ZEYNƏB BİNT CƏHŞ
Nikahını Allah qıydı
Rəsulullah Zeynəbi Zeydlə evləndirir
Sevgili Peyğəmbərimiz (s) Cahiliyyə Dövründəki batil adətləri bir-bir aradan qaldırır, insanlara icazəli olan şəri yolu göstərirdi. Beləcə batil haqsızlıqların yerini haqq və ədalət prinsipləri tuturdu. Cahiliyyə Dövrünün yanlış adətlərindən biri də qulların və ya azad edilmiş kölələrin aşağı bir sinif olaraq tələqqi edilməsi idi. İslam qanunları isə bütün insanları bərabər sayır, “… Sizin Allah qatında ən şərəfliniz təqvaca ən üstün olanınızdır”[1] ayəsində üstünlüyün yalnız təqva ilə olduğu açıqlanırdı. Elə isə yanlış adətin aradan qaldırılması lazım idi. Buna görə də Allah Rəsulu (s) Qüreyş qəbiləsi kimi soylu bir ailəyə mənsub olan bibisi Üməymə bint Əbdülmüttəlibin qızı Zeynəbə[2] azad etdiyi köləsi və övladlığa götürdüyü Zeyd üçün elçiliyə getdi.
Zeynəb Peyğəmbərimizi onu özü üçün istəməyə gəldiyini zənn etmiş və çox sevinmişdi. Ancaq onu Zeyd üçün istədiyini eşidəndə kədərləndi, “Ya Rəsuləllah, mən sənin bibinin qızıyam. Onunla evlənməyə razı deyiləm. Mən onu qəbul edə bilmərəm. Mən Qüreyşliyəm”, – dedi. Bunun üzərinə bu ayəti-kərimə nazil oldu: “Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!”[3]
Hz. Zeynəb: “Ya Rəsuləllah, sən Zeyd ilə evlənməyimi istəyirsən?” – deyə soruşdu.
Peyğəmbərimiz: “Bəli, istəyirəm”, – deyə cavab verdi.
Hz. Zeynəb: “Rəsulullaha asi ola bilmərəm. Ona ərə gedirəm” – dedi və nikahları baş tutdu.
Beləcə, Cahiliyyə Dövrünün yanlış bir adəti də tarixə yazıldı və artıq bərabərlik prinsipi getdikcə adi bir hal almağa başlayırdı.
Lakin Hz. Zeyd ilə Hz. Zeynəb arasında heç bir zaman tam bir sevgi hakim olmadı. Hz. Zeynəb dindar və Allahdan qorxan bir qadın olmasına baxmayaraq, azad edilmiş də olsa, bir kölə ilə evlənməyini həzm edə bilmirdi. Bir-biri ilə yola getmirdilər. Belə ki, Zeynəbin artıq bəzi sözləri Zeydin qəlbini qırmağa başlamışdı.
Bir gün Zeyd Peyğəmbərimizin yanına gələrək: “Ya Rəsuləllah, mən Zeynəbdən ayrılmaq istəyirəm. Mənə əzab verir”, – dedi. Sevgili Peyğəmbərimiz evlənmələrinə özü səbəb olduğu bir ailənin dağılmasını istəmirdi. Zeydə: “Xanımını boşama, Allahdan qorx” – buyurdu.
Ancaq Hz. Zeynəbin daha yüksək bir yaradılışda və bir Peyğəmbər xanımı olmaq arzusunda olduğunu hiss edən Hz. Zeyd onu boşadı. Evlilikləri yalnız bir ilə yaxın davam etdi.
Peyğəmbərimiz Zeyd ilə Zeynəbin ayrılmalarına çox kədərləndi, çünki bu evliliyə o səbəb olmuşdu. Vəziyyətin düzəldilməsi, Hz. Zeynəbin və ailəsinin könlünün ələ alınması lazım idi.
Əslində Allah Rəsulu Hz. Zeydə “Zövcəni tut, boşama” dediyi vaxt onun Zeynəbi mütləq boşayacağını və iddə müddəti sona çatdıqdan sonra onunla evlənəcəyini bilirdi. Cənabı-Haqq bunu ona bildirmişdi.
Ancaq Peyğəmbərimiz münafiqlərin dedi-qodularından çəkindiyi üçün Zeyddən boşanan və iddə müddəti dolan Hz. Zeynəbə evlənmə təklifi etməmişdi, çünki ərəblərin adətinə görə bir şəxs övladlığa götürdüyü oğulun həyat yoldaşı ilə evlənə bilməzdi. Lakin digər Cahiliyyə adətləri kimi bu yanlış adətin də ləğv olunması lazım idi, çünki övladlığa götürülən oğul həqiqi övlad sayıla bilməz.
Çox keçmədən bu mövzu ilə bağlı vəhy gəldi. Nazil olan ayələrdə Cənabı-Haqq belə buyururdu: “(Ya Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (İslam dininə yönəltməklə) nemət verdiyi və sənin özünün (köləlikdən azad etməklə) nemət verdiyin şəxsə (Zeyd ibn Harisəyə): “Zövcəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!” – deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli saxlayır və adamlardan (onların Peyğəmbər oğulluğunun boşadığı övrətlə evlənir, – deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmağına daha çox layiq olan kimsə Allahdır. Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə (Zeynəbi boşadıqda) səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman onlarla evlənməkdə möminlərə heç bir çətinlik (günah) olmasın! (Bu işdən möminlərə heç bir günah gəlmədiyini bildirmək üçün belə bir övrətlə birinci səni evləndirib bütün müsəlmanlara nümunə etdik). Allahın hökmü mütləq yerinə yetər!
Allahın Peyğəmbərə vacib (halal) buyurduğu bir şeydə (Zeynəblə evlənməkdə) ona heç bir günah yoxdur. Daha öncə gəlib-getmiş (Davud, Süleyman və başqaları kimi) peyğəmbərlər barəsində də Allahın adəti (qayda-qanunu) belədir. Allahın əmri (əzəldən) müəyyən olunmuşdur! (O, mütləq yerinə yetməlidir!)
O Peyğəmbərlər ki, Allahın hökmlərini (onlara verdiyi risaləti) təbliğ edər, (risaləti tərk etməkdə) Ondan çəkinər və Allahdan başqa heç kəsdən qorxmazlar. Allah Özü (hamıdan) haqq-hesab çəkməyə yetər.
Mühəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!” (“Əhzab”, 37-40)
Vəhy tamam olduqda Peyğəmbərimizin üzündə bir təbəssüm yarandı və “Allahın Zeynəbi mənə nikahladığını kim gedib ona müjdələyər?” – deyə soruşdu. Zeyd bunu öz öhdəsinə götürdükdə onu Zeynəbin yanına elçiliyə göndərdi. Zeynəbin yanına gedən Zeyd Cənabı-Haqqın onu Peyğəmbərimizə nikahladığı xəbərini ona çatdırdı. Hz. Zeynəb buna çox sevindi, şükür səcdəsi etdi. Üstündəki bəzək əşyasını ona bu müjdəni gətirən Hz. Zeydə hədiyyə etdi.
Beləcə hicrətin 5-ci ilində Peyğəmbərimiz bibisi qızı Hz. Zeynəb ilə evləndi. Hz. Zeynəb həmin vaxt 35 yaşında idi.
Hz. Zeynəbin nikahının vəlisiz və şahidsiz olaraq birbaşa Cənabı-Haqq tərəfindən qıyılmış olması onun üçün böyük bir fəzilət idi.
Toy yeməyi və bir möcüzə
Məhz Allah tərəfindən nikahlandığı üçün Peyğəmbərimiz Hz. Zeynəbə mehr vermədi. Fəqət digər xanımlarının toylarında olduğu kimi Hz. Zeynəbin toyunda da əshabələrə qonaqlıq verdi. Peyğəmbərimiz xanımlarından heç biri üçün Zeynəbə verdiyi toy ziyafətindən daha üstün və fərqli heç nə etməmişdi. Bu qonaqlıqda bir qoyun kəsmişdi.
Peyğəmbərimizin bu evliliyində verdiyi ziyafətdə digərlərindən fərqli olaraq qeyri-adi bir hadisənin – onun bir möcüzəsinin şahidi oluruq. Ənəs ibn Malik belə bir rəvayət söyləyir: “Anam Ümmüsüleym mənə, “Ey Ənəs, Rəsulullah bu gün evlənəcək. Onların yanında yeməyə bir şey olmadığını düşünürəm. O yağ tuluğunu buraya gətir”, – dedi.
Tuluğu aparıb anama verdim. Anam yalnız Rəsulullah ilə xanımına çatacaq qədər xalis Mədinə xurmasını yağ ilə qarışdırdı və: “Ey Ənəs, bunu Rəsulullaha apar və ona: “Bunu sənə anam göndərdi və sənə salamı var. Bu, bizdən sizə kiçik bir hədiyyədir”, – de”, – deyə bərk-bərk tapşırdı.
“Mən onu götürərək Rəsulullahın yanına getdim. Anamın dediklərini ona çatdırdım. Rəsulullah mənə: “Onu bura qoy!” – buyurdu. Sonra da: “Əbubəkri, Öməri, Osmanı, Əlini dəvət et!” – deyə əmr etdi. Daha bir çox başqa əshabənin adını saydı. Mən az yemək üçün Rəsulullahın bu qədər şəxsin ismini saymasına təəccübləndim. Buna baxmayaraq, əmrinə qarşı çıxmağı düzgün hesab etmədiyimə görə adını saydığı hər kəsi dəvət etdim və təkrar Rəsulullahın hüzuruna gəldim. “Bax gör məsciddə kimsə varsa, onları da çağır”, – dedi. Məscidə getdim, oradakıların hamısına: “Rəsulullahın toy ziyafətinə buyurun”, – dedim. Hamı gəldi, süfrə tamamilə doldu. Məndən: “Məsciddə kimsə qaldımı?” – deyə soruşdu. “Xeyr!” – dedim. “Bax, yolda kimi görsən, onu da çağır!” – buyurdu. İstədiyini etdim. “Qabı gətir” – dedi. Mübarək əlini yemək qabının üzərinə qoydu. Allahın söyləməsini istədiyi kəlmələrlə bərəkət duası oxudu. Sonra da: “Hamı on-on qabın ətrafına toplansın və hərə öz qabağındakı yeməkdən yesin!” – deyə buyurdu. İlk on nəfər gəldi, doyana qədər yedilər. Bütün dəvət olunanlar on nəfərlik dəstə halında gəldilər, qarınlarını doyurub çəkildilər. Mən qabdakı yeməyə baxırdım. Yemək eynən qaynaqlar kimi çoxalırdı. Hər kəs yedikdən sonra mənə: “Haydı, Ənəs, qaldır”, – buyurdu. Gətirdiyimmi, yoxsa qaldırdığım çox idi, bilmirəm. Evə gedəndə məni heyrətləndirən bu hadisəni anama danışdım. Anam: “Heç təəccüb etmə! Əgər Allah bütün mədinəlilərin o yeməkdən yeməsini istəsəydi, yenə də hamı yeyər və doyardı”, – dedi”.
İlk təsəttür ayəsi nazil olur
Hz. Zeynəbin toy ziyafətinə dəvət edilən əshabələr yeyib doyduqdan və bir az söhbət etdikdən sonra ayrıldılar. Lakin üç kişi hələ də söhbət edir, heç cür getmək istəmirdilər. Peyğəmbərimiz onların durub artıq getmək lazım olduğuna işarə etsə də, onlar yerlərindən tərpənmədilər. Rəsulullah (s) Hz. Aişənin otağına girdi, bir müddət orada gözlədi. Otaqdan çıxanda üç kişinin hələ də orada oturduğunu gördü. Heç nə demədi. Sonra digər xanımlarının yanına getdi. Nəhayət, çox gec bir vaxtda həmin üç kişi ayağa qalxdı. Hz. Ənəs onların getdiyini xəbər vermək üçün otağa getmək istəyəndə Allah Rəsulu (s) Ənəs ilə özü arasına qapının pərdəsini endirdi, çünki təsəttürlə bağlı ilk ayə nazil olmuşdu. Nazil olan ayə belə idi: “Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən girib onun bişməsini gözləməyin. Lakin dəvət olunduqda gedin və yedikdən sonra söhbətə qapılmayıb dağılın. Bu, Peyğəmbərə əziyyət verirdi, amma o sizdən utanırdı. Lakin Allah doğru sözdən çəkinməz. Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda da pərdə arxasından soruşun. Bu həm sizin qəlbləriniz, həm də onların qəlbləri üçün daha təmiz bir davranışdır. Sizə Allahın Rəsuluna əziyyət vermək və özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Şübhəsiz ki, bu, Allah yanında (günah olaraq) böyükdür!” (“Əhzab”, 53)
Dedi-qodular Quranda cavablandırıldı
Cahiliyyə Dövründə ərəblərdə övladlığa götürülən uşaq öz oğlu kimi qəbul edilirdi. Buna görə də bir şəxsin övladlığının boşadığı qadınla evlənməsi caiz (icazəli) deyildi. Peyğəmbərimiz övladlığı olan Zeydin boşadığı qadınla evləndiyi üçün münafiqlər bunu hər cür söz-söhbətə çevirdilər. “Mühəmməd oğlunun arvadı ilə evlənməyi haram etdi, amma özü oğlu Zeydin boşadığı qadınla evləndi”, – dedilər. Bu dedi-qoduları Peyğəmbərimizi və möminləri həddindən artıq narahat edəcək şəkildə yaymağa başladılar.
Əslində peyğəmbərlər peyğəmbərlik vəzifələrinə görə ümmətləri üçün ata hökmündə idilər. Onlara öz atalarından daha böyük bir şəfqətlə baxardılar, lakin bu nəsəb baxımından bir atalıq deyildi. Övladlıq da övlad deməklə həqiqi oğul sayılmırdı. Bu səbəbə görə də peyğəmbərlərin ümmətlərindən qız və qadınlarla, xüsusilə övladlıqlarının boşadığı qadınlarla evlənmələrinə ağla uyğun gəlməyən heç bir məqam yoxdur. Həmçinin bu dedi-qodulardan sonra nazil olan “Əhzab” surəsinin 4-cü və 5-ci ayələri bu həqiqətə belə açıqlama gətirdi: “Allah bir adamın sinəsində iki ürək yaratmamışdır. Allah nə zihar etdiyiniz zövcələrinizi sizə doğma ana, nə də oğulluğa götürdüklərinizi sizə doğma oğul etmişdir. Bunlar sizin dediyiniz boş sözlərdir. Allah doğru deyir və doğru yola gətirir!
Onları (əsil-nəsəbləri bilinsin deyə) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha düzgündür. Atalarının kim olduğunu bilməsəniz, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır. Etdiyiniz səhvlərə görə sizə günah yoxdur. Lakin qəsdən etdiyiniz işlərdən ötrü günah vardır. Allah bağışlayandır, rəhm edəndir!”
Beləcə, Cahiliyyə Dövrünün daha bir yanlış adəti ortadan qaldırıldı və müsəlmanlar rahatlığa qovuşdu.
Nəticə
Peyğəmbərimizin Zeynəb ilə evliliyinin əsli buraya qədər izah etdiyimiz şəkildə olmuşdu. Müxtəlif jurnal və kitablarda qəsdən işlədilən Peyğəmbərimizin Hz. Zeynəbi görüb, hətta ona – haşa – aşiq olması və Zeydin də bunu anladığı üçün onu boşaması fikri qətiyyən doğru deyildir və iftiradır. Daha əvvəl də ifadə etdiyimiz kimi Zeynəb Peyğəmbərimizin bibisi qızı idi. Hər dəfə gördüyü, yaxından tanıdığı bir qohumu idi. Belə olduğu halda evləndikdən sonra onu görməsi və ona aşiq olması fikri tamamilə böhtandır. Digər bir cəhət isə Zeynəbi Zeyd ilə evləndirən Peyğəmbərimizin özü olmuşdur. Zeynəb bu evliliyi istəmədiyi üçün haqqında ayə nazil olmuşdur. Peyğəmbərimizin qız ikən evlənməsi son dərəcə asan olan bibisi qızı ilə – halbuki həm Zeynəb, həm də ailəsi belə bir evliliyi çox arzulayırdılar – bakirə ikən deyil, evləndikdən sonra aşiq olub evlənməsi Peyğəmbərimizi kiçiltməyə yönələn böyük bir şərdir, iftiradır.
Qaldı ki, Zeynəbi Peyğəmbərimizə Allah Özü nikahlamışdır. Dedi-qodulardan çəkinməməsi lazım olduğunu və övladlığının boşadığı xanımla evlənmənin günah olmadığını O bildirmişdi. Allahın əmr etdiyini yerinə yetirməsində Peyğəmbərin bir günah qazanmayacağını və evlilik hökmünün dəyişməyəcəyini, xüsusilə, Allah bildirmişdi. Belə olduqda Peyğəmbər onun haqqında deyilənlərdən çəkinərək Allahın əmrinə qarşı çıxmalı və Onun əmrini müzakirə etməli idi? Belə bir davranış Peyğəmbərə yaraşardımı?
Elə isə insanların Allah qatında əsil-nəsəb etibarı ilə deyil, ancaq təqva ilə bir-birindən üstün ola biləcəklərini ifadə edən, övladlıqların boşadığı qadınlarla evlənmənin haram olmadığını hökmə bağlayan bir hikməti də insanları imtahan etmək olan bu evlilik hədəfinə çatmışdır. Bəzi münafiqlər və pis niyyətli şəxslər Peyğəmbərimizin simasında bu evliliyi tənqid edərək əslində Allahın əmrinə qarşı çıxmaqdadırlar. Peyğəmbərimizin evliliyini deyil, əslində Allahın hökmünü qəbul etməməkdə, fitnə törətməkdə, məsələnin əslini bilməyən təmiz zehinləri bulandırmaq istəyirlər. Möminlər bu imtahanı qazana bilmək üçün belələrinin dedi-qodularına əhəmiyyət verməməlidirlər.
Həzrət Zeynəbin əxlaq və fəziləti
Hz. Zeynəb ibadət vaxtına dəqiq, təqva sahibi bir qadın idi. Çox zaman müstəhəb namazlar qılar və müstəhəb oruclar tutardı. Peyğəmbərimiz bir dəfə məscidə gedərkən orada iki dirəyin arasına çəkilmiş bir ip gördü. “Bu ip nədir?” – deyə soruşdu. Bunu Zeynəbin bağladığını söylədilər. “Zeynəb namazda ayaq üstə durmaqdan yorulanda bu ipdən tutur”, – deyə cavab verdilər. Peyğəmbərimiz bundan xoşlanmır və belə buyurur: “Xeyr, ibadət zamanı belə əziyyətə düşmək olmaz. Bu ipi sökün. Sizin hər biriniz gümrah olduqda namazı ayaq üstə qılsın”.
Hz. Zeynəbin ən gözəl xüsusiyyətlərindən biri də onun comərdliyi və qənaətkarlığı idi. O, dünya malına əhəmiyyət verməzdi. Tikiş və əl işi ilə məşğul olaraq qazandığı pulu Allah rizası üçün fəqir və kimsəsizlərə sədəqə olaraq vermək kimi yüksək keyfiyyətlərə sahib idi.
Hz. Ömər əshabələrə xəzinədən maaş verdiyi kimi Peyğəmbərin xanımlarına da maaş verirdi. Bu maaşı alanda Hz. Zeynəb çox təəccüblənmişdi, çünki daha əvvəllər o qədər pulu bir arada heç görməmişdi. Ona görə də “Allah Öməri əfv etsin. Peyğəmbərin digər xanımlarına veriləcək pul da bunun içinə daxildir?” – deyə soruşmuşdu. Bunların sadəcə ona aid olduğunu və onlara da illik maaşların göndərildiyini biləndə: “Sübhənallah”, – deyərək örtüsü ilə üzünü bürüdü. Sonra xidmətçisinə belə bir təlimat verdi: “O puldan bir ovuc götür və filan oğullarına apar. Bir ovuc da al filan şəxslərə verərsən, daha bir ovuc da götür filan adamlara apar”.
Xidmətçi xanımın əmri ilə bütün pulu payladı. Nəhayət, örtünün altında götürüləsi bir şey qalmadı. Xidmətçi Hz. Zeynəbə, “Ey möminlərin anası, Allah sizi əfv etsin. Allaha and olsun ki, bunda bizim də payımız var” – dedi. Hz. Zeynəb ona örtünün altında nə qalıbsa onları götürməsini söylədi. Beş dirhəm gümüş pul qalmışdı. Onu da xidmətçi aldı. Hz. Ömərin göndərdiyi illik təyinatdan bir tək dirhəm belə almayan Hz. Zeynəb əllərini açaraq bütün səmimiyyəti ilə belə dua etdi: “Allahım, bundan sonra mənə Ömərin ehsanını almağı nəsib etmə!”
Cənabı-Haqq onun bu ürəkdən deyilən duasını qəbul etdi. Hz. Zeynəb ikinci ilin təxsisatını (ayrılmış məbləğ) almadan hicrətin 20-ci ilində 53 yaşında vəfat etdi. Peyğəmbərimizin vəfatından sonra xanımları içərisində ona ilk qovuşan oldu. Beləcə, Peyğəmbərimizin daha bir möcüzəsi gerçəkləşdi, çünki bir dəfə Peyğəmbərimiz: “Sizdən mənə ilk əvvəl qolu uzun olanınız qovuşacaq”, – deyə buyurmuşdu. Möminlərin anaları bu cümlədəki incə mənanı başa düşmədiklərinə görə bunun kim olduğunu müəyyən etmək üçün qollarını ölçmüşdülər. Peyğəmbərimizdən sonra ilk vəfat edən xanımı Hz. Zeynəb olunca “qolu uzun” deməkdə məqsədin “comərdlik” olduğunu anladılar. Həqiqətən də, mərdlikdə və alicənablıqda xanımlardan heç biri ona yetişə bilmirdilər. Hz. Zeynəbin qolu hamısından uzun idi.
Hz. Zeynəbin cənazə namazını Hz. Ömər qıldırdı. Allah onlardan razı olsun!
İsmayıl Mutlu; “Xanım əshabələr”
Mütərcim: Məhbubə Kərimzadə
[1] “Hücurat”, 13
[2] Həzrət Zeynəbin əsl adı “xeyir” mənasını verən Bərrə idi. Peyğəmbərimiz onun ismini Zeynəb olaraq dəyişdirmişdi.
[3] “Əhzab”, 36