AİLƏ ƏLAQƏLƏRİ
SUAL: Nişanlıların evlilikdən əvvəlki sərgüzəştlərini və əlaqələrini bir-birinə danışmamağa haqları vardırmı?
CAVAB: Əgər evliliklərindən əvvəlki sərgüzəştləri və əlaqələri bir-birinə danışmağı şərt etsələr, bu şərtə əməl etmək vacibdir. Əgər şərt etməsələr, heç birinin şəri baxımdan digərinin keçmişi ilə maraqlanma fikrində olmağa haqqı yoxdur. Hərçənd ki hər iki tərəfə lazımdır ki, qarşılıqlı etimad əsaslarını möhkəmləndirsinlər və bu əsasların möhkəmlənməsinə və müştərək həyatın sabitləşməsinə təsir edən işlər haqqında söhbət etsinlər.
SUAL: Mən həddi-büluğa çatmış bir qızam. Atam həyatda olduğu bir halda, hətta ölmüş olarsa, böyük qardaşımın öz istəyi ilə məni bir işə məcbur etməyə və mənə əmr verməyə və qadağa qoymağa haqqı vardırmı?
CAVAB: Yalnız bir möminin başqa bir möminin onun üzərində olan şəri haqqına riayət edib, onu əmrun bil-məruf və nəhyun ənil-münkər etdiyi, ona nəsihət verdiyi və onu hidayət etdiyi kimi, qardaşının da yalnız buna haqqı vardır. Başqa heç bir haqqı yoxdur. Necə ki ata da həddi-büluğa və kamala çatmış qızı üzərində deyilmiş haqlardan başqa heç bir hakimiyyətə sahib deyil. Böyük qardaşın, yaxud atanın özü üçün iddia etdiyi belə bir qüdrət əmrun bil-məruf və nəhyun ənil-münkərin həddindən xaric olarsa, heç bir şəri etibarı yoxdur.
SUAL: Hicabsız bir gənc qızı hicaba riayət etmə xüsusunda qane edə bilmişəm. Onunla evlənmək istədikdə ailəm, onun məni aldatmaq üçün hicab bağladığını bəhanə edərək, məni onunla evlənməkdən çəkindirdi. Lakin mən belə fikirləşirəm ki, o, hicabı qəbul edib və ona əqidəsi də vardır. Sizin fikriniz nədir?
CAVAB: Mən bu gəncə tövsiyə edirəm ki, bu məsələyə kifayət qədər diqqət etsin. Qorxuram ki, hissi yön, məsələnin real və həqiqi yönünə üstün gələ bilər. Ola bilər ki, o qız da səninlə evlənmək istədiyi üçün özünü sənin istəklərinə uyğunlaşdırsın. Evləndikdən sonra iş sona çatdıqda hicabı atıb, səni təzyiq altında saxlaması da mümkündür. Buna görə də mən belə bir gəncə demirəm ki, mütləq ailənin sözünə əməl et, əksinə hissi və psixoloji təsirlərdən uzaq bir ab-havada mövzu üzərində dərindən düşünməsi üçün ailəsinin sözünü bu düşüncənin əsası qərar versin ki, ailəsini əldə etdiyi ilə razı sala bilmək üçün müsbət nəticəyə, yaxud uzaq durması lazım olan mənfi nəticəyə çatsın.
SUAL: Mən evdə qısa paltarlar geyinən bir qızam ki, baldırlarım və sinəm görünür. Evdə də cavan qardaşlarım var. Mənim bu işim şəriətə ziddirmi?
CAVAB: Bu şəriətə zidd bir iş deyil. Lakin bu işinin sapqınlıq ab-havası yaratdığını hiss etsən – xüsusilə indi göstərilən elə bayağı filmlər vardır ki, bəzən qardaşlarının o filmlərə baxması onların təhrikedici hallar yaşaması ilə nəticələnə bilər – bu halda evin ab-havasını sapqınlıq və təhrik amillərindən uzaqlaşdırmalısan. Çox təəssüflər olsun ki, bəzi cəmiyyətlərin işi elə bir yerə gəlib çatmışdır ki, bəzi video filmlərin təsiri altında, əxlaqi sapqınlıq, məhrəmlərin bir-biri arasındakı qeyri-qanuni əlaqələr həddinə qədər inkişaf etmişdir. Bizə hətta Beyrutdakı şəri işlər dəftərxanasında ata ilə qız və bacı ilə qardaş arasında vəhşi şəkildə məcburiyyətlə baş vermiş, bəzi qanunsuz əlaqələrin mövzusu haqqında məlumatlar verilmişdir. Bunlar cəmiyyət üçün təhlükəli siqnaldır və cəmiyyətin vəzifəsi budur ki, bütün gücü ilə bu sapqınlıqlarla mübarizə aparsın və bunların qarşısını almanın yollarını araşdırsın. Bu işlərin qarşısının alınma yollarından biri də cavan qızların, hətta ata evi mühitində belə təhrikedici paltarlar geyiniməkdən çəkinməsidir.
SUAL: Qadın məhrəmlərinin qarşısında öz bədənini hansı həddə qədər açıq qoya bilər?
CAVAB: Övrət (cinsi orqan) və təbiətcə cinsi hissləri təhrik edən bədən üzvü istisna olmaqla, qadının bütün bədənini məhrəmləri qarşısında açıq qoyması icazəlidir. Qadının döşünü qardaşlarının, yaxud atasının, əmisinin və dayısının yanında açması haram deyil, lakin bu bədən üzvü cinsi hissləri hərəkətə gətirən və ümumi ürf tərəfindən cinsi bir üzv hesab olunan bədən üzvü olduğuna görə qadının onu örtməsi lazımdır.
SUAL: Atam bizim qarşımızda alt paltarı ilə get–gəl edir. Bu işin şəri baxımdan maneəsi vardırmı?
CAVAB: Sizin ona bu vəziyyətdə baxmağınız haram deyil, lakin daha yaxşı olar ki, ata bu vəziyyətdə qızlarının qabağına çıxmasın. Qardaş da evdə bacılarının qarşısına bu vəziyyətdə çıxmamalıdır. Ola bilsin ki, belə bir vəziyyət sapqınlıq yarada bilər. Bu halda ünvani-sanəvi olaraq haram ola bilər.
SUAL: Atam içki içəndir və anamı içki süfrəsi açmağa məcbur edir. Anam bu işi görməklə şəri baxımdan günahkar olur? Anam belə bir işi görməkdən imtina edə bilərmi?
CAVAB: Əgər anan qorxsa ki, imtina etdiyi surətdə atan onu boşayacaq, yaxud döyəcək və yaxud da dözülməz bir halda onunla bədrəftar olacaq, atanın bu istəyini yerinə yetirməsi icazəlidir. Əgər yuxarıda sadalanan şeylərdən qorxusu olmasa, ərinin istəyinə qarşı çıxması vacibdir. Əvvələn bu iş haramdır. İkincisi də əmrun bil-məruf və nəhyun ənil-münkər başlığı ilə bu işi görməkdən imtina etməsi vacibdir.
SUAL: Atam məhəbbətini təzahür etdirmək üçün qarşımızda anamın yanağından öpür və onu qucaqlayır. Bu işin şəri baxımdan maneəsi vardırmı?
CAVAB: Əgər bu iş cinsi mənaya və məfhuma malik olmasa, yəni bu iş atanın oğlunun və qızının yanağını öpməsi kimi ürfi baxımdan adi və təbii olarsa, heç bir problem yoxdur. Əgər bu iş bir növ təhrikedici cinsi münasibət olarsa, daha yaxşı olar ki, ata övladlarının yanında bu işi görməkdən çəkinsin.
SUAL: Kiçik yaşlı uşaqları lüt halda buraxmaq icazəlidir?
CAVAB: Əlbəttə, bu məsələ şəri baxımdan qəbul olunmayan bir iş kimi tələqqi olunarsa, anaların bu işdən çəkinmələri vacibdir. Lakin deyilmiş ehtimalda bu cür deyildir, çünki bu iş öz-özlüyündə haram deyil.
SUAL: Qadının evdə öz ərinin dostlarını qarşılaması icazəlidirmi?
CAVAB: Bu məsələdə belə fikirləşirəm ki, İslam əxlaqı qadınla ərinin dostları arasındakı bu növ əlaqəni yasaq edir, çünki bu məsələ bəzən inhiraf və sapqınlıqla nəticələnir. Necə ki bu gün evlənmə və əxlaqla əlaqədar bir çox problemləri müşahidə edirik, xüsusilə bu cür evlərdə evlənmə yaşında olan və cazibədar gənc qızlar olarsa.
Mən deyirəm ki, İslam bir-birinə yad olan (yəni naməhrəm olan) kişi ilə qadının münasibətinə icazə vermir. Münasibət yalnız mənfi nəticələrin yaranmayacağı haqqında xatircəmlik hasil olduğu halda, icazəlidir ki, o da bu zamanda çox az əldə olunur. Mən bu sözlərlə kişilərlə qadınlar arasında etimadsız bir cəmiyyət yaratmaq istəmirəm, əksinə reallığı dilə gətirirəm ki, onun qarşısında ehtiyata riayət etmək lazımdır.
SUAL: Ailəvi məclislərdə qadınları və kişiləri bir–birindən ayırmaq vacibdirmi?
CAVAB: İslami qayda kişilərlə qadınları bir-birindən ayırmağı tələb edir, çünki müşahidə olunmuşdur ki, hətta dindar kişilər və qadınlar arasında ictimai adətə çevrilmiş bu növ münasibətlər bəzən ailədaxili problemlər meydana gətirir. Çox vaxt kişi öz arvadında olmayıb dostunun arvadında gördüyü xasiyyətə görə ona vurulur. Xüsusilə, ab-hava o qədər mehriban ola bilər ki, maneələr və pərdələr bir tərəfə gedər və fərdlər rahatlıqla bir-biri ilə söhbət edə bilərlər. Bu halda kişi sanki öz arvadı ilə söhbət etmiş olur.
Buna görə də mən belə fikirləşirəm ki, yayılmaqda olan belə bir ab-hava və adət üçün, ictimai ziyarətlərdə kişi və qadını bir-birindən ayırmaqla olsa belə, əxlaqi qayda-qanun qoymaq lazımdır.
SUAL: Atam yaşlı və möhtac bir kişidir. Mən onun evin xərclərini təmin etmək üçün işləyən yeganə qızıyam. Bir kəs mənə evlənmə təklifi etmişdir. Öz həyatımla məşğul olub ailəmi öz halına buraxmağım icazəlidirmi?
CAVAB: Evlənməyin icazəlidir. Xüsusilə, evlənməyə ehtiyac duyduğun bir halda. İstər şəxsi ehtiyac olsun, yaxud dini ehtiyac. Əgər bacararsansa, ailənin xərcini – öz xərcin ərinin öhdəsində olduğu üçün – təmin edərsən. Valideynlərinin xərcini heç kim təmin etmədiyi surətdə yalnız onların xərcini vermək sənə vacibdir. Əgər bacarmasan, vacib deyil. Hər bir halda evlənməyin heç bir günahı yoxdur.
SUAL: Ata və ananın xərclərini təmin etmək (yəni nəfəqələrini vermək) oğlanların üzərinə vacibdirmi?
CAVAB: Ata və anaya möhtac olan övladların xərcini təmin etmək valideynlərə vacib olduğu kimi, möhtac ata və ananın da xərclərini təmin etmək övladlar üzərinə vacibdir. Bu məsələdə böyük və kiçik oğul, oğlan və qız arasında heç bir fərq yoxdur, əksinə onların hamısının üzərinə vacibdir.
Mütərcim: Xəyyam Qurbanzadə