PEYĞƏMBƏRİMİZİN XANIMLARI

HƏZRƏT SAUDƏ

Peyğəmbərimizin ikinci həyat yoldaşı

10624983_748068165247278_754722341997984069_nHəm övladlarının, həm də xanımı Hz. Xədicənin və əmisi Əbutalibin bir-birinin ardınca vəfat etməsi Peyğəmbərimizə çox pis təsir etdi. “Bu günlərdə bu ümmətin başına gələn iki müsibətdən hansına daha çox kədərlənəcəyimi bilmirəm” deməkdən belə özünü saxlaya bilmədi. Kədərli hadisələrin bir-birinin ardınca gəldiyi bu ilə “sənətül-hüzn” (“hüzn ili”) deyildi.

Qohumları ailə həyatında bir boşluq yaranan Peyğəmbərimizə təsəlli verib ona kömək edə biləcək bir xanıma ehtiyacı olduğunu düşündülər. Bu məqsədlə Osman ibn Məzunun xanımı Haulə Peyğəmbərimizin yanına getdi.

“Ey Allahın Rəsulu, Xədicənin yoxluğunu o dəqiqə hiss etdim”, dedi. Peyğəmbərimiz: “Bəli” buyurdu. “O, övladlarımın anası, evimin də qoruyucusu idi” cavabını verdi. Hz. Haulə gəlişinin məqsədini dedi. “Ya Rəsuləllah, evlənmək istəyirsənmi?” deyə soruşdu.
Rəsulullah (s), “Münasib biri olsa, bəli” cavabını verdi. Sonra da kimi nəzərdə tutduğunu soruşdu. Hz. Haulə Hz. Əbubəkrin qızı Aişə ilə, Zəmənin qızı Saudəni nəzərdə tutduğunu dedi. Peyğəmbərimiz: “Get mənim adımdan onların hər ikisi ilə danış” buyuraraq onu özünə vəkil təyin etdi.

Hz. Aişə həmin vaxtlar çox kiçik idi. Ərə gedəcək yaşda deyildi. Peyğəmbərimiz onunla sadəcə olaraq nişanlanmaq istəyirdi.

Hz. Saudə isə eyni zamanda əmisi oğlu olan əri Səkranla İslamı qəbul edən ilk müsəlmanlardan idi. Bu xoşbəxt ər-arvad bütləri buraxıb kainatın yaradıcısı Uca Allaha iman edərək qohumlarının da içində olan müşriklərin şiddətli işgəncələri ilə qarşılaşmışdılar. Bu işgəncələr dözülməz bir hala gəldikdə bir qrup müsəlmanla Həbəşistana hicrət etmişdilər. Bir müddət orada qaldıqdan sonra Məkkəyə geri qayıtmışdılar. Həmin vaxtlarda Səkran xəstələnmiş və vəfat etmiş, Hz. Saudə beş uşaqla dul qalmışdı. Maddi vəziyyəti ağır idi.

Peyğəmbərimizdən səlahiyyət alan Hz. Haulə dərhal Hz. Saudənin yanına getdi və “Rəsulullah məni sənin yanına elçiliyə göndərdi” müjdəsini verdi. Hz. Saudə çox sevindi. Onsuz da əri Səkranın vəfatından bir neçə gün əvvəl gördüyü yuxuda Peyğəmbərimiz mübarək ayaqlarını onun çiyninə qoymuşdu. Bunu ərinə danışmış, o da bu yuxunu belə təvil etmişdi: “Əgər sən doğrudan da belə bir yuxu görmüsənsə, bu mənim mütləq öləcəyimə, sənin də Peyğəmbərimizlə evlənəcəyinə dair bir işarədir”.

Hz. Saudə yuxusunu yadına saldı. Buna baxmayaraq, çox həyəcanlı idi. Hauləyə müsbət və ya mənfi bir cavab vermədi. Haulə vəziyyəti Peyğəmbərimizə çatdırdı.

