiklərini, mələklərin kölgə saldıqlarını, az yeməyin çox insana kifayət edib artdığını təkrar-təkrar danışdı.
Hz. Xədicə bu xəbərlərə çox sevindi. Danışılan məvacibdən daha artıq verərək Peyğəmbərimizi məmnun etdi. Bundan başqa onu bir boşqab təzə və yetişmiş xurmaya qonaq etdi.
Birlikdə doyunca yedilər, lakin xurma eyni ilə əvvəlki vəziyyətində qalırdı. Həzrət Xədicə bunu da yadında saxladı.
Həzrət Xədicə Məysərədən eşitdiklərini və öz gördüklərinin mənasını tam olaraq başa düşmək istəyirdi. Bu məqsədlə elmli olduğuna inandığı əmisi oğlu Vərəqə ibn Nofəlin yanına getdi.
Vərəqə Həzrət İbrahimin haqq dinini araşdırarkən bir gün bir yəhudi alimi ilə qarşılaşmış, bir az söhbət etdikdən sonra yəhudiliyi qəbul etmişdi.
Sonra xristian bir alimlə qarşılaşmış, onunla söhbət etdikdən sonra xristianlığı yəhudilikdən daha gözəl hesab edərək xristian olmuşdu. Bu xristiandan aldığı kitabları oxuyarkən bir çox məlumat əldə etmişdi. Son Peyğəmbərin vəsflərini öyrənmişdi.
Vərəqə Xədicəni dinlədikdən sonra belə dedi: “Ey Xədicə, əgər dediklərin doğrudursa, Mühəmməd bu ümmətin peyğəmbəri olacaq. Mən onsuz da bir peyğəmbər gələcəyini bilir və gözləyirdim. Zamanımız onun gələcəyi zamandır”.
Xədicə onu maraqlandıran sualların cavabını aldığına görə çox məmnun bir halda əmisi oğluna təşəkkür edib sonra oradan ayrıldı.
HƏZRƏT XƏDİCƏ PEYĞƏMBƏRİMİZƏ
EVLƏNMƏ TƏKLİF EDİR
Xədicə əsil-nəcabət, zənginlik və şərəf baxımından yüksək bir mövqeyə sahib idi. Bəsirətli, sağlam xarakterli və ağıllı bir qadın idi. Yüksək əxlaqı ilə tanınırdı. Cahillik dövründəki ləqəbi “təmiz qadın” mənasını verən “Tahirə” idi. Ərinin vəfatından sonra Qüreyşin adlı-sanlı kişilərindən çoxu ona evlənmə təklif etmişdi, lakin o, bu təkliflərin heç birini qəbul etməmişdi, çünki Ərəblərin bir bayram günündə, Qüreyş qadınları Məscidül-Həramda (Kəbənin yerləşdiyi yer) toplandıqları zaman yanlarına bir yəhudi gəlmiş və “Ey qadınlar, aranızdan bir peyğəmbər çıxması heç də uzun çəkməz. Sizdən hansınızın gücü çatarsa, onunla evlənsin”, – demişdi.
Qadınlar bu yəhudinin onları ələ saldığını zənn edərək qəzəblənmiş və ona daş ataraq oradan uzaqlaşdırmışdılar. Xədicə də orada idi. Bu sözləri o da eşitmişdi. O gündən sonra özünü bir Peyğəmbər xanımı olmağa hazırlamağı ağlından keçirməyə və düşünməyə başlamış, ona olunan evlənmə təkliflərinin hamısını rədd etmişdi.
Həzrət Xədicə gəlişi gözlənilən son peyğəmbərin Həzrət Mühəmməd olacağına ehtimal vermişdi. Belə bir şeyi düşünməsinin səbəbi, Məysərənin Şam səfəri əsnasında gördüklərini nəql etməsi, şəxsən özünün mələklərin Peyğəmbərimizə kölgə saldıqlarını görməsi və Vərəqə bin Nofəlin sözləri olmuşdu.
“Əgər o yəhudinin söylədiyi doğrudursa, gələcəyi xəbər verilən peyğəmbər ancaq budur!” – deyə düşünmüşdü. Buna görə də bundan sonrakı həyatını onunla birlikdə keçirməyi niyyət etmişdi. Bunu ən yaxın rəfiqəsi Nəfisə bint Münyəyə dedi. Bu xəbərə Nəfisə də çox sevindi, çünki Həzrət Mühəmmədi o da tanıyır, etimadlı bir şəxs olduğunu bilirdi. Bu evlilikdə özünün də bir rolu olmasını xahiş etdi.
Bu istəkdən sonra Xədicə ondan vasitəçi olmasını xahiş etdi, çünki ona güvənirdi. Nəfisə qalxıb Peyğəmbərimizin yanına getdi. Aralarında belə bir söhbət oldu:
– Ey Mühəmməd, Evlənməməyinin səbəbi nədir?
– Evlənəcək qədər pulum yoxdur.
– Bu təmin edilsə və sən mala, gözəlliyə, şərəfə və bərabərliyə çağırılsan, qəbul edərsənmi?
– O kimdir?
– Xuvəylidin qızı Xədicə.
– Bu mənim üçün necə ola bilər?
– Siz qəbul etsəniz, sonrasını mən həll edərəm.
– O halda istədiyini edərəm.
Bu danışıqdan sonra Nəfisə oradan ayrıldı. Sevinirdi, çünki ən çox sevdiyi rəfiqəsi Xədicənin arzusu yerinə yetmişdi. Gedib Xədicəyə müjdə verdi.
Xədicənin nəsəbi Peyğəmbərimizin ata tərəfindən babası Qusəyy ilə birləşirdi. Digər tərəfdən ana tərəfdən də soyu Rəsulullahın ata tərəfindən babası Lüəydə birləşirdi. Buna görə də Peyğəmbərimizə qohum idi. Nəfisənin gətirdiyi müjdədən sonra Peyğəmbərimizə belə bir xəbər göndərdi:
– Ey əmimin oğlu, sən mənim qohumum olduğun, qövmünün arasında şərəfli, əmniyyətli, gözəl əxlaqlı və doğru sözlü olduğun üçün səninlə evlənməyi arzu edirəm.
Peyğəmbərimiz (s) Xədicədən açıq şəkildə evlənmə təklifi alınca, bunu əmiləri Həmzə və Əbutalibə bildirdi. Belə bir evliliyi məsləhət görüb-görmədiklərini soruşdu. Onlar bunu məsləhət bildilər. Əbutalib Xədicənin yanına gedərək məsələnin mahiyyətini araşdırdı. Hz. Xədicə Əbutalibə, “Əmimin yanına get, qardaşının oğlu Mühəmməd ilə mənim nikahımı kəssin!” – dedi. Əbutalib: “Ey Xədicə, mənimlə zarafat etmə” – deyə cavab verdi. Hz. Xədicə zarafat etmədiyini söylədi. Beləcə qohumu ilə evlənmək istədiyini şəxsən Hz. Xədicənin ağzından eşidən Əbutalib oradan ayrıldı.
Bundan sonra hər iki tərəf də toy hazırlıqlarına başladı. Toy mərasiminin tarixini Xədicə təyin etdi. Mərasim onun evində olmalı idi. Təyin olunan tarixdə Peyğəmbər əfəndimiz, əmiləri, xalaları və Haşim oğullarının adlı-sanlı şəxsləri Xədicənin evinə gəldilər. Digər tərəfdən Xədicənin əmisi Əmr ibn Əsəd, əmisinin oğlu Vərəqə ibn Nofəl və digər qohumları da Hz. Xədicə tərəfdən hazır idilər. Toy üçün bütün hazırlıqlar tamamlandı, qoyunlar kəsildi, yeməklər bişirildi. Yeməkdən sonra adətə görə Əbutalib ayağa qalxdı, soyunu və şərəfini anladan bir xütbə söylədi və qohumu Mühəmməd (s) üçün Xədicənin münasib olduğunu bildirdi. Xütbənin məzmunu belə idi:
“Bundan sonra əsl məqsədə gəlib belə deyək: “Qardaşımın oğlu Mühəmməd ibn Abdullah ki, sizin qohumunuzdur. Qüreyşdən heç bir gənc ona bərabər deyil və onunla müqayisə edilə bilməz. O, şərəf və əsalətcə, ağıl və fəzilətcə onların hamısından üstündür. Düzdür, malı azdır, lakin mal dediyin nədir ki! Keçici bir kölgə, bir pərdə, alınıb verilən iyrənc bir şey! Allaha and içirəm ki, bundan belə onun mərtəbəsi daha da böyüyəcək, daha da yüksələcəkdir. İndi o sizin qızınız Xədicə ilə evlənmək istəyir və məhr olaraq iyirmi ədəd erkək dəvə verməyi qəbul edir”.
Əbutalibin bu danışığından sonra Vərəqə ibn Nofəl ayağa qalxdı. O da soyunu mədh etdikdən sonra Xədicənin peyğəmbərimizə layiq olduğunu elan edərək belə dedi:
“Allaha həmd olsun ki, bizi də dediyin kimi yaratdı. Saydıqlarından daha çoxu ilə bizə üstünlük verdi. Biz də ərəblərin böyüyü və rəisiyik, siz də. Ərəblərdən və digər insanlardan heç kim sizin fəzilətinizi və iftixar etdiyiniz şeyləri rədd etməz. Biz də sizinlə qohumluq qurmaq və şərəflənmək istəyirik. Ey qüreyşlilər, şahid olun ki, mən Xuvəylidin qızı Xədicəni iyirmi dəvə məhr müqabilində Mühəmməd ibn Abdullahla evləndirdim”.
Vərəqə ibn Nofəl söhbətini sona çatdırınca Xədicənin əmisi Əmr ibn Əsəd ayağa qalxdı və bu evliliyə razı olduğunu söylədi.
Beləcə Həzrət Xədicə hər cür əxlaqsızlığın yayqın olduğu cahillik dövründə əxlaq və fəzilətinin mükafatı olaraq kainatın ağasına xanım olma şərəfinə nail oldu.
Peyğəmbərimiz möhtərəm xanımı ilə əmisi Əbutalibin evinə gəldi. Burada iki dəvə kəsdirərək toy yeməyi verdi. Əbutalib də bu məsud evliliyə xatir dəvə kəsdi və xalqa ziyafət verdi. Bu vaxt verdiyi bu nemət üçün Cənabı-Haqqa həmd edir: “Allaha həmd olsun ki, bizdən bütün sıxıntıları uzaqlaşdırdı”, – deyirdi.
Peyğəmbərimiz (s) əmisinin evində ancaq bir neçə gün qala bildi. Sonra xanımı Hz. Xədicənin evinə köçdü.
Hz. Xədicə Peyğəmbərimizlə evləndiyi vaxtlarda qırx yaşında idi. Peyğəmbərimiz isə iyirmi beş yaşında bir gənc idi. Peyğəmbər əfəndimiz beləcə ilk dəfə özündən on beş yaş böyük və dul bir qadınla evləndi.
Hz. Xədicə bütün sərvətini Peyğəmbər əfəndimizin əmin əllərinə verdi. Rəsulullah (s) ticarətə davam etdi. Sevimli xanımının etimadını boşa çıxarmadı. Bol qazanc əldə etdi, lakin bu zənginlik onun sadə həyatını dəyişdirmədi. Əvvəlki halı necə idisə, o halını mühafizə etdi. Heç bir zaman israfçılığa yol verməzdi. Onsuz da onun qəlbini və ruhunu bambaşqa ülvi duyğular bürümüşdü. Dünya sevgisinə o qəlbdə yer yox idi.
Hz. Xədicə Peyğəmbərimizdən yaşca böyük olmasına baxmayaraq, ona qarşı son dərəcə hörmətcil, səmimi və sayqılı idi. Bir dediyini iki etməzdi. Bütün evdarlıq vəzifələrini yerinə yetirir, maddi və mənəvi heç bir fədakarlıqdan çəkinmirdi. Artıq könlündəki boşluq dolmuş, son Peyğəmbərə xanım olma şərəfinə nail olmuşdu. Peyğəmbər əfəndimiz bu xoşbəxt evliliyi ilə “Bir ailə necə qurulur? Ər-arvad necə keçinir? Ailə yuvası necə Cənnətin bir guşəsi olur?” – suallarına yaşanan misallar verərək insanlıq aləminə rəhbərlik edirdi.
Hz. Xədicə qonaqpərvərlikdə və comərdlikdə əvəzsiz bir mövqeyə sahib idi. Bu səbəbdən evdən qonaq heç bir zaman əskik olmurdu. Artıq evdəki xidmətçilər yetmirdi. Evə yeni xidmətçilər lazım idi. Şama gedən qohumu Hakim ibn Nizamdan özü üçün bir qul alıb gətirməsini istədi.
Hakim də hələ kiçik bir uşaq olan Zeyd ibn Harisəni satın aldı və Məkkəyə gətirdi. Zeyd anası ilə birlikdə dayılarının ziyarətinə getdiyi vaxt bir qövmün basqınına uğramış və əsir düşmüşdü. Sonra da qul olaraq satılmışdı.
Hz. Xədicə “Xoş gəldin” – demək üçün yanına gedəndə, Hakim hələ səkkiz yaşında olan Zeydi xalasına təqdim etdi. Hz. Xədicə Zeydi alaraq evinə gətirdi.
Peyğəmbərimiz o yaşlarda belə insanların hürriyyətinin satın alınmasını və onların kölə vəziyyətinə salınmağını yaxşı qarşılamırdı. Onun uca əxlaqı ilə belə bir şey təzad təşkil edirdi. Xanımına “Əgər bu qul mənim olsaydı, mütləq onu hürriyyətinə qovuşdurardım”, – buyurdu. Hz. Xədicə möhtərəm ərinin bu sözünə qarşılıq heç tərəddüd etmədən, “Buyur, o sənin olsun”, – cavabını verdi.
Xanımına təşəkkür edən Peyğəmbərimiz Zeydi həmin an azad etdi. Zeyd Peyğəmbərimiz risalətlə vəzifələndirildikdən sonra ona inanan ilk beş nəfərə qoşulub əshabələrin böyüklərindən olacaqdı.
HƏZRƏT XƏDİCƏNİN ÖVLADLARI
Hz. Xədicənin Peyğəmbərimizlə evliliklərinin ilk ili idi. Evlərində bir təlaş var idi. Qadınlar Hz. Xədicənin evinə dolmuşdu. Mamalıq vəzifəsini Peyğəmbərimizin xalası Səfiyyənin xidmətçisi Səlma Xatun edirdi.
Hamını böyük bir həyəcan dalğası bürümüşdü. Bu maraqlı intizar uzun çəkmədi. Bir az sonra evliliyin ilk meyvəsi olaraq Qasım dünyaya gəldi.
Qasımın doğumundan sonra peyğəmbərimizi “Əbülqasim” (Qasımın atası) kunyəsi ilə çağırdılar.
Peyğəmbərimiz Qasım üçün qurban kəsdi, ziyafət verdi.
Hz. Xədicənin Qasımdan sonra dörd qızı və bir oğlu oldu. Bu oğlan uşaqlarının ikisi də Məkkə dövründə vəfat etdi. Qızları isə Hz. Fatimədən başqa, hamısı Rəsulullahdan əvvəl vəfat etdilər. Fatimə anamız da sevgili atasından altı ay sonra dünyasını dəyişdi.
Hz. Xədicənin Qasımdan sonra doğum sırasına görə uşaqları bunlardır: Zeynəb, Ruqiyyə, Ümmügülsüm, Fatimə, Abdullah. Rəsulullahın qızları haqqında “Peyğəmbərimizin qızları” başlığı altında məlumat verilib.
QADINLARDAN İLK MÜSƏLMAN
Xədicə anamızın sevgili əri Cənabı-Haqqdan aldığı əmrləri bütün dünyaya elan etməklə vəzifələndirilmişdi. İçində yaşadığı cəmiyyətdə belə bir vəzifə asan deyildi. Bütün dünya bu anda ərinin qarşısında idi.
Hz. Xədicə onu fikirli gördükdə “Sənin Peyğəmbər olduğuna mən inanıram. Sənə Allahdan gələn haqq və gerçəkdir”, – deyərək iki cahan günəşinə mənən dəstək oldu. Belə bir zamanda xanımının tərəddüdsüz müsəlman olması Peyğəmbərimizi çox sevindirdi, şövqünü artırdı.
Hz. Xədicə bununla kifayətlənməyəcək, gələcəkdə məruz qaldığı əzab və cəfalara qarşı sevgili ərinə təsəlli verəcək, üzüntüsünü aparacaq və vəzifəsini asanlaşdıracaqdı.
Hz. Xədicədən sonra Peyğəmbərimizin böyük qızı Hz. Zeynəb və Hz. Ruqiyyə də müsəlman oldular. O vaxtlar Hz. Zeynəb on, Hz. Ruqiyyə isə yeddi yaşında idi.
BÜTÜN SƏRVƏTİNİ XƏRCLƏDİ
Nübüvvətin yeddinci ili idi. Müşriklər Peyğəmbərimizin təbliğinə heç cür mane ola bilməyincə mübarək vücudunu ortadan qaldırmaq üçün hərəkətə keçdilər. Peyğəmbərin əmisi Əbutalib bunu öyrəndikdə Allaha: “Ey Allahım! Qövmüm mənə qarşı azğınlıq etdi və üsyana qalxdı. Bizə yardım et. Onlara mane ol. Qardaşımın oğlunu öldürmələrinə imkan vermə” – deyə yalvardı. Əbutalib sonra Haşim və Əbdülmüttəlib oğullarını topladı. Onlardan Rəsulullahı qorumalarını istədi. Əbuləhəb istisna olmaqla, müsəlman olan-olmayan hər kəs onun dəvətini qəbul etdi. Hamı bir yerə toplandı.
Bundan xəbər tutan müşriklər də bir yerə toplaşdılar. Öldürmələri üçün Rəsulullahı onlara təslim edənə qədər Haşim və Müttəlib oğullarına qarşı boykot elan etməyi və onlardan gələcək barış diləyini qəbul etməməyi qərarlaşdırdılar. Əgər Haşim oğulları Rəsulullahı onlara təslim etməsə, bu şərtləri tətbiq edəcəkdilər.
1. Onlara qız verməyəcək və onlardan qız almayacaqdılar;
2. Onlara bir şey satmayacaq və onlardan bir şey satın almayacaqdılar;
3. Görüşməyəcək və danışmayacaqdılar;
4. Evlərinə girməyəcəkdilər.
Bu maddələri bir kağıza yazıb möhürlədilər və aparıb Kəbəyə asdılar.
Peyğəmbərimiz müşriklərin insanlığa sığmayan bu hərəkətlərindən xəbər tutduqda qarğış etdi. Bu qarğışa görə müqavilənin mətnini yazan Mənsurun əli şikəst oldu. Müşriklər təlaşa düşdülər. “Haşim oğullarına zülm etdik. Buna görə Mənsur zülmə uğradı” – deyə deyinməyə başladılar.
Əbutalib müşriklərə bu haqsızlıqlarına görə başlarına böyük bir fəlakət gələ biləcəyini, fitnə-fəsad yaradanlara aldanıb aradakı dostluq bağlarını qırmamalarını, qanlı bir savaşa səbəb olmamalarını, Rəsulullahın qətiyyən onlara təslim edilməyəcəyini bildirdi. Savaşmaqdan geri çəkilməyəcəklərini xatırlatdı.
Təzyiqlərə və boykota baxmayaraq Peyğəmbərimiz missiyasını təbliğ etməkdən əsla geri çəkilmədi. Fürsət düşdükcə risalətini təbliğ etdi, lakin müşriklər fikirlərindən dönmürdülər. Müsəlmanlara və onlara sahib çıxan Haşim və Müttəlib oğullarına qarşı bir çox qadağalar tətbiq edirdilər. Məkkəyə gələn ərzağı həmin an özləri alaraq onları aclıqdan öldürməyi düşünürdülər.
