PEYĞƏMBƏRİMİZİN XANIMLARI

HƏZRƏT AİŞƏ

Hz. Əbubəkrin qızı

lotus“Möminlərin anası Hz. Aişə” adı ilə nəşr etdiyimiz əsərimizdə Aişə anamızın həyatına geniş şəkildə toxunduq. Buna görə də onun həyatını təfsilatı ilə şərh etmədən qısa şəkildə bəzi məlumatlar verəcəyik. .

Hz. Xədicənin vəfatından sonra idi. Peyğəmbərimiz bir gün yuxusunda Hz. Cəbrayılı gördü. Cəbrayıl (ə) Peyğəmbərimizə mücrü içində bir qadın şəkli təqdim etdi: “Ey Allahın Rəsulu, bu qız Xədicəyə qarşılıq sənin hüzn və yalqızlığını bir az da olsa, yüngülləşdirib sənə həyat yoldaşı olacaq”. Peyğəmbərimiz ona təqdim edilən qızın üzünü açanda onun Hz. Aişə olduğunu gördü.

Peyğəmbərimizə vəhy müxtəlif şəkillərdə gəlirdi. Bunlardan biri də doğru yuxu idi. Yuxusunda nə görsəydi, eyni şəkildə də gerçəkləşirdi. Bu yuxudan Cənabı-Haqqın əmri ilə Hz. Aişə ilə evlənəcəyini başa düşdü.

Hz. Saudənin həyatı haqqında yazarkən də ifadə etdiyimiz kimi, Hz. Haulənin təklifi ilə Peyğəmbərimiz onu Aişəni istəmək üçün vəzifələndirdi. Hz. Aişənin yaşı az olduğuna görə onunla sadəcə olaraq nişanlandılar. Toyları hicrətdən bir il sonra Mədinədə baş verdi.

Varlı bir ailədə böyüyən Hz. Aişə Peyğəmbərimizlə birlikdə sıxıntılı bir həyat yaşadı, lakin heç bir vaxt bundan şikayət etmədi. Dünyanın fani olduğunu bildiyinə görə əbədi olan axirət həyatını ona tərcih etdi. Buna görə də bütün sıxıntılara səbirlə dözdü.

Peyğəmbərimiz hər zaman onu əyləndirir, onunla yarışlar keçirərdi. Hərdən də onunla zarafatlaşardı.

Hz. Aişə Cəbrayılı görmə şərəfinə də nail oldu. Peyğəmbərimiz ona Cəbrayılın salam verdiyini bildirdi.

Xanımları içərisində Peyğəmbərimiz ən çox onu sevirdi. Bunun səbəbi onun gözəlliyi deyildi, çünki xanımları içərisində ondan daha gözəl olanları vardı. Ona olan sevgisinin səbəbi onun dini məsələləri anlamaq, hafizəsində saxlamaq cəhətdən cəhd göstərməsi idi. Kainatın Fəxri, peyğəmbərlik nuru ilə Hz. Aişənin istiqbalda İslamiyyətə edəcəyi xidmətləri görmüş və ona daha çox sevgi bəsləyərək bu yola həvəsləndirmişdir.

Hz. Aişə də Peyğəmbərimizi çox sevər, onu incitməməyə çalışar  və həmişə buna böyük cəhd göstərərdi.

Hz. Aişə Rəsulullahın sirdaşı idi. Peyğəmbərimiz ən yaxın arxadaşlarına belə demədiyi sirlərini ona söyləyərdi.

Aişə anamız böyük bir öyrənmə arzusuna sahib idi. Rəsulullahı diqqətlə dinlər, onun mübarək ağzından çıxan hər şeyi anındaca hafizəsində saxlayardı. Anlamadıqlarını dərhal soruşardı. Rəsulullah (s) onun bu öyrənmə arzusunu təqdir edər, soruşduğu hər sualı hərtərəfli  izah edərdi.

Bir gün Rəsulullah: “İnsanlar yalın ayaq və çılpaq olaraq həşr olunacaq”, – deyə buyurmuşdu. Həya və ədəbdə müstəsna bir yerə sahib olan Hz. Aişə bunu duyunca: “Qadınlar və erkəklər bir-birinə baxmayacaqlarmı?” – deyərək təəccüblə soruşmuşdur. Peyğəmbərimiz isə cavabında belə buyurmuşdur: “Ey Aişə, həşir işi çox çətindir. İnsanların bir-birinə baxmalarına müsaid deyildir”.

Hz. Aişə özü soruşaraq öyrəndiyi kimi, bəzən də Rəsulullahın onun qüsurlarını xəbərdarlıq etməsi ilə bilgi sahibi olurdu. Bir dəfə yerə atılmış bir çörək parçası görən Peyğəmbərimiz onu yerdən götürmüş və belə buyurmuşdur: “Ey Aişə, dəyərli şeylərə sayğı göstər, çünki çörək parçası hansı cəmiyyətə nifrət etmişdirsə, bir daha onlara geri dönməmişdir”.

Bəzən də Peyğəmbərimiz ortada heç bir şey yox ikən öyrətmək niyyəti ilə ona nəsihətlər verərdi. O, söhbətlərinin birində kiçik qüsurlardan bir şey çıxmayacağını zənn etmənin doğru olmayacağını belə ifadə etdi: “Ey Aişə, qüsurlarını, qəbahətlərini və günahlarını əhəmiyyətsiz görənlərdən çəkin, çünki Cənabı-Haqq bunları hesaba çəkər”.

Hz. Aişə hər kəsə örnək olacaq bir həyat yaşadı. O, gözəl əxlaqın tamamını özündə toplamış fəzilət sahibi idi. Örtünməyə diqqət edərdi. Naməhrəm kişilərin arasına qatılmazdı. Comərdlikdə zirvədə idi. Ondan bir şey istəyəni əliboş geri qaytarmazdı. Belə ki ən çox ehtiyac duyduğu hər hansı bir şeyi verməkdən belə çəkinməzdi. Qeybətdən son dərəcə çəkinərdi. Təriflənməkdən xoşu gəlməzdi. Qənaətcil idi. Təvazökar və izzətli idi. Ona qarşı edilən haqsızlıqları əfv etməyi bacarardı. Kimsəsiz uşaqlara sahib çıxardı. Kölələri azad etməyi sevərdi. Bütün bunlara baxmayaraq, əməlinə güvənməzdi. Cəhənnəmi və Cəhənnəm əzabını xatırladıqca ağlardı.

Hz. Aişə əxlaq və fəzilətləri ilə Cənabı-Haqqın rizasını qazanmış bir qul idi. Bir dəfəsində Uca Allah qiyamətə qədər oxunacaq bir kitabın ayələri ilə münafiqlərin iftiralarından onu təmizə çıxarmışdı. (“Nur” surəsinin 10-21-ci ayələrinə baxın)

Hz. Aişə elm dəryası idi. Bir çox məşhur əshabədən üstün idi. Bir müşkül məsələ ilə qarşılaşarkən alim əshabələr belə ona müraciət edərdilər və məsələni həll etməsini istəyərdilər. Bunlardan Əbumusa əl-Əşəri (r.ə.) belə deyir: “Biz Peyğəmbərin (s) əshabəsi hər hansı bir hədisi başa düşməyəndə onun izahını Hz. Aişədən soruşardıq. O da mütləq bizə o hədis haqqında qane edici bilgi verərdi”.

Aişə anamız ən şox hədis rəvayət edən əshabələrdəndir. Əbuhüreyrə Abdullah ibn Ömər və Ənəs ibn Malikdən sonra 2210 hədislə dördüncü sırada idi.

O, sadəcə hədis rəvayət etməklə qalmaz, hökm çıxara bilmək üçün son dərəcə mühüm olan hədisin hansı məqsədlə söyləndiyini də bilirdi. Onun rəvayət etdiyi hədislərdən ikisinin təfsiri belədir:

“Möminə bir tikan batar və ya daha ağır bir müsibətlə qarşılaşarsa, bunun müqabilində Allah onun məqamını bir dərəcə yüksəldər və bir qüsurunu bağışlayar”.

“Ey Allahım, hər kim ümmətimə aid bir işin başına keçib onlar üçün çətinlik yaradarsa, Sən də onlar üçün çətinlik yarat. Hər kim də ümmətimlə bağlı bir işin başına keçib onlara qarşı yumşaqlıq göstərər və mərhəmətlə davranarsa, Sən də ona lütf və mərhəmət göstər!”

Hz. Aişə Quran-kərimi və ayələrin nazil olma səbəblərini yaxşı bilirdi. Buna görə də onun təfsir elminin inkişafında böyük xidmətləri olmuşdur.

Hədis və təfsir elmində böyük bir elmə sahib olan Hz. Aişə fiqh elmində də yüksək mövqeyə malik idi. Hz. Əbubəkr, Hz. Ömər və Hz. Osmanın xəlifə olduqları zamanda o, fitva verməklə vəzifələndirildi. Evi, sanki bir məktəb idi.

Bütün elmlərə sahib olan Aişə anamız tələbələr yetişdirməklə də elmin inkişafına böyük xidmət göstərmişdir.

Qədərin qəribə bir təcəllisidir ki, Aişənin uşağı olmamışdır.

Hər baxımdan bərəkətli bir ömür keşirən Hz. Aişə hicrətin 58-ci ilində (miladi 678) 66 yaşında vəfat etdi.

Allah ondan razı olsun!

İsmayıl Mutlu; “Xanım əshabələr”

Mütərcim: Məhbubə Kərimzadə

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma