SÜNİ MAYALANDIRMA: PROBLEMLƏR VƏ MANEƏLƏR

21205Süni mayalandırma məsələsi çox sayda sorğu-sual yaradır. Bunu dəstəkləyən və rədd edən fiqhi rəylər vardır. Bunlar da müzakirə obyektidir. Hamiləliyin qarşısının alınması mövzuları da belədir. Mövzunun əhəmiyyətini, ictimai və əxlaqi cəhətlərini nəzərə alaraq bu problemə toxunmaq qərarına gəldik. Seyid Mühəmmədhüseyn Fəzlullahın fiqhi baxışlarından bu məsələ ilə bağlı şərhlərindən və dəlillərindən istifadə etməklə bu məsələni aydınlaşdıracağıq.

Seyid Fəzlullah hesab edir ki, ərdə toxumun olmaması halında ər-arvad olmayan məchul könüllülərdən toxum götürmək, yaxud başqasının toxumunu zövcənin rəhiminə əkmək, yaxud kişinin mənisinin götürülüb öz arvadı olmayan başqa bir qadının toxum hüceyrəsi ilə mayalandırılması yolu ilə əmələ gələn süni mayalandırma məsələsi maddi meyarlarla ölçülmür. Nəzərə almaq lazımdır ki, törəmə və artma nizamında adı “şəri əlaqələr” və “qeyri-şəri əlaqələr” olan bir anlayış vardır. Şəriət bunu yalnız nəsəbləri (nəsilləri) qorumaq üçün müəyyənləşdirmiş və qanun halına salmışdır. Buna görə də məninin (spermanın) ərdən götürülməsi və onunla arvadın toxum hüceyrəsinin mayalandırılmasında heç vaxt bir problem ola bilməz. Bəzi insanlar övrətin açılması məsələsində ehtiyat edirlər. Onun da bəzi həlli yolları vardır. Prinsip etibarilə süni mayalandırma icazəlidir. Lakin ər-arvad arasında olmalıdır. Belə ki, toxum hüceyrə götürülməli, orqanizmdən kənarda mayalandırılmalı və sonra rəhimə yerləşdirilməlidir. Burada heç bir şəri problem yoxdur və süni mayalandırmadan dünyaya gələn uşaq yüz faiz şəridir (qanunidir).

Lakin məni ərdən başqasından olarsa, bu vəziyyət qeyri-şəri vəziyyətdir, ancaq zina sayılmır. Uşaq vələdüzzina (zinadan dünyaya gəlmiş övlad) sayılmasa da, ərin övladı hesab olunmur, çünki vələdüzzinanın müəyyən bir vəziyyəti vardır. Lakin bu uşaq nütfə sahibinin uşağı hesab olunur, qadının ərinin uşağı hesab olunmur.

Həmçinin belə bir sual da ortaya çıxır ki, əgər biz ərdən sperma götürsək və onu həmin kişinin zövcəsi olmayan digər bir qadının toxum hüceyrəsilə mayalandırsaq, sonra onu həmin zövcənin rəhiminə yerləşdirsək, bu əməl haram deyildir?

Ola bilsin ki, bəziləri bu əməliyyatda ehtiyat etmiş və bu əməliyyata “əqd etmə” şərtini daxil etmişlər. Belə olduqda əgər kişi bu naməhrəm qadınla nikah əqdi bağlasa, nikah əqdi bağlamış qadından toxum hüceyrəsi götürmək ərin onunla nikah əqdi bağladığı müddətdə vacibdir, yoxsa nikah əqdindən əvvəl mayalandırılmış toxum hüceyrəsinin istifadəsi icazəlidir? Seyid belə hesab edir ki, ərin spermasının naməhrəm qadının toxum hüceyrəsi ilə mayalandırılmasına aid olan məsələdə ehtiyat tərk edilməməlidir. Lakin o qadınla nikah əqdi bağlayarsa, bu, icazəlidir. Toxum hüceyrəsinin mayalandırmada istifadə olunmasının əqddən əvvəl, yaxud sonra olması arasında heç bir fərq yoxdur. Lakin problem övladın yumurta verən anaya (toxum hüceyrəsinin sahibəsi), yoxsa daşıyıcı anaya aid olmasındadır. Bu barədə ustadımız Ayətullah Xoyinin rəyi budur ki, övlad daşıyıcı anaya aiddir, çünki Allah-Taala buyurur: “… Onların anaları ancaq onların özlərini doğan qadınlardır. …”[1] Deməli, ana uşağı doğan qadındır. Bu barədə başqa bir fikir də vardır ki, bəzi müasir fəqihlər fitva və ehtiyat olaraq ona əsaslandığı kimi biz də ona əsaslanırıq. O fikir budur ki, uşaq yumurta verən ananın (toxum hüceyrəsinin sahibəsinin) uşağı hesab olunur, çünki uşaq nütfə və toxum hüceyrəsinin birləşməsindən yaranır. Yaxşısını Allah bilir! … Seyid bu məsələnin fəlsəfəsini şərh edərkən varlıq (vücud) fikrinə əsaslanır, çünki toxum hüceyrəsi (yumurta hüceyrə) uşağın yaradılmasının əsasını təşkil edir və nütfə ilə toxum hüceyrənin birlikdə bu məqamda təkmilləşdirici rolu vardır. Buna görə də biz belə hesab edirik ki, uşağın anası daşıyıcı ana yox, yumurta verən ana hesab olunur. Daşıyıcı ana bu məqamda onun üçün yalnız qab olur, onu qidalandırır və inkişaf etdirir. Lakin onun vücuda gəlməsində daşıyıcı ananın heç bir rolu yoxdur, əksinə rolu ancaq onu inkişaf etdirməkdə olur. Ola bilsin ki, uşaq daşıyıcı anaya övladın anasına süd əmməklə aid olması kimi aid olur. Bu təbii ki, fiqhi araşdırma məsələsidir.

Əgər toxum ərdən başqasından olarsa, toxum onun arvadının rəhimində əkilməsinə baxmayaraq, ər atalıq haqqı almır, çünki o heç vaxt ata hesab oluna bilməz və ərin bu işlə razılaşması məsələdə heç bir dəyişiklik yaratmır, çünki bu hadisələr uşağın varlığı (vücuda gəlməsi) ilə bağlı məsələdir. Kişinin həmin arvada nikah əqdi vasitəsilə bağlı olması o demək deyildir ki, onun evlilik əlaqəsi (cinsi əlaqə) vasitəsilə olmayan rüşeyminə (cənin) bağlılığı vardır.

Övladlıq götürməkdən başqa çarəsi olmayan milyonlarla sonsuz ailələrin əziyyət çəkdiyi problemlərlə saysız tibb müəssisələri məşğul olmaqdadır. Bu tibb ocaqları süni mayalandırmanın daha yaxşı yollarını öyrənməlidirlər. Seyid hesab edir ki, bu müəssisələr “övladların atalardan olması zəruri deyildir” – prinsipinə əsaslanırlar. Bunu həyata keçirmək üçün vacib bir nizam var: Birincisi odur ki, Pekində “Ərsiz Anaların Konfransı”nda deyildiyi kimi cinsi azadlıq vacibdir. Lakin biz bu nizam haqqında danışmırıq. Biz yalnız uşaq məsələsində varlıq (vücuda gəlmə) məsələsinə əsaslanan nizam haqqında danışırıq ki, bu uşaq sənin övladın olsun və sən də onun varlığının səbəbi olasan. Və ona nikah əqdi vasitəsilə bağlandığın zövcən sənin uşaqla heç bir əlaqən olmadan başqa bir şəxsdən onun (uşağın) varlığına səbəb olmasın.

Seyid hesab edir ki, deyilən vəziyyətlə övladlığa götürmək məsələsi arasında heç bir fərq yoxdur, çünki övladın ərlə arvad arasında müştərək olması vacibdir. Arvadın övladlarının başqa kişinin övladları olmasına gəlincə bunun həmin kişi ilə heç bir əlaqəsi yoxdur. “Və bu da daxili mənada problemi həll etmir. İstisna tərəfi budur ki, kişi özünə “uşaq evlilik həyatı daxilində dünyaya gəlmişdir” – fikrini təlqin etməyə çalışır, lakin bu həmin uşağın kişinin övladı olması mənasını ifadə etmir”.

Habelə Seyid hesab edir ki, burada bir problem vardır və o da budur ki, biz çox vaxt reallıqdan uzaq faciəyə qapanırıq. Faciə sənin göz yaşını cəlb edə bilər, lakin sənin üçün nizam yarada bilməz. Biz faciəni yaşamalıyıq və hər birimizin də öz faciəsi vardır. Digər bir qadının toxum hüceyrəsini öz rəhimində daşıyan qadına gəlincə ümumi fiqh deyir ki, bu, sənin övladın deyildir, çünki o qadın o uşağın vücuda gəlməsində iştirak etməmişdir. O yalnız onu inkişaf etdirmişdir. Uşaq onun süd uşağı da deyildir. Lakin indi bəzi fəqihlər ona ümid edirlər ki, süd əmmək (rəza) məhrəmliyin yaranmasına (evlənmənin haram olmasına) səbəb olduğu vaxt müəyyən əmizdirmələri artırmaq lazımdır və təbiidir ki, uşağı qidalandıran ana sanki öz bədənindən ona bir şey əta edəcək və qadın süd anası olsa da, onun anasına çevriləcəkdir. Ola bilsin belə deyilir ki, rüşeym doqquz ay müddətində qadından qidalanmışdır. Bu fiqhi bir rəydir ki, hələ də müzakirə olunur və özünün son nəticəsinə çatmamışdır. Bu mayalandırma ər-arvaddan birinin valideyn olması etibarilə orta həll sayılsa da, Seyid bunun əksini düşünür. O, təkidlə bildirir ki, atalıq, analıq və övladlıq məsələsi yaranma reallığından qaynaqlanmalıdır. Övlad varlığın davamı olmalıdır. Bu qadın onun vasitələrindən bir vasitə olmalıdır. Yazılmış nikah əqdindən başqa hər hansı bir rolun olmadan sənin o uşağın anası arasında sırf nikah əqdinin olmasına baxmayaraq, sən uşağa yadsan. Sənin onunla nə əlaqən vardır? Bu mövzuda sən ona yadsan. Sənin üçün səndən olmadığı halda arvadının daşıdığı bu uşaqla qonşunun gəlininin daşıdığı arasında nə fərq vardır? Nəticə budur ki, səninlə zövcən arasında evlilik əqdi vardır. Lakin bu əqd varlıq hərəkətini həyata keçirmədi, əksinə sənə və zövcənə müəyyən bir vəziyyəti mübah edən qanuni hərəkəti həyata keçirdi.

İkinci tərəfdən Seyid diqqəti ona çəkir ki, şəriətdə şəri icazə olmadan “rəhimin kirayəyə verilməsi” adlı bir şey yoxdur. Buna görə də yad (naməhrəm) kişinin nütfəsinin evli bir qadının rəhiminə qoyulması icazəli deyil, çünki qadın ərli olduğu üçün o kişinin onunla nikah əqdi bağlaması səhih deyil. Bəli, əgər ortada şəri bir əqd olarsa və arvad boş olarsa, yəni ərsiz olarsa və iddədə olmazsa, kişi öz nütfəsini onun rəhiminə qoya bilər, yaxud onun nütfəsi ilə mayalandırılmış toxum hüceyrə o qadının rəhiminə nəql edilə bilər.

Süni mayalandırma, yaxud “sınaq şüşəsi uşaqları” (türkcə “tüp bəbək”) əməliyyatına gəlincə dediyimiz kimi Seyid onu icazəli bilir. Lakin bir şərtlə ki, mayalandırma bir-birilə evli kişinin və qadının mənisi və nütfəsi ilə həyata keçirilsin və kişinin sperması övrət həkimin yanında açılmadan alətlə, yaxud arvadın əli ilə istimna etməklə (onanizmlə) çıxarılsın. Habelə qadın da övrətini kişi həkimin yanında açmamalıdır. Lakin əməliyyatın aparılmasının övrətin açılması ilə məhdud olması və bu yoldan istifadə etmədən hamiləliyin tərk edilməsi ilə çətinliyin yaranması halı istisnadır.

Həkim və xəstə arasında təqlid məsələsində ixtilaf olan fiqhi məsələlər vardır və yumurtalığın götürülməsi, yaxud spiral qoyulması və s. kimi bəzi cərrahiyyə əməliyyatlarının aparılması da zəruridir. Bu məsələlər də fəqihlər arasında mübahisə mövzusudur. Seyid belə hesab edir ki, bu hallarda həkim öz təqlidinə əsasən hərəkət etməlidir, çünki iş onun işidir və o, öz vəzifəsinə görə cavabdehdir. Məsələn, bir qadın qadına başqa bir qadının övrətinə baxmağa icazə verən bir dini rəhbərə təqlid etsə və bu işə icazə verməyən müctəhidə təqlid edən qadın həkimə müraciət etsə, qeyri-zəruri müalicə vəziyyətlərində həmin qadın həkimin onu müalicə etməsi icazəli deyil. Lakin qadın həkimin, bu barədə rəyi, yaxud fitvası olmayan dini rəhbərə təqlid etməsinə gəlincə bu, xəstə qadın üçün icazəli olarsa, bu vəziyyətdə qadın həkim üçün də icazəli olar.

HAMİLƏLİYİN QARŞISINI ALAN AMİLLƏR

Hamiləliyin qarşısını alan amillərə gəlincə Seyid Fəzlullah belə hesab edir ki, abort və sonsuzluq yaratmaq (axtalamaq) istisna olmaqla, şəri şərtləri gözləməklə hamiləliyin qarşısını alan bütün vasitələrdən istifadə etmək icazəlidir. Spiraldan istifadəyə gəlincə Seyid hesab edir ki, bu şərən icazəlidir, lakin bu, nütfənin yerləşməsindən əvvəl həyata keçirilməlidir, onun yerləşməsindən sonra yox.

tüp-bebek-merkezi-en-güvenilirQadını çətinliyə və zərərə məruz qoyan və çətin psixoloji və ictimai şərtlərlə qarşılaşdıran müxtəlif səbəblərə görə onun boruların kəsilməsi əməliyyatını həyata keçirməsinə gəlincə Seyid belə deyir: “Əgər qadın böyük çətinlik, sıxıntı və zərər yaşayırsa və hamiləliyin qarşısının alınması üçün bundan başqa heç bir vasitə yoxdursa, bu iş icazəlidir. Əgər boruların bağlanması kimi başqa vasitələr vardırsa, bu, icazəlidir. Boruların kəsilməsinə gəlincə zəruri hallar istisna olmaqla bu, məhəlli-işkaldır. Ümumi fikir budur ki, insanın öz gücünü və enerjisini dondurması mümkündür, lakin onu (enerjini) öldürə bilməz. İnsanı qətl etmək icazəli olmadığı kimi, zəruri hallar istisna olmaqla onun enerjisini də öldürmək icazəli deyil”.

Digər tərəfdən boruların bağlanması məsələsi barəsində Seyid belə deyir: “Hamiləliklə yaranan zərərin aradan qaldırılması daimi sonsuzluğa səbəb olan boru bağlanması ilə məhdudlaşarsa, bu surətdə boruların bağlanması icazəlidir. Hamiləliyin qarşısını alan daimi sonsuzluqla nəticələnməyən digər etibarlı vasitələrin olması halı istisnadır. Bu halda boruların bağlanması fikrini qəbul etmək icazəli deyil”.

HÜSEYN UBEYD

MÜTƏRCİM: SALMAN SÜLEYMANOV

“Milli Görüş” jurnalı № 3 (4)

[1] “Mücadələ”, 2

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma