RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
Bütün həmdlər Allaha – aləmlərin Rəbbinə məxsusdur!
Allahın salamı və rəhməti Onun Peyğəmbəri Həzrət Mühəmməd (s)-ə, onun pak və təmiz Əhli-Beytinə, seçilmiş əshabələrinə və Allahın göndərdiyi bütün peyğəmbərlərə olsun!
QADININ ƏQLİ KİŞİNİN ƏQLİNDƏN AZDIRMI?!
Əql məsələsində diqqət yetirəcəyimiz araşdırmalardan biri də qadın əqli barəsində apardığımız araşdırmadır. Doğrudan da, Allah qadının əqlini kişinin əqlindən zəif yaratmışdır? Yoxsa, düşüncə qabiliyyəti, inkişaf və mərifətdə, dərinlikdə qadının əqli kişinin əqlinə bərabərdir?!
QADININ ƏQLİ
İnsanlar arasında belə bir fikir yayılmışdır ki, qadının əqli kişinin əqlindən azdır. Bəziləri bir az da irəli gedərək hesab edirlər ki, qadının əqli kişinin əqlinin yarısına çatmır. Hətta bir çox rəvayətlərdə qadınlar barəsində “Əql və dini naqis olanlar” (“naqisatul-əql auvid-din”) ifadəsi işlənir. Bu ifadə Peyğəmbərin (s) bəzi qadınlara xitabən dediyi hədisdə işlənmişdir. Hədisin məzmunu belədir: “Əql və din baxımından naqis olan qadınlar içərisində elə birini görmədim ki, əzmli kişinin əqlini oğurlamış olsun”. Qadınlar soruşdular: “Ey Allahın Elçisi! Bizim dinimizin və əqlimizin naqisliyi nədir?” Allah Rəsulu buyurdu: “Məgər qadının şahidliyi kişinin şahidliyinin yarısına bərabər deyilmi?” Onlar yenə də: “Bəli!” – deyə cavab verdilər. Peyğəmbər (s) dedi: “Bu, qadının əqlinin naqisliyindən irəli gəlir. Heyz olduqda qadın namaz qılmır və oruc da tutmur, elə deyilmi?” Onlar: “Bəli!” – deyə cavab verdilər. Peyğəmbər (s) buyurdu: “Bu da qadının dininin naqisliyindən irəli gəlir”.
“Nəhcülbəlağə” əsərində Əmirülmöminin Əli (ə)-ın dilindən qadınlar haqqında belə deyilir ki, həqiqətən, onların əqli, payı (mirasdan payına düşən hissə) və dini naqisdir. Əqli naqislikləri ona görədir ki, iki qadının şahidliyi bir kişinin şahidliyinə bərabərdir. Deməli, qadının şahidliyi kişinin şahidliyinin yarısına bərabərdir. Payların yarımçıq olmasına gəlincə bunu o göstərir ki, kişinin payı qadının payından iki dəfə artıqdır. Ayədə buyurulur: “… Kişinin payı iki qadın payı qədərdir. …”[1] Dini cəhətdən nöqsanlı olmaları isə heyz günlərində namaz və orucdan uzaq olmalarıdır[2].
Biz Peyğəmbərdən (s) və Əmirülmöminin Əli (ə)-dan bizə gəlib çatmış bir hədisi araşdırmaq istəyirik. Sual belədir: Hədisdə qeyd olunan səbəblər qadının əqlinin kişinin əqlindən az olduğunu sübuta yetirir, ya yox?
Biz məsələni, ələlxüsus, “iki qadının şahidliyi bir kişinin şahidliyinə bərabərdir” fikrindən ibarət olan qadın əqlinin naqisliyi məsələsinin səbəbini araşdırdıqda və şahidlik məqamında qadının say etibarilə çox olmasının səbəbi barəsində nazil olmuş “… Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər onların ikisindən (yəni qadınlardan) biri unudarsa, o birisi onun yadına salsın. …”[3] ayəsinə müraciət etdikdə bu ayədən istər qadın olsun, istərsə də kişi şahidliyin ədalətli şahidlik olması lazım olduğunu başa düşürük. Çünki unutqanlıq ya yanılma üzündən, ya da cahillikdən və ya avamlıqdan baş verir. Şahidlik əql ilə yox, hiss ilə əlaqədardır. Görmüşdür, ya görməmişdir? Unutması da mümkündür. Təsəvvür edin ki, insan bir şeyi görmüşdür, lakin onun mövzusunu unutmuşdur. Buna görə də qəflət üzündən şahidlik edir. Bunun istər kişi olsun, istərsə də qadın insan əqli ilə heç bir əlaqəsi yoxdur. Allah-Taala Quranda Adəm əleyhissəlamın unutması barəsində danışmışdır: “Doğrusu, bundan əvvəl Adəmə də tövsiyə etmişdik. Lakin o unutdu və Biz onda əzm görmədik”[4]. Allah Quran-kərimdə bəzi kişilər haqqında belə danışır: “Allah deyər: “Elədir, amma sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün eləcə də sən unudulacaqsan!”[5] Hətta bir çoxları demişlər ki, insan öz unutqanlığına görə insan adlanmışdır. Bəzi şairlər bu fikri belə nəzmə çəkmişlər:
İnsan insan olduğu üçün insan adlanmamışdır,
İnsan nisyanına (unutqanlığına) görə insan adlanmışdır.
Buna görə də unutqanlıq və qəflət məsələsi həm kişi, həm də qadın üçün baş verə biləcək təbii bir vəziyyətdir. İstər kişinin, istərsə də qadının daxilində mövcud olan ünsürlər ara-sıra insanın unutqanlığına və qəflətə düşməsinə səbəb olur. Deməli, Quran ayəsi qadının əqli məsələsi haqqında danışmamışdır. Əksinə, ədaləti bərpa etmək istəmişdir, çünki bu, hökm dünyasında (yəni qəzavət işlərində) əsas ünsürdür. Buna görə də şahid ədalətli olmalıdır. Diqqətli olması və görmə qüvvəsinə sahib olması şərtdir. Bəzi alimlər deyirlər ki, qadının diqqəti kişinin diqqətindən azdır. Buna görə də digər bir qadının əlavə olunması zəruridir ki, əgər onlardan biri unutsa, digəri xatırlatsın. Bu isə əqlin naqisliyinə dəlalət etmir. Və bu naqis əql digər naqis əqlə əlavə olunduqda kamil bir əql də yaranmır. Buna görə də biz deyirik: onlardan biri unutduqda digərinin də unutmasının təbii olmaması bizi bu fikrə gətirməyə vadar edir ki, şahidlik məqamında qadınların say etibarilə çox olması məsələsi əqlin naqisliyindən qaynaqlanan bir məsələ deyil. Əksinə, ədaləti təmin etmək üçündür. Şahidin ədalətli və etimadlı olmasının mümkünlüyü ilə yanaşı, səhv etməsi, yaxud unutması da mümkündür. Beləcə, “əqldə naqislik” “diqqətdə naqislik”lə izah olunur. Məlumdur ki, şahidlikdə (yəni “bəyyinə”də) şahidlərin çox olması tələb olunur və digər ədalətli kişinin əlavə olunması ilə yalnız iki ədalətli kişinin şəhadəti qəbul olunur. Buna görə də əgər şahidlik məqamında say çoxluğunu əqlin naqisliyinə bir dəlil olduğu kimi başa düşmək istəsək, bu halda kişinin də əqlinin naqis olduğuna hökm etməyə məcburuq. Çünki kişinin şahidliyində də say çoxluğu tələb olunur. Və bu, heç kimin inkar etmədiyi bir məsələdir.
PAY NAQİSLİYİ
“… Kişinin payı iki qadının payı qədərdir. …”[6] ayəsində deyildiyi kimi pay naqisliyi məsələsinin həqiqəti imamlardan bizə gəlib-çatmış rəvayətlərdə şərh edilmişdir. “Vəsailuş-Şiə” və ondan başqa kitablarda İmam Sadiqdən rəvayət olunmuş hədisi buna misal göstərmək olar. İmamın əshabələrinin birindən qanunvericiliyə etiraz məqamında bu barədə soruşulur. Bu rəvayətdə deyilir ki, İbn Əbilövca demişdir: “Miskin zəif qadının günahı nədir ki, o, bir pay götürür, kişi isə iki pay?” Bunu əshabələrimizdən biri İmam Cəfər Sadiqə bildirdi. O dedi: “Qadının üzərində cihad etmək, nəfəqə vermək və qanbahası vermək yoxdur. Bunlar hamısı kişinin boynundadır. Buna görə də qadın üçün bir pay, kişi üçün isə iki pay müəyyənləşdirilmişdir”.
İmam Rzadan nəql olunan başqa bir rəvayətdə deyilir: “Bəzi məsələlərə cavab olaraq demişdir: “Mirasdan qadına düşən payın kişinin payının yarısı qədər olması ondan irəli gəlir ki, qadın evləndikdə alır, kişi isə verir. Bu səbəbə görə Allah onların payını artırmışdır. Kişinin payının iki qadının payı qədər olmasının digər səbəbi odur ki, əgər qadının ehtiyacı yaranarsa, kişi ona baxmalı, qayğısına qalmalı və onun nəfəqəsini verməlidir. Qadın kişiyə baxmaqla kişinin ehtiyacı yaranarsa, onun nəfəqəsini verməklə mükəlləf deyildir. Buna görə də kişinin payına əlavə olunmuşdur”. İmam Cəfər Sadiq “Mirasda kişinin payının iki qadının payı qədər olmasının səbəbi nədir?” – sualına cavab olaraq bildirmişdir: “Allah onun üçün (qadın üçün) mehr (sədaq) müəyyənləşdirdiyinə görə belədir!”
Suala verilən cavabın əsas xülasəsi budur ki, Allah-Taala qeyd edilən payı bu vəziyyətdə qadından aldıqda kişinin çiyinlərinə qadının çiyinlərinə qoymadığı vəzifələri yükləmişdir. Qadın mehr vermək, özünün, ərinin, övladlarının nəfəqəsini verməklə mükəlləf deyildir. Qanbahası verməsi də vacib deyildir, çünki bu cür mövzularda qanbahasını “aqilə” ödəyir. Və o yalnız qohumlardan olan kişilərin ödədiyi bir şeydir. Belə bir nəticə ortaya çıxır ki, qadın kişidən artıq paya malikdir. Bunu aşağıdakı misalla şərh edək: Tutaq ki, bir şəxs öldü və 3000 $ miras qoydu. Oğlunun payı 2000 $, qızının payı isə 1000 $ olacaqdır. Qız öz payını götürür və banka sərmayə qoyur. Evləndikdə əlində olana əlavə olaraq mehr də alır. Kişi isə evləndikdə onun 2000 $-ı xərclənəcəkdir. O, ev tutmalı (yəni evi yoxdursa, ev icarə etməli), qadının bütün ehtiyaclarını təmin etməli, uşaqları olduqda onların dolanacaq xərcini verməli, hətta qadın tələb edərsə, digər süd verən qadınların aldıqları muzddan artıq olmamaq şərtilə uşağa verdiyi südün haqqını da ödəməlidir. Dini hökmlər (İslam qanunvericiliyi) baxımından əgər evlilik əqdində ev işlərini görmək şərt qoyulmamışdırsa, qadın kişidən öz işlərinin muzdunu istəyə bilər, yaxud sevgi və məhəbbəti olduğuna görə öz istəyilə o işləri görə bilər. Bütün bunları nəzərə alsaq, kim daha çox pay almış olur? Buna görə də mən həmişə zarafatla belə deyirəm ki, kişilər qadınlar qarşısında bərabərlik tələb etsinlər. Deməli, payda da heç bir naqislik yoxdur.
QADININ İBADƏTİ VƏ DİN NAQİSLİYİ
Heyz, yaxud nifas günlərində namaz və orucdan kənar qaldıqlarına görə din naqisliyi məsələsinə görə bu, doğrudur. Bu mənada ki heyz zamanında ibadətin tərk olunması ilə dinlərinin bir hissəsində zərər çəkirlər. Lakin bu iş öz həqiqətində namazın və orucun tərk olunması məsələsində Allah sübhanəhu taalanın əmrinə tabeçilik olduğu üçün dinin kamalına dəlalət edir. Buna görə də bir çox qadınların orucu, yaxud namazı, yaxud təvafı və s.-ni tərk etməmək üçün həccə getdikdə, yaxud ramazan ayında aybaşı olmağın qarşısını alan həblər qəbul etdiyini və bu baxımdan da çoxlu çətinliklər çəkdiyini görürük. Bu, onların dini tabeçiliyinin göstəricisidir. Əgər Allah heyz zamanı qadınlara namaz və orucu qadağan etməsəydi, onlar namazlarını qılar və oruclarını da tutardılar.
Buna görə də deyirik ki, hədisdəki “naqislik” ifadəsinin həqiqi mənasını öz əhlindən soruşmaq lazımdır. Yaxud da elə deyilməlidir ki, bu ifadə o mərhələnin tələbinə uyğun olaraq bəyan olunmuşdur. Bəzi ifadələrin bir cəmiyyətdə bir mənada, digər cəmiyyətdə isə başqa bir mənada başa düşülməsi mümkündür. Yuxarıda qeyd olunan səbəblərdən bunu başa düşürük ki, ola bilsin ki, “naqislik” deyildikdə formal, yaxud kəmiyyət naqisliyi nəzərdə tutulur. Əqlin, yaxud payın, yaxud dinin təbiətilə qarışan məzmun naqisliyi nəzərdə tutulmur. Doğrusunu Allah bilir!
VƏZİFƏDƏ BƏRABƏRLİK
Əgər qadının ağlı kişinin ağlından az olarsa, o zaman Allahın insanları mükəlləf etdiyi vacibatlar və haramlarda qadının vəzifəsi (təklifi) kişinin vəzifəsindən daha az olardı. Çünki məsuliyyət (cavabdehlik) insanın sahib olduğu əqlin ölçüsündən qaynaqlanır. Əgər qadının əqli daha az olsaydı və ya qadının əqli nöqsanlı (qüsurlu) olsaydı, ona kamil əql sahibinin məsuliyyətini verməyimiz qeyri-mümkün olardı. Əks halda bu, ona qarşı zülm olardı. Allah-Taala buyurur: “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. …”[7] Belə ki, biz bütün şəri məsələlərdə qadın və kişi arasında fərq görmürük. Bütün vacibatlar və haramlar müştərəkdir. Fərq yalnız heyz və onun kimi qadınlara məxsus olan hallardadır. Kişinin evdə qadından artıq məsuliyyət daşıması heç də qadınların ağıllarının naqisliyinə dəlalət etmir. Bunun belə bir izahı var ki, qadın hamiləliyə, süd verməyə, aylıq adətə (aybaşı görməyə) və s. məhkumdur. Bunlar da fiziki cəhətdən ailə cavabdehliyini kişiyə nisbətən azaltmış olur. Deməli, qadının kişidən zəifliyi fiziki cəhətdəndir, əqli baxımdan yox.
Buna görə də istər mənfi, istərsə də müsbət məsələlərdə Allah-Taala qadın və kişi barəsində eyni danışır və buyurur: “Zinakar kişiyə və zinakar qadına yüz şallaq (qırmanc) vurun. …”[8], “Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq əllərini kəsin. …”[9] Yolunu azmaqda kişi ilə qadın arasında fərq qoyulmamışdır. Qadın və kişiyə aid təlimatları oxuduğumuz zaman onların eyni olduğunu görürük. Allah-Taala buyurur: “Allah və Rəsulu bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək yaraşmaz. Allaha və Rəsuluna asi olan kəs, şübhəsiz ki, açıq-aydın azmışdır!”[10] Saleh əmələ görə verilən mükafatda da bərabərdirlər. Allah-Taala buyurur: “… İstər kişi, istərsə də qadın olsun Mən heç birinizin əməlini puça çıxarmaram. …”[11]
Kişi də, qadın da saleh əməlinə görə Allahdan eyni mükafatı alır, onlar arasında fərq qoyulmur.
(ardı var)
Müəllif: Əllamə Seyid Mühəmmədhüseyn Fəzlullah
Mütərcim: Salman Süleymanov
Təshihatçı: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə
Redaktor: Əfruzə Həsənova
Korrektor və operator: Məhbubə Kərimzadə
[1] “Nisa”, 176
[2] “Nəhcülbəlağə”nin 80-ci xütbəsinə baxılsın.
[3] “Bəqərə”, 282
[4] “Ta ha”, 115
[5] “Ta ha”, 126
[6] “Nisa”, 176
[7] “Bəqərə”, 286
[8] “Nur”, 2
[9] “Maidə”, 38
[10] “Əhzab”, 36
[11] “Ali-İmran”, 195