Onun cavabının gecikdiyini görüncə, Peyğəmbərimiz Hz. Saudənin yanına özü getdi, “Təklifimi qəbul etməməyinin səbəbi nədir?” deyə soruşdu. Hz. Saudə belə cavab verdi: “Ey Allahın Rəsulu! Vallah səninlə evlənməyimə mane olan heç bir mühüm səbəb yoxdur. Ancaq bu uşaqların səhər-axşam səni narahat edəcəklərini fikirləşəndə səninlə evlənməkdən çəkinirəm”.

Aləmlərə rəhmət olaraq göndərilən Allah Rəsulu tərəddüdünün yersiz olduğunu ona bu cür bildirdi: “Allahın rəhməti üzərinə olsun. Qadınların xeyirlisi kiçik uşaqları ilə bağlı çətinliklərlə qarşılaşandır. Kəbini kəsdirmək üçün qohumlarından birini vəzifələndir”.

Hz. Saudə heç bir şey demədi. Gördüyü yuxunun doğru olmasına görə keçirdiyi həyəcanın təsiri altında qaynı Xətib ibn Əmri kəbininin kəsilməsi üçün vəkil təyin etdi. Beləliklə, Hz. Saudə peyğəmbərliyin 10-cu ilində Rəsulullahın ikinci xanımı olma şərəfinə nail oldu.

Həmin vaxtlarda Saudənin yaşı əlli olardı. Bu təklifi qəbul etməsinin tək məqsədi Peyğəmbərimizin xanımı olma şərəfini qazanmaq idi.

Peyğəmbərimiz iman fədaisi olan bu əziz əshabə qadını həm gözü dönmüş və mərhəmətdən məhrum olan qohumlarının zülmündən qorumaq, həm də dinini rahat yaşaya bilmək üçün hər şeyi göz önünə alaraq hicrət etməkdən çəkinməməsinə görə onu mükafatlandırmaq üçün onunla evlənmişdi. Yəni bu evliliyə tam bir himayə və şəfqət hissi hakim idi. Onun məqsədi dul və beş yetim uşaq sahibi mücahidə bir qadını qorumaq idi. Onsuz da həmin vaxt evləndiyi başqa bir qadın da yox idi.

Hz. Saudə Peyğəmbərimizə qarşı çox itaətkar idi. Ona xidmətdə qüsura yol verməz və istəklərini dərhal yerinə yetirərdi. Rəsulullaha xidmət etməyi özü üçün böyük bir şərəf sayardı.

Hz. Saudə Rəsulullahın digər xanımları ilə birlikdə “Vida Həcci”ndə olmuşdu. Peyğəmbərimizin vəfatından sonra bir də nə həccə, nə də ümrəyə getdi. Ondan bunun səbəbini soruşanda, “Artıq Allahın əmr etdiyi kimi evimdə oturacağam” cavabını verdi. Bununla Uca Allahın Siz ey Peyğəmbərin zövcələri! Evlərinizdə qərar tutun. İlkin Cahiliyyət dövründəki kimi açıqsaçıq olmayın əmrini yada salırdı.

Hz. Saudə dünyaya bağlı deyildi. Əlinə gələn ruzinin çoxunu sədəqə olaraq fəqirlərə paylayardı. Bir dəfə Hz. Ömər ona çoxlu miqdarda pul göndərmişdi. Əvvəl onun pul olduğunu başa düşmədi. “Bu nədir?” deyə soruşdu. “Pul” deyilincə, “Xurmadır ki, bu qədər çox göndərib” deyərək hamısını fəqirlərə payladı.

Saudə anamız hicrətin 54-cü ilində Müaviyənin xəlifəliyi dövründə vəfat etdi. Yaşı yüzü keçmişdi.  Allah ondan razı olsun!

İsmayıl Mutlu; “Xanım əshabələr”

Mütərcim: Məhbubə Kərimzadə

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma