HƏZRƏT HƏFSƏ
Hz. Ömərin qızı
Hz. Həfsə Hz. Ömərin qızıdır. Rəsulullaha (s) peyğəmbərlik verilməmişdən əvvəl Məkkədə anadan olmuşdu. O, birinci dəfə Hüneys ibn Hüzafə (r.ə.) ilə evlənmişdi. İlk müsəlmanların sırasında yer alan bu bəxtiyar ər-arvad müşriklərin dözülməz işgəncələrinə məruz qaldılar. Ona görə də mühacirət etməyə icazə veriləndən sonra birlikdə öz vətənlərini tərk edib Mədinəyə getdilər. Hz. Hüneys Bədr savaşına qatıldı. Qəhrəmancasına döyüşdü. Mədinəyə geri qayıtdığı vaxt bu müharibədə aldığı yaradan vəfat etdi. Beləcə, Hz. Həfsə gənc yaşında dul qaldı.
Hz. Ömər sevgili qızının dul qalmasını istəmirdi. Düşündü, fikirləşdi və onu Peyğəmbərimizin sevgili qızı Hz. Ruqiyyə vəfat etdiyi üçün dul qalan Hz. Osmana nikahlamağı qərara aldı. Vaxt itirmədən Hz. Osmanın yanına getdi. Hz. Osman çox yorğun, zəif və üzgün vəziyyətdə idi. Ömər ona bir qədər təsəlli verəndən sonra dedi: “Ey Osman, istəyirsən Həfsəni sənə nikahlayım”. Hz. Osman cavab vermədi. Fikirləşmək üçün bir az vaxt istədi. Aradan bir neçə gün keçəndən sonra: “Hələ evlənmək istəmirəm”, – deyərək Hz. Ömərdən üzr istədi.
Hz. Osmandan bu cavabı alan Hz. Ömər eyni təkliflə Hz. Əbubəkrə də müraciət etməyi düşündü. Onun yanına getdi. Qızı Həfsəni ona nikahlamaq istədiyini söylədi. Hz. Əbubəkr susdu, heç bir cavab vermədi.
Hz. Ömər onun müsbət və ya mənfi bir cavab verməməsinə acıqlandı. Hz. Osman heç olmasa, bir cavab vermiş və üzr istəmişdi. Kədərli halda Peyğəmbərimizin yanına getdi və belə dedi: “Ya Rəsuləllah, mən Osmana təəccüb edirəm. Həfsəni ona nikahlamaq istədim, amma qəbul etmədi”.
Böyük əshabəsinin və yardımçısının bu dərəcədə üzülməsinə Peyğəmbərimiz qəlbən acıdı. Ona görə də belə dedi: “Ey Ömər, mən sənə Osmandan daha xeyirli bir kürəkən; Osmana da səndən daha xeyirli bir qayınata söyləyimmi?”
Hz. Ömər bu sözdən özünü itirdi və çaşıb qaldı. Osmandan daha xeyirli kürəkən kim ola bilərdi? Maraqla: “Buyur, söylə, ya Rəsuləllah”, – dedi. Peyğəmbərimiz onun marağını bu müjdə ilə aradan götürdü: “Sən qızın Həfsəni mənə nikahlarsan. Mən də qızım Ümmügülsümü Osmana nikahlaram, çünki Allah Osmanı səndən daha xeyirlisinə; sənin qızını da Osmandan daha xeyirlisinə nikahladı”.
Peyğəmbərimiz bununla Həfsəni ona Allahın nikahladığını xəbər verirdi. Hz. Ömər bu xoş xəbərə çox sevindi.
Qısa zamanda toy hazırlıqları başa çatdı və tamamlandı. Peyğəmbərimiz Hz. Həfsə ilə hicrətin 3-cü ilində şaban ayında evləndi.
Beləliklə, Peyğəmbərimiz Hz. Aişə ilə evlənməklə insanlar arasında ən böyük yardımçısı olan Hz. Əbubəkri təltif etdiyi kimi, Hz. Həfsəni nikahlamaqla Hz. Öməri təltif etmiş oldu. Bu böyük əshabələrin arasındakı din bağını qohum olmaqla daha da qüvvətləndirdi.
Hz. Ömərin təklifinə cavab verməyib onun qəlbini qırdığına görə Hz. Əbubəkr əslində çox üzülürdü. Ancaq o vaxt müsbət və ya mənfi bir cavab verməməsinin mühüm bir səbəbi var idi. O, Peyğəmbərimizin Hz. Həfsə ilə evlənəcəyini bilirdi. Həqiqətən də, nikah baş tutandan sonra o, Hz. Ömərin yanına gəlib, ondan üzr istədi və vəziyyəti belə izah etdi: “Sənin təklifini qəbul etməməyim üçün heç bir ciddi səbəb yox idi, ancaq Rəsulullah Həfsə haqqında fikrini dəyişsəydi, təklifini mütləq qəbul edərdim”.
Hz. Həfsənin həyatı da Peyğəmbərimizin digər xanımları kimi fəqirlik içində keçdi. Yatmaq üçün istifadə etdiyi bir döşəkçəsi var idi. Yayda onu altına sərər, qışda isə bir tərəfini altına sərib, digər tərəfini də üstünə örtərdi. Çox vaxt xörəyinin yanında yemək üçün çörək tapmazdı. Bütün bunlara baxmayaraq o, heç vaxt yaşayışından və vəziyyətindən şikayətçi olmadı, halına şükür etdi.
Hz. Həfsə onun üçün hədiyyə edilən yeyiləsi qidaları yeməz və içməz, Rəsulullaha ikram edərdi, onu nəfsinə tərcih edərdi. Bir dəfə ona bir tuluq bal hədiyyə etmişdilər. Rəsulullah hər onun yanına gələndə o baldan şərbət düzəldər, ona ikram edərdi.
Hz. Həfsə ibadətə çox vaxt ayırardı, çox namaz qılar və çox nafilə oruc tutardı.
Hz. Həfsə Peyğəmbərimizin vəfatından sonra mühüm işlər görmüşdü. Bunlardan biri də Quran-kərim nüsxələrini mühafizə etmək olmuşdu. Belə ki Peyğəmbərimizə vəhy edilən ayələri qeyd etmək üçün kifayət qədər kağız parçası tapılmadığına görə bu ayələr bəzən aşılanmış dəri parçalarına, yastı ağ daşlara və dəvələrin kürək sümüklərinə yazılırdı.
Hz. Həfsənin Peyğəmbərimizin mübarək sözlərinin bizə qədər gəlib çatmasında da böyük əməyi olmuşdu. O, 60 hədis rəvayət etmişdir. Çeşidli hədis kitablarında yer alan həmin hədislərdən biri belədir: “Rəsulullah yatağına girdiyi zaman belə dua edərdi: “Ya Rəbbim, qullarını diriltdiyin gün məni əzabından qoru!” Bunu üç dəfə təkrar edərdi”.
Möminlərin anası olma şərəfini qazanan Hz. Həfsə anamız hicrətin 45-ci ilində altmış yaşında vəfat etdi. Allah ondan razı olsun!
İsmayıl Mutlu; “Xanım əshabələr”
Tərcümə etdi: Məhbubə Kərimzadə