ƏN BÖYÜK GÜNAH – ZƏKAT VERMƏMƏK

Bilindiyi kimi zəkat, həmçinin xüms İslamın əsasını təşkil edən sütunlardan (rüknlərdən) hesab olunur. Zəkat namazdan sonra ikinci önəmli ibadətdir, füruüddinin ikinci bəndidir. Onun vacib olması dinin zərurətlərindəndir. Allah Quran-kərimin bir çox ayələrində (27 ayədə) onu namazla birlikdə zikr etmiş və zəkat verməyən ümmətləri şiddətli cəzaya mübtəla etmişdir. Hədisi-şərifdə bildirilmişdir ki, zəkat verməyən şəxsin namazı qəbul olunmaz və onun bir qiratını verməyən şəxs istəyərsə yəhudi, istəyərsə xristian ölər.

Lüğətdə “artma, çoxalma, saflaşdırma, təmizləmə, bərəkət” mənasını verən “zəkat” sözü fiqhi termin (istilah) olaraq “bir malın müəyyən bir miqdarını müəyyən bir zamandan sonra Allah rizası üçün haqq sahibi bəzi müsəlmanların tamamən mülkiyyətinə keçirmək” mənasını verir.

Quran-kərimdə və Sünnədə zəkatın daima namazla birlikdə zikr edilməsi onların arasında qüvvətli bağlılığa və insanın müsəlmançılığının ancaq bu ikisini yerinə yetirməklə kamillik dərəcəsinə yetişəcəyinə dəlildir. Namaz bədənlə, zəkat isə mal ilə yerinə yetirilən ibadətdir. Zəkatın bu ibadət mənası yanında bir də uca insani hədəfləri, üstün əxlaqi dəyərləri və iqtisadi qayələri vardır. Quran-kərim zəkatın hədəflərini “təthir” (təmizləmə) və “təzkiyə” (saflaşdırma) kəlmələri ilə xülasələşdirmişdir. Ayədə buyurulur: “Onların mallarından sədəqə (zəkat) al. Bununla onları təmizləmiş (təthir) və saflaşdırmış (təzkiyə) olarsan. …[1]

Bu iki kəlmə varlının ruh və nəfsinin, mal və sərvətinin həm maddi, həm də mənəvi yöndən təmizlənmə və saflaşmasını ehtiva etməkdədir. Bunu belə açıqlamaq mümkündür: Zəkat verən, başda xəsislik olmaqla bir çox çirkin xasiyyətlərdən və davranışlardan təmizlənər. Xəsislik fərd və cəmiyyət üçün çirkin bir xəstəlikdir. Bu xəstəlik insanı mal uğrunda qan tökməyə, dövlət və xalq malını yeməyə qədər aparar. Zəkat onu verən şəxsin duyğularını mala hərislik zillətindən təmizləyər, pula qul olma bağından xilas edər. Zəkat sayəsində zənginlə fəqir arasında etimad, sayğı və sevgi meydana gələr.

Quran zəkat verməyi möminlərin, muhsinlərin (xeyirxahlıq edənlərin), gözəl və müttəqi qulların sifətlərindən saymışdır. Quran-kərimdə zəkatın məna və əhəmiyyətindən danışan bir çox ayə vardır.

ZƏKATIN VACİB OLMASININ HİKMƏTİ

Əhli-Beyt imamları xalqa zəkat qanununun məntiqini açıqlayaraq onları zəkat verməyə təşviq etmişlər. İmam Sadiq (ə) buyurmuşdur: “Zəkat zənginlər üçün bir imtahan və fəqirlər üçün də yardım vəsiləsi olsun deyə vacib edilmişdir. Əgər insanlar mallarının zəkatını versəydi, fəqir və möhtac bir müsəlman qalmaz və Allahın onun üçün vacib etdiyi mal ilə ehtiyacı təmin olunardı. Buna görə əgər fəqir, möhtac, ac və çılpaq biri vardırsa, zənginlərin günahları ucbatındandır. Ona görə də Allah Öz rəhmətini malında Allah haqqı olub onu verməyən şəxslərdən əsirgəyərsə, haqqdır”[2].

İmam digər bir hədisində buyurmuşdur: “Allah-Taala bütün məxluqatı yaratdığı üçün onların kiçiyini də, böyüyünü də, zənginini də, fəqirini də bilir və tanıyır. Hər min insandan iyirmi beşini də miskin yaratmışdır[3]. Əgər bunun onlar üçün kifayət etməyəcəyini bilsəydi, zəkatın miqdarını artırardı, çünki Allah onların Xaliqidir və onların vəziyyətini daha yaxşı bilir”[4]

İmam Musa əl-Kazim buyurmuşdur: “Zəkat yalnız fəqirlər üçün qida və zənginlərin malları üçün isə çoxalma vəsiləsi olsun deyə vacib edilmişdir”[5].

 ZƏKAT VERMƏYƏNLƏR

Bildirdiyimiz kimi böyük günahlardan biri də vacib olan zəkatı verməməkdir. Zəkat verməmək Quranın bir neçə ayəsində ona görə Cəhənnəm atəşinin açıq şəkildə vəd verildiyi günahlardandır. Allah Quran-kərimdə buyurur: “… Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş Cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): “Bu, sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınızın (əzabını) dadın!” – deyiləcəkdir!”[6] Rəvayətlərdə qeyd olunmuşdur ki, bu ayədə “yığılmış qızıl-gümüş” deyildikdə zəkatı və digər vacib vergiləri verilməyən hər bir mal nəzərdə tutulur.

Allah “Ali-İmran” surəsinin 180-ci ayəsində buyurur: “Allahın Öz fəzilətindən onlara bəxş etdiyi mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün daha xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün şərdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!”

İmam Baqir buyurmuşdur: “Allah zəkat verməyən şəxsin malını qiyamət günündə atəşdən olan və iki hürgücü olan bir ilana çevirər və onun boynuna dolayar. Sonra ona deyilər: “O dünyada səni buraxmadığı kimi, sən də onu buraxma!” Bu, Allahın Quranda: “Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. …” – deyə buyurduğu sözüdür”[7].

İmam Rza buyurmuşdur: “Allah-Taala üç şeyi əmr etmiş və digər üç şeyi də onlara bağlamışdır. Namaz qılmağı və zəkat verməyi əmr etmişdir (yəni zəkat namaza bağlanmış və onunla birlikdə əmr olunmuşdur – X.Q.) Namaz qılıb zəkat verməyən şəxsin namazı qəbul deyil!”[8]

İmam Sadiq buyurmuşdur: “Kim zəkat verməsə, ölüm vaxtı dünyaya qayıtmaq istəyəcəkdir. Bu, Allahın Qurandakı sözüdür. Allah buyurur: “Nəhayət, onlardan birinin ölümü gəlib çatdığı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri qaytar! Bəlkə, zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm! …”[9][10]

İmam başqa bir hədisində buyurmuşdur: “Oğrular üç qismə ayrılır: zəkat verməyənlər, qadınların mehrlərini mənimsəyənlər və qaytarmamaq niyyəti ilə borc alanlar”[12].

Rəsulullah bu həyati məsələyə əhəmiyyət verməyərək fəqirlərin haqlarını ödəməyən bir neçə müsəlmanı məsciddən çölə çıxarmış və belə buyurmuşdur: “Zəkat vermədiyiniz halda müsəlmanların məscidinə necə gəlirsiniz?! Haydı, məsciddən çölə çıxın və bir daha burada namaz qılmayın!”[13]

İmam Sadiq buyurmuşdur: “Quruda və dənizdə mal yalnız zəkata əhəmiyyət verməməklə tələf oldu. Mallarınızı zəkat verməklə qoruyun!”[14] 

İmam Rza buyurmuşdur: “Zəkat verilməzsə, mal-qara qırılar!”[15]

İmam Baqir buyurmuşdur: “Allah Elçisinin kitabında belə yazıldığını gördük: “Əgər insanlar zəkat verməsələr, yer bitkilərin, meyvələrin və mədənlərin hamısından öz bərəkətini çəkər”[16].

Peyğəmbər buyurmuşdur: “Zəkat İslamın körpüsüdür. Kim onu verərsə, körpüdən keçər, kim onu verməzsə, ondan (yəni zəkatdan) başqasının da yolu bağlanar. Zəkat Rəbbin qəzəbini söndürər!”[17]

İmam Sadiq buyurmuşdur: “Allah – zikri əziz olsun! – bu ümmətə zəkatdan daha ağır bir şey vacib etməmişdir. Onların çoxu bu barədə həlak olacaqdır!”[18]

Əgər insan zəkatın vacib olduğuna etiqad edərək paxıllıq və xəsislik ucbatından zəkat verməzsə, belə bir şəxs günahkar və fasiqdir. Əgər onun zəkat verməməsi zəkatın vacibliyinə etiqad etməməsi səbəbilə olarsa, yəni zəkatın hökmünü inkar edərək onu verməkdən yayınarsa, belə bir şəxs kafirdir, çünki zəkatın vacibliyi namaz kimi İslam dininin zərurətlərindəndir. Dinin zərurətlərindən birini inkar edən şəxs İslamdan çıxmışdır. Zəkat verməyənin kafir olduğu bildirilən rəvayətlərin bəzilərinə nəzər salaq:

Peyğəmbər buyurmuşdur: “Ey Əli! Bu ümmətdən 10 qrup böyük Allaha küfr etmişdir. … Zəkat verməyən şəxs də onlardandır”[19].

Peyğəmbər buyurmuşdur: “Kim malının zəkatından bir qiratı[20] verməzsə, o nə mömindir, nə də müslimdir, onun heç bir kəraməti yoxdur”[21].

İmam Sadiq buyurmuşdur: “Kim zəkatın bir qiratını verməzsə, istəyərsə yəhudi, istəyərsə də xristian ölsün!”[22]

Bu kimi rəvayətlərdən belə başa düşülür ki, zəkat verməyən, namaz qılmayan və həcc ziyarətindən yayınan şəxs əgər bunları inkar üzündən edərsə, kafirdir. Belə bir şəxs axirətdə Cəhənnəm atəşindən xilas olmayacaqdır. Dünyada da onunla müsəlman kimi davranılmamalıdır. Ona qız verilməsi, onun arvad kimi alınması, vəfat etdikdə üzərində cənazə namazı qılınması və həmin şəxsin müsəlmanların qəbiristanlığında dəfn olunması haramdır. Əgər inkar üzündən olmasa, əksinə paxıllıq və səhlənkarlıq ucbatından olarsa, zahirdə müsəlmandır, əgər dünyanı imanla tərk edərsə, vəd verilmiş şiddətli cəzalarla cəzalandırılacaqdır.

Mütərcim və tərtibatçı: Xəyyam Qurbanzadə

[1] “Tövbə”, 103

[2] “Mizanul-Hikmə”; s. 1538, “Fəqih” kitabından nəql olunub.

[3] Buna görə də hər min dirhəmdə iyirmi beş dirhəm zəkat müəyyənləşdirmişdir.

[4] “Mizanul-Hikmə”; s. 1537, “İləluş-Şəraye”dən nəql olunub.

[5] “Mizanul-Hikmə”; s. 1538, “İləluş-Şəraye”dən nəql olunub.

[6] “Tövbə”, 34-35

[7] “Mizanul-Hikmə”; s. 1540, “Biharul-Ənvar”dan nəql olunub.

[8] “Mizanul-Hikmə”; s. 1536, “Biharul-Ənvar”dan nəql olunub.

[9] “Muminun”, 99-100

[10] “Mizanul-Hikmə”; s. 1539, “Biharul-Ənvar”dan nəql olunub.

[11] “Mizanul-Hikmə”; s. 1539, “Biharul-Ənvar”dan nəql olunub.

[12] “Mizanul-Hikmə”; s. 1539, “Biharul-Ənvar”dan nəql olunub.

[13] “Fəqih”; s. 152

[14] “Mizanul-Hikmə”; s. 1539, “Biharul-Ənvar”dan nəql olunub.

[15] “Mizanul-Hikmə”; s. 1539, “Biharul-Ənvar”dan nəql olunub.

[16] “Mizanul-Hikmə”; s. 1539, “Kafi”dən nəql olunub.

[17] “Mizanul-Hikmə”; s. 1536, “Əmalit-Tusi”dən nəql olunub.

[18] “Mizanul-Hikmə”; s. 1536, “Əmalit-Tusi”dən nəql olunub.

[19] “Mizanul-Hikmə”; s. 1540, “Xisal” kitabından nəql olunmuşdur.

[20] Təxminən 4 buğda və ya 5 arpa dənəsi ağırlığında bir ölçü, şəri ölçüsü 0,2 qr

[21] “Mizanul-Hikmə”; s. 1540, “Biharul-Ənvar”dan nəql olunub.

[22] “Mizanul-Hikmə”; s. 1540, “Səvabul-Əmal”dan nəql olunub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma