ƏSMAYİ-HÜSNA

“Əsmayi-hüsna” (ərəbcədə “əl-Əsmaul-hüsna”), yəni “gözəl adlar”. “Allahdan başqa heç bir ilah yoxdur. Ən gözəl adlar (əsmayi-hüsna) yalnız Onundur!”[1], “Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin. …”[2]“… Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təsbih edir (yəni Onu təqdis edib şəninə təriflər deyir) …”[3] kimi ayələrdə də ifadə edildiyi kimi, ən gözəl adlar Allaha məxsusdur, çünki bütün kamilliklərin və yetkinliklərin sahibi Odur. Onun adları ən uca və mütləq üstünlük ifadə edən müqəddəs anlayışlardır.

Allah-Taalanın Quranda və səhih hədislərdə qeyd olunan çox adları vardır. Qul bu adları öyrənərək Allahını tanıyar, Onu sevər və həqiqi qul olar. Quranda “Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin. …”[4] – buyurularaq əsmayi-hüsna ilə dua edilməsi əmr edilmişdir.

Hz. Peyğəmbər bir hədisində Uca Allahın 99 adının olduğunu, bu adları sayan və əzbərləyən şəxslərin Cənnətə daxil olacağını xəbər vermişdir. Hədislərdə qeyd olunan “saymaq” (“ihsa”) və “əzbərləmək”dən (“hifz”) məqsəd Allahı gözəl adları ilə tanımaq, Ona iman gətirmək, ibadət və itaət etməkdir. Yoxsa, bu adları başa düşmədən əzbərləmək və təkrarlamaq deyildir. Məsələn, bir insanın gördüyü bir işdə Allahın onu gördüyünü, etdiklərini bildiyini və əməlinə görə mükafat və ya cəza verəcəyini düşünməsi və ona görə hərəkət etməsi Allahın adlarını əzbərləmək və saymaqdır.

Əsmayi-hüsnaya qəlbən bağlanmaq, mənalarını düşünmək və davranışlara bu adlar istiqamə­tində yön vermək adlar barəsində möminlərin vəzifəsi və Cənnət vəsiləsidir. Məsələn, Allahın Bəsir (Görəndir) və Səmi (hər şeyi Eşidəndir) adını unutmayıb qəlbən bu əqidəyə sahib olan şəxs heç vaxt əlini və dilini pisliklərə uzatmaz.

Allahın adları yalnız 99 addan ibarət deyildir. Allahın ayə və hədislərdə qeyd olunan başqa adları da vardır. Hədisdə 99 sayının qeyd olunması məhdudlaşdırma mənasında başa düşülməməlidir. Bu, Allahın ən məşhur adları olmasına görədir. Həmçinin 99 rəqəmi çoxluğun ifadəsi üçün bir kinayədir. Bundan başqa, təkcə Quranda zikr olunan adların sayı 129-dur. İndi isə yalnız Quranda zikr olunan əsmayi-hüsnanın Azərbaycan əlifbasına görə tərtibatını verək:

  1. Axir. “Son, baqi olan, Ondan sonrası olmayan son, hər şeyin məhvindən sonra baqi və əbədi qalan, varlığının sonu olmayandır”, – deməkdir. Bəzisi Allahın ad və sifəti olaraq, əksəriyyəti də fərqli vəziyyətləri anladan şəkildə Quranda axir kəlməsi 28 yerdə zikr edilmişdir. “Əvvəl də, Axir də … Odur! …”[5]
  2. Alimul-ğaybi vəş-şəhadə. “Qeybi və aşkarı biləndir”, – deməkdir.
  3. Bari. “Hər hansı bir nümunə və örnək olmadan varlıqları yaradandır”, – deməkdir. Bari adı Quranda üç yerdə qeyd olunmuşdur. İki dəfə İsrail oğulları haqqında “Bariukum” (“Yaradıcınız”) şəklində zikr olunmuşdur. Bir də “Həşr” surəsinin 24-cü ayəsində zikr edilmişdir: “O, Xaliq (Yaradan), Bari (nümunə olmadan yoxdan var edən) və Müsəvvir (surət verən) Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. …”
  4. Batin. “Gizli, zatının görünməsi və dərk edilməsi baxımından gizlidir”, – deməkdir. Batin adı Quranda bir yerdə zikr edilmişdir. Əvvəl , Axir , … Batin Odur! …”[6]
  5. Bədi. Bədi “Yoxdan var edəndir, keçmiş bir nümunəsi olmadan yaradan, icad və ixtira edəndir”, – deməkdir. Quranda yalnız iki ayədə zikr edilmişdir və yalnız Allahı vəsf edir. O, göyləri yeri yoxdan var edəndir. …”[7]. Göyləri və yeri yoxdan yaradan Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız Ol!deyər, o da dərhal olar”[8].
  6. Bərr. “Yaxşılıq və ehsanı bol olan, qullarına qarşı yaxşılıq və bəxşişi bol olandır”, – deməkdir. Bu kəlmə yalnız bir ayədə Allahın sifəti olaraq zikr edilir. “… Həqiqətən, O, qullarına qarşı ehsanı bəxşişi bol olandır!”[9]
  7. Bəsir. “Görəndir”, – deməkdir. Bu ad Quran-kərimdə 51 yerdə zikr edilmişdir. “… Siz harada olsanız, O, sizinlədir. Allah sizin etdiklərinizi görəndir!”[10]
  8. Cami. “İstədiyini istədyi zaman istədiyi yerdə toplayan, kainatdakı bütün varlıqları bütöv bir ahəng içində toplayıb nizamlayan, bütün məxluqatı hesaba çəkmək üçün qiyamət günündə bir yerə toplayandır”, – deməkdir. Bu ad Quranda 2 yerdə zikr edilmişdir. Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə bütün insanları bir yerə toplayan (camiunnas) Sənsən, Allah Öz vədəsindən əsla dönməz!”[11]Həqiqətən, Allah münafiqlərin kafirlərin hamısını Cəhənnəmdə bir yerə toplayacaqdır!”[12]
  9. Cəbbar. “Mütləq iradəsini hər vəziyyətdə göstərən, istədiyini bəndəsinə yerinə yetirməyə məcbur etməyə qadir olan, qalib olub hökmü keçən, nizamı pozulan hər şeyə nizam verən, hər çətinliyi asanlaşdırandır”, – deməkdir. O, Özündən başqa heç bir İlah olmayanCəbbar (qalib olub hökmü keçən) Allahdır!”[13]
  10. Əbqa. “Mükafatı daha davamlı olan varlıqdır”, – deməkdir[14].
  11. Əfuvv. “Günahları bağışlayan və təmizləyəndir”, – deməkdir. Bu ad Quranda cəmi 5 dəfə ifadə edilmişdir.
  12. Əhəd. “Bir, tək, yeganə, tayı-bərabəri və ikincisi olmayan bir təkdir”, – deməkdir. Allahın Əhəd adı yalnız bir ayədə zikr edilmişdir. De ki: “O Allah Əhəddir (birdir)”[15].
  13. Əhkəmulhakimin. “Hakimlərin hakimi”, – deməkdir. Allahın ədalət, hikmət və düzgünlük əsasında iş gördüyünü ifadə edir. Quranda 2 yerdə zikr edilmişdir[16].
  14. Əhlulməğfirə. “Bağışlamağa layiq olandır”, – deməkdir.
  15. Əhluttəqva. “Qorxub çəkinməyə layiq olandır”, – deməkdir. Bu iki ad Quranda yalnız “Müddəssir” surəsinin son ayəsində verilmişdir. Allahı vəsf edən bu adlarda iki tərəf vardır. Biri qullara aiddir ki, Allahdan, yəni Onun əzabından qorxub çəkinmələrini, digəri isə Allaha aid olan tərəfdir ki, qorxub qorunanları bağışlamasını ifadə edir.
  16. Əhsənulxaliqin. “Yaradanların ən gözəlidir”, – deməkdir. “Muminun” surəsinin 14-cü və “Saffat” surəsinin 125-ci ayələrində keçmişdir.
  17. Əkrəm. “Çox ikram edən, ikramı ən çox olandır”, – deməkdir. Allahın adı və sifəti olaraq Quran-kərimdə bir yerdə zikr edilmişdir. Yaradan Rəbbinin adı ilə oxu! … Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir (Əkrəmdir)!”[17]
  18. Əqrəb. “Daha yaxındır”, – deməkdir. Quranın iki yerində “Qaf” surəsinin 16-cı və “Vaqiə” surəsinin 85-ci ayələrində zikr edilmişdir.
  19. Əla. “Ən uca, ən yüksəkdir”, – deməkdir. Allahın adı olaraq “Şanı və qədri yüksək, qüdrəti çox böyük olan” mənasını verir. Quranda cəmi 2 ayədə Allahın adı və sifəti olaraq zikr edilmişdir. Quranda buyurulur: Şanı qədri uca olan Rəbbinin adını pak müqəddəs tutub şəninə təriflər de!”[18]
  20. Ələm. “Daha yaxşı biləndir”, – deməkdir.
  21. Əlim. “Hər şeyi ən gözəl şəkildə biləndir”, – deməkdir.
  22. Əliyy. “Hər şeydən yüksəkdir, qüdrəti uca varlıqdır”, – deməkdir. Quran-kərimdə 11 yerdə işlənmişdir.
  23. Əllamulğüyub. “Qeybləri (görünməyən aləmləri) çox-çox biləndir”, – deməkdir.
  24. Ərhəmurrahimin. “Rəhm edənlərin ən rəhmlisidir”, – deməkdir. Quranda dörd dəfə Hz. Musa, Hz. Yəqub, Hz. Yusif və Hz. Əyyubun dualarında yer almışdır[19].
  25. Əvvəl. “İlk, başlanğıcı olmayandır”. Allahın varlığının başlanğıcı yoxdur. Allah hər şeydən, hətta zamandan əvvəl belə var idi. Əvvəl kəlməsi Quranda bəzisi Allahın adı və sifəti olaraq 23 dəfə zikr edilmişdir. “Hədid” surəsində buyurulur: Əvvəl Odur! …”[20]
  26. Əzim. “Böyük və uludur”, – deməkdir. Bu ad Quranda 107 yerdə gəlmişdir.
  27. Əziz. “Yenilməz qüvvət sahibidir”. Bu ad Quranda 99 yerdə gəlmişdir.
  28. Faliqulhəbbi vənnəva. “Toxumu da, çəyirdəyi də cücərdib çatladandır” – deməkdir[21].
  29. Faliqulisbah. “Dan yerini ağardandır”, – deməkdir[22].
  30. Fatir. “Yoxdan var edəndir”, – deməkdir. Quranda 6 məqamda işlənmişdir.
  31. Fəttah. “Yaxşılıq qapılarını açan, qullarının üzünə rəhmət qapılarını açan, müşkül işləri həll edib asanlaşdıran, qapalı məsələni arayandır”, – deməkdir.
  32. Ğafiruzzənb. “Günahları bağışlayandır”, – deməkdir.
  33. Ğalib. “İşində qalibdir”, – deməkdir. “… Allah Öz işində qalibdir, lakin bunu insanların əksəriyyəti bilməz!”[23]
  34. Ğəffar. “Məğfirəti, əfvi çox olan, daima əfv edən, təkrarlanan günahları bağışlayandır”, – deməkdir.
  35. Ğəfur. “İnsanın çox günahlarını bağışlayandır”, – deməkdir. Bu addan Quranda 95 yerdə istifadə olunmuşdur.
  36. Ğəniyy. “Çox zəngindir, Özü hər şeydən ehtiyacsız, Özündən başqa hər şey Ona möhtacdır”, – deməkdir. Bu ada Quranda cəmi 20 yerdə rast gəlinir.
  37. Hadi. “Qurtuluş yolunu göstərən və hidayət edəndir”, – deməkdir.
  38. Həfiyy. “Çox mehriban, lütfkardır”, – deməkdir. “… O mənə qarşı çox mehriban, lütfkardır[24].
  39. Həfiz. “Qoruyub izləyən və tarazlayan, hər cür bəladan saxlayandır” – deməkdir. Bu ad Quran-kərimdə 11 yerdə gəlmişdir. Həqiqətən, Rəbbim hər şeyi hifz edəndir!”[25]
  40. Həyy. “Əzəli və əbədi həyatla daima diridir”, – deməkdir. Allahdan başqa İlah yoxdur. O, Həydir (daima diridir), Qəyyumdur (hər şeyin Ona bağlı olduğu varlıqdır!)…”[26] “Ölməz, həmişə diri olan (Həyy) Allaha təvəkkül et və Onu həmd-səna ilə təqdis et. …”[27]
  41. Həkim. “Bütün əmr və işləri yerli-yerində olan, hökm və hikmət sahibidir”, – deməkdir. Bu ad Quran-kərimdə 97 yerdə zikr edilmişdir.
  42. Həqq. “Felən var olan, varlığı və üluhiyyəti var olan, heç dəyişmədən dayanan, haqqı izhar edəndir”, – deməkdir. Həqq kəlməsi çoxu Allahın adı olaraq Quranda 227 yerdə işlədilmişdir. “Bu, ona görədir ki, Allah Həqdir, ölüləri dirildir və O, hər şeyə qadirdir!”[28]
  43. Həlim. “Tələsik və qəzəblə davranmayan, cəza verməkdə tələsməyən, bir cahilin cəhaləti, bir asinin üsyanı Onu qəzəbləndirməyən əfv sahibidir”, – deməkdir. Bu ad Quran-kərimdə 15 yerdə zikr edilmişdir. “Allah bilmədən (səhvən) içdiyiniz andlara görə sizi cəzalandırmaz, lakin ürəkdən (və ya qəsdən) içib (yerinə yetirmədiyiniz) andlara görə sizi cəzalandıracaqdır. Allah Ğəfurdur (bağışlayandır), Həlimdir (cəza verməkdə tələsməyən varlıqdır)!”[29]
  44. Həmid. “Hər baxımdan tərifə (həmdə) layiq, bütün varlığın dili ilə tərif ediləndir”. Bu ad Quran-kərimdə 17 yerdə gəlmişdir. “Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz nemətlərin ən pak və yaxşılarından (Allah yolunda) sərf edin! … Bilin ki, Allah zəngindir (heç bir şeyə ehtiyacı yoxdur), Həmiddir (hər cür şükrə, tərifə layiqdir)!”[30]
  45. Həsib. “Qullarını haqq-hesaba çəkən və onlara kifayət edən, hər bir kəsin və hər bir şeyin hesabını ən yaxşı biləndir”, – deməkdir. Bu ad Quran-kərimdə 4 yerdə işlənib. “… Haqq-hesab çəkməyə Allah kifayət edər!”[31]
  46. Xaliq. “Hər şeyi ölçüsünə uyğun şəkildə yaradan, yoxdan var edəndir”, – deməkdir.
  47. Xəbir. “Hər şeydən xəbərdardır”, – deməkdir. Bu ada Quran-kərimdə 45 yerdə rast gəlinir. Allah etdiklərinizin hamısından xəbərdardır!”[32]
  48. Xəllaq. “Davamlı olaraq mükəmməl bir şəkildə yaradandır”, – deməkdir. Həqiqətən, Rəbbin Xəllaqdır, Əlimdir (biləndir!)”[33]
  49. Xəyru. “Daha xeyirli varlıqdır”, – deməkdir[34].
  50. Xəyrulfasilin. “Haqla batili ayırd edənlərin ən xeyirlisidir”, – deməkdir. “… Hökm ancaq Allahındır. Haqqı yalnız Allah bəyan edər. O, haqla batili ayırd edənlərin ən xeyirlisidir!”[35]
  51. Xəyrulfatihin. “Hökm verənlərin ən xeyirlisidir”, – deməkdir. “… Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən hökm verənlərin ən xeyirlisisən!”[36]
  52. Xəyrulğafirin. “Bağışlayanların ən xeyirlisidir”, – deməkdir. “… Sən bizim hamimiz, ixtiyar sahibimizsən. Bizi bağışla rəhm et. Axı Sən bağışlayanların ən xeyirlisisən!”[37]
  53. Xəyrulhakimin. “Hökm verənlərin ən xeyirlisidir”, – mənasında işlənir.
  54. Xəyrulmakirin. “Hiyləni boşa çıxaranların ən xeyirlisidir”, – deməkdir.
  55. Xəyrulmunzilin. “Sığınacaq verənlərin ən xeyirlisidir”, – deməkdir. Həmçinin (gəmidən enəndə) belə de: “Pərvərdigara! Məni mübarək bir yerə endir. Sən sığınacaq verənlərin ən xeyirlisisən!”[38]
  56. Xəyrulvarisin. “Varislərin (başqasının getməsi və yox olmasından sonra baqi qalanların) ən xeyirlisidir”, – mənasını verir. Zəkəriyyanı da yada sal! Bir vaxt o: “Pərvərdigara! Məni tək buraxma. Sən varislərin ən xeyirlisisən! – deyə yalvarıb Rəbbinə dua etmişdi[39].
  57. Xəyrun hafizən. “Ən yaxşı qoruyandır”, – deməkdir. Allahın adı olaraq Quranda bir yerdə – “Yusuf” surəsinin 64-cü ayəsində zikr edilmişdir.
  58. Xəyrurrahimin. “Rəhm edənlərin ən xeyirlisidir”, – deməkdir.
  59. Xəyrurraziqin. “Ruzi verənlərin ən xeyirlisidir”, – deməkdir. Beş ayədə işlənmişdir[40].
  60. İlah. “İbadət ediləndir, məbuddur”. Quranda çox vaxt Allah üçün, bəzən də müşriklərin saxta tanrıları üçün olmaq üzrə 147 dəfə zikr edilmişdir. Sizin ilahınız vahid olan İlahdır. Ondan başqa İlah yoxdur. O, Rəhmandır, Rəhimdir!”[41]
  61. Kafi. “Kifayət edən, yetəndir” – deməkdir. Quranda yalnız bir yerdə Allah haqqında zikr edilir. Məgər Allah Öz bəndələrinə kifayət deyilmi? …”[42]
  62. Kəbir. “Çox böyükdür”, – deməkdir.
  63. Kəfil. “Zamindir”, – deməkdir. Quranda 1 yerdə – “Nəhl” surəsinin 91-ci ayəsində zikr edilmişdir.
  64. Kərim. “Səxavətlidir, comərddir, nemət verəndir”, – deməkdir.
  65. Qabiluttaub. “Tövbəni qəbul edəndir”, – deməkdir. Yalnız bir ayədə gəlmişdir[43].
  66. Qadir. “Hər şeyə gücü çatandır, tam qüdrət sahibidir”, – deməkdir.
  67. Qahir. “Qalib gələn, zəlil edən, istədiyini edən, üstün gələn, gücü hər şeyi əhatə edən, güc və qüdrətinə qarşı gəlmək mümkün olmayan, yaratdıqlarını istədiyi kimi idarə edəndir”, – deməkdir.
  68. (əl-) Qaimu əla kulli nəfsin bima kəsəbət. “Hər bir kəsin əməlinə nəzarət edəndir”, – deməkdir. Allahın adı olaraq Quranda 1 yerdə – “Rəd” surəsinin 33-cü ayəsində verilmişdir.
  69. Qədir. “Hər şeyə gücü yetəndir”, – deməkdir.
  70. Qəhhar. “Yenilməyən yeganə qalib, varlıqları əmr və iradəsi altında tutandır”, – deməkdir.
  71. Qəyyum. “Qoruyan, bilən, görüb izləyən, hər şeyin Onunla ayaqda durduğu bir varlıqdır”, – deməkdir.
  72. Qərib. “Yaxındır, əfvi, məğfirəti, rəhməti, bilməsi, görməsi və eşitməsi baxımdan qullarına yaxın olandır”, – deməkdir.
  73. Qəviyy. “Çox qüvvətlidir”, – deməkdir.
  74. Quddus. “Hər cür əskiklik və naqislikdən uzaq, bütün kamal sifətləri ilə müttəsif olan, çox müqəddəs, heç bir ləkə götürməyən, olduqca pak bir varlıqdır”, – deməkdir.
  75. Lətif. “İncə və gizli cəhətləri biləndir, sonsuz lütf və kərəm sahibidir”, – deməkdir.
  76. Malikulmülk. “Mülkün sahibidir”, – deməkdir.
  77. Məcid. “Ucadır, şanlı və şərəflidir, lütf və kərəmi bol olandır”, – deməkdir.
  78. Məlik. “Görünən və görünməyən bütün aləmlərin sahibi və idarəçisidir”, – deməkdir.
  79. Mətin. “Çox güclüdür”, – deməkdir.
  80. Mövla. “Həqiqi ixtiyar sahibidir, havadar və himayədardır”, – deməkdir.
  81. Mubin. “Açıq-aşkar bir haqdır”, – deməkdir[44].
  82. Mucib. “Duaları qəbul edəndir”, – deməkdir.
  83. Muhit. “Hər şeyi əhatə edəndir”, – deməkdir.
  84. Muhyi. “Həyat verəndir, can verəndir, ölüləri dirildəndir”, – deməkdir.
  85. Muqit. “Qoruyandır, şahid olandır, güclüdür”, – deməkdir.
  86. Mumin. “Etimad verəndir, vədinə etimad ediləndir, etimad qaynağıdır”, – deməkdir.
  87. Mübdi. “Yoxu var edəndir”, – deməkdir.
  88. Mühəymin. “Kainatın bütün işlərini nizamlayan, insanları nəzarətdə saxlayandır”, – deməkdir.
  89. Müqtədir. “Hər şeyə qadirdir, qüdrətlidir”, – deməkdir.
  90. Müsəvvir. “Surət verəndir”, – deməkdir.
  91. Müstəan. “Yardım istəniləndir”, – deməkdir.
  92. Mütəal. “Böyük və ucadır”, – deməkdir. Bu ad Quranda 1 yerdə – “Rəd” surəsinin 9-cu ayəsində zikr edilmişdir.
  93. Mütəkəbbir. “Hər şeyin fövqündə olandır”, – deməkdir.
  94. Nəsir. “Çox və davamlı yardım edəndir, xilas edən və zəfər verəndir”, – deməkdir.
  95. Nur. “Nurlandırandır, nur qaynağıdır, aləmləri və könülləri nurlandırandır”, – deməkdir.
  96. Rəbb. “Varlıqlar aləmini yaradan, tərbiyə edərək inkişaf etdirən, onları maddi və mənəvi inkişafa aparan və hər şeyə sahib olandır”, – deməkdir. Quranda 970 yerdə işlənmişdir.
  97. Rəfiuddərəcat. “Dərəcələri yüksəldəndir”, – deməkdir.
  98. Rəhim. “Çox mərhəmət edib bağışlayan, dünyada Ona iman gətirib əmrlərinə tabe olanları axirətdə əbədi nemətlərlə mükafatlandırandır”, – deməkdir. Rəhim adı Quranda 115 yerdə təkrar edilir.
  99. Rəhman. “Rəhməti, lütfü və qoruması bütün məxluqatı əhatə edən, dünyada mömin və kafir hər bir kəsə mərhəmət edib nemət verəndir”, – deməkdir. Rəhman kəlməsi Quran-kərimdə 57 yerdə gəlmişdir.
  100. Rəqib. “Nəzarət edəndir, hər şeyi izləyib nəzarəti altında saxlayandır”, – deməkdir. “… Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!”[45]
  101. Rəuf. “Şəfqətli və mərhəmətlidir”, – deməkdir.
  102. Rəzzaq. “Bol-bol davamlı ruzi verəndir”, – deməkdir.
  103. Saməd. “Arzu və ehtiyaclarına görə hər bir varlığın Ona doğru yönəldiyi, lakin Özü üçün heç bir şeyə möhtac olmayan varlıqdır”, – deməkdir. Quranda bir yerdə gəlmişdir[46].
  104. Səlam. “Sağlamlıq verəndir, barış və əmniyyətin qaynağıdır, qullarını təhlükələrdən salamatlığa çıxarandır”, – deməkdir.
  105. Səmi. “Hər şeyi eşidəndir”, – deməkdir. Bu ad Quran-kərimdə 47 yerdə işlədilmişdir.
  106. Səriulhisab. “Tezliklə haqq-hesab çəkəndir”, – deməkdir[47].
  107. Səriuliqab. “Günahkarlara tezliklə əzab verəndir”, – deməkdir[48].
  108. Şakir. “Qullarına, etdikləri ibadət və şükürlərinin qarşılığı olaraq çox mükafat və nemət verəndir, şükrə qiymət verəndir. Az və ya çox hər bir itaəti mükafatlandıran, bol, çox və davamlı nemət ehsan edəndir”, – deməkdir. “ … Allah şükrə qiymət verən hər şeyi biləndir!”[49]
  109. Şədiduliqab. “Əzabı şiddətlidir”, – deməkdir. Bu ad (sifət) Quranda 14 yerdə gəlmişdir. Bilin ki, Allahın əzabı şiddətlidir (Şədiduliqab) Allah bağışlayandır (Ğəfur), rəhm edəndir (Rəhimdir)!”[50]
  110. Şədidulmihal. “Cəzası şiddətli olandır”, – deməkdir[51].
  111. Şəhid. “Hər şeyi müşahidə edib biləndir, hər zaman və hər yerdəki məxluqatını bilib görəndir”, – deməkdir.
  112. Şəkur. “Qədir bilən və şükür müqabilində bol nemət əta edəndir”, – deməkdir. Allah bağışlayandır (Ğəfur) qədir biləndir (Şəkurdur)!”[52]
  113. Təvvab. “Tövbələri qəbul edib günahları bağışlayandır”, – deməkdir. “Təvvab” adı Quranda 11 yerdə zikr edilmişdir. “… Doğrudan da, O Təvvabdır (tövbələri qəbul edəndir) Rəhimdir (mərhəmətlidir)”[53].
  114. Vahid. “Birdir, şəriki yoxdur”, – deməkdir.
  115. Vali. “Kainatın sahibidir, idarəçisidir, hamidir”, – deməkdir.
  116. Vasi. “Elmi və rəhməti geniş olan bir varlıqdır”, – deməkdir.
  117. Vədud. “Bəndələrini məğfirət ilə çox sevəndir, seviləndir”, – deməkdir.
  118. Vəhhab. “Heç bir qarşılıq gözləmədən bol-bol bəxşiş verəndir, bağışlayandır”, – deməkdir.
  119. Vəkil. “İş Ona həvalə edilən bir varlıqdır, şahiddir”, – deməkdir.
  120. Vəli. “Yardımçıdır, dostdur, hamidir”, – deməkdir.
  121. Zahir. “Felləri və işləri ilə açıq olandır”, – deməkdir. Əvvəl , Axir , Zahir , Batin Odur!”[54]
  122. Zurrəhmə. “Mərhəmət sahibidir”, – deməkdir.
  123. Zulcəlali vəlikram. “Əzəmət və kərəm sahibi olandır”, – deməkdir.
  124. Zülərş. “Ərşin Sahibidir”, – deməkdir.
  125. Zülfəzliləzim. “Böyük lütf və ehsan sahibidir”, – deməkdir.
  126. Zülintiqam. “İntiqam sahibidir”, – deməkdir. “… Allahın ayələrini inkar edənlər şiddətli əzaba düçar olacaqlar. Allah yenilməz qüvvət intiqam sahibidir[55].
  127. Zülqüvvə. “Qüvvət sahibidir”, – deməkdir.
  128. Zülməaric. “Yüksək dərəcələr sahibidir”, – deməkdir. Bu ad yalnız bir ayədə – “Məaric” surəsinin 3-cü ayəsində gəlmişdir.
  129. Züttaul. “Lütf və kərəm sahibidir”, – deməkdir[56].

 

Hədisi-şəriflərdə zikr olunan əsmayi-hüsnanın Azərbaycan əlifbasına görə tərtibatı:

  1. Bais. “Ölümdən sonra dirildəndir, ölüləri dirildib qəbirlərindən çıxarandır”, – deməkdir. Bu ad Quran-kərimdə gəlməmişdir. Lakin mənası feil olaraq Quranda zikr edilmişdir. Allaha nisbət edilərək Onun ölüləri dirildən (Bais) olduğu bildirilmişdir.
  2. Baqi. “Əbədidir”, – deməkdir.
  3. Basit. “Bol ruzi verəndir”, – deməkdir.
  4. Cəlil. “Əzəmətlidir”, – deməkdir.
  5. Cəvad. “Səxavətlidir, bəxşiş verəndir”, – deməkdir.
  6. Dəyyan. “Hakimdir, hesab çəkəndir, mükafat verəndir”, – deməkdir.
  7. Ədl. “Mütləq ədalət sahibidir, heç bir şeydə ifrata varmayan, hər şeyi öz yerində qərarlaşdırandır”, – deməkdir.
  8. Fərd. “Təkdir”, – deməkdir.
  9. Ğiyas. “Pənah verəndir”, – deməkdir.
  10. Həkəm. “Haqq ilə batili ayırd edib haqqı yerinə gətirəndir”, – deməkdir.
  11. Xafid. “Alçaldandır, zillətə salandır”, – deməkdir.
  12. Xəyrunnasirin. “Kömək edənlərin ən xeyirlisidir”, – deməkdir.
  13. Kaşif. “Zərəri aradan qaldıran və sıxıntıdan qurtarandır”, – deməkdir.
  14. Qabiz. “Sıxıntıya salandır, ruzini müəyyən ölçüdə tutub verəndir, canlıların ruhunu alandır”, – deməkdir.
  15. Qaziyulhacat. “Hər kəsin ehtiyacını yerinə yetirən bir varlıqdır”, – deməkdir.
  16. Qədim. “Əzəlidir, zaman etibarilə başlanğıcı və ibtidası olmayandır”, – deməkdir.
  17. Macid. “Şanlıdır, şərəflidir, kərəmi bol olandır”, – deməkdir.
  18. Mani. “Bir şeyin olmasına mane olandır, pisliklərə mane olandır, olmasını istəmədiyi şeyin əmələ gəlməsinə mane olandır”, – deməkdir.
  19. Mənnan. “Çox səxavətlidir, çox şəfqətlidir”, – deməkdir.
  20. Muğni. “Zənginlik verəndir, qullarından istədiyini kərəmi ilə zənginləşdirəndir”, – deməkdir.
  21. Muhsi. “Hər şeyi tək-tək bütün ayrıntıları ilə biləndir, elmi ilə hər şeyin sayını biləndir”, – deməkdir.
  22. Muid. “Ölümdən sonra təkrar yaradandır”, – deməkdir.
  23. Muizz. “Yüksəldəndir, izzət və şərəf verəndir”, – deməkdir.
  24. Muqsit. “Ədalətlə hökm edəndir, bütün işlərini nizamla, bir-birinə uyğun və yerli-yerində edəndir”, – deməkdir.
  25. Mumit. “Ölümü yaradandır, əcəlləri tamam olduqda canlıları öldürəndir”, – deməkdir.
  26. Muzill. “Alçaldandır, zillətə salandır”, – deməkdir.
  27. Müəxxir. “İstədiyini geridə qoyandır, gecikdirəndir”, – deməkdir.
  28. Müqəddim. “Qarşıya keçirəndir, istədiyini qarşıya keçirən, Cənnətə yaxınlaşdırandır”, – deməkdir.
  29. Müntəqim. “Günahkarları layiq olduqları şəkildə ədaləti ilə cəzalandırandır”, – deməkdir.
  30. Nafi. “Fayda verəndir, faydalı və mənfəətverici şeyləri yaradandır”, – deməkdir.
  31. Nasir. “Kömək edəndir”, – deməkdir.
  32. Rai. “Görəndir”, – deməkdir.
  33. Rəşid. “Qullarını doğru yola hidayət edəndir”, – deməkdir.
  34. Sadiq. “Sözündə və vədində doğru olandır”, – deməkdir.
  35. Sani. “Əşyaya nizam-intizam verəndir”, – deməkdir.
  36. Seyyid. “Ağadır, insanların rəhbəri, Ona müraciət etdikləri, əmrlərinə tabe olduqları və sözünə qulaq asdıqları varlıqdır”, – deməkdir.
  37. Sübbuh. “Hər cür eyib və naqislikdən uzaq olandır”, – deməkdir.
  38. Şafi. “Şəfa verəndir”, – deməkdir.
  39. Tahir. “Pakdır”, – deməkdir.
  40. Vacid. “İstədiyini istədiyi zaman tapa bilən, heç bir şeyə möhtac olmayan varlıqdır”, – deməkdir.
  41. Varis. “Hər şey yox olduqdan sonra da varlığı və səltənəti davam edən varlıqdır”, – deməkdir.
  42. Vəfiyy. “Vəfalıdır”, – deməkdir.
  43. Vitr. “Təkdir”, – deməkdir.
  44. Zari. “Yaradandır”, – deməkdir.
  45. Zərr. “Düşmənə və zərər vurana zərər vurandır”, – deməkdir.

MÜTƏRCİM VƏ TƏRTİBATÇI: XƏYYAM QURBANZADƏ

[1] “Ta ha”, 8

[2] “Əraf”, 180

[3] “Həşr”, 24

[4] “Əraf”, 180

[5] “Hədid”, 3

[6] “Hədid”, 3

[7] “Ənam”, 101

[8] “Bəqərə”, 117

[9] “Tur”, 28

[10] “Hədid”, 4

[11] “Ali-İmran”, 9

[12] “Nisa”, 140

[13] “Həşr”, 23

[14] “Ta ha”, 73

[15] “İxlas”, 1

[16] “Hud”, 45, “Tin”, 8

[17] “Ələq”, 1-3

[18] “Əla”, 1

[19] “Əraf”, 151, “Yusuf”, 64-92, “Ənbiya”, 83

[20] “Hədid”, 3

[21] “Ənam”, 95

[22] “Ənam”, 96

[23] “Yusuf”, 21

[24] “Məryəm”, 47

[25] “Hud”, 57

[26] “Bəqərə”, 255

[27] “Furqan”, 58

[28] “Həcc”, 6

[29] “Bəqərə”, 225

[30] “Bəqərə”, 267

[31] “Nisa”, 6

[32] “Bəqərə”, 234

[33] “Hicr”, 86

[34] “Ta ha”, 73

[35] “Ənam”, 57

[36] “Əraf”, 89

[37] “Əraf”, 155

[38] “Muminun”, 29

[39] “Ənbiya”, 89

[40] “Səba”, 39, “Muminun”, 72, “Maidə”, 114, “Həcc”, 58, “Cumuə”, 11

[41] “Bəqərə”, 163

[42] “Zumər”, 36

[43] “Mumin”, 3

[44] “Nur”, 25

[45] “Nisa”, 1

[46] “İxlas”, 2

[47] “Bəqərə”, 202

[48] “Əraf”, 167

[49] “Nisa”, 147

[50] “Maidə”, 98

[51] “Rəd”, 13

[52] “Fatir”, 30

[53] “Bəqərə”, 37

[54] “Hədid”, 3

[55] “Ali-İmran”, 4

[56] “Mumin” (“Ğafir”), 3

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma