KİŞİ VƏ QADIN ARASINDA FİTRİ-TƏKVİNİ FƏRQLƏR

kadin-erkek+Allah kainatda hər şeyi cüt yaratmışdır. Bu cütlərdən hər birinin digəri ilə bütün yönlərdə eyni olduğunu söyləmək mümkün deyildir. Allah Quranın “Zariyat” surəsinin 49-cu ayəsində buyurur: “Hər şeyi cütcüt yaratdıq. Ola bilsin ki, (Allahın müqabilində başqa bir varlığın olmadığını, yəni Allahın bir cütün bir tərəfi olmadığını) yada salıb xatırlayasınız!

Zərrələrdən bitkilərə, ondan heyvanlar və insanlar arasındakı erkəklik-dişiliyə qədər hər şey cütdür və bir-birinə möhtacdır. Pozitiv neqativə, elektron protona, gecə gündüzə, yay qışa, yer səmaya və qadın kişiyə möhtacdır. Bunlar hamısı bir-birinin müqabilində dayanan şeylərdir. Bunlarla bərabər bu anda bilmədiyimiz, lakin elm və texnologiyanın inkişafı ilə öyrənə biləcəyimiz nə qədər cütlər vardır.

Hər şeyin cüt-cüt yaradılması, Allahın müqabilində başqa bir varlığın olmaması, daha aydın şəkildə desək, Allahın bir cütün bir tərəfi olmaması həqiqətinin xatırlanmasının zəminəsidir. Hər şeyi cüt yaradan Allah öz qullarına xatırlatmaq istəmişdir ki, hər şeyin Xaliqi bir cütün bir tərəfi deyildir. Onun heç bir şeyə ehtiyacı yoxdur, Onun şəriki yoxdur, mülkündə Ona zidd olan varlıq yoxdur. O, təkliyinə bütün kainatın şahid olduğu Vahiddir.

Allah elektrona nisbətən protonu, pozitivə nisbətən neqativi, erkək toxuma nisbətən dişi toxumu yaratdığı kimi, qadını da belə yaratmış və bu cütlərdən bir vəhdət meydana gətirmişdir. Lakin elektron protonla, pozitiv neqativlə eyni olmadığı kimi, qadın da kişi ilə eyni deyildir.

“Qadın kişi ilə eyni deyildir!” – dedik.

“Qadın kişiyə bərabər deyildir, ondan naqisdir!” – demədik.

kadın-erkekQadın və kişi bərabər hüquqlu varlıqlardır, lakin bunlar arasında cismi, psixoloji və bir-birinə olan münasibətlər baxımından inkarı mümkün olmayan ciddi fərqlər vardır. Bu fərqlilik, fitrətin və xilqətin, yəni Allah nizamının dəyişməyən qanunlarındandır. Tək olan Allahdan başqa hər şey naqis olduğu kimi, varlığını davam etdirə bilmək üçün də, heç bir şey öz-özünə yetərli deyildir. Bu baxımdan naqis olan kişi və qadın bir araya gələrək, bir-birini tamamlayacaq və bir vəhdət təşkil edəcəklər. Kişi özündə olan fitri və təkvini naqisliklərin tamamlanması üçün qadına möhtac olduğu kimi, qadın da özündəki fitri və təkvini naqisliklərin tamamlanması üçün kişiyə möhtacdır. Deməli, bütün nəzəriyyələrin təsdiqləyicisi və bütün fikirlərə əsas olması materialistlər və feministlər tərəfindən belə qəbul edilən təkvini nizama (təkvini nizam, yəni yaradılış və xilqət dünyasında, yəni maddi dünyadakı nizam-intizam) görə kişi və qadın bir-birinin eyni deyil, əksinə bir-birinin tamamlayıcısıdır.

Bəli, kişi ilə qadın arasında yaradılış etibarı ilə fərqlər vardır, lakin fərqliliklər kişinin, yaxud qadının daha üstün cins olduğuna və birinin alçaq, digərinin isə üstün cins olduğuna dəlalət etmir. Xilqət qanunu (yəni fitri qanun) bu fərqliliyi kişi və qadının ailə münasibətlərini möhkəmlətmək, onlar arasında vəhdət yaratmaq, ailə vəzifələrini və hüquqlarını kişi ilə qadın arasında bölüşdürmək və eyni zamanda təqsim etmək üçün meydana gətirmişdir. Qadın və kişi arasında olan fərqlər bir bədənin üzvləri arasında olan fərqlərə bənzəyir. Xilqət qanunu göz, qulaq, ayaq, əl və fəqərə sütunu kimi hər bir üzvə məxsus bir şəkil verməklə, birini digərindən üstün hesab etmədiyi və digərinə nisbətdə o birinə qarşı zülm etmədiyi kimi, qadın və kişi arasında qoyduğu fərqlərlə də onlara qarşı cəfakarlıq etməmişdir. Əksinə, funksiya və forma etibarilə bir-birindən ciddi şəkildə fərqlənən bu üzvlərin birləşərək bir-birini tamamlaması, bir-birinə kömək etməsi və bir-birinin fəaliyyətlərini mükəmməlləşdirməsi nəticəsində bədən adlı məmləkətdə bir həyatın meydana gəlməsinə səbəb olmuşdur. Deməli, həyat formaca və fəaliyyətcə bir-birinin eyni olmayan və bir-birindən fərqlənən şeylərin birləşməsindən və vəhdət təşkil etməsindən yaranır. Mikro dünyadan tutmuş, makro dünyaya qədər bütün aləmə bu qanun hakimdir. Allahdan başqa heç bir şey bu qanunun xaricində deyildir. Kainat kitabının təfsiri və tərcümanı olan Qurandakı Hər şeyi cütcüt yaratdıq. Ola bilsin ki, (Allahın bir cütün bir tərəfi olmadığını) xatırlayasınız!” (“Zariyat”, 49) və Yerin yetişdirdiklərindən, onların özlərindən bilmədiklərindən cütlər yaradan Allah hər cür eyib naqislikdən uzaqdır!” (“Ya Sin”, 36) kimi ayələr bu həqiqətləri ifadə etməkdədir.

Hər bir şey öz ziddi ilə tanındığı kimi, həyatını davam etdirə bilmək üçün də öz ziddinə möhtacdır. Bu baxımdan kişi qadınla və qadın da kişi ilə tanındığı kimi, hər biri öz varlığını davam etdirə bilmək üçün onunla bütün yönlərdə eyni olmayan və ondan fərqlənən əks cinsin mövcudluğuna möhtacdır.

Kişi qadınsız, qadın da kişisiz naqisdir. Ona görədir ki, hər şeyin mükəmməl olduğu dünyada Həzrət Adəmdən sonra Həzrət Həvva yaradıldı. Əgər ilk yaradılan Həvva olsaydı, şübhəsiz, dərhal ondan sonra Həzrət Adəm yaradılacaqdı, çünki biri olmadan digəri ola bilməzdi.

İnsan olma yönü ilə qadın və kişi bir-birinə bərabər yarımlardır, yəni bir bütün olan insanlıq bu bərabər yarımların birləşməsi ilə təşəkkül tapır. Lakin heç bir zaman biri digərinin eyni deyildir, yəni bunların fitrətləri, ruh və psixologiyaları və bir-birinə olan münasibətləri tamamilə fərqlidir. Heç bir zaman qadın fiziki və ruhi baxımdan kişi ilə eyni olmayacağı kimi, kişi də onunla eyni deyildir. Nə kişi qadının bioloji olaraq daha inkişaf etmiş bir şəkli, nə də qadın kişinin az inkişaf etmiş naqis bir tipidir. Cinsi fərqliliyə bəşərin müdaxiləsi olmadığına görə, Allaha inanan və ya inanmayan hər kəsin, eynilik xəyallarından vaz keçib kişini və qadını olduğu kimi qəbul etməsi şərtdir.

kadin-ve-erkekLakin bəziləri, cismi və psixoloji istedadlar baxımından qadınla kişi arasındakı fərqləri qadının naqis, kişinin isə kamil bir varlıq olması kimi səciyyələndirmiş və “Xilqət qanunu məsləhətə əsasən qadını naqis yaratmışdır” fikrini irəli sürmüşlər. Qərbdə bu fikir şərqdən əvvəl meydana çıxmışdır. Lakin bəzi qərb alimləri sonralar kişinin naqisxilqətli bir varlıq olduğunu isbat etməyə çalışmışlar. Hər halda kişi ilə qadın arasındakı fərqlər naqislik və kamillik yox, tənasüb və uyğunlaşmadır. Xilqət qanunu bu fərqlərlə müştərək bir həyat üçün yaradılmış olan kişi və qadın arasında daha çox tənasüb və uyğunlaşma meydana gətirmək istəmişdir. Kişi və qadının cinsiyyət orqanlarının forması və quruluşu üzərində təfəkkür edən hər bir şəxs bu təkvini fərqlilikdəki tənasüb və uyğunlaşmanı açıqca müşahidə edə bilər. Çox diqqətlə yaradılan və hər iki cinsin bütün bədənilə tam bağlılığı olan bu iki cinsiyyət orqanının quruluşu üzərində düşündükdə, açıqca aydın olur ki, formaca və quruluşca qadın cinsiyyət orqanından çox-çox fərqlənən kişi cinsiyyət orqanı əks cinsin cinsi orqanından başqa bir şey istəmədiyi və tələb etmədiyi kimi, deyilən cəhətləri ilə kişi cinsiyyət orqanından fərqlənən qadın cinsiyyət orqanı da kişinin cinsi orqanından başqa bir şeyi istəmir və tələb etmir. Bir-birindən formaca və quruluşca fərqlənən, başqa bir ifadə ilə desək, bir-birinin eyni olmayan bu iki cinsiyyət orqanı arasındakı cazibə və bir-birini tamamlama, fərqlilikdə bir tənasübün və uyğunlaşmanın olduğunu təkvini baxımdan isbat edən ən gözəl dəlildir. Deməli, fərqlilik bir cinsin digərindən üstün olması, yaxud birinin digərindən naqis olması kimi başa düşülə bilməz və başa düşülməməlidir də. Əksinə, fərqlilik həyatın davamiyyəti yolunda iki cinsin bir-biri ilə münasibət qurmasına imkan yaradan və onlar arasında tənasüb və uyğunlaşma meydana gətirən bir amildir. Əgər kişi və qadın bütün yönlərdə bir-birinin eyni olsaydı, kişilik və qadınlıq deyilən bir şey olmadığı kimi, bir-birilə eyni olan fərdlər arasında münasibət yaranmaz və həyat davam etməzdi.

Qadın-kişi eyniliyini müdafiə edən modaçıların qadınlara ayrı, kişilərə ayrı paltar hazırlamaları, qadın-kişi tualetlərinin ayrılması, uzun çəkən səfərlərdə qadınların yanına kişi müsafirlərin verilməməsi, avtobuslarda kişilərdən qadınlara yer verilməsinin istənilməsi, qadının uşaq doğması, bəzəyi sevməsi, çox idman növləri ilə yalnız kişilərin məşğul olması, çox idarəçilik məqamlarında kişilərin olması kimi qadın-kişi arasındakı daha çox fərq, qadınla kişinin eyni olmamasını, yəni bir-birindən fərqli olmasını göstərən dəlillərdən sadəcə bir neçəsidir. Lakin bir daha nəzərinizə çatdırmağı zəruri bilirik ki, qadın və kişi bir-birindən fərqli olan varlıqlar olsalar belə, bərabər hüquqlara malikdirlər. Bunun haqqında gələcək bəhslərimizdə ətraflı surətdə danışacağıq.

Unudulmamalıdır ki, qadınla kişinin eyniliyi fikrini müdafiə etmək fitrəti və xilqəti dəyişdirməyə varıncaya qədər gedər. Necə ki Amerikada qadın haqlarını müdafiə edən dərnəklərdən SCUM (Society For Cutting Up Men) eyniliyi pozduğu üçün kişilərin “cinsi orqanlarının” kəsilməsini təklif etmişdir (İsmail Mutlu, “Xanımlara fitvalar”, s. 76).

İndi isə cismi (yəni fitri), ruhi (psixoloji) və bir-birinə olan münasibət baxımından kişi ilə qadın arasında mövcud olan fərqləri sizin nəzərinizə çatdırırıq. Əvvəlcə kişi ilə qadın arasında cismi fərqlilikləri qeyd edək:

  1. Kişi iribədənlidir. Qadın isə bədəncə ondan kiçikdir.
  2. Kişinin boyu ucadır, qadın isə kişiyə nisbətən kiçikboyludur.
  3. Kişi sərt, qadın isə zərifdir.
  4. Kişinin səsi qalın, qadının səsi isə nazikdir.
  5. Qadın bədəninin inkişafı sürətlə, kişidə isə bu proses yavaş gedir. Hətta deyilənlərə görə ana bətnində də qız uşağı oğlan uşağından daha sürətlə inkişaf edir.
  6. Kişidəki əzələ inkişafı və bədən qüvvəsi qadından daha çoxdur, lakin bir çox xəstəliklər müqabilində qadının müqaviməti və gücü kişinin müqavimətindən çoxdur.
  7. Qadın yetkinlik həddinə kişidən daha tez çatır və övlad sahibi olma gücünü isə kişidən daha tez itirir.
  8. Qız uşağı oğlan uşağından daha tez dil açır.
  9. Kişinin ortaölçülü beyni, qadının ortaölçülü beynindən daha böyükdür, lakin beynin bütün bədənə olan nisbəti baxımından qadının beyni kişinin beynindən daha böyükdür.
  10. Tənəffüs vaxtı kişinin ağ ciyəri qadının ağ ciyərindən daha çox hava udma qabiliyyətinə malikdir.
  11. Qadının ürəyinin döyüntüsü kişinin ürəyinin döyüntüsündən daha sürətlidir.
  12. Kişinin təzyiqi qadının təzyiqindən yüksəkdir.
  13. Qadının sümüklərinin çəkisi kişiyə nisbətən azdır.
  14. Kişinin ayağının alt pəncəsi enli, qadınlarda isə ensiz və yığcam olur.
  15. Kişinin başının qafası, qadının başının qafasından böyükdür.
  16. Qadının ürəyi, kişinin ürəyindən balaca olur.

İndi isə kişi ilə qadın arasında mövcud olan ruhipsixoloji fərqləri bəyan edək:

  1. Kişinin idmana, ova və çoxhərəkətli işlərə olan meyili qadının meyilindən çoxdur.
  2. Kişiyə mübariz hisslər hakimdir və müharibəyə meyillidir. Qadın isə sülhsevərdir və ziyafət məclislərinə daha çox meyillidir.
  3. Kişi daha çox təcavüzkar və hay-küylüdür. Qadın isə daha çox sakitdir.
  4. Qadın özü və başqaları haqqında qabalıq etməkdən çəkinər. Buna görə də qadınların intiharı kişilərdən daha azdır. Kişilər intiharın keyfiyyətində də qadınlardan daha sərtdirlər. Kişilər arasında tüfənglə vurmaq, asmaq, özünü hündür binaların üstündən atmaq kimi işlərə daha çox rast gəlinir. Qadınlar isə yuxugətirici yastı həblərdən (asan udula bilmək üçün kiçik və yuvarlaq bir şəkildə hazırlanmış dərman) və bunlar kimi şeylərdən daha çox istifadə edirlər.
  5. Qadının hissləri kişidən daha coşğundur. Qadın kişidən daha çox həyəcanlıdır, yəni qadın onunla əlaqəli olan, yaxud onu qorxudan işlərdə öz hisslərinin təsiri altına daha tez düşür. Kişi isə soyuqtəbiətlidir.
  6. Qadın kişinin əksinə olaraq, təbiətən zinətə, bəzəyə, özünü göstərməyə və müxtəlif şəkillərdə mədh olunmağa daha çox meyillidir.
  7. Qadının hissləri kişinin hisslərindən dözümsüzdür, qadın kişidən daha çox ehtiyatlı, dindar, çox danışan, qorxaq və rəsmidir. Qadında analıq hissi vardır və bu hiss onda uşaqlıq çağlarından görünməkdədir. Qadının ailəyə olan əlaqəsi və ailə ocağının əhəmiyyətinə diqqət etməsi kişidən daha çoxdur.
  8. Qadın istidlali elmlərdə və əqli məsələlərdə kişiyə çata bilməz, lakin zövq və hissə bağlı olan ədəbiyyat, nəqqaşlıq və sair məsələlərdə heç də kişidən geri qalmır.
  9. Kişinin sirr saxlama gücü qadının gücündən çoxdur və kişi narahatedici sirləri öz daxilində qoruyub saxlaya bilir. Elə buna görədir ki, kişilərin sirrin gizlədilməsindən qaynaqlanan xəstəliklərə mübtəla olması qadınlara nisbətən daha çoxdur. Qadın kişidən daha yumşaqqəlblidir, dərhal ağlayar, bəzən isə ürəyi gedər.

Kişi qadının birbirinə olan münasibətlərində fərqli cəhətlər bunlardır:

  1. Kişi öz şəhvətinin quludur, qadın isə kişinin məhəbbətinə aşiqdir.
  2. Kişi onu bəyənən və onu seçən qadını istəyir, qadın isə onun dəyərini dərk edən və öz dostluğunu əvvəlcədən bildirən kişini istəyir.
  3. Kişi qadının şəxsinə, yəni bədəninə sahib çıxmaq və onu ixtiyarına gətirmək istəyir, qadın isə kişinin qəlbini ələ keçirmək və onun qəlbinin yolu ilə ona hakim olmaq istəyir.
  4. Kişi qadının başı üstündən ona hakim olmaq istəyir, qadın isə kişinin qəlbinin daxilindən ona nüfuz etmək istəyir.
  5. Kişi qadını almaq istəyir, qadın isə istəyir ki, onu alsınlar.
  6. Qadın kişidən şücaət və igidlik, kişi isə qadından gözəllik və eşq istəyir.
  7. Qadın kişinin onu himayə və mü­dafiə etməsini özü üçün ən qiy­mət­li şey hesab edir.
  8. Qadın öz şəhvətinə hakim ola bilməkdə kişidən çox güclüdür.

Məşhur amerikalı professor Rik belə yazır: “Kişinin dünyası ilə qadının dünyası bir-birindən tamamən fərqlənir. Əgər qadın kişi kimi fikirləşə, yaxud əməl edə bilmirsə, bu ona görədir ki, onların dünyaları bir-birindən fərqlənir. Tövratda yazılmışdır: “Qadın və kişi bir ətdən yaradılmışlar, lakin fərqli cisimlərə malikdirlər və tərkib baxımından tamamən bir-birindən fərqlənirlər. Bundan əlavə bu iki varlığın hissləri heç vaxt bir-birinin eyni olmamışdır, heç vaxt hadisələr qarşısında eyni cür əks-əməl göstərməmişlər. Kişi və qadın özlərinin rəsmi cinsi tələblərinə uyğun olaraq, fərqli cür əməl edirlər və eynən iki ulduz kimi iki müxtəlif dairə üzərində hərəkət edirlər. Onlar bir-birini başa düşüb, bir-birini kamilləşdirə bilərlər, lakin bir-birinin eyni ola bilməzlər. Buna görədir ki, kişi və qadın bir yerdə yaşaya və bir-birinə aşiq ola bilir və bir-birinin xasiyyət və əxlaqından yorulmurlar”.

Professor Rik kişi və qadının ruhiyyəsi arasında müqayisə aparmış və fərqliliklər ortaya çıxarmışdır. O belə yazır: “Kişi üçün daim sevdiyi qadının yanında gün keçirmək yorucudur. Lakin qadın üçün əlaqədə olduğu kişinin yanında gün keçirməkdən böyük heç bir ləzzət ola bilməz”.

“Kişinin qəlbi hər gün həmişə olduğu halətdə qalmaq istəyir. Lakin bir qadın həmişə təzə bir varlıq olmaq və hər səhər yataqdan daha təzə qiyafə ilə qalxmaq istəyir”.

“Bir kişinin bir qadına deyəcəyi ən yaxşı cümlə, “Əzizim! Mən səni sevirəm” cümləsidir. Lakin bir qadı­nın əlaqədə olduğu kişiyə deyəcəyi ən gözəl cümlə isə: “Mən səninlə fəxr edirəm” cümləsidir”.

“Əgər bir kişi öz həyatı boyu bir neçə məşuqə ilə gün keçirmişdirsə, başqa qadınlara görə o, diqqəti cəlb edən bir kişidir. Kişilərsə, öz həyatı boyu bir kişidən artığı ilə münasibətdə olmuş qadını xoşlamırlar”.

“Kişilər qocaldıqda özlərini bəd­bəxt hiss etməyə başlayırlar, çünki öz söykənəcəkləri yeri, yəni işlərini itirmiş olurlar. Yaşlı qadınlar isə razılıq hissi ilə yaşayırlar, çünki öz baxışlarına görə ən yaxşı şeylərə malikdirlər: Bir ev və bir neçə nəvə”.

kadin-ve-erkek-3“Kişilərə görə xoşbəxtlik məqam və cəmiyyət arasında hörmətə layiq şəxsiyyət olmaqdan ibarətdir. Qadına görə isə xoşbəxtlik bir kişinin qəlbini ələ almaq və bütün ömrü boyu onu qoruyub saxlamaqdan ibarətdir”.

“Bir kişi istədiyi qadını öz dini və milliyyətinə daxil etmək istəyir. Lakin qadın üçün izdivacdan sonra öz soyadını, dinini və milliyyətini sevdiyi kişi xatirinə dəyişmək asandır”.

Kişi ilə qadın arasındakı fərqliliklərin ailəvi hüquq və məsuliyyətlərdə də fərqlər meydana gətirməsinə səbəb olması, yaxud olmaması məsələsini bir tərəfə qoyub, əsasən bu məsələyə yaradılışın və xilqətin şah əsəri kimi baxmaq lazımdır. Kişi ilə qadın arasındakı fərqliliklər tövhid və Allahşünaslıq dərsi olmaqla yanaşı, cahanın hikmətli və tədbirli nizamından bir nişanədir.

Xəyyam Qurbanzadə

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma