QADININ ƏQLİ KİŞİNİN ƏQLİNDƏN AZDIRMI?! (DAVAMI)

QURANDA QADIN TİMSALI

“Əhzab” surəsində mübariz qadınlar və kişilər haqqında danışarkən Allah-Taala saleh əmələ görə müsbət nəticələrdə kişilərlə qadınlar arasında fərq qoymamışdır. Allah-Taala buyurur: “Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, fərclərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün məğfirət (bağışlanma) və böyük bir mükafat hazırlamışdır!”[1] Təsəvvür etsək ki, qadın kişidən daha aşağıdır (yəni onun əqli kişinin əqlindən daha azdır), o zaman onların mükafatı bərabər olmazdı. Peyğəmbərin və imamların hədislərində deyilir ki, Allah insana əqli ölçüsündə mükafat verir. Əgər qadının əqli kişinin əqlindən daha az olsaydı, kişi ilə eyni mükafatı almazdı.

Başqa bir tərəfdən görürük ki, Allah möminlər və qeyri-möminlər üçün misal çəkərkən – çünki misallar fikir və düşüncəni müxatəbə yaxınlaşdıran insani nümunələri bəyan edir, istər bu düşüncə mənfi olsun, istərsə də müsbət – mömin kişilər və qadınlar, kafir kişilər və qadınlar üçün misal çəkir. Allah-Taala buyurur: “Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətin misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan heç vəchlə qurtara bilmədilər. Onlara: “Di girin cəhənnəmə ikiniz də – girənlərlə birlikdə!” – deyildi”[2]. Allah-Taala kafir kişilər və qadınlar üçün kafirlərə aid olan bu iki nümunəni misal çəkmiş və kişi ilə qadın arasında fərq qoymamışdır.

Müsbət istiqamətdə Allah-Taala buyurmuşdur: “Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!” – demişdi”[3].

Yəni ey mömin kişilər və qadınlar! Bu fərd Allah və axirət yolunda bütün dünyanı rədd edə bilən imanlı insan nümunəsidir. Bu qadın kişilər və qadınlar üçün nümunə olmalıdır. Bu qadın sərvətə, hakimiyyətə və nemətlərə üz çevirir, çünki kafir insanla birlikdə yaşamaq istəmir. O yalnız Allahın ondan razı qalmasını və onu Cənnətə daxil etməsini istəyir. Hansı əql bu əqldən daha böyükdür?! Bu əql mənfiləri və müsbətləri, yaxşılıqları və pislikləri öyrənməkdən başlayır. Bu qadın bütün həyatına hökm edəcək bir qərar verir. Allah-Taala buyurur: “(Allah mömin qadınlara) həmçinin namusunu möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini, kitablarını təsdiq etdi və itaət edənlərdən oldu”[4]. Xanım Məryəm haqqındakı bu söhbətdə Məryəmi ən üstün və ali nümunə kimi göstərir. Buna görə də Allah-Taala onu dünya qadınlarının hamısından üstün tutmuşdur. Mələklər ona belə xitab etmişdi: “Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et!”[5] Başqa bir ayədə oxuyuruq: “… Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə onun yanında bir ruzi olduğunu görərdi. …”[6] Bu qadın ən sərt sınaqlardan keçdi, çətinliklərə sinə gərməyi bacardı. Allah-Taala mömin kişi və qadınları ondan nümunə götürməyə çağırır, çünki o, namusa, məsuliyyətə və Allah-Taalanın kitabını təsdiq etməyə örnək ola bilən bir nümunə idi. Allaha itaətdə misli-bərabəri yox idi.

Əvvəlki söhbətlərdə Səba hökmdarı haqqında danışmışdım. O, kafir bir qadın idi. Onun qövmü Günəşə səcdə edirdi. Süleyman peyğəmbərin əsgərlərindən olan Hüdhüd (şanapipik) bu qadın haqqında xəbərlər çatdırırdı. Hüdhüd gəldi və Həzrət Süleymana gördüklərini belə dedi: “Mən onun və tayfasının Allahı qoyub Günəşə səcdə etdiklərini gördüm. Şeytan əməllərini onlara süslü göstərmiş, onları yoldan sapdırmışdır. Buna görə də haqq yolu tapa bilmirlər”[7]. Qadın və tayfası Günəşə ibadət edir, bütün işlərində Şeytanın ardınca gedirlər. Qadın xeyli mülkə, cah-calala, qeyri-adi imkanlara sahibdir. Onun əzəmətli bir taxtı var. İnsanlara hökm edərkən bu taxta əyləşirdi. Küfrdən, Allaha dönüklükdən və şirkdən danışarkən Quranın özünə məxsus üslubu vardır. Buna görə də bu mövzunu inkar edərkən belə buyurur: “Göylərdə və yerdə pünhan olanı (yağışı, bitkiləri) aşkara çıxardan, onların gizlində və aşkarda etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə. O böyük ərşin Rəbbi olan Allahdan başqa heç bir ilah yoxdur!”[8] Yəni Quran öz xüsusi üslubu ilə insan ağlında mənfi fikirlərin kök salmasına mane olur. Bu mənfi hadisə haqqında danışıldığı hər bir yerdə Quran-kərim bu metoddan istifadə edir: “(Süleyman Hüdhüdə) dedi: “Baxaq görək doğru deyirsən, yoxsa yalançılardansan?! Mənim bu məktubumu aparıb (göydən) onlara at, sonra yaxın bir yerə çəkilib dayan, bax gör nə cavab verəcəklər!”[9] Yəni məktubu bir poçt işçisi kimi götür, lazım olan yerə çatdır, onlardan bir kimsəyə göstərmə. Ancaq məktubu onların toplaşdığı yerə at. Məktub onlara çatdı və onu oxudular. Bəs reaksiya necə oldu? “Dedi: “Ey əyanlar! Mənə çox hörmətli bir məktub göndərildi”[10]. Səba hökmdarı əyanlarla məşvərət edir, çətin problemləri barədə məslhətləşir, hiss edir ki, məktubu göndərən şəxs mötəbər bir şəxsdir. “O məktub Süleymandandır və o “Bismillahir-rəhmanir-rəhim”lədir. (Məzmunu belədir): “Mənə qarşı təkəbbür göstərməyin və yanıma müsəlman olaraq gəlin!”[11] Yəni mən güc sahibiyəm. Malik olduğum gücə müqavimət göstərə bilməyəcəklər. İstəyirəm ki, yanıma müsəlman olaraq gələsiniz. Təbii ki, Allah-Taalaya təslim olaraq, yaxud haqq və iman səltənəti olan səltənətimə boyun əyərək gəlməyinizi istəyirəm. “Dedi: “Ey əyanlar! Bu iş barəsində mənə rəyinizi bildirin. Mən sizinlə məsləhətləşməmiş heç bir iş görən deyiləm!”[12] Yəni qərar verməkdə yardımçı olun, çünki siz tayfanın (qövmün) seçilmiş təbəqələrisiniz. Görünür ki, həmin qrup öz əqllərini işlətmirdilər və fikirləşirdilər ki, onların hökmdar və dövlət üçün rolu təcavüzkarlar əleyhinə öz güclərini göstərməsidir. Budur, kraliça onlardan əqllərini işlətməyi istəyir. Onlar isə güc əzələlərini göstərirlər. “Onlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Hökm sənindir. Nə əmr edəcəyinə özün bax!”[13] Kraliça görəndə ki, onlardan fayda yoxdur, özü qərar verdi: “Dedi: “Hökmdarlar bir ölkəyə girdikləri zaman onu xarabazara çevirər, xalqının böyüklərini də zəlil edərlər. Onlar məhz belə hərəkət edərlər. Mən onlara bir hədiyyə göndərəcəyəm; görüm elçilər nə ilə qayıdacaqlar!”[14] Bu şəxs (Süleyman) ya padşahdır, ya da peyğəmbər. Əgər padşahdırsa, hədiyyəni qəbul edəcək. Hesab edəcək ki, bu hədiyyə sülh və tabeçilik rəmzidir. Bu yolla onun problemini bu formada həll edə bilərik. Əgər peyğəmbərdirsə, bizim ölkəmizə və mülkümüzə hakimlik etmək istəməyəcək. Deməli, yalnız düşüncəmizə hakim olmaq istəyir. İstəyir ki, Günəşə ibadət etmək əvəzinə Allah-Taalaya təslim olaq. “(Elçibaşı Bəlqisin göndərdiyi hədiyyə ilə) Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi sizə verdiyindən daha yaxşıdır. Amma siz öz hədiyyələrinizlə fəxr edirsiniz. Durma, onların yanına qayıt! And olsun ki, gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz yurdundan zəlil və xar olaraq çıxardarıq!”[15] Çünki onlar bu yolla dəvətə etiraz etmiş olurdular. Nəhayət, kraliça hiss etdi ki, bu cür hədə-qorxu ciddidir. Belə olduqda qövmü ilə bərabər Həzrət Süleymanın yanına gəldi və onunla danışdı. Peyğəmbər Günəşə səcdənin xurafat olduğunu şərh edərək onu Allaha itaətə dəvət etdi. Sonda kraliça dedi: “… “Ey Rəbbim! Mən özümə zülm etmişdim. Mən artıq Süleymanla Allaha – aləmlərin Rəbbinə təslim oldum!”[16] Zehnində düşüncələrini çək-çevir etdi və işin əvvəlində düşündüyü kimi təfəkkürün nəticəsi olaraq Süleymanın sayəsində müsəlman oldu.

Bu nümunə bizi belə düşünməyə vadar edir ki, qadınlar içərisində eləsi vardır ki, kişilərdən daha ağıllıdır. Bunu deməyə əsas verən odur ki, kraliça öz qövmünün kişilərindən istəmişdi ki, onunla məşvərət edib yaranmış problemi həll etməyə çalışsınlar. Onlar heç bir fikir irəli sürməmiş, ancaq kraliçanın fikrini gözləmişlər. Məhz o, özü tədbir görmüş, nəticədə Süleymanın təklifi ilə razılaşmışdı. Əgər qadın naqisdirsə, nə üçün Allah-Taala kişilərdən daha üstün bir əqlə malik olan qadından nümunə gətirir?

Qeyd olunan mətləblərə diqqət etməklə bizim çıxardığımız qərar budur ki, İslam fiqhindəki “Qadının rəhbərlik etməyə səlahiyyəti və ləyaqəti yoxdur” fikri Peyğəmbərdən nəql olunmuş aşağıdakı zəif sənədli hədisin nəticəsi olaraq ortaya çıxmışdır: “Başçısı, yaxud rəhbəri qadın olan bir qövm nicat tapmaz!” Bu fikir məhəlli-təəmmüldür[17].

 HİMAYƏDARLIQ (QƏVVAMİYYƏT) MƏSƏLƏSİ

Belə bir iddia var ki, kişilərin qadınlar üzərindəki himayədarlıq (qəvvamiyyət) vəzifəsi qadın əqlinin nöqsanlı olması təəssüratını yaradır. Allah-Taala buyurur: “Kişilər qadınların himayəçisidirlər, çünki Allah kişilərlə qadınları müxtəlif sahələrdə üstün qabiliyyətlərlə təchiz etmişdir, bir də kişilər mallarından (qadınlar üçün) xərcləyirlər. …”[18] Ola bilsin bəzi insanlar “qəvvamiyyət” (“himayədarlıq”) sözünü “rəhbərlik” mənasında başa düşürlər. Hətta başlarında “Təfsirul-Mizan”ın müəllifi Əllamə Təbatəbainin gəldiyi bəzi müfəssirlər hesab edirlər ki, kişinin qadın üzərindəki qəvvamiyyəti (himayədarlığı) bütün işlərə aiddir. Lakin biz “Min Vəhyil-Quran” adlı təfsirimizdə bu məsələni onunla müzakirə etmiş və demişik ki, bu qəvvamiyyət (himayədarlıq) evlilik həyatı çərçivəsinə məxsusdur və qəvvamiyyət “idarəçilik” mənasını verir. Yəni əvvəla, fiziki şərtlər baxımından kişinin vəziyyəti belədir ki, evlilik həyatının iqtisadi məsuliyyətlərini qadından daha yaxşı öz öhdəsinə götürə bilər. İkincisi odur ki, ailənin gündəlik xərclərini ödəyən kişidir. Bizim fikrimizə görə evlilikdən başqa, heç bir vəziyyət yoxdur ki, o vəziyyətdə kişinin qadının gündəlik xərclərini verməsi vacib olsun. Peyğəmbərin və hidayət imamlarının insanlar üzərində olan (təşrii – X.Q.) vəlayəti ümumidir, kişilərlə qadınlar arasında heç bir fərq yoxdur. Fəqihin vəlayətinə qail olan şəxslərin fikrinə əsasən fəqihin vəlayəti də belədir. Atanın vəlayəti də belədir. Onun oğul və qız övladları üzərində vəlayəti vardır. Buna görə də kişinin qadın üzərində olan vəlayəti yalnız həyat yoldaşı olduğu üçündür. Ona görə ki, kişi onun gündəlik dolanacaq xərcini (nəfəqəsini) verir və evin işlərini idarə edir. Buna görə də qəvvamiyyət bəzilərinin qail olduğu kimi əhatəli deyildir. Yalnız evlilik həyatına məxsusdur. Nəfəqə vermək və talaq haqqından başqa, kişi üçün heç bir məziyyət yoxdur. Allah-Taala buyurur: “Qadınların kişilər üzərindəki şəri hüquqları, kişilərin qadınlar üzərindəki hüquqları kimidir. Lakin kişilərin onlar üzərində olan hüquqları bir dərəcə üstündür. …”[19] Fəqihlərin fikrinə görə bu üstünlük dərəcəsini göstərmək üçün bunlardan başqa, digər dəyərlər yoxdur.

 QADININ ZƏİFLİYİ

Bəziləri Quran-kərimdəki bu ayəyə əsaslanmışlar: “Onlar bərbəzək içində böyüdülüb, çəkişmə zamanı açıq bir dəlil gətirə bilməyənlərimi Allaha övlad isnad edirlər?”[20] Yəni qadın yaradılışına görə yaraşıqlı paltarlar geyinir və müxtəlif zinətlərdən istifadə edir. Bu da onları zinətə meyilli edir. Lakin bunlar heç də onu (yəni qadını) əqli kişinin əqlindən az olan bir varlığa çevirmir. Çünki kəramətli ayədən göründüyü kimi bu məsələ qadının mahiyyətinə, yaxud İslamın təbiətinə aid deyildir. Bəlkə, qadını bu məqama və vəziyyətə gətirən ictimai-təqlidi ab-havadır.

Biz bu məqamda bir şeyi öyrənirik ki, qadın əvvəllər ümumi olaraq təhsildən kənarda saxlanılmışdır. Belə ki, qadına ikinci və ya üçüncü dərəcəli insan kimi baxılmış, onların istək və arzularına etinasız yanaşılmışdır. Görürük ki, qadın elmə bağlanıb məsuliyyət daşıdıqda daha müvəffəq olur. Habelə bir çox yerlərdə qadınlar dövlət idarəçiliyində rəhbər vəzifələr tuturlar. Bu o deməkdir ki, qadın inkişaf edə bilir. Biz deyirik ki, bütün sahələrdə insani təcrübə qadına şərait yaratmış, elm və idarəçilikdə irəliləməsinə fürsət vermişdir. Bütün bunlar sübut edir ki, kişi kimi qadın da ideoloji, inzibati və rəhbərlik işlərində inkişaf edə bilər, öz ixtisasında qadın kişini, eləcə də kişi də qadını üstələyə bilər.

Bir sözlə, bizə görə qadının əqlinin kişinin əqlindən az olması sübuta yetməmişdir. Qadının zəifliyi məsələsinə gəlincə Allah-Taala qadının yox, insanın zəifliyi haqqında danışmışdır. Allah-Taala buyurur: “… İnsan zəif yaradılmışdır”[21]. Allah-Taala insanın bu zəifliyə təslim olmamasını istəmişdir. İstəmişdir ki, insan bu zəiflikdən qurtulmaq üçün mübarizə aparsın. Qadın şəxsiyyətində əql haqqındakı söhbətimizə bununla son qoyuruq.

Şam Həftəlik Toplantısı

“Fikir və Mədəniyyət” Qəzeti

h. q. 13 şəvval 1424

m. 06 dekabr 2003

Müəllif: Əllamə Seyid Mühəmmədhüseyn Fəzlullah

Mütərcim: Salman Süleymanov

Təshihatçı: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Korrektor və operator: Məhbubə Kərimzadə

[1] “Əhzab”, 35

[2] “Təhrim”, 10

[3] “Təhrim”, 11

[4] “Təhrim”, 12

[5] “Ali-İmran”, 43

[6] “Ali-İmran”, 37

[7] “Nəml”, 24

[8] “Nəml”, 25, 26

[9] “Nəml”, 27, 28

[10] “Nəml”, 29

[11] “Nəml”, 30

[12] “Nəml”, 32

[13] “Nəml”, 33

[14] “Nəml”, 34, 35

[15] “Nəml”, 36, 37

[16] “Nəml”, 44

[17] Yəni bu fikir üzərində düşünmək lazımdır.

[18] “Nisa”, 34

[19] “Bəqərə”, 228

[20] “Zuxruf”, 18

[21] “Nisa”, 28

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma