İnsan fitri baxımdan təmiz yaradılsa da, lakin bəzi, özünəməxsus xüsusiyyətlərlə doğulur və formalaşır. Yaxşılıq və pislik etmək qabiliyyətləri dünya imtahanı ilə bağlıdır. Bizə iradə azadlığı verən Allah onu hansı yöndə istifadə etməli olduğumuzu peyğəmbərlər vasitəsilə biz insanlara çatdırır. “Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılmışdır?!” (“Qiyamə”, 36) və “Sonra da həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!” (“Təkasur”, 8) ayələri ilə insana bütün nemətlərə görə hesab verəcəyi və özbaşına buraxılmadığı bildirilir.
İstehlak mövzusunda da möminlər başlı-başına deyillər. Amma yenə də istehlak yoluxucu bir xəstəlik kimi yayılıb və hər sahədə özünü yüksək dərəcədə göstərməkdədir. Quranda: “Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə yaratdıq”, – deyə bildirilir və hər şeyin ölçüsündə istifadə edilməsinin daha yaxşı olduğı vurğulanır. Tarazlıq sahib olduğumuz hər şey üçün zəruridir. İstehlakda tarazlığın pozulması isə dünyanı, nəsillərimizi, xoşbəxtliyimizi, bir sözlə, həyatımızı alt-üst etməkdədir… Uca yaradan “Mən insanları və cinləri yalnız Mənə ibadət etmək üçün yaratdım!” (“Zariyat”, 56), – deyə buyurur. Bu isə həyatın hər sahəsində Allaha müraciət edərək yaşamaq deməkdir. Lazımsız pul xərcləmələri əsrin vəbasına çevrilib. Buna görə də kişilər sanki pul qazanan dəzgah, qadın və uşaqlar isə istehlak maşınıdır!
İstəklərin ardı-arası kəsilmir, çünki yeni çıxan bir şey tam istifadə edilməmiş, digəri bazara çıxarılır. Əlbəttə, bitib-tükənməyən arzuların hərəkətə gəlməsi və cazibəli görünməsində reklamların təsiri də böyükdür.
İnsanın bu zəifliyindən istifadə edən işbazlar isə yeni istehlak malları yaradaraq məhv olan cəmiyyətin hesabına saysız-hesabsız pullar qazanır, sərvətlərinə sərvət qatırlar. “İstehlak edərək itirmək”, – deyirik, çünki istehlak olunan yalnız pullar və maddiyyat deyil.
Müasir dünya sistemi reklam adı ilə qadına zərbə vurdu! Onun şəxsiyyətini arxa plana atıb qadınlığından istifadə edərək məhv etdilər qadını!
Biz imperialist qüvvələrin tələsinə düşərək cəmiyyəti məhvə sürüklədik. Halbuki Musəb ibn Ümeyr və digərləri kimi biz də gənc yaşlarımızdan gəncliyimizi əbədiyyətə çevirə bilərdik. Biz Qərb mədəniyyətinə “təslim olmuş” təhsil və tərbiyə sistemi ilə əxlaqımızı itirdik. Küçələrə çıxdıqda utanc verən səhnələrin yolun ortasında çəkinmədən nümayiş etdirildiyini görür və məhv olan əxlaqımız üçün ürək yanğısı ilə “Ümmətin övladları belə olmalı idi?”, – deməkdən özümüzü saxlaya bilmirik. Biz müasir mədəniyyətin təsiri altında xoşbəxtliyimizi itirdik. Boşanma, yalan və xəyanətlərin zirvə nöqtəsinə çatdığı bir dövrdə yaşayırıq.
Hər istədiyimizi almaq bizə xoşbəxtlik gətirmədi. Amma Peyğəmbərimiz bizə “Səadət əsri”ni əmanət qoymuşdu… Biz mənəvi dəyərlərimizi itirdik. Halbuki biz Allahdan uzaqlaşdırar deyə şübhəli şeylərdən belə uzaq qaçan bir ümmətin varisləri idik! Şəhərlərimiz, küçələrimiz, hətta evlərimiz mənəvi duyğulardan məhrum olan insanlarla doludur. İstehlak xəstəliyinə tutulandan bəri ibadətlərimizi də itirdik. İbadət anlayışının mahiyyətindən uzaqlaşdıq. Səmimiyyətdən məhrum bir ruhla qıldığımız (!) namaz, müvəqqəti aclıqdan başqa bir şey olmayan oruc, modanın tələblərinə görə tərk etdiyimiz hicab və daha nələr, çox təəssüf ki, yavaş-yavaş itirdiklərimiz sırasına daxil olur.
Hələ bunlar hamısı bir tərəfə qalsın, məhdud olaraq verildiyini və istehlak edərək israf etməyin zərərlə nəticələnəcəyini bildiyimiz halda vaxtımızı itirdik! “And olsun əsrə (axşamçağına) ki, (zamanını itirən və bihudə sərf edən) insan zərər içindədir!” (“Əsr”, 7, 2) fərmanına baxmayaraq, buna davam etməkdəyik.
Bu dövrün insanı insanlığı istehlak etdi. Azyaşlı bir uşağa qəsd edəcək qədər vicdanımızı itirdik.
Təbiətdən də kobudcasına istifadə edən insan oğlu sonra ekoloji tarazlığın pozulmasına səbəb oldu. İstehlak etmək bir xəstəlikdir, istehlak edə bilmək üçün qazanmaq lazımdır. Qazandıqca, istehlak etdik. İstehlak etdikcə, istehsal artdıqca qazanma tamahımız da artdı. Allah-Taala qazanmağımıza da, istehlak etməyimizə də ölçü qoymuşdur. Halbuki qazanclarımızı Allah yolunda xərcləyərək artıra bilərik. Lakin “La ilahə illəllah” kəlməsilə bütün ölçüləri Allahın şəriətindən alacağımızı elan etdiyimiz halda, ölçünü də itirmişik.
Tarix bizə istehlak barəsində müvazinəti saxlamamağın acı sonunu çox göstərib. Lakin biz oxumağı da tərk etdiyimiz üçün Qurandakı bu həqiqətlərdən xəbərsizik! Nəticədə isə bu dövrün insanı müasir mədəniyyətin təsirilə istehlak edərək məhv olmaqdadır.
SABİHA ATEŞ ALPAT
“FİTRƏT” jurnalı, № 4 (18) – 2008