CƏMİLƏNİN (Natalya) İSLAMA GƏLİŞİ

Bəzi insanların İslama gəlişi sevgili Peyğəmbərimizin (Allahın salamı onun və ailəsinin üzərinə olsun!) əshabələrinin həyat tarixçəsinə bənzəyir. Seyid ibn Zeyd deyirdi: “Yəhudilik və xristianlığı öyrəndikdən sonra onlardan imtina etdim, çünki onlara etimad etmədim”. İslamı qəbul edən bacımız Natalyanın əhvalatı isə böyük əshabələrin İslama gəlişi ilə oxşardır. Yazdığı məktubda o belə qeyd edir: “Ümidvaram ki, mənim söylədiklərim kiməsə faydalı olacaq. Mən əminəm ki, bir çox ruslar pravoslavlıqda mənim hiss etdiklərimi hiss edirlər”.

Beləliklə, gəlin sözü Natalyaya verək.

Mən hər zaman Uca Varlığın mövcudluğuna inanmışam. Bu inamı məndə hələ kiçik yaşlarımdan nənəm yaradıb, uşaqlıqda onun dualarının sədaları altında yuxuya gedirdim.

Xüsusilə, mənim “İmanın simvolu” duasından xoşum gəlirdi. Mən öz uşaq qəlbimi bütövlüklə “Bir İlaha inanıram” ifadəsinə bağlayırdım. Uşaq vaxtı mənim müsəlman dostlarım var idi, onların dünyası məni çox cəlb edirdi. Lakin tanımadığım, heç bir zaman eşitmədiyim sözlər hardasa məni bir az qorxudurdu. Məhz uşaqlıq illərimdən “Allah”, “namaz”, “məscid” sözləri yaddaşıma həkk olunmuşdu. Bu uşaqlar məni Cəhənnəm atəşi ilə qorxudurdular, onun haqqında çox bəhs edirdilər. Onların tamamilə başqa həyat tərzi yaşadıqlarını görürdüm. Biz isə Pasxa və Milad bayramlarını qeyd edirdik, hərdən kilsəyə gedib şam yandırırdıq və dua edirdik. Çox zaman kilsə camaatına şərab paylanılarkən mən kənarda durub içimdə: “Ya Rəbbim, mənə haqq yolu göstər, bu, haqq ola bilməz”, – deyərək dua edirdim. Həmin duanı hər gecə diz üstə pəncərənin qabağında durub ulduzlu səmaya baxaraq təkrar edirdim.

Mən sadəcə Allahın varlığına inanırdım. Eyni zamanda inanırdım ki, Ondan ixlasla nə isə istəsən, O, hökmən istəyini həyata keçirər. Bu, səmimi uşaq sevgisi idi. Onun məkanı və görünüşü məni o qədər də maraqlandırmırdı, Ona təşəkkür borcumu hansı şəkildə və necə ödəməyin lazım olduğunu da düşünmürdüm. Sadəcə Onu sevirdim. Bir çox insanlar kimi düşünürdüm: əsas odur ki, öldürməyəsən, oğurluq etməyəsən, çalışasan ki, aldatmayasan. Onda hər şey yaxşı olacaq. Mən bu cür inanırdım ki, var olan və bir olan Yaradıcı var. İsanı isə böyük şəxsiyyət və yalnız metaforik mənada “Tanrının oğlu” olaraq qəbul edirdim, “bütün insanlar Tanrının övladlarıdır” anlayışı kimi. Təbii ki, bu, kilsə/pravoslav din anlayışına sığmırdı.

Ümumiyyətlə, mən hürr, azad böyümüşəm, istədiyim hər şeyi əldə etməyə və istədiyim kimi yaşamağa alışmışdım – pirsinq, cazibəli geyim və saç düzümləri mənim həyatımın ayrılmaz bir hissəsi idi. 6-cı sinifdə oxuyarkən Nitsşenin əsərlərini oxuyurdum və Allahın varlığını inkar edirdim. Mən pis insan idim və özümü hər kəs tərəfindən tərk edilmiş hiss edirdim. İllərlə yaşadığım yalnızlıq bəhs edilməyəcək qədər əziyyətli idi. İnsanlar hürriyyət haqqında çox danışırlar, ona qovuşmağı xəyal edirlər. Deməli, hürriyyət xoşbəxtlik gətirməlidir. Mən özümü hürr hesab edirdim, çünki istədiyim hər şeyi edə bilirdim. Lakin xoşbəxt deyildim. İnsanlar gündən-günə daha çox sərbəstləşir, istədiklərini həyata keçirirlər və heç kimin fikrinə önəm vermirlər, çünki kimsənin onların bu sərbəstliyini əllərindən almağa ixtiyarı yoxdur. Budur, onlar azad və sərbəstdirlər – küçələrdə alkoqollu içkilər içir, narkotik qəbul edir, “azad sevgi” adlanan sərbəst seksual həyat yaşayır, istədikləri kimi geyinirlər, bir sözlə, onlar azaddırlar. Lakin onların simalarında xoşbəxtlik görünmür. Nədən əcəba? Bəlkə, onlar hələ tam sərbəst, tam azad deyillər? Necə, məgər bundan artıq azadlıq ola bilər ki, nə valideyn, nə uşaqlar istədiyin kimi gəzib-dolanmaq, öz kefilə yaşamaq üçün bir əngəl deyil? Bəs, görəsən, səbəb nədir?… Mən mütaliə etməyi çox sevirəm. Ona görə bu sualın cavabını kitablarda axtarmağa başladım. Fərq qoymadan həm klassiklərin, həm müasir yazıçıların, həm filosofların, psixoloqların, psixoanalitiklərin, dinşünasların, mənəvi “ataların” əsərlərini oxudum. Bir fikir digər fikri əvəz edirdi. Sonda belə qənaətə gəldim ki, insanlar sadəcə “hürr” kəlməsini səhv anlayırlar. Əsl hürriyyət öz həvayi-nəfsindən asılı olmamaq, ondan azad olmaq deməkdir… Nə etmək olar, mən düşünmədən addım atmağı bacarmıram.

Günlərin bir günündə ağlıma belə bir fikir gəldi: pul, mal, mülk, karyera mənim nəyimə lazımdır? Axı onsuz da öləcəyəm. Bu fikir məni elə hala saldı ki, bunu tam şəkildə və bütünlüklə anlada bilmirəm…

Artıq mən hürriyyət haqqında deyil, ölüm barəsində düşünməyə başladım. Çox qorxulu idi. Həyat mənim üçün mənasını itirirdi, çünki sonda ölüm var idi. Beləliklə, bir saniyə içində insanın hər şeydən məhrum ola biləcəyini anladım. Bu fikir məni təşvişə salırdı. Ölərək itirmədiyin bir şey var olmalıdır. O sonsuz və əbədidir. Bəs sonsuz və əbədi olan kimdir? O, Uca Allahdır!

Mən anladım ki, yalnız Ona olan məhəbbət hürriyyət və ölməzlik bəxş edir. Ona aparan yol isə dindir. Yenə axtarışlara start verdim. Axtarışa əslində ehtiyac yox idi, çünki uşaqlıqdan inandığım din, məhz İslam dini idi (Əlhəmdülillah və Allahu Əkbər). Getmədiyim yer qalmamışdı – pravoslav kilsə, katoliklərin, krişnaidlərin, buddistlərin, Yehova şahidlərinin olduqları yerlərin hamısını ziyarət etdim. Heç birindən məni tam olaraq qane edə biləcək cavablar almadım. Bəzi suallarım cavabsız qaldı. Dini ədəbiyyat oxumağa başladım. Məni narahat edən suallar yalnız artırdı. Bütün insanlar kimi mən də bir məsələni anlaya bilmirdim. Necə olur ki, Allah üçdür, amma birdir. Xristianlardan soruşurdum, lakin heç biri bunu mənə izah edə bilmirdi. Cavab belə idi ki, dində sirlər var ki, biz onları anlaya bilmərik, bu da onlardan biridir. Əgər dinləri buna əsaslanırsa və bu da dinlərinin əsasıdırsa, onda necə sirr ola bilər? Axı onda heç bir şey aydin deyil!

Xristian adət-ənənələri mənim şübhələrimi möhkəmləndirdi: müqəddəs ataya etiraf və onun tərəfindən bağışlanma, yaxud bağışlanmama və kilsədən kənarlaşdırılma. Ölünü yad etmə mərasimi də ağıla sığmazdır. Özlərini xristian adlandıranlar ölünü unudaraq bacardıqları qədər içki içir, dalaşırlar. Buddizm və krişnaidliyə gəlincə onların nümayəndələri ilə görüşlər çox qısa çəkdi. Sadəcə mən hər şeyin təsadüf nəticəsində meydana gəldiyini, hər şeyin təbiətin yaratmasını qəbul edə bilmirdim. Bu, absurddur. Axı, uşağa belə aydındır ki, hər bir şey onu kiminsə yaratması nəticəsində meydana gəlir.

Mən bütün dinlərin əsaslarını öyrənməyə çalışırdım. Təbii ki, İslam da bu siyahıya daxil idi.

İslam haqqında məlumatım artdıqca etiqadımla uyğunlaşmalar da artırdı. Mən hər zaman İsaya hörmət edir və onu insan, peyğəmbər hesab edirdim. Başlanğıcda islami qanunlar məni qorxutdu, “Fatihə”ni öyrənmək isə imkansız görünürdü. “İslam” sözü mənim üçün uzun müddət “terror” kəlməsi ilə eynilik, sinonim təşkil edirdi, “şəriət qanunları” anlayışı isə qadının qul olması və onun daim aşağılanmasından başqa bir şey deyildi. KİV-də İslama aid işıqlandırılan qorxulu, xaotik, qaranlıq hadisələrin əksər hallarda İslamla heç bir əlaqəsi yoxdur. İslam sülh və Uca Allaha təslimiyyət dinidir. Çox təəssüflər olsun ki, məlumatı olmayan adi insanın bütün bu olanları düzgün anlamağı üçün elmi biliyi çatmır. İslamdan heç bir anlayışı olmayan bir çoxları onun ruslara aid olmayan bir din olduğunu iddia edirlər. Əgər bu insanlar İslamın ərəb və tatarların dini olmasını demək istəyirlərsə, belə çıxır ki, xristianlıq yəhudilərin və yunanların dinidir, Rusiyanın dini isə bünövrədən bütpərəstlik olub və biz indi Bizans mədəniyyətindəyik.

Mənim fikrimcə, din universaldır, yəni hərtərəflidir – ərəblərin, tatarların, yunanların və ya rusların dini kimi anlayış yoxdur. Bir olan Allahın dini var və hər bir insan Haqqın axtarışındadır. Bu məsələdə televiziya heç də az rol oynamır. İslamı müharibə dini olaraq və müsəlman qadınlarını qul kimi göstərərək insanları axtardıqları haqdan uzaqlaşdırır.

İslam haqqında daha çox öyrənmək məqsədilə mütaliəyə başladım. Zaman keçdikcə anladım ki, bütün islami qanunlar yalnız və yalnız insana xidmət edir. İndiyədək bir qanun görmədim ki, insan üçün faydasız olsun. Namaz, oruc, təharət və hicaba riayət, donuz ətindən, tütün məmulatlarından və spirtli içkilərdən uzaq olmaq – bunlar hamısı cəmiyyətə yalnız xeyir gətirən və çox böyük əhəmiyyət daşıyan amillərdir. Spirtli içkilərdən imtina edib özünə hörmət etmək, bədənini kənar baxışlardan qorumaq, uşaqların sağlam, həqiqi dəyərlər əsasında qurulan və əxlaqın, özü də sağlam əxlaqın mühüm yer tutduğu bir cəmiyyətdə böyüməsini təmin etmək bundan gözəl nə ola bilər?

Quranı ilk dəfə oxuduğum anı çox yaxşı xatırlayıram. O an ilk dəfə qəlbimi daxilən bir istilik sardı… və içimdən bir səs “Budur Haqq!” deyə səsləndi. Həyatın ölümdən sonra davam etdiyini və yer üzündə yaşadığımız həyatın boş olmadığını bilmək mənim üçün çox əhəmiyyətli idi. Bunların hamısını dərk etdikdən sonra İslamı qəbul etdim və Uca Allahın bütün qanunlarına əməl edəcəyimə qərar verdim, çünki o, (İslam) axtarışında olduğum səadət, hürriyyət və əbədi həyatdır.

İslamı islam.ru saytı vasitəsilə qəbul etdim. Mənim şəhadət gətirməyimə şahidlik edə biləcək bir müsəlmanın belə olmadığı bir yerdə – Litvada. Vilnüsdə məscid də yoxdur. Fəqət Allahdan gözəl şahid ola bilərmi?

Geriyə baxdıqda Allahın məni doğru yola hidayət etdiyini, məni bütün çirkinliklərdən qoruduğunu və İslama gətirdiyini aydın görə bilirəm. Artıq 7 ildir ki, mən müsəlmanam, əlhəmdülillah. Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhəmmədən Rəsulullah.

Tərcümə etdi: Jalə Feyzullazadə

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma