XIX əsrin ikinci yarısından etibarən Osmanlı Dövlətinin dünyada az rast gəlinən tolerant idarəçiliyində dinlərini, dillərini və mədəniyyətlərini heç bir təzyiqə məruz qalmadan saxlayan və çox rahat yaşayan, əksəriyyəti ticarət və sənətkarlıqla məşğul olaraq varlanan ermənilər artıq bununla kifayətlənmirdilər. Şərqi Anadolu və Cənubi Qafqazda geniş əraziləri əhatə edən müstəqil bir “Böyük Ermənistan” qurmaq üçün fəaliyyətə keçdilər. Bu işdə Rusiya, İngiltərə və Fransa kimi dövlətlər ermənilərdən Osmanlı Dövlətinin daxili işlərinə müdaxilə etmək üçün istifadə edərək onlara dəstək verirdilər.
Ermənilər 1880-cı illərdən etibarən müxtəlif bölgələrdə üsyanlar, 1904-cü ildə isə Sultan 2-ci Əbdülhəmidə sui-qəsd təşkil etmişdilər. Rusiyanın himayəsi ilə Şərqi Anadoluda və Cənubi Qafqazda “Böyük Ermənistan” yaradılmalı və daha sonra Rusiyanın idarəsi altına alınmalı idi.
1918-ci ildə S. Şaumyan Rusiyanın Qafqaz işləri üzrə Xalq Komissarı seçildi. Onun rəhbərliyi altında Azərbaycan türklərinə qarşı terror hərəkatı başlandı. Bunların ən şiddətlisi 1918-ci il martın 31-də başlayan Bakı soyqırımıdır. Bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan məhəllələrə hücum etdilər. Havadan təyyarələr, dənizdən isə hərbi gəmilər həmin məhəllələri bombalamağa başladı. Ermənilər evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağlasığmaz işgəncələrlə qətlə yetirirdilər. Məktəblər, kitabxanalar, Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyə” yandırılmış, qəzet redaksiyaları dağıdılmış, “Təzəpir” məscidinin minarələri isə top atəşi ilə deşik-deşik edilmişdi. “Qırmızı Qvardiya” adı altında yaradılan 10-12 minlik ordunun 70%-i ermənilər idi.
Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadın meyiti tapılmışdı. N. Nərimanov bu barədə yazırdı: “Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara qarşı hər cür cinayət etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canını qurtara bilmədi”.
31 mart qırğını azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi.
Alman Brandher ermənilərin Bakıda etdikləri qətliamlar haqqında bildirir: “… 31.03.1918-ci ildə bolşeviklər tərəfindən azərbaycanlılara ültimatum verilərək saat 5-ə qədər bütün silahları təslim etmələri və Sovet rejimini tanımaları istənildi. Həmin gün axşam ermənilər bolşeviklərlə anlaşaraq azərbaycanlılara qarşı hərəkətə keçdilər. Hücum gözlənilməz oldu. Azərbaycanlıların 5 pulemyotu vardı, topları isə heç yox idi. Ermənilərin və bolşeviklərin 12 topu ilə yanaşı, gəmilərdən də yardımları var idi…
Soyqırım 31 mart günü başladı və 3 aprel günü dayandı. Təxminən 12 min adam öldü, bəzi evlər yandırıldı, bəzi evlər də top atəşi ilə yox edildi. Əlimdə ermənilərin soyqırım törətdiyini sübut edən bəzi fotoşəkillər var. Burada bir azərbaycanlı soyqırımından bəhs edilə bilər… Ermənilər anaların bətnindəki dölü də deşib çıxardır, uşaqlar da bu soyqırımdan nəsibini alırdılar”.
Müsəlman əhali məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Onları yalnız Osmanlı Ordusu xilas edə bilərdi. Azərbaycan Demokratik Respublikası hökumətinin dəvəti ilə 1918 ilin may ayının sonunda Nuru Paşa 300 nəfərlik təlimatçı qrupu ilə Azərbaycana – Gəncəyə gəldi. Təcrübəli hərbçi Nuru Paşa vəziyyətin çətinliyini görüb, 3-cü Ordunun komandiri Vəhib Paşaya məktub yazaraq, təcili hərbi yardım istədi. İyun ayında türk qoşunları Gəncəyə göndərildi. 5 minlik əlahiddə Azərbaycan hərbi korpusu, 5-ci, 9-cu və 15-ci Çanaxqala alayları bazasında Qafqaz İslam Ordusu yaradıldı.
İyunun 27–30-da bolşevik daşnak qüvvələri darmadağın edildi və Qafqaz İslam Ordusu Bakıya hərəkət edərək sentyabrın 15-də oranı tutdu.
Qafqaz İslam Ordusunun Bakıya azadlıq yürüşünün qarşısını almaq üçün bolşeviklər, hətta düşmən olduqları ingilislərlə də əlbir hərəkət etməyə çalışırdılar. Sentrokaspi hökuməti yardım üçün ingilis generalı Denstervillə müraciət etdi. Denstervill türklərin yerli əhali tərəfindən rəğbətlə qarşılandığını etiraf edir və onların hücumunu xarakterizə edərək yazırdı: “… Onlar hücumu görünməmiş qəhrəmanlıq və qətiyyətlə aparırdılar”. Qafqaz İslam Ordusu ingilis zabitlərini sıradan çıxartdı. Türklərin şəhəri azad etmə əməliyyatı dəqiq aparılırdı. Əsasən ingilislərin yerləşdiyi “Avropa” və “Metropol” otellərini atəşə tuturdular. Möhtəşəm hücum qarşısında Denstervillin yazdığı kimi, Bakını yalnız möcüzə xilas edə bilərdi. Sentyabrın 14-dən 15-ə keçən gecə X.M.Yevanqulev başda olmaqla nümayəndə heyəti Xəlil Paşanın qərargahına gələrək şəhərin təhvil verildiyini bildirdilər.
Bakının azad edilməsi ilə əlaqədar olaraq Türkiyənin hərbi naziri Ənvər Paşanın Xəlil Paşa və Nuru Paşaya göndərdiyi teleqramda deyilirdi: “Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin qonaq yeri olan Bakı şəhərinin zəbti xəbərini böyük sevinc və məmnunluqla qarşıladım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpər, şəhidlərimizə fatihələr ithaf edirəm”.
Qafqaz İslam Ordusu komandanlığı şəhərdə qayda-qanun yaratdı. 2 gün sonra Azərbaycan hökuməti (ADC) Gəncədən Bakıya köçdü. Azərbaycan öz tarixi, siyasi, mədəni, milli-mənəvi paytaxtına sahib oldu.
Bakının türklərin əlinə keçməsi ilə 100 il müstəqilliyindən məhrum olan Azərbaycan əsarətdən xilas olmuş, 28 mayda yaradılmış Azərbaycan Cümhuriyyəti həqiqi istiqbalına qovuşmuşdu. Düşmən müdaxilələrinə yol vermədən Anadolu və Azərbaycan Mehmetciyi çiyin-çiyinə verib, bu torpağı azad etmişdilər. Bakının azad edilməsi müqəddəs Qurban bayramına təsadüf etdiyindən Azərbaycan müsəlmanları ikiqat xoşbəxtlik yaşayırdılar. Tarixdə igidlik, şücaət, şərəf simvolunu əbədiləşdirən Osmanlı əsgərinin hünəri, türk oğlunun Çanaxqala cəsarəti yeni bir səhifə ilə süsləndi. Azərbaycana onun ağır anlarında əlini uzadan Osmanlı Dövlətinin özü hər tərəfdən düşmən ordularının dəmir məngənəsində sıxıldığı halda qardaş Azərbaycana və bunun ardınca Qafqaz Xalqlarının müstəqillik qazanması yolunda etdiyi kömək qardaş fədakarlığının ən gözəl nümunəsi sayılmalıdır. Xalqımızın tarixindəki bu həlledici anı tarixə möhkəm həkk etmək gərəkdir. Xalqın müqəddaratı ilə bağlı olan bu mühüm faktı yaddaşlara yazmaq lazımdır, çünki doğru, təhrifsiz tarixin hər səhifəsi bir ibrət dərsidir. O zaman xalqın taleyi Şaumyanın, Avakyanın, Qəhrəmanyanın, Əmiryanın, Mikoyanın əlində idi. Minlərlə soydaşlarımızın qanını axıdan bu qatillərin adları Azərbaycanın sovet tarixinə qızıl hərflərlə yazıldı, lakin namuslu, qeyrətli hərb adamları isə bolşeviklər Azərbaycanı işğal etdikdən sonra öz nəsibini Nargin ölüm adasında, Ağ dənizin buzlu ölüm düşərgələrində tapdı. Türk azadlıq ordusu ermənipərəst imperialist dövlətlərin qarşısında Bakını tərk etmək məcburiyyətində qalarkən Ənvər Paşa və Nuru Paşa kimi onlarca, yüzlərcə əsgər və zabitlər Azərbaycana yararlı olmaq üçün bu ölkənin vətəndaşlığını götürmək qərarına gəldilər. Odur ki, Şuşada mübarizə aparan Nuru Paşa Azərbaycanın hər yerində Qırmızı Ordunun hakim olmasına baxmayaraq, hələ də ona qarşı uzun müddət müqavimət göstərməkdə idi. Son ana qədər vətən, millət, din əsgəri mövqeyini tərk etməyən Ənvər Paşa isə şəhidlik məqamına Türküstan ellərində qovuşur.
Azərbaycana azadlıq yürüşünün qəhrəmanları Şərq Orduları qrupu komandanı Xəlil Paşa, Cənub qrupu komandanı Cəmil Cahid bəy, 5-ci Qafqaz Tüməni komandanı Mürsəl Bakı Paşa, 15-ci Piyada Tümən komandanı Süleyman İzzət bəy, Ərkani hərb rəisi Nazim bəy İbrahimzadə, Qol Ordu komandanı Əliağa Şıxlınski və digər yüksək rütbəli zabitlər, alay komandiri Həbib bəy Səlimov, Fəhmi bəy, Tevfiq bəy, Halim Pərtov, Zihni bəy, Rüştü Türkər onun düşməndən azad edilməsində böyük fədakarlıq və qəhrəmanlıq göstərmişlər. Onlar unudulmamalıdırlar.
Azərbaycan torpağının azad olunması uğrunda 1200 türk əsgəri bu torpaqda şəhid olmuşdur.
70 il adı və xitmətləri gizlədilən bu qəhrəman oğulların xatirəsini əbədiləşdirmək vaxtı çoxdan çatmışdır. Hanı Nuru Paşanın və qəhrəman alayların abidəsi? Azadlıq gətirdiyi və ayağını basdığı hər yerdə əmin-amanlıq, asayiş yaratdığı həmin yerlərdən hansına onların adı verildi?
Azərbaycan Demokratik Respublikasının yaranıb bərqərar olunmasında və Bakının düşmənlərdən azad edilməsində, Azərbaycan ordusunun yaradılması və təkmilləşdirilməsində böyük tarixi xidmətləri olan qəhrəman Qafqaz İslam Ordusunun adı və mübarizəsi tariximizdə öz yerini almalıdır.
Məlumatlar “Azərbaycan Xalq Cümhuriyyəti və
Qafqaz İslam Ordusu” kitabından götürülmüşdür.
Tərtib etdi: Nəmidə