TƏ’QİB HAQQINDA-1

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Gündəlik namazlardan sonra edilən dua və minacata, deyilən zikrə, yaxud oxunan Quran ayələrinə tə’qib deyilir. Namazdan, hətta nafilə namazdan sonra tə’qiblə məşğul olmaq müstəhəbdir[1]. Tə’qibin müstəhəb olması dinin zəruri hökmlərindəndir. Vacib namazlardan, xüsusilə sübh, məğrib və əsr namazlarından sonra tə’qiblə məşğul olmaq müstəhəbbi-müəkkəddir. Hədisdə Allah-Taalanın belə buyurduğu qeyd olunmuşdur: “Ey Adəm övladı, sübh namazından sonra bir saat və əsr namazından sonra da bir saat Məni zikr et ki, sənin əhəmiyyətli işlərin üçün sənə kifayət edim!”[2]

“İnşirah” surəsinin 7-ci və 8-ci ayələrində buyurulur:

فَإِذَا فَرَغْتَ فَانْصَبْ  وَ إِلىٰ رَبِّكَ فَارْغَبْ

Tərcümə: “Azad olduqda (boş qaldıqda) başqa bir işə sarıl! Və yalnız Rəbbinə yönəl!”

Bu ayələri bir neçə şəkildə mənalandırmaq mümkündür:

1. Namazdan azad olduqda dua et və buna ciddi yanaş (yəni dua etməyə sarıl);

2. Dünya işindən azad olduqda axirət işinə yönəl;

3. Missiyanı təbliğ etməkdən azad olduqda ibadətdə özünü zəhmətə sal;

4. Vacib namazları qılıb qurtarandan sonra gecə ibadətini və müstəhəb ibadətləri yerinə yetir.

Bu ayələrə başqa uzaq mənalar da vermişlər. Hər bir halda namazın tə’qibinə işarə edən ayələrdən biri də bu ayədir[3].

İmam Baqir (ə) Allahın “Azad olduqda (boş qaldıqda) başqa bir işə sarıl! Və yalnız Rəbbinə yönəl!” sözü barəsində belə buyurmuşdur: “Yəni namaz qıldıqda salam verdikdən sonra oturduğun halda dünya və axirət işi barəsində dua etməyə başla! Duadan azad olduqda (yəni duanı sona çatdırdıqdan sonra) Allaha üz tut ki, onu səndən qəbul etsin!”[4]

Tə’qib üçün istidlal edə biləcəyimiz ayələrdən biri də “Qaf” surəsinin 40-cı ayəsidir. Ayədə buyurulur:

وَ مِنَ اللَّيْلِ فَسَبِّحْهُ وَ أَدْبَارَ السُّجُودِ

Tərcümə: “Gecənin bir hissəsində və səcdələrdən sonra Onu təsbih et!”

“Səcdələrdən sonra” deyildikdə tə’qiblə məşğul olmaq nəzərdə tutulur, çünki namazın son rüknü səcdədir[5].

 Peyğəmbər (s) buyurmuşdur: “Kim vacib namazı əda etsə, onun üçün Allah yanında qəbul olunmuş bir dua vardır!”[6]

İmam Baqir (ə) buyurmuşdur: “Vacib namazdan sonra dua etmək nafilə namaz qılmaqdan daha fəzilətlidir. Sünnə belə cari olmuşdur”[7].

İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən, Allah sizə beş namazı ən fəzilətli saatlarda vacib etmişdir. Namazların arxasınca dua edin!”[8]

İmam (ə) başqa bir kəlamında buyurmuşdur: “İnsanları tə’qibdən daha güclü heç bir şey müalicə (həmçinin müdafiə) etməmişdir!”[9]

Tə’qibin insanın mənəvi həyatı ilə yanaşı maddi həyatında da böyük bir təsiri olduğunu İmam Cəfər Sadiq (ə) öz kəlamında belə ifadə etmişdir: “Ruzinin əldə edilməsində tə’qibin (yəni namazın arxasınca dua etməyin) təsiri ticari səfərlərin təsirindən daha çoxdur!”[10]

Dua mühüm ibadətlərdən biri olduğuna görə dua edərkən Allahdan başqasını Ona şərik etməməlisən. Yalnız Allahı çağırmalı, Ona yalvarıb-yaxarmalı, başqa bir şəxsi, hətta Onun Peyğəmbərini belə çağırmamalısan. “İnşirah” surəsində “ila Rəbbikə”nin (önqoşma + izafət birləşməsi) “fərğəb” cümləsindən önə keçməsi həsri (yönəlişin yalnız Allaha münhəsir və məxsus olduğunu) ifadə edir və bu mətləbin dəlilidir[11].

Mükəlləfin namazdan sonra öz əqidələrini zikr etməsi, Quranda şəhadət və haqq əqidələr barəsində varid olmuş ayələri oxuması müstəhəbdir. “Fatihə” və “İxlas” surələrini, “Ayətül-kürsi”ni (“Bəqərə”, 255, 256, 257), “Şəhadət” (“Şəhidəllah”, “Ali-İmran”, 18) və “Mülk” (“Qulillahummə”, “Ali-İmran”, 26) ayələrini buna misal göstərə bilərik[12].

Müstəhəbdir ki, insan ibadətlərinin Allah tərəfindən qəbul edilməsini və ibadətlərindəki səhv, xəta və qəflətin, diqqətsizliyin bağışlanmasını, əfv edilməsini Allahdan istəsin[13].

Dua etməkdən çəkinmək icazəli deyildir. Əksinə təkəbbürlü davranıb dua etməmək haramdır. Allah-Taala buyurmuşdur ki, Mənim lütfümdən istəyin. Quranda bu barədə buyurur:

 … وَ اسْأَلُوا اللهَ مِنْ فَضْلِهِ

Tərcümə: “… Allahın lütfündən istəyin. …”[14]

Allah dəfələrlə Quranda əmr etmişdir ki, Allahı çağırın, Ona yalvarıb-yaxarın. Deməli, insan nə qədər çox dua etsə, daha yaxşıdır. Düçar olduğu dərdləri, bəlaları və xəstəlikləri aradan qaldırmaq üçün dua etməli, israr etməli, yalvarıb-yaxarmalı, ağlamalı, bacardığı qədər Allahın qarşısında alçalaraq Ona olan məhəbbətini izhar etməli, başını təvazökarlıqla aşağı salmalı və əllərini yuxarı qaldırmalıdır[15].

Allahın fəzilət və rəhmətindən naümid olmaq icazəli deyildir. Allah “Zümər” surəsinin 53-cü ayəsində belə buyurur:

 …لاَ تَقْنَطُوا مِنْ رَحْمَةِ اللهِ إِنَّ اللهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا

Tərcümə: “… Allahın rəhmətindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayır. …”

“Hicr” surəsinin 56-cı ayəsində belə buyurur:

مَنْ يَقْنَطُ مِنْ رَحْمَةِ رَبِّهِ إِلاَّ الضَّالُّونَ

Tərcümə: “… Yolunu azanlardan başqa Rəbbinin rəhmətindən kim ümidini üzə bilər?!”

Buna görə də insan duada istədiyini əldə etmək üçün bütün ruhani gücü və qəlbi ilə birlikdə Haqqa yönəlməli, səy göstərməli və dua etməkdən çəkinməməlidir[16].

Tə’qibin namaz sona çatdıqdan dərhal sonra yerinə yetirilməsi şərtdir, belə ki, şəriət əhlinə görə tə’qibin surətini (zahiri formasını) aradan aparan istehsal və onun kimi digər bir işlə məşğul olunmamalıdır. Namaz qılan şəxsin namaz qıldığı yerdə üzü qibləyə doğru oturması və təharətli olması müstəhəb ehtiyatdır[17]. Şəhid Əvvəl “Nəfliyyə” kitabında digər şərtlərin də olduğunu yazmışdır. Həmin şərtlər bunlardan ibarətdir:

1. Qəlbin diqqətli olması;

2. Təşəhhüd vəziyyətində qalmaq;

3. Tə’qibdən əvvəl və tə’qib əsnasında danışmamaq, söhbət etməmək;

4. Namazı batil edən işlərdən çəkinmək;

5. Sübh namazından sonra tə’qibi Günəş çıxana qədər, zöhr namazından sonra əsr namazına qədər və məğrib namazından sonra isə işa namazına qədər davam etdirmək.

Mərhum Şəhid Əvvəl və Əllamə Məclisi buyurmuşlar ki, yuxarıda qeyd olunan bütün bu şərtlər sihhət (doğruluq) şərti yox, kamal şərtidir. Yəni bunlardan hər hansı birinə riayət edilməsə, tə’qibin kamalı azalar, lakin batil olmaz[18].

Çarəsizlikdən yol gedə-gedə, yaxud başqa çıxılmaz vəziyyətlərdə tə’qiblə məşğul olan şəxsə də namazın tə’qiblərinin savabı verilər[19].

Əgər hər hansı bir zəruri ehtiyac (səfər və çarəsizlik halı) insanı tə’qiblə məşğul olmaqdan ayırarsa, nə qədər ki dəstəmazlıdır tə’qiblə məşğul olmuş hesab olunur.

Hişam deyir: “İmam Sadiqə (ə) dedim: “Ehtiyac üçün çıxıram və tə’qiblə məşğul olmaq istəyirəm”. İmam buyurdu: “Əgər dəstəmazlı olsan (yəni dəstəmazını qoruyub saxlasan), tə’qiblə məşğul olmuş hesab olunursan!”[20]

Həmmad ibn Osman İmam Cəfər Sadiqə (ə) dedi: “Əgər insanın əlindən çıxmasından qorxduğu bir ehtiyacı olarsa, onda necə etməlidir?” İmam (ə) buyurdu: “Sübh namazından sonra lazım olan təkbiri deyər və Allahı zikr edər. Nə qədər ki dəstəmazlıdır, deməli, tə’qiblə məşğul olmaqdadır!”[21]

İmam Sadiq (ə) başqa bir sözündə buyurmuşdur: “Mömin nə qədər ki dəstəmazlıdır, tə’qiblə məşğul olmuş hesab olunur!”[22] 

Tə’qibdə xüsusi sözlərin deyilməsi şərt deyildir. Bəli, dua və hədis kitablarının, ələlxüsus “Biharul-ənvar” kitabının ehtiva etdiyi dualarda və zikrlərdə varid olan ifadələrin oxunmasının daha fəzilətli və daha üstün olmasında heç bir şübhə yoxdur[23].

Tə’qiblər iki qisimdir:

1. Müştərək tə’qiblər;

2. Məxsus tə’qiblər.

(ardı var)

Tərtibçi: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Korrektor və operator: Məhbubə Kərimzadə


[1] “Təbsirətül-vəsilə”, Tə’qib haqqında, m. 1, s. 97, Əllamə Mühəmməd Sadiqi Tehrani

[2] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib 1, h. 3

[3] “Əhkamul-Quran”, 1188-ci məsələ, Əllamə Burqui

[4] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib 1, h. 7

[5] “Əhkamul-Quran”, 1189-cu məsələ, Əllamə Burqui

[6] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib 1, h. 11

[7] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib 5, h. 1

[8] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib 1, h. 6

[9] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib 1, h. 2

[10] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib 1, h. 1

[11] “Əhkamul-Quran”, 1192-ci məsələ, Əllamə Burqui

[12] “Əhkamul-Quran”, 1194-cü məsələ, Əllamə Burqui

[13] “Əhkamul-Quran”, 1195-ci məsələ, Əllamə Burqui

[14] “Nisa”, 32

[15] “Əhkamul-Quran”, 1196-cı məsələ, Əllamə Burqui

[16] “Əhkamul-Quran”, 1197-ci məsələ, Əllamə Burqui

[17] “Təbsirətül-vəsilə”, Tə’qib haqqında, m. 1, s. 97, Əllamə Mühəmməd Sadiqi Tehrani

[18] “Ərməğani-Məclisi”, s. 31, 32

[19] “Biharul-ənvar”, c. 82, 314-317 (xülasəsi)

[20] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib 17, h. 1

[21] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib 17, h. 3

[22] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib 17, h. 2

[23] “Təbsirətül-vəsilə”, Tə’qib haqqında, m. 1, s. 97, Əllamə Mühəmməd Sadiqi Tehrani

Bir şərh yazın