“RƏĞAİB, MERAC VƏ MƏBƏS GECƏLƏRİ BİDƏTİ”

Azərbaycanda və Türkiyədə qəndil gecələri deyə tanınan gecələr təqvim sıralamasına görə rəbiüləvvəl ayının 12-ci və 17-ci gecələri (əhli-sünnəyə görə 12-ci gecə, şiəyə görə isə 17-ci gecə) Mövlud, rəcəb ayının ilk cümə gecəsi Rəğaib, yenə rəcəb ayının 27-ci gecəsi Merac (şiələrin əksəriyyətinə görə Bəsət gecəsi), şəban ayının 15-ci gecəsi Bəraət (müasir türkcədə “Bərat gecəsi/qəndili”) və ramazan ayının 19-cu, 21-ci, 23-cü və 27-ci gecələri olan Qədr və Ehya gecələridir. (Şiələrə görə Qədr gecəsi daha güclü ehtimala görə ramazan ayının 23-cü gecəsinə, əhli-sünnəyə görə isə 27-ci gecəsinə təvafüq edir).

Bu gecələr Osmanlılar dövründə 2-ci Səlim (1566-1574) zamanından başlayaraq minarələrdə qəndillər (asma lampalar) yandırılaraq elan edilib qeyd edildiyi üçün Türkiyədə “qəndil” olaraq adlandırılmağa başlanmışdır.

Bu məqalədə qəndillərin (mübarək gecələrin) tarixi ilə əlaqədar məlumat verilib dinimizin bunlara baxışı ortaya qoyulacaqdır.

1. RƏĞAİB VƏ MERAC GECƏLƏRİ/QƏNDİLLƏRİ

İkisi də rəcəb ayında qeyd olunan Rəğaib və Merac qəndilləri və bu gecələrin qeyd olunmasının lazım olduğuna dair təqdim olunan fikirlərin də hər hansı bir dəlili yoxdur. Ələlxüsus təsəvvüfi əsərlərdə yer alan, Hz. Peyğəmbərin (s) Rəğaib gecəsində ana rəhminə düşdüyü (!), rəcəb ayının ilk cümə axşamı günü oruc tutub axşamında rəğaib namazı adı ilə bir namaz qılmağın savab olduğu və bu gecənin bir çox fəzilətləri olduğu barəsindəki rəvayətlərin əsassız olduğu hədis alimləri tərəfindən izah edilmişdir[1].

Bir də xalq arasında “üç aylar” olaraq tanınan rəcəb, şəban və ramazan ayları haqqında rəvayət edilən “Rəcəb Allahın, şəban mənim, ramazan da ümmətimin ayıdır” sözü haqqında alimlərin çoxu “Bu uydurmadır!” – demişdir. Həmçinin yenə rəcəb ayının fəziləti haqqında “Kim o ayda bu qədər namaz qılarsa, ona bu qədər savab verilər, kim o ayda istiğfar edərsə (yəni Allahdan bağışlanmaq istəyərsə), ona bu qədər mükafat verilər” şəklində hədis deyə rəvayət edilən sözlərin hamısı mübaliğədir (şişirtmədir), hamısı alimlər tərəfindən təkzib edilmişdir[2].

Ələlxüsus Rəğaib gecəsi ilə əlaqədar olaraq xalq arasında məşhur olan rəğaib namazı ilə əlaqədar rəvayəti 1023-cü ildə (m. 414) vəfat edən Əli ibn Abdullah ibn Cəhdam adlı məkkəli sufi bir şəxsin meydana çıxardığı qaynaqlarda izah edilməkdədir[3]. Həmçinin qaynaqlarda Rəğaib gecəsilə əlaqədar xüsusi ibadət və mərasimlərin h. q. təqvimilə 5-ci yüzillikdə (m. 11-ci yüzillik) ortaya çıxdığına və bu gecənin ilk dəfə h. q. 448-ci ildə (m. 1056) Qüdsdə, 480-ci ildə (m. 1087) də Bağdadda qəndil olaraq qeyd edilməyə başlandığına diqqət çəkilməkdədir[4].

“İslam alimlərinin böyük bir hissəsi Hz. Peyğəmbər, əshabə və tabein dövrlərində Rəğaib qəndilinin bilinmədiyini, qəndil gecələri keçirilməsinin digər dinlərin təsiri nəticəsində ortaya çıxdığını, ümumiyyətlə, bu gecədə xüsusi bir ibadət həyata keçirmənin dində yeni ibadət meydana gətirmə (bidət) mənası verəcəyini, Rəsuli-Əkrəm tərəfindən ümumi olaraq bidətlərin yasaqlanması ilə yanaşı, cümə günü və gecəsi xüsusi bir ibadətlə məşğul olunmasının da yasaq edildiyini[5], buna görə də Rəğaib günü və gecəsində müəyyən ibadətlər etmənin dini baxımdan eyibli və naqis (şübhəli) olduğunu izah etmişlər”[6].

Yalnız rəcəb və şəban ayları haqqında bir neçə söz söyləmək lazımdır. Rəcəb ayı “dörd haram ay”dan biridir. Digərləri də zilqədə, zilhiccə və məhərrəm aylarıdır. Bu aylarda döyüşmək haram edilmişdir. Ümumiyyətlə, bu ayların digər aylara nisbətdə bir fəziləti vardır. Alimlər bu aylarda oruc tutmağın müstəhəb olduğunu demişlər. Lakin Peyğəmbərdən (ə) və kəramətli əshabədən xüsusilə bu ayda (yəni rəcəb ayında) oruc tutmağın fəzilətli olmasına dair hər hansı bir səhih rəvayət nəql edilməmişdir.

Şəban ayına gəlincə səhih rəvayətlərə görə Hz. Peyğəmbərin ramazan ayından sonra ən çox oruc tutduğu ay şəban ayıdır[7].

Həzrət Aişə belə demişdir: “Rəsulullahın ramazandan başqa heç bir ayda tam olaraq oruc tutduğunu görmədim. Yenə şəbandan başqa heç bir ayın çoxunda oruc tutduğunu da görmədim”[8].

Üsamə ibn Zeyddən rəvayət olunduğuna görə o demişdir ki: “Ya Rəsuləllah, şəban ayında olduğu qədər heç bir ayda oruc tutduğunuzu görmədim”. Rəsulullah belə buyurdu: “Şəban ayı rəcəb ayı ilə ramazan ayı arasında insanların qafil olduqları bir aydır. Bu ayda əməllər aləmlərin Rəbbinə yüksəlir. Əməllərimin oruclu olduğum halda yüksəlməsini istəyirəm.” Hədisi Əbudavud və Nəsai rəvayət etmiş, İbn Hüzeymə isə səhih olduğuna hökm etmişdir[9].

O halda bu ayda oruc tutmağın Hz. Peyğəmbərin gözəl bir sünnəsi olduğu rahat bir şəkildə söylənə bilər.

DƏYƏRLƏNDİRMƏ

Hz. Peyğəmbər və kəramətli əshabələrin dövrlərində görünməyib həyata keçirilməyən, hətta bir bənzəri olmayan və İslam dinindən olmadığı bir halda sonradan ortaya çıxan və ibadət qəbul edilən fikir və əməllərə, Sünnəyə zidd olan davranışlara bidət deyilir.

Dində sonradan ortaya çıxan və haqqında hər hansı bir dəlil olmayan bu kimi vəziyyətlər haqqında Rəsullullah belə buyurmuşdur:

“… İşlərin ən pisi (şərrul-umur) yeniliklərdir (yeni ortaya çıxarılmış işlərdir). Hər bir bidət zəlalətdir! …”[10]

“… Sonradan meydana çıxarılan (icad edilən) hər bir şey bidətdir! … ”[11]

“Hər bir bidət zəlalətdir, hər zəlalət də atəşdədir”[12].

İmam Malikin mövzumuzla əlaqədar bu sözünü yada salmaqda da böyük fayda vardır: “Kim bu ümmət içərisində (din adına) keçmişdə olmayan bir şey icad edərsə, bu şəxs Hz. Peyğəmbərin Allah tərəfindən ona verilən risalət (elçilik) vəzifəsinə xəyanət etdiyini iddia etmiş olur, çünki Allah-Taala: “… Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim. …”[13] buyurmuşdur. Buna görə də o gün din olmayan (dinə daxil olmayan) şey bu gün də din ola bilməz”[14].

NƏTİCƏ OLARAQ BUNLAR DEYİLƏ BİLƏR

Quranda da, Sünnədə də bu gün geniş xalq kütlələri tərəfindən keçirildiyi forması ilə[15] qəndil gecələrinə (mübarək gecələrə) heç bir işarə yoxdur. Mübarək qəbul edilən bu gecələr Hz. Peyğəmbər və onun əshabəsindən çox sonra (ən tez 350 il sonra!) Misir və Qüdsdə qeyd edilməyə başlamış, daha sonra İslam dünyasının müxtəlif bölgələrinə yayılmışdır. Bu mərasimlərin keçirilməsi İslam dininin bir əmri və tövsiyəsi deyildir. Müsəlman cəmiyyətlər tərəfindən icad edilmiş və bir “adət-ənənə” halına gəlmişdir. Osmanlı padşahlarından 2-ci Səlim dövründən etibarən “qəndil” adını alan bu gecələr müsəlmanlar tərəfindən meraciyyə, rəğaibiyyə və mövlud kimi fəaliyyətlərlə ehya edilmişdir. Qəndil gecələrini qeyd edən hər bir cəmiyyət mərasimlərə öz mədəniyyətindən bəzi şeylər əlavə etmiş və beləliklə, bu gecələr ənənə halına gəlmişdir. Nəyin ibadət, nəyin adət-ənənə olduğunun müsəlmanlar tərəfindən bilinməsi də, əlbəttə ki, zəruridir.

“Qəndil Gecələri” məqaləsindən

(Bir qədər dəyişikliklə)

(ardı var)

D-r: YƏHYA ŞENOL

[1] Həmdi Təkəli, “Rəğaib Gecəsi”, DİE, İstanbul, 2007, c. 34, s. 535

[2] Yusuf əl-Qərədavinin rəcəb ayı ilə əlaqədar bir fitvası www.islamonline.net

[3] İsmail ibn Ömər ibn Kəsir, “əl-Bidayə vən-Nihayə”, Beyrut, c. 12, s. 16, Bozkurt, “Qəndil”, DİE, c. 24, s. 301, Həmdi Təkəli, “Rəğaib Gecəsi”, DİE, İstanbul, 2007, c. 34, s. 535

[4] Həmdi Təkəli, “Rəğaib Gecəsi”, DİE, c. 34, s. 535

[5] “Müslim”, “Siyam”, 146/1143

[6] Həmdi Təkəli, “Rəğaib Gecəsi”, DİE, c. 34, s. 535

[7] “Buxari”, “Saum”, 52, “Müslim”, “Siyam”, 176, “Tirmizi”, “Saum”, 36, İbn Macə, “Siyam”, 30

[8] “Buxari”, “Saum” 52, “Müslim”, “Siyam” 34, “Əbudavud”, “Saum” 59, “Nəsai”, “Siyam” 35 (Oxşar bir rəvayət); Malik, “Müvəttə”, “Siyam” 22

[9] “Nəsai”, “Siyam” 70, Əhməd, “Müsnəd” 5/201

[10] “Müslim”, “Cümə”, 43

[11] “Nəsai”, “Kitabu Səlatil-Eydeyn”, 22, İbn Macə, Müqəddimə, 7

[12] Müslim, “Cümə”, 43, Əbudavud”, “Sünnə”, 6

[13] “Maidə”, 3

[14] Əbumühəmməd İbn Həzm, “əl-İhkam fi üsulil-Əhkam”, “Darul-Hədis”, Qahirə, 1984, c. 6, s. 225

[15] Digər mərasimlər haqqında o mərasimlərin keçirildiyi vaxtlarda ətraflı məlumat veriləcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma