Kərbəla qiyamının mahiyyəti haqqında – o tarixi hadisənin bütün yönlərini tanıtdıran kiçik və əhatəli bir məqalə yazmaq istədik. Çox düşündükdən sonra belə bir nəticəyə gəldik ki, o qiyamın mahiyyətini İmam Hüseyn (ə)-ın özündən başqa heç kim ətraflı şəkildə izah və bəyan edə bilməz. Buna görə də İmam Hüseyn (ə)-ın “Tuhəful-Üqul” kitabında yer alan və qiyamın mahiyyətini açıqlayan bir xütbəsini tərcümə edib sizə təqdim etmək qərarına gəldik. Xütbə böyük bir izdiham qarşısında söylənilmişdir. Təxminən 1400 il bundan qabaq söylənilməsinə baxmayaraq, onu oxuyan insana elə gəlir ki, sanki o bu gün söylənmişdir. Xütbəni oxuyan şəxs başa düşür ki, İmam Hüseynin yaşadığı dövrdəki ictimai-siyasi vəziyyətlə bugünkü modern dünyanın ictimai-siyasi vəziyyəti bir-birindən bir o qədər də fərqlənmir. O dövrdə xalq Tağut tərəfindən əzilirdi, bu gün də əzilir. O dövrdə xalq ədalətli şəriət nizamına möhtac idi, bu gün də belə bir nizama möhtacdır. O gün xilaskara ehtiyac vardı, bu gün də xilaskara ehtiyac var. O gün bir Yezid var idisə, bu gün artıq bizə yüzlərlə Yezidlər hakimdir. O gün Yezidə yaltaqlanan “ruhanilər” və “din adamları” var idisə, bu gün də rejimə yaltaqlanan və məddahlıq edən “ruhanilər” və “din adamları” vardır. Lakin İmam Hüseynlər yox kimi görünür. Haqq uğrunda, din uğrunda, şəriət uğrunda ölümü göz önünə alanlar meydanda görünmür. Nə etməliyik. Bu vəziyyətdə təklifimiz və vəzifəmiz nədir? Bu sualın cavabı oxuyacağınız xütbədədir. Sizə yalnız bunu deyə bilərik ki, oxuyun, düşünün, haqq olaraq bildiklərinizi yaşayın və həqiqət uğrunda mübarizədən geri qalmayın və bu yoldan çəkinməyin!!!
Həzrət Hüseyn (ə) buyurmuşdur: “Ey insanlar, Allahın öz dostlarına öyüd vermək üçün yəhudi alimlərini qınamasından öyüd alın. Allah yəhudi alimlərini qınayaraq belə buyurur: “Kaş onların (yəhudilərin) din alimləri və fəqihləri onlara günah söyləməyi və haram yeməyi qadağan edəydilər”[1].
Allah digər bir ayədə buyurur: “İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənət oxundu. Bu, onların üsyan etmələrinə və həddi aşmalarına görə idi. Onlar bir–birini etdikləri pis əməldən çəkindirmirdilər. Onların gördükləri iş necə də pis idi!”[2]
Allahın onları qınaması, onların öz aralarında olan zalımların etdikləri pis işləri görüb, onlar vasitəsi ilə əldə etdikləri dünya malı və məqamına olan bağlılıqları və məruz qalmaqdan qorxduqları basqı üzündən onları çəkindirməmələri üçündür. Halbuki Allah “İnsanlardan qorxmayın. Məndən qorxun!”[3] – deyə buyurmaqdadır.
Allah buyurmuşdur: “Mömin kişilərlə mömin qadınlar bir–birinə dost, hayandırlar. Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər (əmrun bil–məruf), pis işləri yasaq edər (nəhyun ənil–münkər), namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər”[4].
Göründüyü kimi, Allah (möminlərin sifətini saydıqda) əmrun bil-məruf və nəhyun ənil-münkərlə başlayıb ilk olaraq onu vacib edir. Bilin ki, əgər bu vacib vəzifə yerinə yetirilib tətbiq edilərsə, bütün vacib işlər – istər asan olsun, istərsə çətin – yerinə yetirilib tətbiq olunar, çünki əmrun bil-məruf və nəhyun ənil-münkər zülmə uğrayanların haqlarının alınmasını, zalımlara müxalifəti, beytül-malın və qənimətlərin (ədalətlə) paylanmasını, zəkatın gərəkən yerlərdən alınıb lazımi şəkildə xərclənməsini təmin etməklə, İslama edilən (əməli) bir dəvətdir.
Sonra siz, ey elmlə məşhur olub xeyirlə anılan, nəsihətlə tanınıb Allahın vasitəsi ilə xalqın qəlbində heybətli görünən cəmiyyət! (Bilin ki,) şərəfli insanlar sizdən çəkinir, zəiflər sizə sayğı göstərir, öz səviyyənizdə olan və yaxşılıq etmədiyiniz şəxslər sizi özlərindən üstün tuturlar. (İnsanların) ehtiyacları ödənmədiyi zaman sizin vasitəçiliyinizlə ödənir. Yolda gedərkən padşahların heybəti və böyüklərin də izzəti ilə yeriyirsiniz. Əcəba, bunların hamısı sizdən gözlənilən ilahi vəzifənizi (haqqı hakim etməyiniz) icra etməyiniz üçün deyildirmi? Lakin siz vəzifənizin çoxunu yerinə yetirmirsiniz və qüsura yol verirsiniz. İmamların haqqına əhəmiyyət vermir, zəiflərin haqqını zay edirsiniz. Lakin öz haqqınıza gəlincə onu tələb edirsiniz. Siz Allah yolunda nə bir mal xərclədiniz, nə Onun üçün yaratdığı canı hər hansı bir təhlükəyə atdınız və nə də Onun razılığı üçün bir qəbiləyə (cəmiyyətə) düşmən oldunuz. Bununla birlikdə Allahın Cənnətinə girməyi, peyğəmbərləri ilə qonşu olmağı və əzabından da qurtulmağı arzu edirsiniz.
Ey (əməlsiz olaraq) Allahdan xeyir gözləyənlər! Sizlərin Onun əzab və intiqamına düçar olmağınızdan qorxuram, çünki sizlər Allahın sizə hörməti sayəsində məqam və üstünlük qazanmış və Onun adı ilə qulları və bəndələri arasında hörmət görməkdəsiniz. Lakin Allaha itaət etməklə tanınan şəxslərə hörmətiniz yoxdur.
Öz gözlərinizlə Allahın əhdlərinin pozulduğunu görməyiniz sizi narahat etmir, lakin atalarınızın bəzi əhdlərinin (söz və vəsiyyətlərinin) pozulmasından narahat olursunuz. Peyğəmbərin sözlərinə əhəmiyyət verilmir. Kar, dilsiz və xəstə şəxslər şəhərlərdə sığınacaqsız və baxımsız qalmış, onlara acıyan belə yoxdur. Sizlər də nə məqamınızdan yararlanıb onların haqqında bir iş görürsünüz və nə də sığınacaqsız insanlar üçün bir iş görən şəxslərə yardımçı olursunuz. Zalımlara yaltaqlıq edib zəmanət əldə etməyə çalışırsınız. Bütün bunları Uca Allah sizə yasaqlamışdır, lakin siz bundan qəflət edirsiniz.
Əgər şüurlu şəkildə yanaşsaydınız, onda bilərsiniz ki, insanların içində ən böyük müsibətə uğrayan, alimlərin həqiqi məqamından uzaq düşmüş olan sizlərsiniz, çünki işləri idarə etmək və hökmləri tətbiq etmək, Allahın halal və haramına əmin olan alimlərin əlində olmalıdır. Lakin bu məqam sizin əlinizdən alınmışdır. Bu məqam sadəcə açıq şəkildə dəlillər gəldikdən sonra haqq işlərdə təfriqəyə düşməyinizə və Sünnəyə ixtilaf etməyinizə görə əlinizdən çıxdı.
Əgər əziyyətə səbir edib, Allah üçün çətinliklərə dözsəydiniz, ilahi işlər sizdən çıxar və sizə dönərdi, lakin siz məqamınızı zalımlara verib ilahi məsələləri onlara təslim etdiniz. Onlar da şübhə ilə hərəkət edib nəfsani arzularına uyurlar. Zalımları bu işə hakim edən siz alimlərin ölümdən qaçması və sizdən ayrılacaq həyata könül bağlamasıdır. Sizlər gücsüz xalqı onlara təslim etdiniz. Onlardan bəziləri əzik kölələr durumuna düşmüş, bəziləri də güzəranını təmin edə bilməyən yenilmiş zəiflər halına gəlmişdir. Onlar (zalımlar) pisliklərlə birlikdə Allaha qarşı gəlməyə cəhd edərək məmləkətdən istədikləri şəkildə faydalanır, həva və həvəslərinə uyub hər pisliyə baş vururlar.
Hər şəhərdə bəlağətli xətibləri vardır. Məmləkətin hər tərəfi onlara boyun əyməkdədir.
Hər tərəfdə hakimiyyətlərini qurmuş, xalq da onların kölələri halına gəlmiş və özlərini müdafiə edəcək bir gücləri qalmamışdır. Xalqa hakim olanlar qəddar, üsyankar və zəiflərə qarşı mərhəmətsiz davranan zalımlar, yaxud da Allaha və qiyamətə imanı olmayan, əmrinə itaət edilən səlahiyyətli şəxslərdir. Heyrət! Necə heyrətə gəlməyim ki, İslam torpaqları saxtakar və zalım zəkat yığanların, möminlərə qarşı şəfqətsiz və insafsız olan xain hökmdarların nüfuzu altındadır. Münaqişə etdiyimiz vaxtda bizimlə sizin aranızda hökm verəcək olan yalnız Allahdır. İxtilafa düşdüyümüz mövzularda da bizi mühakimə edəcək olan Odur.
Allahım! Sən bilirsən ki, bizim tərəfimizdən gerçəkləşən (qiyam) səltənət üçün, yarış və dəyərsiz dünya mallarından bir şeyə yetişmək üçün deyildir. Sənin dininin nişanələrini göstərmək, şəhərlərində işləri düzəldib yoluna qoymaq, məzlum bəndələrinə əmniyyət və zəmanət qazandırmaq və İslamın vacib işlərinə, Rəsulullahın Sünnə və hökmlərinə əməl olunması üçündür.
Siz də bizə yardım etməyib haqqımızda insaflı olmasanız, zalımlar sizə hakim olar və Peyğəmbərinizin nurunu söndürməyə çalışarlar.
Allah bizə yetərlidir. Ona təvəkkül etmişik”.
“FİTRƏT” jurnalı
Mütərcim: Xəyyam Qurbanzadə
[1] “Maidə”, 63
[2] “Maidə”, 78, 79
[3] “Maidə”, 44
[4] “Tövbə”, 71