AŞURA VƏ BİDƏTLƏR

bidatAllah-Taala bəşəriyyətə sonuncu Peyğəmbər Həzrət Mühəmməd (s)-i göndərmiş və Öz dininin qanunlarını onun vasitəsilə insanlara bəyan etmişdir. İslam dininin bütün qanunları bəşərin cəhalətdən çıxmasına və inkişaf edərək kamil bir cəmiyyətə çevrilməsinə xidmət edir. Allaha iman gətirib və müsəlman olduğunu iddia edən hər bir kəs bu dinin qanunlarına tabe olmalı və onun ziddinə olan hər hansı adət və ənənələrdən uzaq olmalıdır. Ona görə də hər bir müsəlman öz dininin vacib əməllərini tanımalı, hansı işlərin onun dindən çıxmasına səbəb olacağını öyrənib bilməlidir. Bunu bilmək üçün də bütün müsəlmanlar Allah tərəfindən onlara nazil edilmiş Kitaba müraciət etməli, orada Allahın müsəlmana haram və halal etdiyi işləri öyrənməlidir. Allahın Kitabında olan qanun və hüquqları təfsilatı ilə bəyan edən Peyğəmbərimizin Sünnəsi də mövcuddur ki, bununla biz dində olmayıb sonradan insanlar tərəfindən dinə gətirilmiş bir sıra xurafi adət-ənənələri tanımalı və onlara qarşı mübarizə aparmalıyıq.

Rəsulullah Allahın Kitabının insanlar tərəfindən düzgün başa düşülməsi və Peyğəmbər Sünnəsinin bidətlərlə əvəz olunmasının qarşısını almaq məqsədi ilə bütün insanların Quran-kərimə və Peyğəmbər Sünnəsinə hamıdan çox agah olan Əhli-Beyt İmamlarına söykənmələrini istəmişdir.

Əhli-Beyt İmamları Peyğəmbərdən sonra dinin qanunlarına hamıdan çox agah olduqları üçün İslama zidd olan cəhalət və xurafatla dolu bidətlərə qarşı həmişə mübarizə aparmışlar. Belə bidətlərə qarşı mübarizə aparan İmamlardan biri də İmam Hüseyn (ə)-dır ki, Peyğəmbərin gətirdiyi din dəyişdirildiyi, Sünnənin yerini yenidən cahiliyyət dövrünün bidətləri doldurduğu bir vaxtda qiyam etdi və şəhadəti ilə də İslamın aradan getməsinin qarşısını aldı. Deməli, İmam Hüseyn (ə)-ın Aşurası İslamın və Peyğəmbər Sünnəsinin yaşandığı və bidətlərin məhv olduğu gündür. Bu hərəkəti ilə də İmam bütün müsəlman ümmətinə bir dərs vermiş, Sünnənin və dinin aradan gedib, xurafatın və bidətin cəmiyyətə daxil olduğu bir dövrdə hansı mövqedə dayanmalarını bəyan etmişdir. Əslində Aşura Quran-kərimdə nəzəri olaraq göstərilmiş əqidə və fikirlərin əməli olaraq yaşanması günüdür. Kərbəla şəhidləri o gün tövhidi, Allahın rübubiyyətini, qiyamətin varlığını, insanların hesab günü Allahın hüzuruna gətiriləcəklərini öz vücudları ilə əməli olaraq göstərdilər. Aşura insanın Allaha və dininə bəslədiyi dərin bir məhəbbətin, imtahan zamanı gəldikdə o məhəbbətin zahir olub onu dünyaya bağlayan ünsürlərin tamamilə yox edilməsinin və bütün istəklərin Allah yolunda qurban verilməsinin sözdə və fikirdə deyil, əməldə də nişan verilməsi günüdür. Bu gün səflərin çəkildiyi, batili seçənlərlə haqqı istəyənlərin ayrıldığı, nəfsini özünə hakim edib dünyanın quluna çevrilənlərlə, qəlbinin bəsirəti ilə qeyb aləmini müşahidə edib axirəti özünə mənzil seçən insanların üz-üzə gəldiyi, qarşı-qarşıya durduğu gündür. O gün dünyanın axirət ilə küfrün imanla vuruşduğu, sonunda isə axirətin və imanın qalib gəldiyi gündür. Həqiqətdə 72 nəfərin şəhadəti ilə iman küfrə qalib gəlmiş, dünyanın vəfasızlığı, axirətin isə həqiqi mənzilgah olduğu sübuta yetirilmişdir.

Hüseynin Aşurası özündə baş verənlərlə hər gün insanlıq aləminə xitab etməkdə və insanları küfrün rəzalətlərindən qurtularaq imana və dinə gəlməyə, bir gün ölümün onun qapısını döyəcəyini ona bildirməklə ölümə hazır olmağı tövsiyə etməkdədir. Aşura bir məktəb, elm öyrədən, iman verən bir müəllimdir. Lakin başqa məktəblərdən və ustadlardan fərqli olaraq öz şagirdini daha tez bir zaman içində tərbiyə edib məqsədə çatdıran bir məktəbdir. Buna görə də bütün insanlar Hüseynin Aşurasına sığınmaqla onu özünə ustad və müəllim qərar verməlidir. Buna görə də insanların hadisələrdən ibrət alması, qəflət yuxusundan ayılaraq həqiqəti anlaması üçün yaşadıqları hər bir məkan onlar üçün Kərbəla, hər bir zaman isə Aşura olmalıdır. Hər an insanlıq Kərbəladan və Aşuradan ilham almalıdır.

İmam Hüseyn (ə) Kərbəlaya səfər etdiyi zaman öz qiyamının mahiyyətini bəyan edərək belə buyurmuşdur: Həqiqətən, bu dünya dəyişərək tanınmaz olmuşdur. Onun xeyiri aradan getmiş, yaxşılıqlarından kasanın dibində nəmlik qaldığı kimi kiçik bir şey qalmışdır. Məgər möminlər haqqı ilə Allahın görüşünə rəğbətlənsinlər deyə haqqa riayət olunmadığını batildən çəkindirilmədiyini görmürsünüzmü? Həqiqətən, mən ölümü səadətdən, zalımlarla yaşamağı isə zəlillikdən başqa bir şey bilmirəm. Həqiqətən, insanlar dünyanın quludurlar, din isə dillərində gəzir, imtahan zamanı gəldikdə isə dindarlar azalırlar”.

Bu kiçik xütbəsi ilə İmam Aşura hadisəsinin mahiyyətini bəyan etmiş, dünyanın zülm və haqsızlıqla dolduğunu, dünyapərəstliyin insanlara hakim olduğunu bildirmişdir. O, insanları Aşuradan ibrət götürərək zülmə deyil, haqqa itaət etməyə, dünyapərəstliyə deyil, axirətə meyil etməyə səsləmiş, məqsədi hər cür məhrumiyyətlərə dözərək ölümlə üzləşdikdə belə onun gözünə dik baxmağı tövsiyə etmişdir.

Lakin cəmiyyətimizin bu tövsiyələri və haqqın nidalarını necə dinləmələrinə, ona necə itaət etdiklərinə gəlincə isə demək olar ki, bugünkü cəmiyyətdə Aşuradan və Kərbəla vaqiəsindən quru bir addan başqa heç bir şey qalmamışdır. Kərbəla hadisəsindən alınacaq dərslərin və götürüləcək ibrətlərin yerini başdan-başa cəhalət və xurafatla dolu olan bidətlər əvəz etmişdir. Hər il başqa millətlərdə olduğu kimi bizim millətimiz də Kərbəla hadisəsini qeyd edir və Aşura günü toplum halında məscid və meydanlara toplaşırlar. Lakin bu mərasimləri seyr edən hər hansı bir ağıllı insan İmam Hüseyn Aşurasına ləkə gətirən əlamət və nişanələrin olmasını aydın şəkildə görər. Bunun əsas səbəbi Aşura mərasimi ilə bağlı olmayan çoxlu bidətlərin cəmiyyətimizdə adət halına çevrilməsidir. Bu bidətlərin kütləvi şəkildə cəmiyyətdə yer alması və o bidətlərin xüsusilə bu gündə icra olunması insanların İmam Hüseynə və Aşuraya verdiyi qiymət və dəyərdən asılıdr, çünki əksəriyyət insanlar: kişilər, qadınlar, qocalar, cavanlar hər bir niyyətlə bu gün məscidə toplaşırlar. Bəzi insanlar ata-baba adətlərinə tabe olaraq bu gün hər işdən çəkinib məscidə getməyi bir vəzifə bilir, bununla da bütün işlərin tamam olduğunu, özünün də dini bir vəzifəsini yerinə yetirdiyini hesab edir. Bəziləri də özlərinin niyyətlərində tutduqları məqsədlərinin həqiqətə çevrilməsinə xatir bu gün məscidlərə gedir və müəyyən nəzirlər verməyi niyyət edirlər. Digər bir qisim isə Aşura günündə məscidə toplaşıb bəzi əməllərdə iştirak etməklə özünün mürtəkib olduğu günahların bağışlanacağını zənn edərək bu gün məscidə yığışırlar. Onlar bu işləri yerinə yetirdikdən sonra vəzifələrinin tamam olduğunu hesab edir və yenidən əvvəlki həyatlarına qayıdırlar.

Tarixən insanlar arasında Aşuranın həqiqi mahiyyətini dərk etməyərək bu günə münasibətdə belə niyyət və qəsdlərdə olmaları hər millət və cəmiyyətdə niyyət və qəsdinə uyğun bidət və təhriflərin yaranmasına səbəb olmuşdur. Məsələn, Aşura gününün ən böyük bidətlərindən biri ələmpərəstlik və ələmə nəzir niyyət etmək halının cəmiyyətdə yayğın olmasıdır. Bu get-gedə insanlar arasında ələmin qeyri-adi bir qüvvə olması, onların hacət və istəklərini təmin edə bilmə gücünə sahib olma fikrini yaratmışdır. Məscidə toplaşan əksər qadınlar və kişilər bu fikirlə ələmin qarşısına gəlib dua edir, öz istəklərinin və niyyətlərinin qəbul olunmasını ondan xahiş edirlər. Bu da insanın Allaha deyil, cansız əşyalara tapınmasının bariz nümunəsidir. Bu, bütpərəstlərin bütün qarşısında dayanaraq ondan öz istək və arzularını tələb etməsindən zərrə qədər də fərqlənmir. Müəyyən arzunun həyata keçməsi üçün nəzir niyyət edib ələmin parçalarına bir şey bağlamaq qətiyyən dinimizdə olmayan və Aşura ilə heç bir əlaqəsi olmayan bir işdir. Ələmpərəstliyin bidət olaraq vurduğu zərbələrdən biri də insanlarda onun məhərrəmlik mərasimlərində hərəkətə gələrək, qorxulu səhnələr yaranması inancıdır. Bu inancda olmaq və bu əməli məhərrəmlik günlərində camaat arasında icra etmək, məhərrəmlik mərasimlərinin həqiqi mahiyyətinin tamamilə itməsinə səbəb olub, insanların diqqətini İmam Hüseyn (ə)-ın qiyamından yayındıraraq, bir dəmir parçasının ətrafında cahil halda birləşdirməkdən başqa bir şey deyildir. Ələmin hərəkətə gəlməsi etiqadında olmaq və bu işin icraçısına çevrilmək, dinimizdə əsla icazə verilməyən bəzi hadisələrin baş verməsinə səbəb olur. Məsələn, bunun nəticəsində bir sıra qorxulu səhnələr təşkil olunur, insanlar sərgərdan halda qışqıraraq o tərəf bu tərəfə qaçır, qadınların və uşaqların dəhşətli ruhi sarsıntılarla qarşılaşmasına səbəb olur. İndi soruşuruq, bu əməlləri edənlər, görəsən, hansı dəlillər əsasında və nəyə əsaslanaraq Aşura günü və digər məhərrəm ayının günlərində bu bidət əməllərini törədirlər?

Məgər onlar İmam Hüseyn (ə)-ın öz qiyamının məqsədini bəyan edən buyruqlarında bu əməllərin və bidətlərin heç birinin şəri bir əsasının olmadığını bilmirlərmi? Onlar İmam Hüseyn (ə)-dan sonra Əhli-Beyt İmamlarının bu mərasimləri necə keçirmələrini və bu əməllərin heç birinin onların mərasimlərində təzahür etmədiyini bilmirlərmi? Əgər bilmədən bu bidətlərə yol verirlərsə, agah olsunlar ki, bu əməllərin heç birinin Aşura ilə bağlılığı olmayıb sonradan müəyyən yollarla məhərrəmlik mərasimlərinə gətirilmişdir.

Məhərrəm ayının 10-da – Aşura günündə şəri əsası olmayan işlərdən biri də qəmə ilə baş yarma və dəmir zəncirlərlə sinəyə vurub qan çıxartma əməlləridir. Bütün müsəlmanlar bilirlər ki, şəriətdə insanın özünə zərər yetirməsi, soyuq silahlarla vurub bədənin müəyyən bir hissəsini yaralaması düzgün deyildir. Bu İslam şəriəti tərəfindən haram edilmiş bir əməldir. Belə bir əməlin İmam Hüseyn (ə)-a xatir edilməsinin də heç bir şəri əsası yoxdur, çünki İmamlarımızın heç birinin buyruqlarında bu əməli şəri nöqteyi-nəzərdən qanuniləşdirən heç bir dəlilimiz yoxdur, çünki İslam dinində Allah tərəfindən haram edilmiş bir əməl Peyğəmbərə və yaxud İmama görə halal edilə bilməz. Ona görə ki, Peyğəmbər və İmamlar haram və halala riayət edib digərlərini də bu işdən çəkindirməklə mükəlləf idilər. Allah Rəsulu da öz hədislərində bu məsələyə işarə edərək buyurur: Mühəmmədin gətirdiyi halal qiyamət gününə qədər halal, haram da qiyamət gününə qədər haramdır”. Baş yarmaq, kürəyi və sinəni də vuraraq qanlı bir vəziyyətə gətirmək Peyğəmbər tərəfindən ümmətə haram edilmiş əməllərdir. Ona görə də belə bir işi Aşura mərasimlərində qanuniləşdirən heç bir dəlil ola bilməz. Fəqət bəzi insanlar bu işləri görməklə özünün Allah qarşısında etdiyi günahların bağışlanmasını güman edir, bu əməli yerinə yetirdikdən sonra isə yenidən əvvəlki həyatlarına qayıdırlar.

Aşurada camaat tərəfindən topluluqla icra olunan əməllərdən biri də niyyət edib onun həyata keçməsi üçün biləklərinə qara lentlərin bağlanmasıdır. Eyni zamanda qara lentlərlə yanaşı məscid qapılarına və məscid həyətində bitən ağacların budaqlarına müxtəlif rəngli parçalar bağlanır. Müəyyən bir niyyət edərək biləyə qara parça bağlamağın və o lent qırıldıqdan sonra onu məscid həyətində olan ağaclara bağlamaq, o niyyət və arzuların hasil olmasına heç bir təsiri yoxdur, çünki arzu və istəklərin həyata keçməsi qadir olan Allahın iradəsinə bağlıdır. Ona görə də arzu və istəyin hasil olmasını Allahdan deyil, ələmdən istəmək və yaxud biləyə bağlanmış qara lentdən, məscid qapılarına bağlanmış şeylərdən tələb etmək Allaha şərik qoşmaqdır. Hələ qara lentin biləkdən qırılandan sonra ağaca bağlanmasına gəldikdə isə bu hərəkətin bütpərəstlikdən keçməsini inkar edə bilmərik, çünki bütpərəstlər hər bir verilmiş and və ya gerçəkləşmiş arzuya görə minnətdarlıq əlaməti olaraq kral bağçasında bitən “müqəddəs” ağacına müxtəlif qara lentlər bağlayırlar. Bu, o “müqqədəs” Bo ağacıdır ki, onun altında şahzadə Qautama böyümüş və budda olmuşdur. Bütün bu saydığımız əməllərin heç biri İslam dinində olmamış, bütpərəstlərin və batil dinlərə sitayiş edən millətlərin əməllərindən müsəlmanlara sirayət etmişdir. Sonra da məhərrəmlik mərasimləri və Aşura bu batil əməllərin toplum şəkildə icra olunması üçün əlverişli bir vasitəyə çevrilmişdir.

Hər bir müsəlman bu bidətlərə qarşı mübarizə aparmalı və belə bidətlərin İmam Hüseyn (ə) qiyamının mahiyyətini aradan qaldırmasına razı olmamalıdır, çünki Peyğəmbərimiz (s) buyurmuşdur: Ümmətimin arasında bidətlər zahir olduqda onların alimlərinə elmlərini zahir edərək mübarizə etmələri vacibdir. Əgər belə etməsələr, Allahın lənəti onlara olsun”.

“FİTRƏT” jurnalı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma