HƏZRƏT CÜVEYRİYƏ
Əsarətdən səadətə
Mədinədə qurulan İslam dövləti günlər ötdükcə daha da böyüyür, müsəlmanların sayı günbəgün artırdı. Bu vəziyyət başda Peyğəmbərimiz olmaqla müsəlmanları sevindirdiyi halda, özlərini küfrün qaranlığından heç cür qurtara bilməyən müşrikləri isə kədərləndirirdi. Onlar bundan narahat olub üzülsələr də, İslamın nurunu söndürə bilmək üçün müxtəlif yollar fikirləşir və bir çarə axtarırdılar.
Beləcə, müsəlmanların daha da çoxalmasına təhəmmül edə bilməyənlərdən biri də Bəni-Müstəliq rəisi Haris ibn Əbudirər idi. Bu, İslam düşməni sözü keçən ərəb qəbilələrini öz yanına çağırıb Peyğəmbərimizlə savaşmağı planlaşdırırdı. Bu məqsədlə at və silah satın alırdı. Niyyəti İslamın sürətlə yayılmasının qarşısını almaq və hətta bütün müsəlmanları yox edərək ortadan qaldırmaq idi.
Haris ibn Əbudirərin bu mənfur niyyətini həyata keçirmək üçün hazırlıq işləri görməsi Peyğəmbərimizə gizli qalmadı. Rəsulullah bundan xəbər tutanda hər zaman olduğu kimi bu barədə əshabələri ilə istişarə etdi. İstişarədən bu İslam düşməninin qəbiləsinin üzərinə səfər hazırlığına başlamaq qəbul edildi. Peyğəmbərimiz dərhal yeddi yüz nəfərlik bir ordu hazırladı. Bunlardan otuzu süvari (atlı), qalanları isə piyada idi. Yola çıxan İslam ordusu Bəni-Müstəliq qəbiləsinin torpaqlarına daxil olub Müreysi quyusunun başında çadır qurdular. Heç gözləmədikləri halda ani bir zamanda özünü müsəlmanların qarşısında görən Bəni-Müstəliq qəbiləsi nə edəcəyini bilmədi.
Peyğəmbərimiz istəsəydi hücumla onların hamısını qılıncdan keçirə bilərdi. Lakin cihadın məqsədi qan tökmək deyil, insanları hidayətə, qurtuluşa dəvət etmək idi. Buna görə də Rəsulullah Hz. Ömərdən onları İslama dəvət etməsini istədi. Amma onlar bu dəvətə müsəlmanları oxa tutmaqla cavab verdilər. Artıq ediləcək tək bir şey var idi – qarşılıq vermək. Mücahidlər dərhal hücuma keçdilər. Döyüş heç də uzun sürmədi. Təbiidir ki, müsəlmanlar bir zəfər qazandılar. Bir çox qənimət ələ keçirildi, Bəni-Müstəliq qəbiləsinin çoxu da əsir edildi.
Alınan əsirlər arasında Bəni-Müstəliq qəbiləsinin rəisi Haris ibn Əbudirərin qızı Bərrə (Cüveyriyə) də vardı. Döyüş zamanı Bərrənin həyat yoldaşı öldürülmüşdü.
Əsirlər mücahidlər arasında təqsim edildi. Bərrə Sabit ibn Qeys ilə əmisinin hissəsinə düşdü. Hürriyyətinə qovuşmaq üçün bir az pul qarşılığında sahibləri ilə danışıq apardı. Bu pulu ödəsə, sərbəst buraxılacaqdı. Lakin istənilən miqdar çox idi. Bunu ödəyə biləcək vəziyyətdə deyildi. Peyğəmbərimizə müraciət edərək vəziyyəti ona bildirdi: “Mən Bəni-Müstəliqin rəisi Haris ibn Əbudirərin qızıyam. Sabit ibn Qeys ilə əmisinin əsiriyəm. Bir miqdar pul qarşılığında onlarla razılığa gəldim. Ödəmək məcburiyyətində qaldığım bu fidyə üçün sizdən yardım istəməyə gəldim”.
Peyğəmbərimiz ona: “Sənin üçün bundan daha xeyirli olanı yoxdurmu?” – deyə soruşdu. Bərrə: “O nədir, ey Mühəmməd?” – deyə soruşdu.
Peyğəmbərimiz: “Hürriyyətin üçün istənilən pulu ödəməyim və səninlə evlənməyim”, – cavabını verdi. Peyğəmbərimiz bu təklifi etməklə siyasi bir məqsəd güdürdü. Rəisin qızı ilə evlənərək Bəni-Müstəliq qəbiləsinin dostluğunu qazanmağı, onları mənasız düşmənçilikdən uzaqlaşdırmağı fikirləşirdi. Eyni zamanda bir şəxsin də imanını qurtarmağı arzu edirdi.
Bərrə bir anlıq öz xəyal aləminə qapıldı. Fikrə getdi. Savaşdan üç gün əvvəl gördüyü yuxusunu xatırladı. Röyasında Mədinədə doğub yüksələn ayın onun qoynuna düşdüyünü görmüşdü. Peyğəmbərimizin təklifini eşidincə hidayət nuru üzündə parlamağa başladı. Tərəddüd etmədən Peyğəmbərimizin təklifini qəbul etdi. Sonra da kəlmeyi-şəhadəti deyərək müsəlman oldu.
Peyğəmbərimizi babasına tərcih etdi
Bəni-Müstəliqin rəisi Haris ibn Əbudirər qızının əsir olmasına dözə bilmirdi. Fidyə olaraq yanına bir neçə dəvə alıb qövmündən bir heyətlə Mədinəyə getmək üçün yola çıxdı. Əqiq vadisinə gəlib çatanda dəvələrin ən yaxşısından ikisini seçərək oraya buraxdı. Bu cins heyvanları vermək istəmirdi. Bir az sonra Mədinəyə daxil oldu və Peyğəmbərimizi axtarıb tapdı. Belə dedi: “Mənim qızım əsir olaraq tutula bilməz. Bu, mənim tutduğum mövqeyə və şərəfimə uyğun gəlməz. Onu sərbəst burax”.
Peyğəmbərimiz ona heç gözləmədiyi bir təklif ilə cavab verdi: “Onu istədiyini seçməkdə sərbəst buraxmağı istəyirsənmi?”
Haris çox sevindi. Qızının ancaq onu seçəcəyindən arxayın idi. O heç başqa cür fikirləşməmişdi də. “Üzərinə düşən vəzifəni yerinə yetirmiş olarsan”, – deyə cavab verdi. Sonra da qızının yanına gedərək ona bu öyüdü verdi: “Bu zat səni istədiyini seçməkdə sərbəst buraxır. Nəbadə bizi rəzil edəsən!”
Fəqət Bərrə imanın dadını almışdı. Atası da olsa, heç bir şeyi Peyğəmbərimizə tərcih etməzdi. Atasını peşman etməklə də olsa, belə dedi: “Mən Rəsulullahı tərcih edirəm”.
Haris bu sözlərdən çox hirslənərək: “Sən bizi rəzil etdin. Biz rüsvay olduq” – deyə qızının üstünə qışqırdı. Haris qızının onu üstün tutacağına arxayın olduğu üçün Peyğəmbərimizin təklifinə “Bəli”, – demişdi. Qızının Peyğəmbərimizi tərcih etdiyini unudaraq “Bu dəvələr qızımın hürriyyətinin qarşılığında fidyədir. Onları alıb qızımı mənə verin”, – dedi.
Uca Allah Harisin saxladığı iki dəvəni Peyğəmbərimizə vəhylə bildirmişdi. Bu təklifdən sonra: “Əqiq vadisində saxladığın iki dəvə haradadır? Onları nə üçün gətirmədin?” – deyə soruşdu.
Haris və yanındakılar indi daha da təəccübləndilər, çünki özlərindən başqa heç kimin bundan xəbəri yox idi və içlərindən heç kim bunu Peyğəmbərimizə xəbər verməmişdi. Bu möcüzə onların hidayətinə vəsilə oldu. Haris böyük bir həyəcanla imanını belə açıqladı: “Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. Yenə şəhadət edirəm ki, sən də Allahın Rəsulusan. And içirəm ki, bunu Allahdan başqa bilən yoxdur”.
Atalarının müsəlman olduğunu görən iki oğlu və yanındakılar da müsəlman olmağı qəbul etdilər. Beləcə, Peyğəmbərimizin Bərrəni nikahlaması həqiqət tapmış, İslamın qatı düşməninin müsəlman olmasına səbəb olmuşdu. Bu evlilikdəki siyasi nəticə bununla da kifayətlənmədi. Başqa sevindirici hadisələr də oldu. Belə ki, Haris müsəlman olduqdan sonra Peyğəmbərimiz Bərrəni atasından istədi. Haris: “Atam-anam sənə fəda olsun, ey Allahın Rəsulu, onu sənə verirəm”.
Beləcə, Rəsulullah (s) Bərrə ilə hicrətin 5-ci ilində evləndi. Adını da Cüveyriyə dəyişdi, çünki Bərrə “xeyir, yaxşılıq” mənasını verirdi və Peyğəmbərimiz “Bərrə (xeyir) Rəsulullahın yanından çıxdı”, – deyilməsindən xoşu gəlmirdi.
Cüveyriyə Peyğəmbərimizlə evləndiyi vaxt 20 yaşı var idi.
Peyğəmbərimizin Cüveyriyə ilə evlənərək Bəni-Müstəliq ilə qohum olduğunu eşidən əshabələr “Rəsulullahın qohum olduğu qəbilə artıq əsir ola bilməz”, – deyərək bütün əsirləri sərbəst buraxdılar.
Beləcə, atasının və qardaşlarının müsəlman olmasına səbəb olan Hz. Cüveyriyə qəbiləsindən 700 əsirin sərbəst buraxılmasına və müsəlman olmasına da vəsilə oldu, çünki Bəni-Müstəliq qəbiləsindən bir çox insan Peyğəmbərimizin və müsəlmanların bu hərəkəti qarşısında müsəlmanlığı qəbul etdilər.
Cüveyriyə anamız çox oruc tutar, çox namaz qılardı. Bundan başqa, zikr və təsbehə də çox əhəmiyyət verərdi. Bir dəfə o, səhər namazını qıldıqdan sonra zikr və təsbehi ilə məşğul olanda Peyğəmbərimiz yanından ayrılmışdı. Günorta yenidən evə gələndə Hz. Cüveyriyənin hələ də zikrlə məşğul olduğunu gördü. “Sən hələ də səhərdən zikrlə məşğulsan?” – deyə soruşdu. Sonra da ona belə bir tövsiyə etdi: “Mən səndən ayrıldıqdan sonra üç dəfə bu dörd kəlməni söylədim. Bunlar bu gün səhərdən bəri sənin söylədiklərinlə müqayisə edilsə, onlardan ağır gələr. O kəlmələr bunlardır: “Subhanəllahi adədə halkihi, subhanəllahi riza nəfsihi, subhanəllahi zinətə Arşihi və subhanəllahi midadə kəlimatihi (“Yaratdıqlarının sayı qədər Allahı təsbih edirəm. Allahı Onun razı olacağı şəkildə təsbih edirəm. Allahı Ərşin ağırlığı qədər təsbih edirəm. Allahı kəlmələrin sayı qədər təsbih eidrəm”)”.
Hz. Cüveyriyə Peyğəmbərimizin bu tövsiyəsindən sonra vəfat edənə qədər bu zikrləri söyləməyə davam etdi.
Cüveyriyə də Peyğəmbərimizin digər xanımları kimi çox xeyirxah idi. Özü yeməz, fəqirlərə yedirərdi. Peyğəmbərimiz bir dəfə: “Yeməyə nə var?” – deyə soruşduqda Hz. Cüveyriyə: “Vallah heç nə yoxdur. Bir az sümüklü qoyun əti var idi, onu da sədəqə olaraq verdim” – deyə cavab vermişdi.
Peyğəmbərimizin bu mübarək xanımı hicrətin 56-cı ilində 65 yaşında vəfat etdi. Cənazə namazını Mədinə valisi Mərvan ibn Həkəm qıldırdı. Allah ondan razı olsun!
İsmayıl Mutlu; “Xanım əshabələr”
Mütərcim: Məhbubə Kərimzadə