HƏZRƏT ZEYNƏB
Düşkünlərin anası
Hz. Zeynəb bint Hüzeymə müsəlman olmamışdan əvvəl çox comərd bir həyat yaşayırdı. Yoxsullara, ehtiyacı olanlara yardım edər, onlara şəfqət və mərhəmət göstərərdi. Cahiliyyə Dövründə “Ümmül-məsakin”, yəni “Miskinlərin, düşkünlərin anası”, – deyə yada salınır və tanınırdı. Müsəlman olduqdan sonra alicənab bir insan kimi daha da artıq sevildi.
Hz. Zeynəb əshabələrdən Übeyd ibn Harislə evli idi. Birlikdə xoşbəxt bir həyat yaşayırdılar, çox təəssüf ki, bu, heç də uzun sürmədi. Hz. Übeyd Bədr savaşında ağır yaralandığı üçün müharibədən sonra vəfat etdi. Hz. Zeynəb dul qaldı.
Sevgili Peyğəmbərimiz (s) əri Allah yolunda şəhid olan bu mərd qadının sıxıntılarını azaltmaq və ona təsəlli vermək üçün hicrətin 3-cü ilində onunla evləndi.
Hz. Zeynəb Peyğəmbərimizin xanımları arasına daxil olduğuna görə çox məmnun oldu. Lakin onun Peyğəmbərimizlə olan birgə yaşamağı heç də uzun sürmədi. Evliliyindən 3 ay keçəndən sonra vəfat etdi. O zaman o, 30 yaşlarında idi. Bəqi qəbiristanlığında dəfn edilən Hz. Zeynəbin cənazə namazını Peyğəmbərimiz xüsusi olaraq qıldırdı. Allah ondan razı olsun!
İsmayıl Mutlu; “Xanım əshabələr”
Tərcümə etdi: Məhbubə Kərimzadə