Embarqo altında olanlardan biri alış-veriş üçün bir tacirin yanına gəldikdə Əbuləhəb dərhal özünü çatdırar və tacirə belə deyərdi: “Ey tacirlər! Mühəmmədin tərəfdarları üçün qiymətləri elə qaldırın ki, onlar sizdən bir şey ala bilməsinlər. Siz mənim zəngin və verdiyi sözü yerinə yetirən bir şəxs olduğumu bilirsiniz. Belə etməklə sizə bir zərər dəyməyəcəyinə mən zaminəm”.
Bu təminatı alan tacirlər malların qiymətini qat-qat qaldırırdılar. Bunun nəticəsində alış-veriş üçün çıxan bir şəxs heç bir şey ala bilmədən geri qayıdır, aclıqdan ağlayan uşaqlarının yanına dönmə məcburiyyətində qalırdı.
Bu vicdansız boykot davam edərkən Hz. Xədicə və Əbutalib bütün sərvətini embarqo tətbiq edilənlərin ehtiyaclarını ödəmək üçün xərclədilər.
Boykotdan üç il keçmişdi. Bu müddət ərzində müsəlmanlar çox ağır sıxıntılar çəkmişdilər. Aclıqdan ölənlər olmuşdu, lakin müsəlmanlardan heç kim dinindən dönməmişdi. Əksinə, daha da dinə bağlanmışdılar. Bütün təşəbbüslərinin beləcə boş çıxması müşrikləri çox qəzəbləndirirdi.
Müşriklərə qalsaydı insanlığa sığmayan bu boykotu aradan qaldırmayacaqdılar, lakin uca Rəbbimiz həmişə insanların yanındadır. Bəli, hikmətinin tələbi olaraq möminlərin sıxıntı çəkməsinə izin verirdi, lakin onlar bu sıxıntılara səbir etdikləri zaman dərhal öz yardımını göndərirdi. İndi də belə oldu. Müşriklərin Kəbəyə asdıqları səhifəyə bir ağac qurdu (güvə) müsəllət etdi. Güvə səhifədə yazılan “Bismikəllahummə” (“Allahım, Sənin adınla başlayıram!”) ifadəsi istisna olmaqla, zülm ifadə edən hər şeyi yedi. Cənabi-Haqq bu hadisəni Rəsulullaha vəhy etdi. Peyğəmbərimiz də bunu əmisi Əbutalib vasitəsilə müşriklərə bildirdi.
Hadisəni öyrənən müşriklər Peyğəmbərimizin bir möcüzəsinə şahid olduqları halda “sehrdir” dedilər. İnadlarını davam etdirdilər, lakin boykot hadisəsi öz tərəfdarları arasında da qalmaqala səbəb olunca, istəməyərək boykotu qaldırmağa məcbur oldular.
OĞULLARI VƏFAT EDİR
Peyğəmbərliyin onuncu ili idi. Boykot qaldırılmış, müsəlmanlar bir az rahatlanmışdılar, lakin bu sevinc çox çəkmədi, acı hadisələr bir-birini əvəz etdi. Bu acı hadisələrin birincisi, böyük oğlu Hz. Qasimin uşaq ikən vəfat etməsi oldu.
Onun vəfatı başda bir şəfqət qəhrəmanı olan peyğəmbərimizi, Hz. Xədicəni və bütün müsəlmanları dərindən kədərləndirdi.
Xədicə anamız Hz. Qasımın acısını yaşadığı halda, başqa bir acı hadisə baş verdi. Oğlu Abdullah da vəfat etdi.
Qəza və qədərə təslimiyyətin, Allaha təvəkkülün zirvəsində olan Hz. Xədicə bu acı hadisələr qarşısında yenə də göz yaşlarını saxlaya bilmədi. İki oğlan övladını dalbadal torpağa basdırmaq bir ana üçün, əlbəttə, asan deyildi, lakin Hz. Xədicə anamız səbir və təslimiyyətdə Rəsulullahdan nümunə götürür, əmanət sahibinin verdiyi əmanəti geri aldığını düşünərək təsəlli tapırdı. Bir dəfə sevgili ərindən: “Ya Rəsuləllah, indi onlar haradadırlar?” – deyə soruşdu. Sevgili Peyğəmbərimiz: “Cənnətdə” cavabını verəndə Xədicənin səbir və təhəmmülü daha da artdı.
HƏZRƏT XƏDİCƏ VƏFAT EDİR
Peyğəmbərimizin uşaqlarının kədəri hələ unudulmamış Rəsulullahı və müsəlmanları dərindən üzən başqa bir hadisə oldu.
Onlara qol-qanad olan, bütün sərvətini Allah yolunda onlar üçün xərcləyən, müşriklərə qarşı onları qoruyan Hz. Xədicə anamız xəstələndi. Hamı onun başına toplanıb göz yaşı tökürdü, lakin ayrılıq zamanı gəlmişdi. 65 yaşında Hz. Xədicə anamız həyatın ağır yükünə artıq dözə bilmədi. Sıxıntının, üzüntünün, yaşlılığın olmadığı bir aləm onu gözləyirdi. Dünyada əkdiklərini biçməyə gedirdi. Hicrətdən üç il əvvəl ramazan ayında fani dünyadan əbədi aləmə köçdü. Hz. Cəbrayılın illər öncə müjdələdiyi Cənnətdəki sarayına getdi. Uca Rəbbimiz illər öncə Hz. Xədicəyə Cəbrayılla salam göndərmiş, Cəbrayıl da Peyğəmbərimizə ona bu müjdəni verməsini vəhy etmişdi: “Xədicəyə Rəbbindən və məndən salam söylə. Onu Cənnətdə incidən tikilmiş bir sarayla müjdələ. Orada nə səs-küy vardır, nə də çalışıb işləmək. Zəhmətli və ağır şeylər olmayacaq”.
Xədicə anamız Məkkənin Hacun qəbiristanlığında dəfn edildi. Onun qəbrinə Peyğəmbərimiz özü endi. Cənazə namazı o vaxtlar hələ vacib olmadığı üçün cənazə namazı qılınmadı.
Hz. Xədicə Peyğəmbərimiz üçün sadiq bir müşavir idi. Sıxıntılarını yüngülləşdirən bir sükunət qaynağı idi. Rəsulullah onunla söhbət etdikdə əzab-əziyyətini unudardı. Buna görə də onu çox sevirdi. İyirmi beş il birlikdə məsud bir həyat keçirdiyi Hz. Xədicəni vəfatından sonra tez-tez yada salır, yaxınlarından yanına gələnlərin kefini və əhvalını soruşur, ona ehsan edirdi. Hz. Xədicənin səxavətini, ən çətin anında ona etdiyi böyük yardımları hər zaman xatırlayırdı.
Bir dəfə Hz. Xədicə həyatda olmadığı günlərdə Aişə anamız onu qısqanır. Peyğəmbərimiz Hz. Xədicənin xeyirxahlıqlarından danışır. Həzrət Aişə də özünü saxlaya bilməyib deyir: “Həmişə Xədicə haqqında danışırsınız. Halbuki Allah sizə ondan daha gənc və gözəl xanımlar vermişdir”. Rəsulullah müdaxilə edib buyurur: “Xeyr! Allah mənə ondan daha xeyirlisini vermədi, çünki o, hamı küfr içində olduğu vaxtda mənə iman gətirdi. Hamı məni təkzib etdiyi bir vaxtda məni təsdiq etdi. Hamı hər şeyi məndən əsirgədiyi bir vaxtda məni malına şərik etdi. Və Allah mənə ondan övladlar ehsan etdi”.
Bu sözlərdən sonra Hz. Aişə utandı, Hz.Xədicəyə qarşı içində olan qısqanclıq ortadan qalxdı. Peyğəmbərimizdən üzr istəyərək belə dedi: “Ey Allahın Rəsulu, səni Peyğəmbər olaraq göndərən Allaha and içirəm ki, bundan sonra Xədicənin xatirələrini mənə danışmağını istəyirəm”.
Hz. Xədicənin həyatını onun fəzilətini ifadə edən iki hədislə bitirmək istəyirəm:
“Xədicə Allaha və Mühəmmədə iman barəsində bütün qadınları keçdi”.
“Cənnət qadınlarının ən xeyirlisi Xədicə, Fatimə, Məryəm və Asiyədir”.
Allah ondan razı olsun!
İsmayıl Mutlu; “Xanım əshabələr”
Mütərcim: Məhbubə Kərimzadə