HƏZRƏT ÜMMÜHƏBİBƏ
İman və səbrin mükafatı
Əsl adı Rəmlə olan Ümmühəbibə Əbusüfyanın qızı, Müaviyənin bacısı, Osmanın isə bibisi qızı idi. İlk müsəlmanlardan olub. Ümmühəbibə İslamla şərəfləndiyi zaman nə atası Əbusüfyan, nə də anası müsəlman olmamışdılar. Hətta atası müşriklərin başçısı idi. Buna görə də Ümmühəbibə dözülməz işgəncələrə məruz qalmışdı. Atası və yaxın qohumları onun dinindən dönməsini istəmişdilər. Lakin o, bütün işgəncələrə qarşı dözərək dinindən ən kiçik bir güzəşt belə vermədi. İşgəncələr dözülməz bir hal alanda ilk müsəlmanlardan olan həyat yoldaşı Übeydullah ibn Cəhş ilə birlikdə ikinci hicrət qrupu ilə Həbəşistana hicrət etdi.
Həbəş hökmdarı Nəcaşi müsəlmanları çox yaxşı qarşıladı. Orada onları hər cür şəraitlə təmin etdi. Həmin vaxtlarda Ümmühəbibənin bir qızı dünyaya gəldi. Bu körpəyə Həbibə ismini verdilər. Bundan sonra Rəmləyə Ümmühəbibə künyəsi verildi.
Həbəşistana etdikləri hicrətdən çox az bir zaman keçmişdi. Ümmühəbibə gecə yatarkən yuxusunda ərinin üzünü qapqara bir vəziyyətdə gördü. Davamını özündən dinləyək: “Öz-özümə, “Vallah onun vəziyyəti dəyişəcəkdir”, – dedim. Səhər qalxdığım vaxt ərim mənə: “Ey Ümmühəbibə, mən dinləri incələmiş, xristianlıqdan daha gözəl bir din görməmiş və ona meyil etmişdim. Sonra necə oldusa, Mühəmmədin dinini qəbul etdim. İndi isə təkrar xristian oldum”, – dedi. Mən də ona, “Vallahi səndə xeyir yoxdur”, – dedim. Və yuxumu ona danışdım”.
Ümmühəbibənin əri sadəcə özü dindən dönməklə kifayətlənməmiş, onu da xristian olmağa məcbur etmiş və əgər bunu qəbul etsələr, zəngin olacaqlarını da söyləmişdi. Ümmühəbibə ona zərrə qədər əhəmiyyət vermədi. İmanı uğrunda qohum-əqrəbasından və vətənindən ayrılmamışdımı? Elə isə ərindən də ayrıla bilərdi. Heç tərəddüd etmədən ərindən də ayrıldı. Artıq o, vətənindən çox uzaqlarda, qərib məmləkətdə, övladı Həbibə ilə birlikdə tək başına qalmışdı. Çox sıxıntılı günlər keçirirdi.
Peyğəmbərimiz Ümmühəbibənin ərinin dindən döndüyünü, onun da buna görə tərəddüd etmədən ərindən ayrıldığını xəbər tutmuşdu. Ona görə də əqidəsi uğrunda bu qədər çətinliklərə təhəmmül edən Ümmühəbibəni mükafatlandırmaq istədi. Həbəş hökmdarı Nəcaşiyə bir elşi göndərdi. İki məktub da yazdı. Bu məktubların birində Nəcaşini imana dəvət edir, digərində isə himayəsində olan Ümmühəbibəni ona nikahlamasını istəyirdi. Eyni zamanda orada olan müsəlmanları Mədinəyə göndərməsini rica edirdi.
Mədinədən ayrılan elçi Əmr ibn Üməyyə böyük bir məsafəni qət etdikdən sonra yorğun halda Həbəşistana çatdı. Nəcaşi Peyğəmbərimizin elçisini həmin an qəbul etdi. Onun göndərdiyi məktubları hörmətlə oxudu. Onu imana dəvət edən məktubu oxuduqca hidayət nuru üzündə parlamağa başladı. Əslində o, başda Həzrət Əlinin qardaşı Cəfər ibn Əbitalib olmaqla oradakı müsəlmanlardan İslam dini haqqında xeyli məlumat öyrənmişdi. Kəlmeyi-şəhadəti deyərək müsəlman oldu.
Beləcə, Kainatın Əfəndisinin birinci istəyini yerinə yetirən Nəcaşi onun digər arzusunu da yerinə yetirmək üçün dərhal hərəkət etdi. Bu xoş xəbəri bildirmək üçün qadın xidmətçisini Ümmühəbibəyə müjdəçi olaraq göndərdi. Xidmətçi gedib vəziyyəti fədakar əshabəyə müjdələdi. Peyğəmbərimizin ona evlənmə təklifini etməsi Ümmühəbibəni çox sevindirdi. İndiyə qədər çəkmiş olduğu bütün sıxıntıları unutdu. Qolundakı iki gümüş bilərziyi və ayağındakı xalxalı bu gözəl xəbəri gətirən xidmətçiyə müjdəyə qarşılıq olaraq hədiyyə etdi.
Nəcaşi axşamüstü ölkəsindəki bütün müsəlmanları bir yerə topladı və onlarla bir az söhbət etdikdən sonra belə bir nitq söylədi: “Həmd və səna Allaha məxsusdur. O, Məlik, Quddus, Səlam, Mumin, Muhəymin, Əziz və Cabbardır. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur, Mühəmməd də Allahın qulu və Rəsuludur. Onun gələcəyini İsa ibn Məryəm də (ə) müjdələmişdi”.
Hökmdar daha sonra Peyğəmbərimizin adından Ümmühəbibəyə dörd yüz dirhəm mehr verdi.
Sonra Ümmühəbibənin vəkili Xalid ibn Səid də öz sözünü dedi və onu Peyğəmbərimizə nikahladığını bildirdi.
Ümmühəbibə anamız çəkdiyi iztirabların mükafatını Peyğəmbərimizin xanımları arasına qatılaraq görmüş oldu. Bu gözəl evlilik hicrətin 7-ci ilində həyata keçdi.
Nəcaşi daha sonra dəvətlilərə bir toy ziyafəti verdi. Ümmühəbibə üçün çox dəyərli cehiz hazırlatdı. Ertəsi gün də mühacirlərin yol hazırlıqlarının görülməsinə əmr etdi. Hazırlıqlar tamamlandıqdan sonra isə onları gəmilərə mindirərək Mədinəyə yola saldı.
Mühacirlər Mədinəyə bir sutka məsafədə olan Car Limanına qədər gəmilərlə gəldilər. Oradan Mədinəyə isə dəvələrə minərək getdilər. Müşriklərin işgəncələrindən Həbəşistana qaçan mühacirlərin geri dönməsi Mədinədə sevinclə qarşılandı.
Peyğəmbərimiz Ümmühəbibəni bir otağa yerləşdirdi. Ümmühəbibənin Peyğəmbərimizə olan sevgisi sözlə ifadə edilməyəcək dərəcədə böyük idi. Onun hər arzusunu dərhal yerinə yetirirdi. Onu narahat edəcək heç bir şeyi etməməyə səy göstərirdi. Atası ilə arasındakı bu hadisə ondakı Peyğəmbər sevgisini göstərməsi baxımından çox mənalıdır:
Müşriklər Peyğəmbərimizlə bağladıqları Hüdeybiyə Müqaviləsinin bir maddəsini tək tərəfli olaraq pozurlar. Lakin müsəlmanlarla vuruşmağa da risk etmirlər. Buna görə də müqaviləni yeniləmək istəyirlər. Rəisləri Əbusüfyanı bu işə məsləhət görürlər. Əbusüfyan Ümmühəbibənin atası, eyni zamanda Peyğəmbərimizin qayınatası idi.
Qısa müddətdə hazırlıqlarını tamamlayıb hərəkət edən Əbusüfyan uzun sürən yolçuluqdan sonra Mədinəyə daxil oldu. Əbusüfyan bu vəzifəni qəbul edərkən bir zamanlar sırf müsəlman olduğu üçün işgəncə verdiyi, evindən və məmləkətindən didərgin saldığı qızına güvənirdi. Yol boyu qızının onun ilə Peyğəmbərimiz arasında necə vasitəçilik edəcəyini düşündü. Bu xəyal ilə qızının evinin qapısını döydü. Atasını görən Ümmühəbibə bir an keçmişə qayıtdı. İslama və müsəlmanlara etdiyi düşmənçiliyə görə atasına qarşı qəlbində nifrət yarandı. Bir an onu evə dəvət edib-etməməkdə tərəddüd etdi. Lakin sonunda içəri dəvət etdi. Nə etmiş olsa da, atası idi.
Əbusüfyan yorğun idi, yerdəki döşəkçədə oturmaq istədi. Lakin Ümmühəbibə onun oturmasına müsaidə etmədi. O döşəkçə Peyğəmbərimizin idi. Atası da olsa, müşrik bir şəxsin o döşəkçəyə oturmasını istəmirdi. Bu, Əbusüfyana pis təsir etdi. Səbəbini soruşdu: “Qızım, başa düşmədim. Sən döşəkçəni məndən əsirgəyirsən, yoxsa məni döşəkçədən?”
Qızından bu ibrətli cavabı aldı: “Bu, Rəsulullahın döşəkçəsidir. Sən isə müşriksən. Sənin kimi birinin Rəsulullahın döşəkçəsinə oturmasına könlüm razı olmaz”.
Əbusüfyan heç gözləmədiyi bu cavab qarşısında çox qəzəbləndi, “Sən yanımdan ayrıldıqdan sonra dəyişmisən. Sənə pislik toxunub”, – dedi. Zatən müsəlman olmayan bir şəxs əshabələrin Peyğəmbərimizə olan sevgisinin dərəcəsini başa düşə bilməzdi.
Ümmühəbibə anamız atasının bu sözlərinə cavab olaraq dedi: “Xeyr, Allah mənə pislik deyil, İslamiyyəti nəsib etdi. Sən isə eşitməyən, görməyən, daşdan, ağacdan yonulmuş bütlərə sitayiş etməyə davam edirsən. Atacan, sənin kimi Qüreyşin öndə gələnlərindən biri necə olur ki, İslamdan uzaq qalır?”
Qızının həddini aşaraq onu müsəlman olmağa dəvət etməsi Əbusüfyanı daha da qəzəbləndirdi. “Yazıqlar olsun sənə. Səndən bu sözləri də eşidəcəkdim? Mən atalarımın sitayiş etdiklərini buraxıb Mühəmmədin dininə daxil olacağam, eləmi?” – dedi və qəzəblə oradan ayrıldı.
Peyğəmbərimizlə keçirdiyi üç il içərisində ona sonsuz bir sevgi göstərən və bir dediyini iki etməyən Ümmühəbibə anamız ondan hədis də rəvayət etmişdir. Onun rəvayət etdiyi hədislərdən ikisini sizin nəzərinizə çatdırırıq:
“Ümmətimə sıxıntı və əziyyət olmasaydı, hər namaz vaxtı dişlərini misvaklamalarını əmr edərdim”.
“İnsan oğlunun yaxşılığı tövsiyə etmək, pisliklərdən çəkindirmək və Allahı zikr etməsinin xaricində bütün sözləri əleyhinədir”.
Ümmühəbibə hicrətin 44-cü ilində qardaşı Müaviyənin xəlifəliyi zamanında xəstələndi və bir müddət sonra vəfat etdi. Allah ondan razı olsun!
İsmayıl Mutlu; “Xanım əshabələr”
Tərcümə etdi: Məhbubə Kərimzadə