İMAM HÜSEYNİN HƏYATINDA İLAHİ EŞQ VƏ ƏXLAQ

cennetTarixə qanla yazılmış “Aşura” hadisəsi bu hadisənin yaranmasında öz qəhrəmanlığı ilə tanınan Həzrət Hüseyn (ə)-ı bir mübariz insan kimi yaddaşlara həkk etdi. Hətta Həzrət Hüseyn (ə) insanların nəzərində o qədər mübariz və mücahid kimi tanındı ki, digər üstün xüsusiyyətlər və əxlaqi keyfiyyətlər yaddan çıxdı. Lakin İmamın digər əxlaqi xüsusiyyətləri, haqqı tanımaqda aydın düşüncəyə malik olan elm əhlinin yaddaşlarından silinib getmədi, əksinə bu xüsusiyyət və eşqin sahibinin bu şəkildə acınacaqlı ölüm və dəfni onların düşmənlərinə nifrət hissini daha da gücləndirdi.  

Həzrət Hüseyn (ə)-ın yaşayışına nəzər saldıqda insanın gözü önündə məzlumların dadına çatan bir pənahgah, haqsızlıqlara qarşı susmadan mübarizə aparan haqq sahibi, yoxsullarla var-dövlətini bölüşən səxavət sahibi, yetimlərə qulluq və nəvaziş göstərən bir qəlb sahibi, böyüklərə qarşı hörmət göstərən, kiçiklərə qarşı nəvaziş göstərən insan, elmi ilə insanlara yol göstərən alim, ibadəti ilə xalqı heyrətdə qoyan abid və haqqı tanımaqda çox ayıq olan bir arif canlanır.

Həzrət Hüseyn (ə)-ın Ərəfatda oxuduğu bir dua onun eşqinin mənasını və mayasını büruzə verir və insanlara bu yolda addımlamağı təlim edir: “İlahi! Yaranmışların müxtəlif nişanələrindən, hadisələrin dəyişkənliyindən bildim ki, məni yaratmaqda məqsədin bu olmuşdur; Özünü (əzəmətini, qüdrətini) hər şeydə mənə göstərəsən ki, Sənin hər yaratdığını görüm, Səni tanıyım və Səndən başqa heç nəyin təsiri altına düşməyim”. Digər bir bəyanında: “Sən nə zaman Öz bəndələrindən uzaq olmusan ki, Sənə bir dəlil axtaraq? O göz kor olsun ki, Səni özünün mühafizi (qoruyucusu) kimi görmür və o bəndə ziyankardır ki, Sənin məhəbbət və eşqini əldə etməmişdir və aşiqlər sırasında qərar tutmamışdır”, – dediklərini müşahidə edirik. İlahi sifətlərə sahib olan, ən ülvi hissləri özünə aşılayan bu eşq sahibi zikr və dualarını bu sözlərlə Rəbbinə bəyan etmişdir.

Bir gecə Həzrət Hüseyn (ə) atasının dostlarından biri ilə Əzəmətli Məkkədə nənəsi Xədiceyi-Kubranın qəbrinin yanına gəldi, göz yaşı axıtdı, sonra yanında olan Ənəsə belə söylədi: “Məndən və bu məkandan bir qədər aralan və məni tərk et”. Ənəs deyir: “Mən bir kənara çəkildim. Həzrət Hüseyn (ə) namaza başladı və namazı uzun çəkdi. Eşitdim ki, deyir: “Ya Rəbb! Sən mənim – Öz bəndənin Mövlasısan. Öz kiçik quluna rəhm et ki, onun pənahı Sənsən.

Ey böyük sahib, Sənin üstünlüklərin mənim arxamdır. Xoş o adamın halına ki Sən onun mövlasısan!

Xoş o adamın halına ki Səndən qorxur, gecələr oyaqdır və öz çətinliklərini Sənin dərgahına söyləyir. Əslində heç bir dərd və xəstəlik onun öz Mövlasına olan eşqindən artıq deyildir.

Kim hər zaman öz qəm-qüssəsini bəyan etsə, Allah onun cavabını verər və “Ləbbeyk” – deyər.

“Kim gecənin qaranlığında dua etməyə və ağlamağa başlayarsa, Allah onu əziz sayar və Öz yaxınına buraxar”. (“Mənaqib”; c. 4, s. 69, “Biharul-Ənvar”; c. 44, s. 193).

İmam öz dövründə himayəsində olan qulam və kənizlərlə mehriban davranışı ilə sübut etdi ki, öz himayəsində olanlarla cəlladcasına davranan insanlar səfa və səmimiyyətdən uzaq olan yalançı, ikiüzlü və riyakardırlar. Onlara insanlıq məfhumu yox, “mənəm”lik hakim kəsilmişdir. Böyük əxlaqa malik olan insanlar əfv etməkdən elə ləzzət alırlar ki, bunu intiqam hissi ilə alışıb-yanan ikiüzlülər anlamazlar.

Həzrət Hüseyn (ə)-ın qulamlarından biri cəzaya layiq bir cinayət törətmişdir. İmam onu cəzalandırmağı əmr etdi. Peyğəmbər ailəsinə yaxından bələd olan qulam dərhal bu ayəni oxudu: “Öz qəzəbini udan bəndələr…” Həzrət Hüseyn (ə) buyurdu: “Onu azad edin (cəzalandırmayın)”. Qulam bu ayəni oxudu: “Onlar ki, insanları əfv edirlər. …” Həzrət Hüseyn (ə) buyurdu: “Səni bağışladım”. Qulam bu ayəni oxudu: “Allah yaxşı əməl sahiblərini sevir”. Həzrət Hüseyn (ə) dedi: “Sən Allah xatirinə azadsan və sənə indiyə qədər verdiyimdən iki dəfə çox haqq verməyi qərara aldım”.

Ənəs deyir: “Hüseyn ibn Əli (ə) ilə oturmuşdum. İmamın kənizlərindən biri otağa daxil oldu və bir dəstə gülü İmama təqdim etdi. İmam o kənizə dedi: “Sən Allah xatirinə azadsan”. Ənəs ona irad tutdu və soruşdu: “O, sənə bir dəstə gül təqdim edir, sən onu azad edirsən?” Həzrət Hüseyn (ə) buyurdu: “Bu elə bir ədəbdir ki, Allah bizə (Peyğəmbər ailəsinə) öyrətmişdir və Allah buyurmuşdur: “Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eyni ilə sahibinə) qaytarın” (“Nisa”, 86). Gül hədiyyəsindən daha yaxşı hədiyyə onu azad etmək idi”.

İnsanlara qarşı səxavət və mərhəmət sahibi olan şəxslər tarixən yaddaşlardan silinmir. Öz varları ilə başqasına kömək etdikdə tənə vurmağı sevən insanlara – saxtakarlara Həzrət Hüseyn (ə)-ın əxlaqından o qədər örnək götürməli nümunələr var ki…

Böyük bir ərəb şairi həyatın çətinlikləri ilə üzləşdikdə Peyğəmbər şəhərinə üz tutdu, ən kəramətli şəxsi soruşdu. Həzrət Hüseyn (ə)-ı göstərdilər. İmamı namaz qıldığı yerdə gördü. Ona bir şeir həsr etdi:

“Sənin evinin qapısını döyən naümid qayıtmaz

Sən səxavətlisən və xalqın pənahısan

Əgər sənin əcdadların olmasaydı,

Cəhənnəm bizim qərargahımız olardı”.

İmam onun bu şeirinə mükafat olaraq qalan bütün pulu – dörd min dinarı Yəmən parçasına bükdü, qapının arxasından ona uzatdı, şeirin müqabilindəki hədiyyənin azlığından üzr istədi və dedi: “Əgər daha çox imkanım olsaydı, bizim səxavət asimanımız sənin üstünə (sərvət) yağdırardı”. Ərəb pulu aldı, lakin ağladı. Həzrət Hüseyn (ə), “Məgər azdırmı?” – deyə soruşdu. Ərəb: “Əsla! Amma bu səxavətli əllərin üstünü torpağın örtməsi rəvadırmı?!” – deyə cavab verdi. (“Mənaqib”; c. 4, s. 65).

Ey bütün həyatını var-dövlət qazanmağa sərf edən, həyatda kef və əyləncəni məqsəd bilən, ömrünün sonunda bütün var-dövlətini dünyada qoyub Allahın hüzuruna əliboş gedən insan, məgər Həzrət Hüseynin əxlaqı sənə nümunə deyildirmi?

Həyatını ilahi əxlaqla yaşayanlar bir gülə bənzəyərlər ki, həmişə ətir saçır; bir bala bənzəyərlər ki, başqalarının ağzını şirin edir.

Böyük bir əxlaq sahibinin (yəni Peyğəmbər (s)-in) evində böyüyüb əxlaqı babasından öyrənən bu şərafətli şəxs tarixə həm də mübarizlik aşıladı. Azadlıq sevən insanlar üçün örnək götürməyə ən gözəl nümunədir Hüseyn!…

Sözümüzün sonunda Həzrət Hüseyn (ə)-dan bir neçə hədis nəql edirik:

Allaha qul olan başqasına qul olmaz”.

Səni peşman edən üzr istəməyə məcbur edən sözləri deməkdən çəkin”.

Duasının qəbul olmasını xoşlayan şəxs öz qazanc gəlirini halal etməlidir (Babasından rəvayət edir)”.

Kişi üçün Allahın nemətlərindən biri budur ki, övladı özünə oxşasın”.

“FİTRƏT”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma