XOCALI FACİƏSİ VƏ NƏTİCƏLƏR

xocalıBəşər tarixində elə faciələr olmuşdur ki, onları də­qiq bir şəkildə ifadə etmək, həmin faciələrin dəhşətini, vəhşətini olduğu kimi beyinlərə və hisslərə çatdırmaq mümkün deyildir. Kəlmələr həmin hadisələrin beyinləri durduracaq, ürəkləri ağızlara gətirəcək və insanın bütün vücudunu donduracaq qədər böyük təsirini tərənnüm etməkdən acizdir. Hətta qısametrajlı filmlər, videoçəkilişlər belə həmin faciələrin müəyyən hissəsini əks etdirir və onların tam əhatəli tərənnümünü verməsi, qorxunc səhnələri hər tərəfli olaraq beyinlərdə canlandırması mümkün deyildir. Lakin buna baxmayaraq, o faciələr haqqında bizə çatanları oxuyub, eşidib və gördükdə və sanki yaşamış kimi onları duymağa çalışdıqda sən: «Aman Allahım, insan oğlu bu dərəcədə vəhşi, yırtıcı, qaniçən insani duyğulardan tamamilə məhrum ola bilərmi sualı qarşısında dəhşətə gəlir, dünya və həyat sənin gözündə öz mənasını itirir.

Belə faciələrdən olan və törədilmiş cinayətlərin şiddət dərəcəsinə görə demək olar ki, bütün faciələrdən fərqlənən Xocalı soyqırımı faciəsi insanlıq əleyhinə yönəlmiş və Ermənistanın indiki terrorçu prezidenti Robert Köçəryanın başçılığı ilə həyata keçirilmiş ən böyük terror aktlarından biridir. Təsəvvür edin ki, çox kəskin şaxtalı qış gecəsi, hamı öz evində, ailəsinin, əzizlərinin yanında olduğu halda və ya yaşamaq eşqi ilə sabah durub, həyatına davam etmək ümidi içində yatıb, yuxuda ikən düşmən sonsuz bir nifrətlə qəfil hücuma keçir, ailələrə soxularaq, atanın gözü qarşısında övladın başı­nı kəsir, övladın qarşısında atanı diri-diri yandırır. Diqqət edin: Xocalıdan çıxanda Xəzəngül Əmirovanın 8 ya­şı olub. Gözünün qabağında atası Təvəkkülün əl-ayağını məftillə bağlayıb üstünə neft töküb yandırıblar. Aradan 14 il keçməsinə baxmayaraq, atasının «Ay Allah, yandım» harayı onun qulaqlarından getməyib. Hal-hazırda Xəzəngül Pirşa­ğı­da qoca, ixtiyar yaşında olan Əntiqə nənəsinin himayə­sin­də yaşayır.

Bundan başqa oxuculardan dəfələrlə üzr istəyərək, çox böyük xəcalət hissi keçirərək yazacağım və hadisənin miq­ya­sı­nı çatdırmaq üçün yazmaqda məcbur qaldığım qadınların zor­lanması, döşlərinin kəsilməsi, hamilə qadınların qa­rınlarının yırtılması, övladın gözü qabağında ananın çılpaq vəziyyətdə təhqir olunması, insanların diri-diri torpağa basdırılması, onların kütləvi şəkildə kameralara salınaraq yandırılması, ölülərin xüsusi qəddarlıqla eybəcər hala salınması, onların üzərində tibbi təcrübələ­rin aparılması bütün bünlar, Xocalı dəhşətinin müəyyən hissəsini əks etdirən cinayətlərdir. Bir sözlə, Xocalı fa­ciə­sində hər növ cinayət aktı həyata keçirilmişdir. Bir­cə yalnız bu faciə kifayətdir ki, Azərbaycan xalqı ter­rorçu Ermənistan dövlətinə qarşı hədsiz nifrət üzərində köklən­miş barışmaz mövqe tutsun və bu dövlətin təcavüzkar siya­sətini iflasa uğratmaq üçün cihad ruhiyyəsində olsun.

1992-ci il 26 fevral gününün dar mənada Azərbaycan, geniş mənada bəşəriyyət tarixində qara səhifə olmasının əsas səbəbi həmin gündə Xocalıda erməni terrorçuları tərəfindən azərbaycanlıların soyqırıma məruz qalmasıdır.

Erməni işğalçılarının Xocalıya hücumunu şəhərin coğ­ra­fi mövqeyi şərtləndirirdi. Yeddi min əhalisi olan Xoca­lı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağının silsi­lə­sində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üzə­rin­də strateji mövqe tutur. Qarabağdakı yeganə aeroport da Xocalıda yerləşir. Xocalı, əhalinin tarixən məskun­laş­dığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaq­da­dır. İşğaldan əvvəl Fərqanə və İrəvandan gəlmiş məcburi köçkünlər hesabına Xocalının əhalisi artmış və Xocalı dövlət əhəmiyyətli şəhər adı almışdır. Erməni işğalçı­la­rı Xocalını 1991-ci ilin oktyabrından blokadada saxlayır­dı­lar. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yega­nə nəqliyyat vasitəsi vertolyot qalmışdı.

Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vkrtolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu. Fevralın 2-ci yarısından başlayaraq Xocalı erməni işğalçılarının mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. Xocalə şəhəri fevralın 25-i saat 23:00-dan intensiv olaraq toplardan, tanklardan, Alazan tipli zenit raketlərdən 2 saatlıq atəş yağmuruna tutldu. İşğalçı erməni  ordusunun piyada hissələri şəhərə fevralın 26-ı saat 1-4 arası girmişdi. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə bunun məkrli plan olması məlum oldu. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləbarana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəiflə­miş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.

Xocalıya hücum əməliyyatında Artsaxın Milli Azadlıq Ordusunun hissələri ilə Sovet Ordusunun 366-cı alayının hərbçiləri iştirak etmişdir.

Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular. Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup iki vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi – düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalp­la­rının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətraflarının yır­tıl­ması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir. Bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından; «Krual Eveneman» jurnalı (Paris), 26 fevral 1992-ci il: «Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər». «Sandi Tayms» qəzeti (London), 1 mart 1992-ci il: «Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər». «Faynenşl Tayms» qəzeti (London), 9 mart 1992-ci il: «Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar. Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnaq icması Qarabağa silah adam göndərir». «Tayms» qəzeti (London), 4 mart 1992-ci il: «Əksər meyitlər eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdı». «İzvestiya» qəzeti (Moskva), 4 mart 1992-ci il: «Videokamera, qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür». «Le Mond» qəzeti (Paris), 14 mart 1992-ci il: «Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürül­müş qadın uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır». «İzvestiya» qəzeti (Moskva), 13 mart 1992-ci il: «Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldü­rül­müş qadın, uşaq, qocalar görünürdü». «Valer Aktuel» jur­na­lı (Paris), 14 mart 1992-ci il: «Bu «muxtar region»da erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla bərabər müasir texnikaya, o cümlədən vertolyotlara malik­dirlər. ASALAnın Suriya Livanda hərbi düşərgələri silah anbar­ları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlə­rin­ qırğınlar törədərək Qarabağdakı azərbay­can­­ları məhv etmişlər». R.Patrik, İngiltərənin «Fant Men Nyus» tele­şir­kətinin jurnalisti (hadisə yerində olmuşdur): «Xocalı­da­ vəhşiliklərə dünya ictimaiyyə­ti­nin gözündə heç ilə haqq qazandırmaq olmaz».

Bu qırğının nəticəsində rəsmi məlumatlara görə 613 nəfər həlak olmuşdur: onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocadır. 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini, 130 uşaq birini itirmişdir. 487 nəfər yaralanmışdır: onlardan 76 nəfəri uşaqdır. 1275 nəfər əsir götürülmüş, 150 nəfər isə itkin düşmüşdür. Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vurulmuşdur.

Bütün bunlar Xocalının unudulması, yaddaşdan silin­mə­si mümkün olmayan bir faciə olduğunu göstərir və Azər­bay­can xalqı Qarabağ hadisələri və Xocalı faciəsi timsa­lın­da Ermənistan, Azərbaycan və Türkiyə torpaqlarını əhatə edən «Böyük Ermənistan Dövləti» planını həyata keçirməkdə nə qədər israrlı olduğunu müəyyənləşdirməli və bu plan müqabilində daim oyanıq vəziyyətdə olmalıdır. Qarabağ hadi­sə­ləri və Xocalı faciəsi dərin tarixi duyumla yaşan­masa işğalçı Ermənistanın Azərbaycan üçün nə qədər böyük təhlükə olması fikri yavaş-yavaş zehinlərdən silinəcək və bununla da torpaqların işğaldan azad olunması istiqamətində xalqın müqavimət gücü tamamilə itəcəkdir. 1905-1906, 1918 və 1920-ci illərdə ermənilərin Xocalı kimi bir çox faciələri törətmələrinə baxmayaraq, Azərbaycan xalqı Sovet ittifaqı dövründə bütün bu olanlara qarşı etinasız münasibət bəslədiyi və ermənilərin təxribatçı planları müqabilində tərkisilah olunduğu üçün 1988-1994 hadisələri cərəyan etmiş və Azərbaycan yenə də torpaq yarası almışdır. Halbuki həmin dövrlərdə hamı bir-birini vahid bir ölkənin vətəndaşı və kommunist kimi gördüyü zamanlarda belə ermənilər «Böyük Ermənistan dövləti» planı istiqamətində bütün imkanlarını işə salaraq çalışmış və Azərbaycan torpaqlarının işğal planının tərkib hissəsi olaraq azərbaycanlıların İrəvandan deportasiyası, Qarabağda ermənilərin məskunlaşdırılması, Azərbaycan tarixi abidələrinin dağıdılması və ya erməniləşdirilməsi və Azərbaycanın yer adlarının dəyişdirilməsi siyasətini həyata keçirmişlər. Məsələn, Ermənistanın 1-ci katibi Aruturyan 1945-ci ildə Dağlıq Qarabağın Ermənistana verilməsi barədə Stalinə məktub yazmış, Stalin də mövzuyla əlaqədar Azərbaycanın 1-ci katibi Mir Cəfər Bağırova məktub göndərmişdir. Bağırov, Stalinə cavab olaraq əhalisinin hamısını azərbaycanlıların təşkil etdiyi Şuşanın Azərbaycanda qalması gərəkdiyini, Azərbay­ca­­nın da ermənilərə qarşı böyük torpaq tələblərinin olduğunu yazmışdır. Məsələyə bu cür yanaşma, o zaman bu problemin bağlanmasına yardımçı olmuşdur.

Ancaq sabiq Sovet İttifaqı Nazirlər Şurası 23 dekabr 1947-ci il tarixli və 4083 saylı qərarla Ermənistanda yaşayan azəri türklərini «Azərbaycanlı» adı altında Azərbaycanın Kür-Araz ovalığına sürgün edilməsinə icazə vermişdir. Eyni nazirlər şurası iki ay sonra Stalinin imzasını daşıyan 10 mart 1948-ci il tarixli və 754 saylı qərarla daha əvvəlki qərarın yerinə yetirilməsini təsdiq etmişdir. Qərardan sonra Ermənistandakı azərbaycanlılar oradan çıxarılmağa başlanmış və bu proses Stalinin ölümünə qədər davam etmişdir. Həmin dövrlərdə 150 min azərbaycanlı ata-baba yurdundan qovulmuş və tarixi mənsu­biyyət hüquqları açıq-aşkar tapdalanmışdır.

Əsrin əvvəllərində Ermənistandakı azərbaycanlıların sürgün edilməsi müxtəlif şəkillərdə həqiqət tapmışdır. 1927-ci ildə İrəvan əhalisinin 70%-ni azərbaycanlı təşkil etməkdəydi. Həmin illərdə 130 min azərbaycanlı qovulmuş və onların yerinə Orta Şərq ölkələrindən 100 minə qədər erməni gətirilmişdir.

Bu proses daha sonrakı illərdə də davam etmişdir. Erməni tarixçilərinə görə keçən əsrin əvvəllərində Ermənistandakı 2300 kəndin 2000-ini azərbaycanlı kəndləri təşkil etməkdəydi.

1936-cı ildən sonra erməni məmurlar, bu ölkədəki Azərbaycan yer adlarını dəyişdirməyə başlamışdır. 1960-1970-ci illərdə Ermənistanın Ali Sovetinin sədr müavini Xovanes Baqdasaryanın rəhbərliyində yer adlarının dəyiş­di­ril­məsi sürətləndi. 1991-ci ildə Ermənistanın prezi­denti Levon Ter-Petrosyanın əmrinə əsasən 90 Azərbaycan kəndinə erməni adları verildi və həmin dövrlərdə bu proses demək olar ki, tamamlandı.

İki əsr davam edən qovma və köçürmə planı nəticəsində, 1,5 milyon azərbaycanlı Ermənistandakı tarixi yurdlarından qovulmuş və müxtəlif bəhanələrlə köçürülmüşdür.

Bütün bunlar belə deməyi əsas verir ki, tarixin hər bir dövründə ermənilərdə işğalçılıq şüuru son dərəcə güclü olmuş və 1988-dən başlayan hadisələr əslində ermənilərin işğal planının yeni və ən ciddi mərhələyə keçməsi idi ki, bunun da siyasi konturları lap əvvəldən cızılmışdır. Çox təəssüfləndirici məqam ondan ibarətdir ki, 1988-ci ilə qədər olan siyasi proseslərin və hadisələrin müqabilində Azərbaycan hakimiyyəti və xalqında müdafiə xarakterli şüur və müqavimət gücü çox zəif olmuş və ermənilərin işğalçılıq planları qarşısında sükut mövqeyi seçilmişdir.

Tarix boyu Azərbaycanın başına gələn torpaq faciələrinin kökündə xalqda ümumxalq problemlər qarşısında birliyin olmaması, iqtidarın xalqdan fərqli mövqe tutması ilə iqtidar-xalq dialoquna maneçilik törətməsi, siyasi hakimiyyətin oliqarxiyaya çevrilməsi nəticəsində xalqın həm siyasi hakimiyyətdə söz sahibi olmaqdan təcrid olunması, həm də hər hansı bir taleyüklü problemin həllində təsirsiz qalması səbəbləri durur. Lakin bütün bunlarla yanaşı eyni zamanda müsəlman Azərbaycan xalqının əksəriyyət etibarilə İslamın hərəkətverici ruhundan kənarda qalması, Quranın bir millətin nicat yolunu müəyyənləşdirən, onun bütün həyati yönlərinə fəallıq gətirən dəyərlərindən uzaqlaşması amili də düşmənin məkrli planlarının həyata keçməsində böyük rol oynamışdır. Qeyd etdiyimiz əvvəlki səbəblərin yaranmasında da bu amilin dayanması heç şübhəsizdir.

Hal-hazırda biz açıq-aşkar bu həqiqətin şahidi oluruq ki, telekanallarda davamlı olaraq göstərilən əyləncə xarakterli proqramlar xalqda və onun ən fəal təbəqəsi olan gənclərdə tarixi unutqanlıq yaradır və onu dərinləşdirir. Bu da bilavasitə erməni maraqlarına xidmət edir və Azərbaycan xalqının işğal olunmuş torpaqların geri qaytarılmasında qətiyyən və tələbkarlığını zəiflədir, tarixi duyumu tamamilə aradan aparır. Müsahibə götürdüyümüz QAT-ın sədri Akif Nağı da bu həqiqəti təsdiqlədi və ümumxalq problemlərə qarşı etinasız münasibəti və tarixi unutqanlığı yaradan və dərinləşdirən həmin proqramların Ermənistanın Qarabağ siyasətinə xidmət edən beynəlxalq fondlar tərəfindən maliyələşdiyini bildirdi. Məlumdur ki, etinasız münasibət və unutqanlıq da hər hansı bir bəla və müsibətin səbəbi olmağa kifayətdir. Əgər Azərbaycan xalqı Qarabağ münaqişəsinin həllini radikal bir şəkildə tələb etməsə, öz barışmaz iradəsini və qəti mövqeyini beynəlxalq təşkilatlara göstərməsə və müharibə üçün psixoloji hazırlıq mərhələsinə keçməsə, o zaman, münaqişənin sülh yolu ilə naümid həllinin, naməlum vaxta qədər uzanması labüddür və işğal olunmuş torpaqların bu yolla geri qaytarılması mümkün görünmür. Belə ki, 1992-ci ildən bu günə qədər ATƏT-in Minsk qurumunun vasitəçiliyi ilə keçirilən Azərbaycan-Ermənistan danışıqlarının konkret olaraq heç bir nəticə verməməsi, sonuncu Rambuye görüşündə də Ermənistanın bir daha məlum işğalçı mövqeyinin təsdiq olunması və beynəlxalq güc mərkəzlərinin də münaqişənin həll olunmasında erməni lobbisinin təsirində qalaraq o mövqedən çıxış etməsi işğal olunmuş torpaqları azad etmək üçün Azərbaycanın qarşısında müharibə variantını qoyur. …

Bu isə indiki məqamda Azərbaycan xalqından bütünlüklə qətiyyət, məqsədyönlü fəallıq, düşməni qorxudacaq qəzəb, onu məğlub edəcək ruhiyyə tələb edir ki, bütün bu və digər müsbət keyfiyyətlər İslamda mövcuddur və İslami həqiqətlərin təbliğatına geniş imkanlar açmaqla hal-hazırda tamamilə özgələşməkdə olan xalqı özünə qaytarmaq mümkündür. Əgər arxasında heç bir beynəlxalq gücün dayanmadığı Fələstin xalqı Azərbaycan xalqı kimi iqtisadi, siyasi və hərbi imkanlara malik olmadığı halda, yalnız islami ruha sahib olmaqla mübarizə və cihad yolunu seçərək arxasında böyük sionizm şəbəkəsinin dayandığı İsraili işğal olunmuş Qəzzə bölgəsi və İordan çayının qərb sahilindən çəkilməyə məcbur edirsə, Azərbaycan xalqı da bütün imkanlarla yanaşı islami ruha və Qurana söykənən mənəviyyata sahib olmaqla işğal olunmuş torpaqları geri qaytara bilər və buna gücü çatar. Allah Quranın bir ayəsində belə buyurur: «Ey iman edənlər! Siz özünüzə diqqət edin…», yəni ey müsəlman olmuş insanlar, ey müsəlman olmuş xalqlar və onlardan biri olan Azərbaycan xalqı! Siz özünüzün nə vəziyyətdə olduğunuzu araşdırın. Qəlbinizdə, beyninizdə, ruhunuzda nələrin olduğuna və onların kimlər tərəfindən qoyulduğuna diqqət edin, çünki insanı beynində və qəlbində olan şeylər idarə edər. Siyasətiniz, iqtisadiyyatınız, cəmiyyətiniz, təhsiliniz hansı qanunlar əsasında idarə olunur. Hansı daxili və xarici qüvvələrin təsiri altındasınız. Bütün bunları araşdırın, laqeyd qalmayın. Özünüzün hansı yolda olduğunuzu və hansı səmtə getdiyinizi müəyyən etməyə çalışın. «… Əgər siz doğru yolda olsanız…», yəni siz Peyğəmbəri təhqir edən Qərb dəyərlərindən uzaqlaşıb, Allahın və Peyğəmbərin yolu ilə getsəniz, erməni maraqlarına xidmət edən və beyni tamamilə korlayacaq qədər əyləncə xarakterli və pozğun məzmunlu televiziya proqramlarına üsyan edib, Quran dəyərlərini tələb etsəniz və o istiqamətdə yaşasanız, «…zəlalət yolunda olanlar…», yəni kafirlər, müşriklər, zalımlar, fasiqlər, masonlar, din düşmənləri, qərb imperializmi və erməni işğalçıları «… sizə zərər yetirə bilməz. …» («Maidə»; 105) Çünki siz böyük ilahi ruhiyyə və istiqamət üzərində köklənmisiniz. Artıq aranızda ayrı-seçkilik yoxdur. Siz bir əqidə ətrafında eyni bir amal uğrunda birləşərək, çox böyük qüvvəyə çevrilmisiniz. O zaman siz, məhkum və məzlum vəziyyətdən hakim və qalib vəziyyətə keçəcəksiniz və həlli üçün beynəlxalq təşkilatlardan asılı vəziyyətə düşdüyünüz Qarabağ münaqişəsini də öz gücünüzə dayanaraq həll edə biləcəksiniz. Belə bir məqamda düşmən sizinlə qarşılaşmaqdan imtina edəcək və beynəlxalq qüvəllər də sizə zərər yetirə bilməyəcəkdir.

Ceyhun Qədirov

“FİTRƏT” 2 (7)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma