RAMAZAN AYI – İLAHİ TƏQVA ÜZƏRİNDƏ İRADƏNİN TƏRBİYƏ OLUNMASI AYI 

RAMAZAN AYININ ASTANASINDA

Gələcək günlərdə ramazan ayının istiqbalına çıxacağıq. İmam Zeynulabidin əleyhissəlamın dediyi kimi ramazan ayı “İslam və paklıq ayıdır”. Allah Rəsulu da ramazan ayına “Ümmətimin ayı” demişdir. Məqam və dərəcələrlə dolu belə bir ayın istiqbalına çıxdığımız vaxt, islami şəxsiyyətin forması ilə əlaqəli olan amillərin bu ayda tanınmasına çalışmalıyıq. Burada çox mühüm bir nöqtə vardır ki, biz ona diqqət etməliyik. Və o da budur ki, Allah-Taala ibadətlər üçün iki dairə qərar vermişdir:

1. İBADƏT DAİRƏSİ

Bu, Allaha ibadətin sirrinin dairəsidir; çünki insan ibadətdə Allaha bəndəliyin mənasını hiss edir. İnsan özünə vacib bilir ki, Allahda ərisin və özünün fərdi qəlibindən çıxsın, ta ki, onun idrakı Allah qarşısında təvazö etsin, qəlbi qorxu və sayğı ilə dolsun, bədəni Allah qarşısında rüku etsin və rükusunda Allaha təzim etsin, səcdəyə getsin və öz səcdəsində Allahı böyük saysın və dininə bağlı bir müsəlman olsun ki, bütün işlərində və sözlərində Allaha təzim etsin. İnsan vücudu orucda zərrə-zərrə Allaha ibadət etdiyi vaxt, onun vücudunun bütün ünsürləri, Allah qarşısındakı təvazökarlıqda ikinci bir həyatı tapır. Agahlıqla oruc tutan bir şəxs özünün bütün orucunu Allaha təqdim edir; həcc işlərilə məşğul olduğu vaxt ehram halında özünün bir çox nəfsani istəklərindən məhrum olur və Allahın sevdiyi dairədə məhdud qalsın deyə Allah evinin ətrafında təvaf edir. Və həyatı boyu da həmin dairədə təvaf etməli və səyi Allah yolunda olmalıdır. Hər bir yerdə düşünsə və onun bütün mövzuları və rəftarları Allah qarşısında təvazökarlıqdır. Hərçənd ki, onun sirrini başa düşməməsi və mənasını idrak etməməsi mümkündür. İnsan Allahda ərimək üçün özünün daxili ünsürlərini atmalı və yaxşıca hiss etməlidir ki, Allah bəndəlik yolu ilə ona bir şey olduğunu hiss etdirmədən o, Allahın qarşısında heç bir şey deyildir.

2. TƏRBİYƏ DAİRƏSİ

İkinci dairə tərbiyə dairəsidir ki, ibadətin insan şəxsiyyətinin ünsürləri üzərindəki təsirlərini nümayiş etdirir. Məsələn, Quranda oxuyuruq: “Həqiqətən, namaz insanı həyasızlıqdan və çirkin işlərdən çəkindirər”1. Buna əsasən, insan namaz qılıb, öz namazında qiraət ünsürləri, rüku, səcdələr, oturmaq və qiyamı (ayaqüstə dayanmaq)  yerinə yetirdikdə elə bir aləmlə əlaqə yaradır ki,  o aləm ona işarə edir ki, sən gərək öz əxlaqi bütövlüyünlə yaşayasan, hədləri aşmayasan və Allahın sevmədiyi və camaatın da xoşlanmadığı şeylərdən uzaq qaçasan.

İnsan oruc tutduqda, şübhəsiz, orucdan məqsəd budur ki, insan ilahi təqva üzərində tərbiyə olunmalıdır. Quranda buyurulur: “Ey iman gətirənlər! Təqva (Allahın yasaq etdiyi şeylərdən qorunma) sahibi olasınız deyə oruc, sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi sizə də vacib edildi”. Çünki Allah üçün oruc tutmağının və Onun üçün öz bəndəliyini nümayiş etdirməyinin mənası budur ki, sən elə bir insan olmusan ki, həqiqətdən başqa bir şeyin ona gəlməməsi üçün əqlini, məhəbbətdən başqa bir şeyin onda qərar tutmaması üçün qəlbini və xeyir yoldan başqasında addımlamaması üçün bədənini qoruyan bir insan olasan deyə oruc səni hərəkətə gətirmişdir. Deməli, ilahi təqva insanın həmişə həyatdakı yerini dəyərləndirməsilə bərabər olmalıdır. Bir işdə Allahın razılığı olduğunu bilmədən addım atmamalıdır. Buna görə də oruc insana deyir: “Düşüncələrində, duyğularında, hisslərində və hərəkətlərində ədalətə riayət edən bir insan ol!” Çünki təqvan artdıqca, ədalət və etidalın da artmalıdır. Təqva xəttindən azmaq, elə həyatdakı yerinə yetirilməsi və çəkinilməsi lazım olan işlərdə etidal xəttindən azmaqdır.

QURANDA RAMAZAN AYI

Artıq ramazan ayından danışan ayələrlə ramazan ayına baxa bilərik. Allah Quranın “Bəqərə” surəsinin 185-ci ayəsində buyurur: “Ramazan ayı bir aydır ki, insanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Quran, bu ayda nazil edilmişdir”.

Görürük ki, Allah-Taala bu ayədə ramazan ayı haqqında danışdığı bir halda, bu ayın xəbərləri yolu ilə bizi Qurana doğru sövq edir, ta bu mətləb haqqında bizimlə söhbət etsin ki, Allah Quranı bu ayda nazil etmişdir və o cür bilməliyik ki, Allah Quranı biz onu dərk edək, ondan dərs alaq, onun hidayət nurunun pənahında yol axtaraq, qaranlıqlardan nura və işığa çıxaq və ona əməl edək, – deyə nazil etmişdir. Bütün bunlardan bu başa düşülür ki, ramazan ayının, insan həyatının mətnində Quranın sürətlə hərəkət etməsilə əlaqəsi vardır. Çünki Allah ona görə Quranı bu ayda nazil etmişdir ki, camaat bu ayın ətirdolu fəzasında Quranın ayələrilə ünsiyyətdə olsunlar.

Ayənin başlanğıcı bu ayın insani fəzasına işarə edir; ramazan ayı Quranı öz üzərinə götürən bir aydır və Quran hərəkətli və diri şəkildə bu aya daxil olmuşdur, sanki bu ayın hər bir ləhzəsində, saniyələrində, dəqiqələrində, saatlarında və günlərində Quran cərəyan etməkdədir. Bu baxımdan Qurandan dərs aldığımız halda insan onunla yaşasın, – deyə zaman bir Qurani ruhla əvəz olunur. Buna görə də, Allah Quranın ramazan ayında nazil olma mətləbini zikr etməklə kifayətlənmir və bəlkə ardınca belə buyurur: “İnsanlara doğru yolu göstərən bir kitab”. Allah Quranı ona görə ramazan ayında nazil etmişdir ki, insanlar Quranın məfhumlarına, onun öyrətdiyi əqidəyə, hökmlərinə, metodlarına, üslublarına və əxlaqına diqqət edərək hidayət olsunlar. Yəni gərək bu ayda Quran oxuyarkən, Quranı yalnız onun ayələrini ard-arda tələsik oxuyan bir şəxs kimi yox, Quran oxumaqda hədəfi hidayət axtarışı olan bir insan kimi oxumaq lazımdır. Ona görə Quran oxu ki, həyatında səninlə üz-üzə gələn dərbədərlik vadilərini tanıyasan və zəmanənin şərtlərinin səni içinə atdığı və sənin həlakət və pərişanlıq səbəblərini hazırladığı azğınlıqları yaxşıca tanıyasan. Quran oxu ki, din hökmlərindən azmısansa, onun hökmlərdən danışan ayələri vasitəsilə hidayət yolunu tapasan; Quran oxu ki, əgər həyatında yolunu azmısansa, doğru yolu tanımaq üçün onunla hidayət yolunu axtarasan; Quran oxu ki, əqli məfhumların və düşüncələrin bir-birinə qarışdığı vaxt hidayət yolunu yenidən tanıyasan və müxtəlif sözlər qulağına çatdıqda hansına qulaq asacağını biləsən və biləsən ki, ilahi sədaya qulaq asmalısan və digər səslərə qulaq asmamalısan; çünki haqqın səsinə qulaq assan, bütün şeylərdə həqiqət sədasını eşidəcəksən və bütün boşluqların Allahın vəsiləsilə dolduğunu hiss edəcəksən; hiss edəcəksən ki, Peyğəmbərin səsi, elə Allahın səsidir. Çünki o ilahi missiya yolu ilə danışır. Və Allahın məsum övliyalarının (yəni imamların) səsi, elə Allahın səsidir. Çünki onlar Allah tərəfindən vəzifələndirilmiş şəxslərdir. Vücudları ilahi bir vücud olmasına baxmayaraq, heç vaxt öz düşüncələrinə qapılmamışlar, əksinə, özlərinin missiya yollarına qapılmışlar. Çünki onlar missiyanın əməli təcəssümüdürlər.

HİDAYƏT … VƏ AŞKAR DƏLİLLƏR

“Quran insanlara doğru yol göstərən bir kitabdır”. Bəli, əgər pərişanlıq və dərbədərliyə giriftar olmusansa, Quran oxuduqdan sonra sənin üçün yeni bir yolun açıldığını, yəqinlik, hüzur və iman artımını hiss edirsən. “Ənfal” surəsinin 2-ci ayəsində buyurulur: “Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar. …” Elə ki çarpışma meydanına daxil oldun və camaat müxtəlif yerlərdən öz dəlillərini gətirdilər və sən Quran oxusan orada sənin üçün həqiqəti izah edib səni ona doğru hidayət edən aşkar dəlilləri oxuyacaqsan. “Bəyyinat” (aşkar dəlil və aydın ayələr) sözündən məqsəd haqq və batili bir-birindən ayıran xəttdir. Quran furqandır. Çünki bununla onu bir-birindən ayırır və haqla batil bir-birinə qarışmır. Buna əsasən haqqı Quranın aynasında gördükdə ona tabe ol və batili Quranda tanıdıqda, ondan uzaqlaş; Quran heyrətgətirici şübhələri insandan bərtərəf edir.

Bu şərafətli ayələrdə Allah bizdən yalnız Quranın vəsfinə qulaq asmağı istəmir, əksinə, hidayət və aşkar dəlillər dünyası olduğu üçün həqiqəti vəsf edən və haqla batili bir-birindən ayıran Quran dünyasına girməyimizi istəyir və ramazan ayının Qurandan ayrı olmadığını bizim yadımıza salır. Deməli, Allah insanlarla bir yerdə olsun deyə Quranı bu ayda nazil etmişdir. Və bu ay ilahi kəlam və onun tövsiyələri, nəsihətləri və hökmlərindən boş qalmamalıdır.

İRADƏ ÜZƏRİNDƏ MƏŞQ İŞİ APARMAQ

“Sizdən kim bu aya yetişsə, bu ayı oruc tutmalıdır. …”2 Yəni kim bu ayda hazır olsa və onu dərk etsə, onu oruc tutmalıdır. Çünki Allah insanın bu ayda qəviiradəli və öz iradəsinin ehtiva etdiyi şeylərdən də kamil şəkildə agah olmasını istəmişdir. Məsələ bu deyildir ki, sən yalnız öz iradəni gücləndirməlisən, bəlkə sənin qüvvətli iradənin ehtiva etdiyi şeylər haqqa dayanmalı və ilahi razılığa məzhər olmalıdır. Buna görə də, Allah orucu, iradəni təqva yolunda məşq etdirmək üçün qərar vermişdir. Allah istəmir ki, iradə üzəirində məşq işi aparmaq bir fərdi imtiyaza çevrilsin və sən azğınlıq və sapqınlıq yolunda addım atasan. Deməli, Allah insandan iradəsini qüvvətləndirməsini istədiyi kimi, həmçinin bizdən istəyir ki, insan öz iradəsi haqqında kamil agahlığa sahib olsun ki, bu iradə boş yerlərdə, batil və pis yollarda hərəkət etməsin.

Bu minval ilə Allah sənin insaniyyətindən, ünsürlərində və prinsiplərində diri və hərəkətli olmağı istəyir. Bir çox insan dürüst prinsiplərə sahib olmadan güc-qüvvət, qəhrəmanlıq, güclü vücud, sağlamlıq və məqamla öz şəxsiyyətini zənginləşdirməyə və ehtiyacsız etməyə çalışır. Bəzi ədiblərin ilahi şair adlandırdıqları İmam Zeynulabidin buyurur: “(Allahım!) bizi önümüzdən, arxamızdan, sağımızdan, solumuzdan və bütün yönlərimizdən qoru. Bu qoruman, bizi Sənə qarşı günah etməkdən çəkindirsin, Sənə itaət etməyə sövq etsin, məhəbbətini cəlb etsin. …”3 Pərvərdigara! Sənə üsyan yolunda istifadə edəcəyim, yaxud Sənin itaətinin əksinə addım atacağım, yaxud Sənin məhəbbətindən uzaqlaşacağım bir qoruma istəmirəm. Bəlkə, məni elə qoru ki, o qoruma məni Sənin təyin etdiyin vəzifələrinlə və məhəbbətinlə məşğul olan bir insan qərar versin.

Çərşənbə axşamı gününün duasında oxuyuruq: “Həyatı xeyirxahlıqlarımı artırmaq və ölümü isə bütün pisliklərdən rahat olmağım üçün qərar ver!”

İmam Zeynulabidin “Məkarimul-Əxlaq” (“Gözəl əxlaq”) duasında buyurur: “Ömrüm Sənə itaət yolunda olduğu müddətcə mənə ömür ver”. Buna əsasən, ömrüm bütün ünsürlərilə Sənə itaət və bəndəlik yolunda qərar tutduğu müddətcə mənim ömrümü uzat, “Əgər ömrüm Şeytan otlağı olarsa”, yəni ömrüm Şeytanın get-gəl etdiyi yer olarsa, “Canımı Özünə doğru al”. Çünki mən Şeytanın hakimiyyəti altında və şeytani fəzada olan ömrü sevmirəm, əksinə, həyatımın sənin xidmətində olmasını sevirəm. Lakin Şeytanın xidmətində olan bir həyat, həyat rəngi və iyi ilə qarışmış bir ölümdür ki, onu  sevmirəm. “Qəzəbin sürətlə mənim üzərimə gəlməmişdən, yaxud mənim üzərimdə möhkəmlənmədikcə”.

Kumeyl duasında belə gəlmişdir: “Çünki bu əzab, Sənin qəzəb, intiqam və narazılığından qaynaqlanır. Bu isə göylərin və yerin dayana bilməyəcəyi bir şeydir. Ey Seyidim! O zaman Sənin gücsüz, zəlil, kiçik, möhtac və biçarə bir qulun olan mən bu işlərə necə dayana bilərəm?”

Həmçinin Əbu Həmzə Sumali duasında oxuyuram: “Məni davamlı xoşbəxtlik, kamil kəramət (əzizlik) və tam bir həyatla ömrünü uzatdığın, əməlini gözəlləşdirdiyin və pakizə bir həyat bəxş etdiyin şəxslərdən qərar ver!”

Hədisdə belə deyilir: “Etimadlı şərt olmadan ölüm istəmə!” Yəni psixoloji, hissi, iqtisadi və onun kimi çətinliklər ucbatından ölüm istəmə, əksinə həyatda bütün məsuliyyətlərini kamilləşdirdiyin vaxt ölüm istə; bütün günahlardan pak və təmizlənmiş paltarla Allahın görüşünə çıxacağını hiss etdiyin vaxt ölüm istə.

Əzizlərim! İradənin, islami möhtəvası ilə oruc vasitəsilə tərbiyə olunması həmin ilahi təqvadır. İlahi təqvanın mənasının, Allahın səni, yasaq qoyduğu yerlərdə görməməsi və sənə əmr etdiyi işləri də tərk etdiyini görməməsi olduğunu bildiyimiz vaxt başa düşəcəyik ki, ilahi təqva sənin həyatının bütün hissələrinə şamil olmaqdadır ki, sən bunları icra etməli, yaxud onları buraxmalısan.

ALLAH ÖZ BƏNDƏLƏRİNİN DOSTUDUR

“Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar, xəstə … olanlar isə …”4 Yəni oruc onun üçün, yaxud onun xəstəliyi üçün zərərlidirsə, yaxud səfərdədirsə, istər çətin səfər olsun, yaxud asan, “başqa günlərdə oruc tutsunlar”.

Buna əsasən, Allah orucu cismən sağlam olan və öz vətənində, yaxud qalacağı yerdə hazırda olan şəxs üçün vacib bir vəzifə qərar vermişdir. Lakin xəstə və müsafir şəxs sağaldıqdan, yaxud səfərdən qayıtdıqdan sonra, başqa ayların digər günlərində oruc tutmalıdır. Burada Allahın mehribancasına bir müraciəti qulağa çatır ki: “Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər. …”. Buna əsasən, Allahın haram, yaxud vacib vəzifələri sizin üçün ağırlıq istəmək deyildir, əksinə, sizi asan şəkildə vəzifələndirmişdir. “Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər. …”. Buna görə də xəstəlik halında sizi oruc tutmaqla vəzifələndirməmişdir. Çünki bu iş sizin sağlamlığınız üçün çətinlik yaradır. Səfərdə olduğunuz vaxt sizi oruc tutmaqla mükəlləf etməmişdir. Çünki səfər özü bir sabitsizlik halıdır. Odur ki, vətəndə olduğun kimi sabit olmadığın halda, Allah səndən sənin vəziyyətini çətinləşdirəcək bir vəzifəni istəməmişdir.

Buna əsasən, bu qayda, asanlıq qaydası və çətinliyin inkarı qaydasıdır. “Allah dində üzərinizə heç bir çətinlik qoymadı. …”5 “Zərər vermək və zərərə zərərlə qarşılıq vermək yoxdur” qaydası qanunvericiliyin, içində çətinlik, zərər və məşəqqət olmayan bütün vəzifələri müəyyənləşdirən külli və ümumi çərçivəsidir. Beləcə, Allah qanunvericilik işində Öz mehribançılığını bizə tanıtdırmaq istəyir, necə ki, rizq (ruzi), sağlamlıq və təhlükəsizlik barəsində bizi Öz rəhmətində tutmuşdur. Buna görə də, ilahi qanunvericilik həmin ilahi rəhmətdir. Çünki qanunvericilik çətinlik yox, asanlıq üzərində bina olunmuşdur. Bu haqda Qurandakı bir duada belə deyilir: “Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə!”6 Buna əsasən, Allah gücümüz çatmayan şeyləri vəzifə olaraq bizim çiynimizə qoymamış və bizim üçün çətinlik istəməmişdir.

“Və (qərarlaşdırılmış) sayı tamamlayasınız deyə” əvvəlindən axırına qədər ramazan ayını oruc tutun, ta ki bütün ramazan ayı oruc tutmaqla keçsin “Sizi düz yola yönəltməsinə görə Ona təzim edin (yəni Onu böyük bilin)” Allahın qarşısında durun və Onu böyük və əzəmətli yerində təsəvvür edin. Vücudunuzda qərar verdiyi, sizi həyat yollarına hidayət etdiyi və dininə doğru istiqamətləndirdiyi hidayət vəsilələrinə baxmaqla Onun əzəmət və böyüklüyünü görəcəksiniz. Əgər böyük Allahı böyük bilib Ona sitayiş etsəniz, Onun təkvini hidayətini başa düşəcəksiniz ki, sizi daxildən və xaricdən hidayət edir. Təşrii hidayətinə baxmaqla görəcəksiniz ki, Allah həyatdakı hərəkətləriniz üçün bir xətt çəkmiş və hidayət etmişdir. “Ola bilsin ki, şükr edəsiniz” Allahın maddi və mənəvi nemətlərinə baxdığınız vaxt həqiqətləri görməklə Rəbbinizə nisbətdəki şükretmə mərtəbələrini artırmalısınız. “Sizə gələn hər bir nemət Allahdandır”7  “Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. …”8

ALLAHA TƏZİM ETMƏK

Ramazan ayında əgər ilahi hidayət axtarışındasansa, gərək daima Ona təzim edəsən. Allaha təzim etməyin dəyəri belədir ki, o vaxt bütün digər şeylər sənin gözündə kiçikləşir. Buna əsasən “Allahu Əkbər” deməyinin mənası budur ki, Allahdan başqa hər bir başqa şey kiçikdir və Allahla yanaşı başqa bir varlıq yoxdur. Deməli, Allahdan başqa digər bir şeyi çağırmayın. Buna əsasən böyük bir məqamı olsa da belə heç bir varlığa xaliqiyyət (yaratma), raziqiyyət (ruzi vermə), mütləq qüdrət, mütləq elm və onun kimi ilahi sifətlərlə sitayiş edə bilmərsən. Bu cəhətdən “Allahu Əkbər” kəlməsi namazın başlanğıcı olmuşdur. Namazda da “Allahu Əkbər” deməklə onun müxtəlif hissələrinin sorağına gedirik, ta Allahın əzəmət və böyüklüyünü dərk edək ki, heç bir varlıq güc və qüdrətdə ona bənzəyə bilməz. İmam Əli (ə) müttəqilərin xüsusiyyətləri barəsində buyurur: “Qəlblərində Yaradan ulu, gözlərində isə Ondan başqası kiçikdir. …”.

İmam Zeynulabidin Fitr bayramı gününün duasında buyurur: “Hər bir böyük Sənin yanında kiçikdir. Hər bir qürur sahibi Sənin yanında həqirdir (hörmətsizdir)”.

Həzrət Mühəmməd bütün yaradılmışların Seyidi olmasına baxmayaraq, bizə belə deməyi öyrətmişdir: “Şəhadət verirəm ki, Mühəmməd Allahın bəndəsi və elçisidir”. Bununla Peyğəmbər bizə öyrədir ki, Onun əzəməti iki şeyə görədir: birincisi Allahın bəndəliyidir ki, Peyğəmbər bəndəliyin ən uca mərtəbəsində qərar tutmuşdur və digəri isə missiyadır ki, Allah bu işi ona həvalə etmişdir.

Gərək təsəvvür edək ki, Peyğəmbər, peyğəmbərlər, imamlar və övliyalar hamısı Allahın bəndələridirlər. “Mələklər Allahdan qabaq söz danışmaz, yalnız Onun əmri ilə iş görərlər”9. Buna əsasən onlar, Allahın öz missiyası üçün seçdiyi ilahi bəndələridir. Onlar öz məqamlarında möhtərəmdirlər və onları allahlıq, yaxud yarımallahlıq, yaxud da allahlığın dörddə biri dərəcəsinə qaldırmaq düzgün deyildir.

Biz onları yalnız bəndəlik məqamında görməliyik və onların bəndəlik yolu ilə Allaha doğru ucalmaları onların əzəmət nişanələri hesab olunur. Peyğəmbərdən sonra müvəhhidlərin ağası Əmirəlmöminin Əli (ə) buyurmuşdur: “Mənim barəmdə iki dəstə həlak olmuşdur: ifrata varan dost”. Yəni bizi bəndəlik dərəcəsindən yuxarı qaldıran şəxs. “Və bir də mənimlə düşmənçilikdə ifrata varan şəxs”. Yəni bizi ən aşağı dərəcələrə salan. Orta yol bununla onun arasında bərabərlik meydana gətirməkdədir.

Ondan sonra (yəni 185-ci ayədən sonra) şərafətli ayə ramazan ayının fəzasında davam edir: “Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam”. Allah-Taala ramazan ayında və başqa aylarda bizə demək istəyir ki, “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!”10 Yəni Mənə tərəf gəlin. Təsəvvür etməyin ki, mən qeyb, yaxud şühud (müşahidə) dünyasında sizdən uzağam. Mənim əslimə heç kim vara bilməz, lakin rəhmətim, lütfüm, inayətim, əfvim, məğfirətim və rüfətimlə Mən çox yaxınam. Deməli, Mən yaxınam və sizin dərdlərinizdən, arzularınızdan, müşküllərinizdən və məsələlərinizdən uzaq deyiləm. Mənə tərəf gəlin ki, Mən yaxınam. “Biz ona (insana) şah damarından da yaxınıq!”11, “Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər”12. Mən bu ilahi sözləri çox dostcasına və mehribancasına görürəm. Sanki Allah buyurur ki, Mənə tərəf gəlin və Məndən uzaqlaşmayın. Çünki sizə Məndən yaxın heç kimsə yoxdur.

“Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz!”13 Nə üçün Məndən uzaqlaşmısınız? Halbuki Mən sizə yaxınam və hər bir çağıranın çağırışını qəbul edirəm. Əcəba, dərdiniz yoxdur?! Mənə tərəf gəlin və onun dərmanını Məndən istəyin. Əcəba, çətinliyiniz yoxdur? Mənim hüzuruma gəlin, onu sizin üçün həll edim. “Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər”. Sizi çağırdıqda nə üçün cavab vermirsiniz?! Əbu Həmzə Sumali duasında oxuyuruq: “Ondan başqa heç bir varlığı çağırmadığım Allaha həmd olsun. Əgər Ondan başqasını çağırsam, duam qəbul olunmaz. Ondan başqasına ümid etmədiyim Allaha həmd olun. Əgər Ondan başqasına ümid bağlasam, naümid olaram. Mənə xəyanət etsinlər, deyə məni insanların öhdəsinə buraxmayan, Öz öhdəsinə alan Allaha həmd olsun!” Beləcə, Allah bizə öyrədir ki, Onun dəvətinə cavab verək. “Gərək Mənə iman gətirəsiniz” Çünki Mən elə bir Allaham ki, Ondan başqa Pərvərdigar yoxdur. “Bununla da ola bilsin ki, doğru yola yetişsinlər”. Deməli, bu yol həmin hidayət yoludur.

RAMAZAN AYININ AÇARI

Əzizlərim! Bu ramazan ayının həmin açarıdır. Buna əsasən sizi bu aya daxil etməyən digər açarlardan istifadə etməyin. Çoxları bu ayı rəqs, mahnı, oyun-əyləncə, qina, içki və sərxoşluq ayına çevirir. Bir çox dövlətlər məharətli xanəndələr və rəqqasələr gətirirlər ki, ta ramazan ayında camaatı Allahdan və özlərindən uzaqlaşdırsınlar. “Camaat oruc tutmaqla yorulur və bu proqramlarla onları şadlandırmaq lazımdır” sözünü deməklə özlərini təmizə çıxartmaq istəyirlər. Camaatı çətinliyə düçar edən orucun bihudə rahatlıqlara ehtiyacı yoxdur, əksinə camaatı Allaha doğru qaldıran yüksəlişdəki hüzura, Allah haqqında söhbət etməyə, Allah qarşısında qəlbin qorxu və sayğı ilə dolu olmasına (xüşuya), Allah qarşısında ağlamağa, Allaha itaətdə olan şadlığa ehtiyac vardır.

Əzizlərim! Allahın bu ayda (günahlardan – müt.) azad etdiyi şəxslər vardır. Allahdan istəyin ki, Onun azad etdiyi şəxslərdən olasınız.

Necə ki Peyğəmbər (s) buyurmuşdur: “Bu ayda Cənnətin qapıları açıqdır. Allahdan istəyin ki, bu qapıları sizin üzünüzə bağlamasın; bu ayda Cəhənnəm atəşinin qapıları bağlıdır, Allahdan istəyin ki, bu qapıları sizin üzünüzə açmasın, bu ayda Şeytanın əli bağlıdır, Allahdan istəyin ki, Şeytanı sizə hakim etməsin. Bu ayda ilahi ziyafətə dəvət olunmusunuz və bu ayda ilahi kəramətdən faydalananların zümrəsində qərar tutmusunuz. Bu ayda nəfəsləriniz təsbih, yuxularınız ibadət, əməlləriniz və duanızsa qəbuldur. Buna əsasən sədaqətdolu niyyətlər və pak qəlblərlə Allahdan istəyin ki, sizi oruc tutmaqda və Quran oxumaqda müvəffəq etsin. Çünki bu böyük ayda ilahi məğfirətdən məhrum qalan şəxs bədbəxtdir”. 

Xütbə 1999-cu ildə söylənmişdir.

Xütbəni tərcümə etdi: Xəyyam Qurbanzadə

1 “Ənkəbut”, 45

2 “Bəqərə”, 185

3 “Səhifeyi-Səccadiyyə”, “Sabah və axşam vaxtlarında oxunan dua”

4 “Bəqərə”, 185

5 “Həcc”, 78

6 “Bəqərə”, 286

7 “Nəhl”, 53

8 “Nəhl”, 18

9 “Ənbiya”, 27

10 “Mumin”, 60

11 “Qaf”, 16

12 “Bəqərə”, 27

13 “Vaqiə”, 85

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma