Archives

MƏRHUM ŞEYX MÜHƏMMƏDSADİQ MÜHƏMMƏDYUSİF

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Uca Allah buyurur:

…إِنَّمَا يَخْشَى اللهَ مِنْ عِبَادِهِ الْعُلَمَٰؤُاْ…

“… ­Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. …”[1]

Peyğəmbər (s) belə buyurmuşdur: “Alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlər nə dinar, nə də dirhəm miras qoymurlar. Onlar yalnız elm miras qoyurlar. Kim onu əldə etsə (və elmə yiyələnsə), böyük pay əldə etmiş olar”[2].

Şeyx Mühəmmədsadiq Mühəmmədyusif görkəmli alim, məşhur müfəssir, mühəddis, fəqih və mürşid, öz dövrünün ən böyük İslam alimlərindən biri olmuşdur. O həm də böyük ictimai xadim idi. SSRİ Ali Sovetinin xalq deputatı, Orta Asiya və Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin müftisi, müstəqil Özbəkistanın da ilk müftisi, çoxsaylı beynəlxalq İslam elmi təşkilatlarının üzvü və Mavəraünnəhr[3] ərazisinə daxil olan xalqların ruhani rəhbəri olmuşdur.

O, bütün həyatını uca Allahın və Onun sevimli elçisi olan Mühəmmədi-Mustafanın (s) həqiqi dininə dəvətə həsr etmişdir. Hörmətli şeyx bütünlüklə qüvvəsini İslam xidmətinə sərf etmiş və meyarı daim belə olmuşdur: Əhli-sünnə vəl-cəmaənin vahid əqidə məktəbi çərçivəsində birləşən və tanınmış fiqh məzhəblərinin ortaq etiqadına əsaslanan saf bir əqidəyə və həqiqətən də, təmiz bir İslama nail olmağa çalışmaq; Quran və Sünnəni öyrənib onlara düzgün riayət etmək; böyük və saleh sələfləri[4] örnək alaraq İslam maarifçiliyini, həmçinin dözümlülük və qardaşlıq ruhunu yaymaq; eləcə də dini savadsızlığı aradan qaldırmaq, ixtilaf və parçalanmaya son qoymaq, həmçinin fanatizmi, zərərli bid’ətləri və xurafatları yox etmək”.

TƏRCÜMEYİ-HALI

Şeyx Mühəmmədsadiq Mühəmmədyusif hicri-qəməri təqvimi ilə 1371-ci il rəcəb ayının 21-də (miladi təqvimi ilə 1952-ci il aprel ayının 15-də) Özbəkistanın Əndican vilayəti, Asaka rayonunun Niyazbətir kəndində ruhani alim ailəsində dünyaya gəlmişdir. İlk dini təhsilini atası Mühəmmədyusif hacıdan almış, təcvid və ərəb qrammatikasını (sərf və nəhv elmlərini) öyrənmiş və bir neçə cüz Quran əzbərləmişdir.

O, Bulaqbaşı kəndində orta məktəbi bitirdikdən sonra 1969-cu ildə Buxaradakı “Mir Ərəb” mədrəsəsinə daxil olmuşdur.

“Mir Ərəb” mədrəsəsi keçmiş Sovet İttifaqında yeganə dini təhsil müəssisəsi idi. Burada müxtəlif xalqlardan olan tələbələr təhsil alırdı. Mühəmmədsadiq Mühəmmədyusif onların arasında ən qabaqcıl və əlaçı tələbə idi.

O, mədrəsədə ən yaxşı müəllimlərdən və görkəmli alimlərdən təhsil almışdır. Onların arasında Şihabəddin domla[5] (qiraət), Muxtarcan domla (nəhv), Osmancan domla (ərəb ədəbiyyatı), Səfiyyullah domla və Qasımcan domla (fiqh) və Əbdüllətif domla (təfsir) kimi alimlər diqqətəlayiqdir.

1971-ci ildə Daşkənddə ali səviyyəli İslam təhsil müəssisəsi – İmam Buxari adına institut[6] açıldı. Bura keçmiş Sovet İttifaqı respublikalarındakı məscidlərin imamları ilə yanaşı, Buxaradakı “Mir Ərəb” mədrəsəsinin istedadlı tələbələri də seçilərək qəbul edilirdilər. Mühəmmədsadiq də həmin tələbələr arasında idi. O, 1975-ci ildə ilk məzun qrupunun tərkibində təhsilini uğurla başa vurdu.

Həmin ali təhsil ocağında Mühəmmədsadiq Yusifcan Şakirov (ritorika), İsmayıl Məxdum (fiqh), müfti Ziyauddin İşan Babaxan və Əbdülğəni Abdullayev (hədis) və bir çox başqa müəllimlərdən dərs almışdır.

Mühəmmədsadiq əmək fəaliyyətinə 1975-ci ildə ilk elmi məqalələrinin dərc olunduğu “Sovet Şərqinin müsəlmanları” jurnalında başlamışdır.

Çox keçmədən o, Liviyadakı “İslam dəvəti” kollecinə qəbul olmuş və təhsil almaq üçün oraya getmişdir.

Burada təhsil alan tələbələr əsasən Mərakeş, Əlcəzair, Tunis, Suriya, İordaniyadan, müxtəlif Afrika və Asiya ölkələrindən, o cümlədən İndoneziya, Malayziya, Filippin, Tailanddan olan gənclər idi. O, dərslərdən sonra müzakirələr təşkil etmək və aktual dini məsələlər barədə danışmaq üçün tələbə yoldaşlarını və yataqxanadakı digər tələbələri bir araya gətirərdi.

Mühəmmədsadiq Liviyada bir çox tanınmış alim, şeyx və elm adamlarından dərs almışdır. Onların arasında Təyyib ən-Nəas (ayatul-əhkam və üsuli-fiqh), Mühəmməd ər-Rabiti (hədis və fiqh), İbrahim Rufeydə (Quran elmləri), d-r Xülayl (ritorika) və Kamil əl-Bənna (tarix), həmçinin psixologiya, məntiq, əqidə və digər sahələrdə dərindən biliyi olan bir çox başqa mütəxəssislər də var idi.

Fakültə daxilində tələbələrə dərslər keçən müəllimlərdən biri tanınmış alim Şeyx Təyyib ən-Nəas həm Quran təfsiri və digər dini fənlər üzrə mühazirələr oxuyur, həm də “Quran” radiosu (“İzaətül-Quran”) studiyasında sualları cavablandırırdı. Dərslərdən sonra Mühəmmədsadiq görmə qabiliyyəti olmayan müəlliminin qolundan tutub onu “Quran” radiosu studiyasına aparır və mühazirələrini dinləyərək ondan əlavə biliklər əldə edirdi. Hədis və fiqh elmləri üzrə mühazirələr oxuyan Şeyx Mühəmməd Rabiti də görmə qabiliyyətini itirmişdi. O, pedaqoji fəaliyyəti ilə yanaşı qiyabi yolla universitet təhsilini davam etdirir və dissertasiya üzərində işləyərək elmi ad almaq üçün tədqiqat aparırdı. Mühəmmədsadiq ona zəruri kitabları tapmaqda və onlardan istifadə etməkdə kömək edirdi. Həmçinin Mühəmmədsadiq dissertasiyanın müdafiəsi zamanı onun katibi kimi fəaliyyət göstərmişdi.

Mühəmmədsadiq vaxtının çox hissəsini Tripolidəki böyük kitabxanada keçirirdi. Həmin kitabxananın müdiri d-r Tahirlə onun arasında hörmət və yaxşı münasibət var idi.

1980-ci ildə Mühəmmədsadiq kolleci yüksək qiymətlərlə bitirərək, akademik göstəricilərinə görə tələbələr arasında birinci yeri tutdu. O, təhsil müəssisəsinin ümumi ballar əsasında birinci, ikinci və üçüncü yerləri tutan tələbələrə mükafat verilməsini nəzərdə tutan qaydalarına uyğun olaraq pul mükafatı aldı.

O, Özbəkistana qayıtdıqdan sonra aşağıdakı vəzifələrdə çalışmışdır:

1. 1981-ci ildən İmam Buxari adına Daşkənd İslam İnstitutunda müəllim;

2. 1982-ci ildən İmam Buxari adına Daşkənd İslam İnstitutunda prorektor;

3. 1984-cü ildən İmam Buxari adına Daşkənd İslam İnstitutunda rektor.

Mühəmmədsadiq 1981-ci ildən 1989-cu ilə qədər təfsir, hədis, Quran elmləri və əqidə fənlərini tədris etmişdir. Liviyada təhsil aldığı müddətdə qazandığı zəngin təcrübəyə əsaslanaraq, o, bir sıra faydalı yeniliklər və dəyişikliklər tətbiq etmiş, tədris proqramına yeni fənlər daxil etmiş, eyni zamanda onlara uyğun tədris vəsaitləri hazırlamışdır. Məsələn, o, institutun tədris proqramına ülumi-Quran (Quran elmləri), ülumi-hədis (hədis elmləri, hədisşünaslıq), firəqi-islamiyyə (İslam firqələri və təriqətləri), fənnul-xətabə (natiqlik və bəlağət sənəti) və s. kimi fənləri daxil etmişdir. Həmçinin təfsir və hədislərin tədrisində istifadə olunan dərslikləri yeniləyərək Mühəmmədəli Sabuninin “Ayatül-əhkam” (“Əhkam ayələri”) kitabı əsasında təfsir, “əl-Mənhəlül-hədis fi şərhil-hədis” (“Hədisin şərhində müasir qaynaq”, müə: d-r Musa Şahin Laşin) kitabı əsasında isə hədis elmi üzrə mühazirələrə başlamışdır. Bu kitablar ölkədə mövcud olmadığı üçün Şeyx var gücü ilə çalışmış, böyük səy göstərmiş, nəhayət, həmin kitabları xaricdən gətirməyə nail olmuşdur. O, müfti olduqdan sonra həmin kitabları Özbəkistanda nəşr etdirməyə müvəffəq ola bilmişdir.

1989-cu il fevral ayının 6-da Şeyx Mühəmmədsadiq Mühəmmədyusif Orta Asiya və Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin müftisi seçildi. Müfti və Ruhani İdarəsinin sədri kimi fəaliyyət göstərdiyi müddətdə Şeyx öz səylərini müsəlmanların dini hüquqlarını – xüsusilə də dini təhsil hüququnu – həyata keçirmələrinə mane olan əngəllərin aradan qaldırılmasına, habelə İslam mədəniyyətinin bərpasına və dini qurumların maddi-texniki infrastrukturunun təkmilləşdirilməsinə yönəltdi. Dini İdarənin nəzdində yardımçı təsərrüfat yaradıldı və istixana tikildi. Əldə olunan gəlirlər Dini İdarənin və məscidlərin ehtiyaclarının ödənilməsinə, müəllim və tələbələrin əməkhaqqı və təqaüdlərinin verilməsinə, həmçinin dini ədəbiyyatın nəşrinin maliyyələşdirilməsinə sərf olunurdu.

Pakistan ölkəsinə səfəri zamanı hörmətli Şeyx müasir çap avadanlığı gətirərək ondan Dini İdarənin nəşriyyat fəaliyyətini inkişaf etdirmək üçün istifadə etdi və regional şöbələrin kitabxanalarını xaricdən gətirilmiş dərsliklərlə təmin etdi. Küveytin Vəqflər və İslam İşləri Nazirliyinin rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən, Şeyx Özbəkistanda Küveytin Beynəlxalq İslam Xeyriyyə Fondunun filialını açdı. Həmin fond genişmiqyaslı xeyriyyə təşəbbüsləri həyata keçirərək onları təkcə yerli səviyyədə deyil, həm də Orta Asiya və Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinə bağlı digər respublikalarda təşkil etmişdir. Bu fəaliyyətlərə Qırğızıstanda baş verən daşqınlardan sonra yaşayış evlərinin bərpası, çoxsaylı yetimlərə yardım göstərilməsi, məscid və mədrəsələrin tikintisinə dəstək verilməsi, eləcə də quraq ərazilərdə su təchizatının yaxşılaşdırılması daxildir. Fond bu gün də respublikanın müxtəlif bölgələrində yüzlərlə yardıma ehtiyacı olan insanlara təmənnasız kömək göstərməkdə davam edir.

Qeyd etdiyimiz kimi, 1989-cu ildə Şeyx Mühəmmədsadiq Orta Asiya və Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri və muftisi təyin edildi. Bu münasibətlə çağırılmış möhtəşəm Qurultayda Özbəkistan hökuməti Daşkənd Tarix Muzeyində saxlanılan Osman müshəfini Orta Asiya və Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinə təqdim etdi. Bununla da bölgə müsəlmanlarının həyatında əlamətdar bir hadisəyə imza atdı.

1989-cu ilin dekabr ayında Şeyx Mühəmmədsadiq SSRİ Ali Sovetinin xalq deputatı seçildi. O, deputatlıq fəaliyyəti dövründə səlahiyyət və vəzifədən ölkə miqyasında müsəlmanların rifahı naminə səmərəli şəkildə istifadə etdi.

Şeyx Mühəmmədsadiq Orta Asiya və Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri və SSRİ Ali Sovetinin xalq deputatı qismində sovet hökumətinə müraciət edərək müsəlmanların vəziyyəti, onların hüquqlarına riayət olunması və dini ibadətləri yerinə yetirmək imkanlarının bərpası məsələlərini qaldırdı. Bu səylər nəticəsində hökumətin müsəlmanlara münasibətdəki siyasəti əsaslı şəkildə dəyişdi; bu da müsbət irəliləyişlərə, eləcə də çoxsaylı məscid və mədrəsələrin açılmasına yol açdı.

Şeyxin rəsmi müraciətinə cavab olaraq Mixail Qorbaçov SSRİ-dən olan müsəlmanlar üçün həcc ziyarətinin təşkili barədə fərman verdi; bu, təxminən səksən il ərzində həmin möhtəşəm ibadəti yerinə yetirmək imkanından məhrum qalmış milyonlarla müsəlman üçün böyük sevinc mənbəyi oldu. 1990-cı ildə Orta Asiya respublikalarından olan 500 müsəlman Daşkənddən yola düşərək həcc ziyarətini yerinə yetirdi. Halbuki əvvəllər bütün keçmiş Sovet İttifaqından həcc ziyarətinə göndərilən zəvvarların sayı cəmi 20-30 nəfər təşkil edirdi. Bundan əlavə, İslam Dünyası Liqasının (Rabitətül-Aləmil-İslami) rəhbərliyi ilə aparılan danışıqlardan sonra Şeyx Mühəmmədsadiq Səudiyyə Ərəbistanının mərhum kralı Fəhd ibn Əbdüləzizdən hədiyyə olaraq bir milyon nüsxə Quran-kərim əldə etmişdi. Liqa rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən, həmin kitabların hamısı simvolik qiymətə satılmış və əldə olunan vəsait Orta Asiya və Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin fəaliyyətinin maliyyələşdirilməsinə, məscidlərin təmirinə və dini ədəbiyyatın nəşrinə yönəldilmişdi.

Şeyx Mühəmmədsadiq Küveytin Vəqflər və İslam İşləri Nazirliyi, həmçinin Pakistandakı müvafiq dövlət dini qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək, Özbəkistandan olan istedadlı imamlar üçün xaricdə təlimlərin təşkil edilməsinə və onların təhsili və peşəkar inkişafı üçün zəruri şəraitin yaradılmasına nail olmuşdur.

Əgər dini biliklərin geniş şəkildə yayılmasında, kitabların və medianın böyük rol oynadığını nəzərə alsaq, Şeyx Mühəmmədsadiq bu sahədə çox təqdirəlayiq işlər görmüşdür. Onun rəhbərliyi altında əvvəllər Dini İdarə tərəfindən beynəlxalq auditoriya üçün bir neçə xarici dildə nəşr olunan “Sovet Şərqinin müsəlmanları” jurnalı “Mavəraünnəhr müsəlmanları” adı ilə işıq üzü görməyə başlamış və onun məzmunu tamamilə dəyişmişdir. 1990-cı ildən etibarən “İslamın nuru” qəzeti geniş tirajla nəşr olunmağa başladı. Bu saylarda Şeyx Mühəmmədsadiqin, eləcə də dini təhsil müəssisələrinin müəllimlərinin, imam-xətiblərin və yazıçıların aktual dini mövzuları əhatə edən məqalələri dərc olunurdu.

Şeyx Mühəmmədsadiq hökumətə iki İslam bayramının – Ramazan və Qurban bayramlarının qeyd olunması ilə bağlı təklif təqdim etdi. Təklif müsbət qarşılandı və o vaxtdan bəri bu bayramlar ölkədə geniş şəkildə qeyd olunur, həmçinin rəsmi bayramlar kimi müəyyən edilib.

Qeyd etmək lazımdır ki, yuxarıda sadalananların hamısı Şeyx Mühəmmədsadiqin Dini İdarənin sədri və müftisi kimi dörd illik qısa fəaliyyəti dövründə həyata keçirilmişdir.

Şeyx Mühəmmədsadiqin xalq deputatı seçilməsi bir növ əlamətdar hadisə olub, uzun müddət ateizm buxovları altında əziyyət çəkən müsəlman icmasının həyatında müsbət dəyişikliklərin başlanğıcından xəbər verirdi.

Şeyx Mühəmmədsadiq təkcə keçmiş Sovet İttifaqı ərazisində deyil, həm də beynəlxalq səviyyədə geniş fəaliyyət göstərərək, dünyanın müxtəlif yerlərindəki müsəlmanların mənafelərini müdafiə etmiş, onların hüquqlarını və fikirlərini qorumuşdur. O, sovet nümayəndə heyətinin tərkibində bir sıra ölkələrə səfər etmiş və Pişavərdəki Əfqanıstan mücahidləri qərargahında sülh danışıqlarında fədakarcasına iştirak etmişdir. Şeyx Mühəmmədsadiq cəmiyyətdə tutduğu mövqedən və nüfuzundan istifadə edərək keçmiş Sovet İttifaqında yaşayan müsəlmanların dini hüquqlarının, dini təhsilinin və mədəniyyətinin bərpasına mane olan əngəllərin aradan qaldırılması istiqamətində səmərəli fəaliyyət göstərmişdir.

Onun İslam dininə etdiyi xidmət, müsəlmanlara, öz xalqına və vətəninə verdiyi töhfələr yüksək qiymətləndirilmiş və beynəlxalq səviyyədə layiqincə tanınmışdır. Misirə səfəri zamanı o, Prezident Mühəmməd Hüsnü Mübarək tərəfindən “Nil” ordeni (I dərəcəli qızıl medal) ilə təltif edilmişdir.

Məlum səbəblərə görə[7] Şeyx Mühəmmədsadiq Mühəmmədyusif 1993-cü ildə müfti vəzifəsindən istefa verdi. O, dərin məhəbbət bəslədiyi vətənini, eləcə də valideynlərini, qohumlarını və əzizlərini tərk etmək məcburiyyətində qaldı. 1993-1994-cü illərdə o, Səudiyyə Ərəbistanının mübarək Məkkə şəhərində yaşadı. Allahın hikməti və iradəsi ilə o, müqəddəs Quranın nazil olduğu torpaqlarda özünün ən əhəmiyyətli əsəri olan “Hilal” təfsirini yazmağa davam etdi. Onun çox böyük planları var idi. Bunlardan ən mühümü və başlıcası həmin təfsiri tamamlayıb axıra çatdırmaq idi. Şeyx təfsir sahəsindəki əsərindən sonra İslam elmlərinin bütün əsas sahələrini əhatə edən onlarla yazılarını kitab şəklində nəşr etdirmişdir. Bunların arasında hədis, əqidə və fiqhə (məsələn, hənəfi fiqhinə dair əhatəli təlimat kitabları) dair əsərlərlə yanaşı, tarix, təsəvvüf və digər elm sahələrinə aid kitablar da var idi. Allahın lütfü ilə bu planların demək olar ki, hamısı həyata keçirildi.

Müqəddəs torpaqların bərəkəti sayəsində onun əməyinin nəticələri bütün gözləntiləri üstələdi. “Hilal” təfsiri tam şəkildə nəşr olunaraq oxucuların istifadəsinə verildi və bu fundamental əsərin digər dillərə tərcüməsi üzrə işlərə başlanıldı.

“Hədis və həyat” adlı çoxcildli silsilənin ilk cildləri nəşr olunmağa başladı. Bu əsər hal-hazırda da hədis elminə yiyələnmək üçün mühüm mənbə rolunu oynayır.

1994-cü ildə Şeyx Mühəmmədsadiq ailəsi ilə birlikdə Liviyaya köçdü. Orada 2001-ci ilə qədər – vətəninə qayıdana qədər elmi fəaliyyətini davam etdirdi.

Şeyx Mühəmmədsadiq Mühəmmədyusif bir sıra beynəlxalq müsəlman təşkilatlarının üzvü idi:

1. İslam Dünyası Liqası[8]nın (Rabitətül-Aləmil-İslaminin) Təsis Şurası (Məkkə);

2. Ümumdünya Sufi Assambleyası[9]nın Rəyasət Heyəti;

3. Beynəlxalq Müsəlman Alimləri İttifaqı[10]nın Katiblər Şurası (həmtəsisçi);

4. Beynəlxalq İslam Dəvəti Cəmiyyəti[11]nin Rəyasət Heyəti;

5. Beynəlxalq İslam Xalqları Rəhbərliyi[12]nin Baş Katibliyi;

6. Beynəlxalq İslam Universitetinin Elmi Şurası (İslamabad);

7. Beynəlxalq İslam Alimləri və Düşüncə Adamları Assambleyasının İcraçı Bürosu (Məkkə);

8. Beynəlxalq Məscidlər Assosiasiyası;

9. İslam Düşüncəsi üzrə Kral Akademiyası[13] (İordaniya).

Hörmətli Şeyx Misir Ərəb Respublikası, Liviya və Rusiya Federasiyası kimi ölkələr tərəfindən bir sıra fəxri adlara və müxtəlif mükafatlara layiq görülmüşdür. O, çoxsaylı beynəlxalq elmi konfranslarda fəal iştirak etmiş, həmçinin bütün müsəlman dünyasından olan bir çox İslam alimləri ilə elmi müzakirələr və görüşlər keçirmişdir.

Vətəninə qayıtdıqdan sonra da Şeyx Mühəmmədsadiq Mühəmmədyusif özünün genişmiqyaslı elmi və maarifçilik fəaliyyətini davam etdirdi. O, dini təhsilin və İslam elmlərinin dirçəldilməsinə misilsiz töhfələr verdi. Onun kitabları, video və audio və’zləri, elmi müzakirələri, ictimai çıxışları, dərsləri və tövsiyələri sayəsində insanlar arasındakı fikir ayrılıqları və mübahisələr həll olundu, hənəfi məzhəbinə bağlılıq gücləndirildi və cəhalət, həmçinin İslamın köklərindən uzaqlaşma səbəbindən yaranmaqda olan ciddi ixtilaf dövrünün qarşısı alındı. Onun sayəsində azmış, yolunu itirmiş bir çox insanlar haqq yolunu tapdı. İslamdan xəbərsiz olanlar öz imanlarına qayıtmağa başladılar və insanların qəlbində dözümlülük, qardaşlıq və qarşılıqlı sevgi ruhu gücləndi.

O, hər il ramazan ayında məscidlərdə müxtəlif mövzularda elmi mühazirələr oxuyurdu. Həmin mühazirələr lentə alınır, yerli və xarici radio kanalları, eləcə də internet vasitəsilə geniş şəkildə yayılırdı.

İslam maarifini təbliğ etmək məqsədilə Şeyx Mühəmmədsadiq Mühəmmədyusifin rəhbərliyi altında özbək dilində islom.uz veb-saytı fəaliyyətə başladı və bu sayt Özbəkistan ilə Orta Asiyada ən fəal və ən çox ziyarət edilən veb-resursa çevrildi. On il ərzində islom.uz müxtəlif mövzuları əhatə edən iyirmidən çox müstəqil veb-saytdan ibarət böyük bir portala çevrildi. Həmin saytların hər biri məzmun zənginliyi və fəallıq baxımından qısa müddətdə öz sahəsində lider olaraq yüksək mövqe tutdu.

Şeyx Mühəmmədsadiq ömrünün qalan hissəsində onlayn sual-cavab xidməti vasitəsilə dünyanın müxtəlif yerlərindən gələn çoxsaylı sualları cavablandırırdı. Bu xidmət təkcə Özbəkistan müsəlmanları üçün deyil, həm də dünyanın ayrı-ayrı guşələrində yaşayan soydaşlarımız və özbəkdilli müsəlmanlar üçün həqiqi İslamın və saf əqidənin yayılmasında bir mənbəyə çevrildi.

Şeyx Mühəmmədsadiq Mühəmmədyusifin fəal və səmərəli fəaliyyəti sayəsində bütün Orta Asiyada İslam elminin inkişafına yeni təkan verildiyini söyləmək heç də mübaliğə olmazdı. Onun əsərləri və moizələri bir çox ilahiyyatçılara, alimlərə və elm axtarışında olan şəxslərə ilham vermişdir. O, fəaliyyəti boyunca kitablarının hər birinin üz qabığında əks olunan şüara daim sadiq qalmışdır. Şeyx saf İslamı tədris etməyə yönəlmiş yeni tipli bir məktəb təsis etmiş və bu təməl üzərində yüzlərlə tələbəyə dərs demişdir. Onun əsərləri rus, qazax, uyğur, qaraqalpaq, qırğız və digər dillərə tərcümə edilmişdir. Sevindirici haldır ki, bu proses hələ də davam edir.

Şeyx Mühəmmədsadiq hər həftə bazar ertəsindən başlayaraq cümə axşamınadək öz evində təfsir, hədis, əqidə, müasir fiqhi məsələləri və mənəvi tərbiyə kimi mövzuları əhatə edən elmi mühazirələr təşkil edirdi. Bu mühazirələrin dinləyiciləri, əsasən məscid imamları və mədrəsə müəllimlərindən ibarət idi.

Hər bir sufinin bir virdi[14] vardır. Şeyx Mühəmmədsadiq üçün əsas vird elmi fəaliyyət və bilik əldə etməyə çalışmaq idi. O deyərdi: “Adi möminin virdi zikr, qarenin virdi Quran tilavəti, elm tələbəsinin virdi mütaliə və təhsil, alimlərin virdi isə elmin yayılmasıdır”. O, hər gün öhdəlik olaraq yeni bir kitabının azı on səhifəsini yazardı.

Onun gündəlik rejiminə gəldikdə isə istər qışda, istərsə də yayda sübh açılmazdan əvvəl oyanar, təhəccüd namazından sonra işə başlayar, sübh namazından sonra isə virdləri deyərdi. Şeyx icra etdiyi işi tam yerinə yetirmədən növbəti işə başlamazdı. Demək olar ki, hər gün müxtəlif məclislərdə iştirak edər və orada moizələr söyləyərdi.

O, zamana böyük dəyər verir, vaxtdan səmərəli şəkildə istifadə edir və bu məsələdə həm özündən, həm də başqalarından yüksək tələbkarlıq göstərərək bir anını belə boş-boşuna keçirməzdi. Daim idmanla məşğul olur, sağlam həyat tərzi keçirir və həmişə təharətli vəziyyətdə olurdu. O, Quranı dönə-dönə oxuyur və dinləyirdi. Çox nadir hallarda boş vaxtı olurdu. Onda da bədii ədəbiyyat və şeir kitabları mütaliə edir, həmçinin dünya hadisələrini daim izləyirdi[15].

“QIZIL SİLSİLƏ” ADLI MÖTƏBƏR HƏDİS

TOPLULARI SERİYASI HAQQINDA

Şeyx Mühəmmədsadiq Mühəmmədyusifin İslam dininə və vətəninə verdiyi ən böyük töhfələrdən biri möhtəşəm bir layihə – İslam dünyasında qəbul edilmiş doqquz hədis məcmuəsini özündə birləşdirən “Qızıl silsilə” (əsl adı “Oltin silsila”) elmi əsərinin nəşri idi. Bu əsər “Kütübi-sittə” müəlliflərindən əlavə, daha üç böyük mühəddisin məcmuələrini də əhatə edir:

1. “əl-Camius-səhih” (“Səhihi-Buxari”); Mühəmməd ibn İsmail Buxarinin əsəridir[16].

2. “əl-Camius-səhih” (“Səhihi-Müslim”); Müslim ibn Həccac Nişaburinin əsəridir[17].

3. “Sünən” (“Sünəni-Əbidavud”); Əbudavud adı ilə tanınan Süleyman ibn Əş’əs Sicistaninin əsəridir[18].

4. “Sünən” (“Sünəni-Tirmizi”); Mühəmməd ibn İsa ibn Saurə Tirmizinin əsəridir[19].

5. “Sünən” (“Sünəni-Nəsai”); Əhməd ibn Şüeyb Nəsainin əsəridir[20].

6. “Sünən” (“Sünəni-İbn Macə”); Mühəmməd ibn Yəzid Macə Qəzvininin əsəridir[21].

7. “Müvəttə”; İmam Malik ibn Ənəsin əsəridir[22].

8. “Sünən” (“Sünəni-Darimi”); Abdullah ibn Əbdürrəhman ət-Təmimi əs-Səmərqəndi Dariminin əsəridir[23].

9. “Səhihi-İbn Hibban”. Əbuhatim Mühəmməd ibn Hibbanın əsəridir[24].

Hədislərin tam toplusunun 50-dən çox cilddən ibarət olacağı gözlənilir. Toplunun doqquz müəllifindən beşi bizim həmvətənlərimiz – görkəmli alimlər diyarı olan qədim Mavəraünnəhrin təmsilçiləridir ki, bu da Özbəkistan müsəlmanları üçün böyük fəxr mənbəyidir.

Möhtərəm hədislər – o cümlədən, böyük həmyerlimiz və hədis alimlərinin (mühəddislərin) lideri İmam əl-Buxarinin tərtib etdiyi, əhəmiyyətinə görə yalnız Müqəddəs Qurandan sonra ikinci yeri tutan “əl-Camius-səhih” kitabı daha əvvəl də özbək dilində nəşr olunmuşdur. Lakin “Qızıl silsilə”nin unikallığı, tamamilə fərqli olması və yüksək elmi dəyəri ondadır ki, burada hədislər İslam alimləri tərəfindən akademik ədəbiyyat (o cümlədən hədis topluları) üçün müəyyən edilmiş norma və standartlara tam uyğun şəkildə təqdim olunur. Buna ən etibarlı mənbələrdən götürülmüş və əslinə maksimum dərəcədə sədaqətlə müasir bədii özbək dilinə tərcümə edilmiş orijinal mətnlər bir sübut kimi qeyd oluna bilər. Zəruri hallarda texniki terminlər, eləcə də yeni və ya tanış olmayan sözlər üçün müvafiq izahat və şərhlər verilmişdir.

ŞEYX MÜHƏMMƏDSADİQ MÜHƏMMƏDYUSİFİN

 YAZDIĞI ƏSƏRLƏRİN SİYAHISI

1. Altı cilddən ibarət olan “Hilal” təfsiri. Son əsrlərdə müasir özbək dilində yazılmış ilk əhatəli təfsirdir.

2. Müqəddəs Quran və özbək dilində məna tərcüməsi.

3. “Hədis və həyat” silsiləsi. Şeyx Mansur Əli Nasifin məşhur “ət-Tacul-camiu lil-üsul fi əhadisir-Rəsul” (“Rəsulun hədislərindəki əsas mənbə kitabları bir araya toplayan tac”) adlı fundamental əsərinə yazılmış şərh. Əsər aşağıdakı 37 cilddən (39 hissədən) ibarətdir:

1. Giriş; 2. İman və islam kitabı; 3. Niyyət, ixlas və elm kitabı; 4. Təharət kitabı; 5. Namaz kitabı (1, 2 və 3-cü hissələr); 8. Zəkat kitabı; 9. Oruc kitabı; 10. Həcc və ümrə kitabı; 11.Ticarət, əkinçilik və vəqflər kitabı; 12. Fəraiz kitabı (miras və vəsiyyət məsələləri); 13. Nikah, talaq və iddə kitabı; 14. 15. Andlar, nəzir və ov kitabı; 16. 17. Yemək, içmək və geyim kitabı; 18. Şəfa və ruqyə kitabı; 19. Aləmlərə rəhmət olaraq göndərilmiş Peyğəmbər; 20. Peyğəmbərlər tarixi; 21. Əshabələrin fəzilətləri. Əbubəkr və Ömər (Allah onlardan razı olsun!); 22. Əshabələrin fəzilətləri. Osman və Əli (Allah onlardan razı olsun!); 23. Əşəreyi-mübəşşərə və Əhli-Beyt (Cənnətlə müjdələnmiş 10 əshabə və Peyğəmbərin Əhli-Beyti); 24. Mühacirlərin fəzilətləri; 25. Peyğəmbər ailəsinin qadınları; 26. Ənsarın fəzilətləri; 27. Salehlərin və ölkələrin fəzilətləri kitabı; 28. Təfsir kitabı; 29. Təfsir, yuxular və misallar kitabı; 30. Quranın fəzilətləri; 34. Yaxşı əməllər və əxlaq kitabı; 35. Zikr, dua, istiğfar və tövbə; 36. Zöhd və rəqaiq (qəlbləri yumşaldan hədislər) kitabı; 37. Ədəb kitabı.

4. “İman”.

5. “Vəsətiyyə (mötədillik) – həyat yolu”.

6. “Din nəsihətdir”.

7. “Təqvalı olaq”.

8. “Təmizlik imandandır”.

9. “Həcc ibadəti”.

10. “İslamda insan haqları”.

11. “Saf İslam yolunda”.

12. “İslam əxlaqi cinayətlərə qarşıdır”.

13. “Ramazana doğru”.

14. “İslamda ekologiya”.

15. “Sünni etiqadı” (İslam etiqadının əsasları).

16. “Üsulul-fiqh” (İslam hüququ metodologiyası).

17. “Mustələhul-hədis” (“Hədisşünaslıq”).

18. “Ülumul-Quran” (Quran elmləri).

19. “Kifayə” (“Muxtəsərul-Viqayə” əsərinin özbək dilinə tərcüməsi və şərhi, 3 cilddə).

20. “Gözəl əxlaq xəzinəsi” (İmam Buxarinin “əl-Ədəbül-müfrəd” əsərinin tərcüməsi və şərhi, 4 cilddə).

21. “Təsəvvüf haqqında təsəvvür”.

22. “Nəfsin tərbiyəsi” (3 cilddə).

23. “Yaxşılıq etmək və qohumluq əlaqələri kitabı” (İmam Mərvəziyə aid “Kitabul-birr vəs-sılə” əsərinin tərcümə və şərhi, 2 cilddə).

24. “Məzhəbə tabe olmamaq İslam şəriəti üçün təhlükəli bid’ətdir”.

25. “Bu Rəsulullahdır (Səllallahu əleyhi və səlləm!)”

26. “Kamil xoşbəxtlik yolu”.

27. “Zikr əhlindən soruşun” (suallar və cavablar toplusu, 4 cilddə).

28. “İctimai ədəblər”.

29. “Xoşbəxt ailə”.

30. “Fiqh istiqamətləri və kitabları”.

31. “Əqidə elmi və onunla bağlı məsələlər”.

32. “əl-Əqidətut-təhaviyyə” (tərcümə və şərh).

33. “İxtilaflar: səbəblər və həll yolları”.

34. “Məzhəblər birlik rəmzidir”.

35. “İsrafçılıq”.

36. “İslam yalanın əleyhinədir”.

37. “Bazar və onunla bağlı məsələlər”.

38. “Borc və onunla bağlı məsələlər”.

39. “Səmərqəndin görkəmli alimləri”.

40. “Falçılıq, sehrbazlıq, cin çıxartmaq və alternativ müalicə üsullarının mahiyyəti haqqında həqiqət”.

41. “Sağlam uşaq”.

42. “Möminin meracı” (namaz haqqında geniş kitab).

43. “Açıq məktub”.

44. “Böyüklərə hörmət”.

45. “Hikmətli kəlamlara şərhlər”.

46. “Əməllər niyyətlərə bağlıdır” (“İslamın əsasını təşkil edən hədislər” silsiləsindən).

ŞEYX MÜHƏMMƏDSADİQ MÜHƏMMƏDYUSİFİN

 RUS DİLİNDƏ NƏŞR OLUNMUŞ KİTABLARI

1. “Тафсир Хилал” (1, 2, 3 и 30-е джузы) (“Hilal” təfsiri, 1, 2, 3 və 30-cu cüzlər).

2. “Хадисы и жизнь” (1, 2, 3, 4, 18 и 19 тома) (“Hədislər və həyat”, 1, 2, 3, 4, 18 və 19-cu cildlər).

3. “Суннитские вероубеждения” (Основы исламской веры) (“Sünni etiqadı” (İslam etiqadının əsasları)).

4. “Разногласия: причины и решения” (“İxtilaflar: səbəblər və həll yolları”).

5. “Истина о сути гадания, колдовства, изгнания джиннов и нетрадиционных методов лечения” (“Falçılıq, sehrbazlıq, cin çıxartmaq və alternativ müalicə üsullarının mahiyyəti haqqında həqiqət”).

Şeyx Mühəmmədsadiq Mühəmmədyusifin əsərlərinin əksəriyyəti əsasında audio və video kolleksiyalar hazırlanmış, mühazirə və moizələrindən isə video-filmlər ərsəyə gətirilmişdir.

ŞEYX MÜHƏMMƏDSADİQ MÜHƏMMƏDYUSİFİN KİTABLARI

ƏSASINDA HAZIRLANMIŞ AUDİOKİTABLAR

Aşağıda “Hilal” nəşriyyat-poliqrafiya mərkəzinin e-hilolnashr.uz saytındakı elektron mağazasından yüklənə bilən audiokitabların siyahısı verilmişdir:

1. “Hilal” təfsiri (23, 24, 25, 26, 27, 28, 29 və 30-cu cüzlər);

2. İman və islam haqqında kitab (2-ci disk);

3. Niyyət, ixlas və elm haqqında kitab (3-cü disk);

4. Təharət kitabı (4-cü disk);

5. Namaz kitabı (5-ci disk);

6. Namaz kitabı (6-cı disk);

7. Namaz kitabı (7-ci disk);

8. Zəkat kitabı (8-ci disk);

9. Oruc kitabı (9-cu disk);

10. Həcc və ümrə kitabı (10-cu disk);

11. Ticarət, əkinçilik və vəqflər haqqında kitab (11-ci disk);

12. Fəraiz kitabı (miras və vəsiyyət məsələləri) (12-ci disk);

13. Nikah, talaq və iddə haqqında kitab (13-cü disk);

14. 15. Andlar, nəzirlər və ov haqqında kitab (14-15-ci disklər);

16. 17. Yemək, içmək və geyim haqqında kitab (15-16-cı disklər);

18. Şəfa və ruqyə kitabı (18-ci disk);

19. Aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbər (19-cu disk);

20. Peyğəmbərlər tarixi (20-ci disk);

21. Əshabələrin fəzilətləri (Əbubəkr və Ömər (Allah onlardan razı olsun!) (21-ci disk);

23. Əşəreyi-mübəşşərə və Əhli-Beyt (cənnətlə müjdələnmiş 10 əshabə və Peyğəmbərin Əhli-Beyti) (23-cü disk);

24. Mühacirlərin fəzilətləri (24-cü disk);

25. Peyğəmbər evinin qadınları (25-ci disk);

26. Ənsarın fəzilətləri (26-cı disk);

27. Salehlərin və ölkələrin fəzilətləri haqqında kitab (27-ci disk);

28. Quranın fəzilətləri (30-cu disk);

29. Yaxşılıq və əxlaq haqqında kitab (34-cü disk);

30. Zikr, dua, istiğfar və tövbə (35-ci disk);

31. Zöhd və rəqaiq haqqında kitab (36-cı disk);

Əlavə audiokitablar:

1. əl-Ədəbül-müfrəd (4 disk);

2. Hikmət dünyası (8 disk);

3. Zikr əhlindən soruşun (1, 2, 3-cü hissələr);

4. Xoşbəxt ailə;

5. Vəsətiyyə (mötədillik) – həyat yolu;

6. İctimai ədəblər;

7. İman;

8. İxtilaflar: səbəblər və həll yolları;

9. Ülumul-Quran (Quran elmləri);

10. Müqəddəs Quranın mənalarının tərcüməsi (“Əmmə cüz”);

11. Müqəddəs Quranın mənalarının özbək dilinə tərcüməsi (6 disk);

12. Kamil xoşbəxtliyə aparan yol;

13. Nəfsin tərbiyəsi (3 diskdə 88 mövzu);

14. Sünni əqidəsi (İslam etiqadının əsasları);

15. Hədis dərsləri (2 disk);

16. Həcc kitabı;

17. Yaxşılıq etmək və qohumluq əlaqələrinin qorunması haqqında kitab.

“HİLAL” NƏŞRİYYAT-POLİQRAFİYA MÜƏSSİSƏSİ

“Hilal” nəşriyyatı və “Hilal” mətbəəsi fəaliyyətinə 2011-ci ildə başlamışdır. Qısa müddət ərzində şirkət öz nəşriyyat standartları, texniki təchizatı, əlyazma yazılardan hazır kitablaradək olan tam dövrəli istehsal prosesləri, həmçinin müasir çap üsulları və qabaqcıl texnologiyaların tətbiqi sayəsində ölkənin aparıcı mətbəələri ilə eyni səviyyəyə yüksəlmişdir.

“Hilal” nəşriyyat-poliqrafiya müəssisəsi öz əsas fəaliyyətini aşağıdakı istiqamətlərdə həyata keçirir:

1. Dini, maarifləndirici, elmi-populyar, sənədli və bədii əsərlərin nəşri;

2. Tədris və elmi xarakterli audio və video materialların hazırlanması;

3. Kitabların, eləcə də audio və video materialların satışı.

“Hilal” nəşriyyat-poliqrafiya mərkəzi 2011-ci ildə Şeyx Mühəmmədsadiq Mühəmmədyusif tərəfindən təsis edilmişdir. Nəşriyyat ictimaiyyətin dini-maarifçi, bədii və elmi-populyar nəşrlərə olan tələbatının ödənilməsinə mühüm töhfə verir. İndiyə qədər nəşriyyat müəllifin on beşdən çox kitabını, o cümlədən altı cildlik “Hilal” təfsiri, çoxcildli “Hədis və həyat” toplusu, “Sünni əqidəsi”, “Təhavi əqidəsi” (tərcümə və şərh), “Ülumul-Quran”, “Kifayə”, “İxtilaflar: səbəblər və həll yolları”, “Xoşbəxt ailə”, “Xoşbəxtliyə aparan mükəmməl yol”, “İctimai ədəb”, “Zikr əhlindən soruşun” və “Əqidə elmi və bununla bağlı məsələlər” əsərlərini nəşr etmişdir. Bundan əlavə, müəllifin özünün ondan çox kitabı rus dilində nəşr olunub; bunlar arasında “Hilal” təfsiri, “Hədis və həyat” toplusunun bir neçə cildi, “Sünni əqidəsi”, “Vəsətiyyə – həyat yolu” və “İxtilaflar: səbəblər və həll yolları” kimi əsərlər var. Bunlardan başqa, onun tərcümə etdiyi kitablar sırasına Ramazan əl-Butinin[25] “Məzhəbsizlik bid’ətdir” əsəri, Seyid Mübəşşir ət-Tərazi[26]nin “İslam paklıq və qorunma dinidir” kitabı, çinli alim Əzizinin Fəridəddin Əttar haqqındakı əsəri, fars və ərəb dilləri üzrə dərsliklər, həmçinin müxtəlif alim və yazıçıların bir sıra kitabları daxildir.

DİPLOMLAR VƏ MÜKAFATLAR

2012-ci ildə “Hilal” nəşriyyat-poliqrafiya mərkəzi “Qızıl silsilə” kitabının yüksək keyfiyyətlə cildlənməsinə görə Ən Yaxşı Cildləyici fəxri adına layiq görülüb.

2014-cü ildə “Hilal” nəşriyyat-poliqrafiya mərkəzinin rəhbəri Əbdülbasit Qənbərov İlin Ən Yaxşı Texnoloqu seçilib.

Özbəkistan Mətbuat və İnformasiya Agentliyi tərəfindən təşkil edilən müsabiqədə “Hilal” nəşriyyatı “İlin Kitabı” nominasiyasında “Hilal” təfsiri (rus dilində nəşr) kitabına görə II dərəcəli, “Özbək və Dünya Ədəbiyyatı Klassikləri” nominasiyasında isə “Bülbülün nəğməsi” (Məxdumqulunun əsərlər toplusu) kitabına görə III dərəcəli diploma layiq görülüb.

2015-ci ildə keçirilmiş V Respublika “İlin Ən Yaxşı Kitabı” Müsabiqəsində hörmətli Şeyx Mühəmmədsadiq Mühəmmədyusifin “Açıq məktub” kitabı (onun rus dilindəki tərcüməsi olan “Otkrıtoye Poslaniye” ilə birlikdə) “İctimai-Siyasi Ədəbiyyat” nominasiyasında II dərəcəli diploma layiq görülmüşdür.

“Hilal” nəşriyyat-poliqrafiya mərkəzi ölkə daxilində səkkiz, qonşu Qırğızıstanda isə (Oş şəhərində) bir pərakəndə satış məntəqəsi ilə fəaliyyət göstərir.

“Hilal” nəşriyyat-poliqrafiya mərkəzi öz kitablarını MDB ölkələrinə (o cümlədən Rusiya Federasiyası, Qazaxıstan və Qırğızıstana), eləcə də Cənubi Koreyaya ixrac etməyə başlayıb.

ONLAYN SATIŞ VƏ ELEKTRON XİDMƏTLƏR

“Hilal” nəşriyyatı 2014-cü ildən etibarən kitab, jurnal, bir sözlə, media məhsullarının onlayn satışını həyata keçirir. Hazırda mərkəz “Özbəkistan Poçtu” ilə əməkdaşlıq çərçivəsində kitab və media materiallarının ölkənin bütün bölgələrinə, eləcə də xarici ölkələrə çatdırılması xidmətini təşkil etmişdir.

Müştərilər həmçinin e-hilolnashr.uz veb-saytı vasitəsilə qeydiyyatdan keçərək “Hilal” nəşriyyatının məhsullarını əldə edə bilərlər. Bu elektron kitablar Windows, Android və iOS əməliyyat sistemləri ilə işləyən cihazlarla uyğunluq təşkil edir.

Müəllif: islom.uz (09.11.2017)

Mütərcim: Nadir Məhəmməd oğlu Məmmədzadə

Redaktor: Əfruzə Həsən qızı Həsənova

Korrektor: Məhbubə Hüseynbala qızı Kərimzadə


[1] “Fatir”, 28

[2] Hədisi Əbudavud və Tirmizi rəvayət etmişdir.

[3] Mavəraünnəhr Orta Asiyada Sırdərya (Seyhun) və Amudərya (Ceyhun) çayları arasında yerləşən tarixi-coğrafi bölgəni bildirir. Ərəb dilindən tərcümədə “çayın o tayı” mənasını  verir. VII əsrdə bu əraziləri fəth edən ərəblər Amudəryanın (Ceyhun çayının) sağ sahilindəki torpaqları nəzərdə tutaraq bu adı vermişlər. Tarixi Mavəraünnəhr bölgəsi qədim Suğd torpaqlarını əhatə edirdi. Bu ərazi indi aşağıdakı müasir dövlətlərin sərhədləri daxilindədir:

1. Qazaxıstan (cənub-qərb hissəsi);

2. Qırğızıstan (cənub-qərb hissəsi, yəni Fərqanə vadisinə və Sırdərya (Seyhun) çayının hövzəsinə düşən torpaqlar);

3. Özbəkistan (böyük hissəsi);

4. Tacikistan (böyük hissəsi);

5. Türkmənistan (şimal-şərq hissəsi).

Ən qədim və böyük şəhərləri: Səmərqənd, Buxara, Xocənd.

[4] Saleh sələflər – İslam terminologiyasında Həzrət Mühəmməd (s), onun əshabələri və onlardan sonrakı ilk iki müsəlman nəsli (tabiin və ətbai-tabiin) daxil olmaqla, İslam dininin ilk üç xeyirli nəslini ifadə edən anlayışdır. Lüğətdə “sələf” sözü “əvvəl gələnlər”, “əcdadlar” mənasını verir.

[5] “Domla” sözü Özbəkistan və Orta Asiyanın digər türk dillərində müəllim, ustad, din xadimi və ya savadlı insanlara hörmət əlaməti olaraq deyilən müraciət formasıdır.

[6] İmam Buxari adına Daşkənd İslam İnstitutu

[7] Şeyx Mühəmmədsadiq Mühəmmədyusif 1993-cü ilin iyun ayında Özbəkistan hökumətinin dini sahədə siyasətini idarə edən qurumları ilə əməkdaşlıq etməkdən və öz fəaliyyətini onlarla koordinasiya etməkdən imtina etdiyi üçün müfti vəzifəsindən istefa verməyə məcbur edilmiş və yaşadığı ölkəni tərk etmişdir.

Bu qərarın arxasında duran konkret səbəblər və tarixi kontekst aşağıdakılardır:

1. Konstitusion hüquq tələbi; Şeyx Mühəmmədsadiq dinin dövlətdən ayrı olması barədə konstitusiya prinsipini müdafiə edirdi. O, Dini İdarənin tam müstəqil şəkildə fəaliyyət göstərməsini istəyir və dövlət məmurlarının dinin daxili işlərinə qarışmasına etiraz edirdi.

2. Siyasi təzyiqlər. Özbəkistanın o zamankı siyasi elitası və prezident İslam Kərimov administrasiyası müstəqilliyini elan etmiş ölkədə dindarlar üzərində tam nəzarət qurmağa çalışırdı. Hökumətin diktəsini qəbul etməyən Şeyx həm bəzi siyasətçilərin, həm də hökumətyönümlü din xadimlərinin ciddi təzyiqləri ilə üzləşdi.

Şeyxin cəmiyyətdəki böyük nüfuzundan və müstəqil mövqeyindən çəkinən dövlət məmurları ona qarşı təqibləri artırdı. Nəticədə o, vəzifəsindən uzaqlaşdırılaraq faktiki olaraq ölkədən sürgün edildi.

Özbəkistanı tərk etdikdən sonra Şeyx ilk olaraq Səudiyyə Ərəbistanına gəlmiş, daha sonra isə Liviyaya köçmüşdür. Hicrətdə olduğu illərdə İslam Dünyası Liqasında fəaliyyət göstərmiş və onlarla dini elmi kitab qələmə almışdır.

Şeyx Mühəmmədsadiq yalnız 1999-cu ildə Daşkənddə baş verən partlayışlardan və ölkədə radikal dini cərəyanların artmasından sonra İslam Kərimovun rəsmi dəvəti ilə mötədil İslamı təbliğ etmək məqsədilə Özbəkistana geri dönə bilmişdir.

[8] 1962-ci ildə Səudiyyə Ərəbistanının Məkkə şəhərində təsis edilmiş müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır. Onun əsas məqsədi İslamın sülh tərəfdarı olduğunu, xalqlar və ölkələr arasında əmin-amanlıq və dostluq istəyini təbliğ etmək, mötədil dəyərləri dəstəkləmək və bütün dünyada dinlərarası dialoqu inkişaf etdirməkdir.

[9] İslam dünyasında təsəvvüf irsinin tədqiqi, təbliği və müsəlman cəmiyyətlərində mənəvi dəyərlərin qorunmasını məqsəd və məramı hesab edən nüfuzlu beynəlxalq qurumlardandır. Bu təşkilatın Rəyasət heyətində dünyanın müxtəlif ölkələrindən tanınmış din alimləri və təsəvvüf mütəxəssisləri təmsil olunur.

[10] 2004-cü ildə Londonda təsis edilmiş beynəlxalq İslam qeyri-hökumət təşkilatıdır. Onun qərargahı İrlandiya İslam Mədəniyyət Mərkəzində yerləşir.

[11] Beynəlxalq İslam Dəvəti Cəmiyyəti (WICS) 1972-ci ildə Liviyanın Tripoli şəhərində təsis edilmiş beynəlxalq qeyri-hökumət təşkilatıdır. Cəmiyyətin əsas məqsədlərinə İslam mədəniyyətinin yayılması, ərəb dilinin öyrənilməsi və mədəniyyətlərarası dialoqun təşviqi daxildir.

[12] Beynəlxalq qeyri-hökumət İslam təşkilatıdır. O, dövlət mənsubiyyətindən asılı olmayaraq müsəlman xalqlarının, din xadimlərinin, həmçinin ictimai və siyasi xadimlərin səylərini birləşdirmək məqsədilə bir platforma kimi 1990-cı illərdə Liviya lideri Müəmmər Qəzzafinin təşəbbüsü ilə təsis edilmişdir.

[13] İslam Düşüncəsi üzrə Kral Akademiyası mərkəzi ofisi İordaniyanın Əmman şəhərində yerləşən müstəqil, beynəlxalq və qeyri-hökumət xarakterli İslam təşkilatıdır. 1980-ci ildə Kral Hüseyn ibn Təlal tərəfindən təsis edilmiş bu qurum dinlərarası dialoqu təşviq etmək, İslam irsini öyrənmək və İslamın mötədil dəyərlərini yaymaq məqsədilə tanınmış İslam alimlərini bir araya gətirir.

[14] Gündəlik dualara, müntəzəm şəkildə müəyyən vaxtlarda oxunmaq üçün ayələr və hədislərdən toplanmış dualara və zikrlərə “vird” deyilir.

[15] Şeyx 2015-ci il mart ayının 10-da (63 yaşında) Daşkənddə ürək tutması nəticəsində vəfat edib. Cənazə mərasimi Şeyx Zayniddin məscidində keçirilmişdir. Ölümündən sonra Daşkənddə onun adını daşıyan məscid tikilmişdir. Mütəmadi olaraq onun xatirəsinin anılmasına həsr olunmuş tədbirlər təşkil olunur.

Şeyx Mühəmmədsadiq Orta Asiyada İslamın dirçəlişində və insanların maariflənməsində mühüm rol oynamış, müasir dövrdə ənənəvi İslam elmlərini xalqa yaxınlaşdırmış görkəmli şəxsiyyət kimi daim xatırlanır. Allah rəhmət eləsin! – Müt.

[16] h. q. 194-256 – m. 811-871

[17] h. q. 206-261 – m. 822-876

[18] h. q. 202-275 –  m. 818-889

[19] h. q. 200-279 – m. 816-893

[20] h. q. 303 – m. 916

[21] h. q. 207-273 – m. 823-887

[22] h. q. 93-179 – m. 712-795

[23] h. q. 181-255 – m. 797/98-869

[24] h. q. 277-354 – m. 890-965

[25] 1929-2013

[26] 1886-1977

ŞEYX YASİR ÖVDƏT İLƏ AÇIQ DİALOQ

ŞEYX YASİR ÖVDƏT[1] İLƏ AÇIQ DİALOQ 

“SEYİD FƏZLULLAHA İBTİDADAN TƏQLİD ETMƏYƏ

BAŞLAMAQ VƏ ONA TƏQLİDİ DAVAM ETDİRMƏK OLAR”.

“Feysbuk” sosial şəbəkəsində uzun elektron dialoqda Livandakı elmi hövzənin ustadlarından biri olan Şeyx Yasir Övdət dini rəhbər Seyid Mühəmmədhüseyn Fəzlullahın şəxsiyyəti, elmi, fiqhi, hərəkati və ictihadi fərqi haqqında danışaraq onun müqəddəs proqramından bəzi hissələrə və keçdiyi həyat yoluna toxunmuşdur.

Şeyx Övdət həm də ona təəccüblənmişdir ki, bəziləri Ayətullah Fəzlullahın rəhbərliyinə dair başqalarından şəhadətnamə tələb edir. Halbuki başqaları onun şəhadətnaməsinə möhtacdır. O demişdir: “Seyiddən başqası ona şəhadətnamə verəcək şəxsə möhtacdır. Seyidə gəlincə onun elmi, qurani, fiqhi və başqa sahələrdəki görüntüsü digərlərinə şəhadətnamələr verə biləcək gücdədir. Livana gəldiyi vaxtdan etibarən xəstəliyinin son günlərində çətin təhlükəsizlik şəraitində, hətta bombardmanlar zamanı dərsi-xarici dayandırmamışdır”.

Dialoqda iştirak edənlərdən biri belə bir fikir söyləmişdir: “Seyid Fəzlullah Nəcəfdən müctəhid olmadığı bir halda çıxmış və sonra Livanda bu mərhələyə çatmışdır”. Şeyx Övdət bu sözə etiraz edərək demişdir: “Cənab Seyidin Ayətullah Seyid Xoyidən və başqasından ictihad üçün icazəsi var. Şəhid Sədrin: “Nəcəfdən çıxan hər bir şəxs Nəcəfdən məhrum olmuşdur, lakin Seyid Fəzlullah istisnadır. O, Nəcəfdən çıxdıqda Nəcəf ondan məhrum oldu” sözü onun bir çox sahələrdə dərin düşüncə sahibi olmasının və fəqihlər və müctəhidlər kimi geniş elmin onun vasitəsilə əta olunduğu ən yüksək dərəcələrə çatmasının dəlilidir”.

Şeyx Övdət sonra əlavə etmişdir: “Mən şəxsən bilirəm ki, mərhum müqəddəs Seyid Əbdürrauf Fəzlullah Seyid Fəzlullahı Nəcəfdən gətirdiyi vaxt “ehtiyat”da, ələlxüsus ümumi şəkildə əhli-kitabın və kafirlərin nəcis olması məsələsində insanların Seyid Fəzlullaha müraciət etməsinə icazə verirdi”.

Şeyx Övdət, adətən, yalnız müctəhid alimə verilən və Seyid Xoyinin 1980-cı illərdə Seyid Fəzlullaha təltif etdiyi mütləq vəkaləti dəlil olaraq göstərmişdir. O deyir: “Xatırlayıram ki, bəzi Livan alimləri Seyid Xoyiyə məktub göndərərək bildirmişlər ki, Seyid Fəzlullah Dauhədə Seyid Xoyinin xeyriyyə binalarının birində yeyintiyə yol vermişdir. Seyid Xoyi onlara cavab vermişdir ki, “Mütləq vəkilimiz Seyid Fəzlullah müctəhiddir. Onun öz rəyi vardır. Onun əli mənim əlim, onun dili mənim dilimdir!”

Seyid Fəzlullahın dini rəhbərliyi və vəfatından sonra ona təqlid etmək – istər ibtidadan təqlid olsun, istərsə də ona təqlidi davam etdirmək şəklində olsun – məsələsi haqqındakı söhbətində Şeyx Yasir Övdət açıqlamışdır ki, o, mərhum rəhbərin əsrimizdə ən bilikli (ə’ləm) müctəhid olduğuna və başqalarından fərqli olduğuna inanır. O deyir: “Ən azı ələlxüsus hərəkati rəhbərlikdə onu təqlidi rəhbərlikdən fərqləndirən fikri və elmi şəxsiyyətindəki bir çox ünsürlərlə burada ondan daha savadlı bir şəxsin olduğuna inanmırıq”.

Bu səbəbdən hazırda mövcud olan bir çox dini rəhbərlərin fitvalarına əsasən Cənab Seyidin müqəllidlərini ona təqlid etməyi davam etdirməyə çağırdı. Həmin dini rəhbərlər ölmüş müctəhidə təqlid etməyi davam etdirməyə icazə verir, yaxud o, ə’ləm (daha bilikli) olduğu halda bunu vacib bilirlər. Şeyx Övdət təkidlə bildirir ki, hətta vəfatından sonra ibtidadan ona təqlid etmək icazəlidir və bu, həyatda ikən ona təqlid etməmiş şəxsə aid məsələdir. Şeyx Övdət bu fikrində İbrahim Cənnati kimi ibtidadan ölüyə təqlid etməyə icazə verən hazırda fəaliyyət göstərən bəzi dini rəhbərlərin rəyinə istinad etmişdir.

TƏQLİD VƏ DİNİ RƏHBƏRLİK (MƏRCƏ’LİK)

Verilən suallar içində ən çox payı olan bir mövzu hesab edilən təqlid və Seyid Fəzlullahın rəhbərliyi mövzusunda Şeyx Yasir Övdət öz cavablarında bildirmişdir ki, bir çox fəqihlər ölüyə təqlidi davam etdirməyə icazə verirlər. Ölüyə təqlidin icazəli olub-olmadığına şəkk etdikdə fiqhi əsas budur ki, bu, caizdir. Həddi-büluğa yeni çatmış şəxsin ibtidadan ölüyə təqlid etməyə icazə verən müctəhidin rəyinə əsasən mərhum Seyid Fəzlullaha təqlid etməsi mümkündür.

Allah-Taala Seyid Fəzlullah kimi bir şəxs yetirənə qədər ona ibtidadan təqlid etməyə başlamaq və ona təqlid etməyi davam etdirmək olar. Şeyx Övdət deyir: “Ən azı 50 il ona təqlid etmək barədə fitva vardır. Güman etmirəm ki, sən 50 ildən sonra da Seyid Fəzlullahın etdiklərini edə biləcək bir rəhbər tapasan”.

Bu sahədə Şeyx Övdət ölüyə təqlid etməyin icazəli olması ilə bağlı bir sıra fiqhi dəlillər gətirmişdir:

“1. Ağıllı insanların həyat tərzi (sirətul-üqəla) günümüzə qədər ölülərin fikrindən istifadə etmək əsası üzərində cərəyan edir. Ürfə bax. Məgər müəlliflərinin ölməsi ilə tibb, kimya, fizika, yaxud başqa sahədəki nəzəriyyələr ölmüşdür? Yoxsa, onlardan istifadə edilir və onlar inkişaf etdirilir?

2. Dindarların, yəni elm adamlarının həyat tərzi: onlar həmişə ölülərin rəylərindən və dəlillərindən istifadə edir və həyatın tələblərinə uyğun olaraq onları inkişaf etdirirlər. Hətta belə güman edirəm ki, məşhurla müxalifətdə olmaqdan qorxaraq vacib ehtiyat – deyə fitva verən fəqihlər məşhura təqlid edirlər. Məşhur isə yalnız ölülərdir. Fəqih fitva baxımdan ölüyə, yəni məşhura təqlid etməkdə haqlı olduğu bir halda, adi insanların ölüyə müraciət etməyə niyə haqları yoxdur?!

3. Cahilin alimə müraciətinin vacibliyinə dəlalət edən dəlillərin hamısı yalnız dirilərə, yaxud ölülərə aid deyil, əksinə hamıya aiddir: “Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!”[2] “… Sözümüzü rəvayət edənlərə (ədalətli fəqihlərə) müraciət edin. …”

4. İstishab[3] ölünün fitvasının dəlil qalıb-qalmaması barədə şübhə yarandıqda istinad edəcəyimiz üsuli bir dəlildir. İstishab edib fitvanın dəlil olaraq qalmasına hökm edirik.

5. Ölüyə təqlidin caiz olub-olmadığına şəkk etdikdə əsas prinsip budur ki, bu caizdir.

Səmimi olaraq deyirəm, imamların və Peyğəmbərin sözünün dəlil olması onlar dünyadan köçüblər deyə qüvvədən düşmüşdür?! Məgər onlara müraciət edib onlardan istifadə etmək icazəli deyil?! Ölüyə təqlidi davam etdirməklə ibtidadan ona təqlid etməyin icazəli olmaması arasında fərq qoymaq təəccüb doğurur, çünki hər ikisi eyni məsələdir.

6. Diriyə təqlidin vacibliyi üçün ortaya qoyduqları dəlillərin hamısı iddia ilə uyğun gəlməyən dəlillərdir, əksinə o dəlillərin “mərcə’liyin tələbləri” adlanan bir fikrin üzərində olmasından qorxuram. Bu müxtəsər izahla kifayətlənirəm”. Müəyyən bir dini rəhbərə müraciət etmədən, ölüyə təqlidi davam etdirməyin icazəli olmasına fitva verən diri mərcə’lərin fiqhi rəyinin ittifaqına əsaslanmaqla Seyidə təqlidi davam etdirməyin icazəli olması barədə onun idarəsi tərəfindən verilən bəyanatın səbəbi haqqında soruşulan suallardan birinə belə cavab vermişdir: “Hesab edirəm ki, alimlərin vahid rəy üzərində ittifaqı deyildikdə, ümumi-istiğraqi (hər bir fərdə ayrı-ayrılıqda şamil edilmə) nəzərdə tutulmur, əksinə tanınmış əksəriyyət və dini rəhbərliyə namizədlikləri irəli sürülmüş şəxslər nəzərdə tutulur. Onlar ölüyə təqlidi davam etdirməyin icazəli olduğu fikrini irəli sürürlər. Onların bəziləri əgər ə’ləmdirsə, ölüyə təqlidi davam etdirməyi vacib bilirlər. Bəziləri isə ibtidadan ölüyə təqlid etməyə icazə verirlər. Bəziləri isə, ölüyə təqlidi davam etdirməyə icazə verən diri müctəhidlərin olduğunu icmalən (ümumi şəkildə) bildikcə ölüyə təqlidi davam etdirmək üçün konkret bir şəxsi müəyyənləşdirməyin vacib olmadığı fikrini irəli sürürlər. Seyid Əli Fəzlullahın iddia etdiyi fikir fəqihlərin rəylərinə əsaslanır və fiqhi qaydalara da uyğundur”.

Ə’LƏMLİK ANLAYIŞI

Ə’ləmlik anlayışı və ə’ləmə təqlid etmək məsələsində Şeyx Övdət bildirdi ki, bir çox alimlər deyirlər ki, ə’ləm müctəhidi müəyyənləşdirmək qeyri-mümkündür, çünki bu şər’i mətnlərdə dəlili olmayan sırf nəzəri bir məsələdir. Belə ki, fiqhi anlayışa görə ə’ləm istinbat əməliyyatında ən bacarıqlı, ən layiqli və ən bilikli şəxsdir. Bəziləri hesab edir ki, ə’ləm müctəhid üsuli-fiqhdə, yaxud fiqhdə, yaxud da eyni vaxtda hər ikisində ə’ləm olan şəxsdir. Şeyx Övdət qeyd edir ki, ə’ləm müctəhidi müəyyənləşdirmək üçün təkcə üsuli-fiqh və fiqh elmləri ilə kifayətlənmək olmaz, əksinə fəqih dili dərindən bilməli, ədəbi hissə malik olmalı, Quranı dərindən başa düşməli, əvvəla rəvayət ab-havasından uzaq olmalı, sonra isə rəvayət üzərində təcrübə aparmalıdır. Məhz bu xüsusiyyətlər hərəkati və dinamik fəqihi təqlidçi fəqihdən fərqləndirir. Odur ki, Seyid Fəzlullahdan ə’ləm bir şəxsin olması güman edilmir.

Ə’ləmlik şəhadətnaməsi haqqında danışarkən Şeyx Övdət təəssüflə bildirdi ki, əksər şəhadətnamələrdə insafsızlığa yol verilir. Onu da vurğuladı ki, ə’ləmliyi təsdiq edən şəxs ekspertlərdən (əhli-xibrədən) olmalı və təqlid üçün namizəd verilənlərin hamısını yoxlamalıdır. Şeyx Övdət təəccüblə öz-özünə sual verdi: “Məgər İrandakı mərcə’lərdən birinin ə’ləmliyini təsdiq edən şəxs Nəcəfdəki mərcə’ləri yoxlamışdırmı? Həmçinin əksinə. Yaxud o, Livanda namizədliyi irəli sürülən rəhbərlikdən xəbərdardırmı? Çox təəssüflər olsun ki, cavab mənfidir. Deməli, bu barədəki şahidlik naqisdir və reallığı əks etdirmir. O cür şahidliyə nə şər’i, nə əxlaqi və nə də əqli baxımdan etimad etmək olmaz. …”

MƏRCƏ’LİK (RƏHBƏRLİK) MÜƏSSİSƏSİ

Seyidin mərcə’lik müəssisəsi ilə əlaqədar rəyi ilə Şeyx Övdət bildirdi: “O, irəli sürülmüş ən mütərəqqi islami nəzəriyyələrdəndir. Seyid onu mərcə’lik tarixində bənzəri olmayan müəssisələr müstəvisində az da olsa, tətbiq etmişdir. Bu müəssisənin bərabər fitva verən dini rəhbərlik şurasında həyata keçirilməsinə gəlincə bu arzu çərçivəsindən kənara çıxmır. Hətta hesab edirəm ki, fərdi ağıla deyil, Seyid kimi müəssisə ağlına malik yeni nəsil dini rəhbərlər yetişməyincə müasir dövrümüzdə bu qeyri-mümkündür”.

ZALIMANƏ HÜCUMLAR

Mərhum rəhbərə əziyyət verib iftira, zülm və düşmənçiliklə onu incitmək məqsədi güdən çoxsaylı hücumlara gəlincə Şeyx Övdət bildirdi ki, bunlar Seyid Fəzlullahın fərqləndiyi açıq hərəkətverici cəhətlə bağlıdır, çünki bu xüsusiyyət insanlar tərəfindən həzm olunmurdu. Müasir yenilikçi bir istiqamət idi, bəzi başqa rəhbərlərə isə maneə yaradırdı. Şeyx Övdət deyir: “İnsanlara İslam əxlaqı ilə yanaşılmalı və onlara ən gözəl şəkildə cavab verilməlidir. Şəxsi fikrimcə, ona hücum edənlərin ən aşağı səviyyədə təqvaları və Allahdan qorxuları yoxdur, çünki onlar yalan danışdılar, deyilənləri təhrif etdilər, fitvalar verdilər və onun əsərlərini şüurlu şəkildə oxumadan, yaxud soruşmadan qiyabi hökm verdilər. Eşitmədən və oxumadan hökm vermək dinə uyğun gəlməyən bir şeydir, çünki haqla batil arasında dörd barmaq fasilə vardır. Haqq odur ki, gördüyünü deyəsən. Dəfələrlə görmüşəm ki, iddia edənlərin çoxuna bu barədə yazılanları və həqiqəti göstərdikdə onların açıq yalanı üzə çıxmışdır. Batil isə odur ki, eşitdiyini deyəsən. Çox təəssüflər olsun ki, dini rəhbərliklər və alimlər hökm verdikdə eşitdiklərini deməklə kifayətlənirlər. Bir şəxs haqqında onun özündən eşitmədən hökm çıxardıqda şeytan da o vaxt hazır olur. Ən bəsit hökm vermə qaydası odur ki, hökm çıxarmamışdan əvvəl hər iki tərəfi dinləməlisən. Bunlar hansı təqva ilə hökm verirlər?! Bunu yalnız tarix üçün deyirəm”.

Bu həmlələrin arxasında dayananlar haqqında söhbətinə davam edərək deyir ki, zənnimcə, bunlar: “Fəzlullahın mərcə’liyinin yayılmamasında marağı olanlardır. Onlar başqalarının mərcə’liyində maraqlıdırlar, çünki Seyid Fəzlullah bütün dini rəhbərliklər qarşısında böyük bir maneə idi. Səbəb isə o idi ki, o, öz elmi, siyasi, ictimai, ideoloji və mədəni üstünlüyü ilə insanlara açıq olması ilə onların içərisində yaşaması, qayğıları, problemləri ilə maraqlanması, bütün dairələrdə və mərasimlərdə onlarla görüşməsi, bir çox gündəlik işləri öz öhdəsinə götürməsi, Livandakı məqamından dünyaya açıq olan dinamik dini rəhbərliyi ilə təqlidçi rəhbərliklərdən fərqlənməsindən irəli gələrək bütün müsəlman və qeyri-müsəlmanlara açıq olması ilə fərqlənir və seçilirdi. Onun dinamik rəhbərliyi bütün sahələrdə hərəkət edir və bütün problemləri öz üzərinə götürürdü. Bundan sonra ona yeni həmlələr və hücumlar başlandı, nifrət edənlər, gerilikçilər, dar düşüncə sahibləri, xurafatçılar əks mövqedən çıxış etməyə başladılar. Onlar İslamı və Quranı gerilik, xurafat və yalanlar çərçivəsində bir qutu kimi başa düşürdülər”.

Bu problemə münasibət bildirən Şeyx Övdət İslam əxlaqına sahib olmağı, ən gözəl şəkildə münasibət göstərməyi, xüsusilə dini rəhbərliklərə pislik etməməyi vurğuladı. Əgər birindən incimişiksə, yalnız incidiyimiz işi qeyd etməliyik. Seyid Fəzlullah pislik edənləri təbəssümlə qarşılayar və deyərdi: “Allah onları hidayət etsin!” Yaxud belə deyərdi: “Onlar haqqımızda çox günaha giriblər”. Şeyx Övdət Seyidin müqəllidlərini onun əxlaqına, yəni İslam əxlaqına yiyələnməyə çağıraraq deyir: “Allahdan diləyirəm ki, bütün insanları, ona (Seyidə) zülm edənləri hidayət etsin! Allah ona həm sağlığında, həm də dünyasını dəyişdikdən sonra kömək olsun! Hidayətə tabe olanlara salam olsun!” Dialoqda iştirak edənlərdən biri bildirdi ki, Sistaninin köməkçilərindən biri özünün Fəzlullahın kitablarına son dərəcə heyran olduğundan danışmışdır. Hətta o, kitabları oxuyub qurtardıqdan sonra öpərdi. Ələlxüsus, “İslam-xristian dialoqu” kitabını. Bu kitab Seyid Sistanini heyran etmiş və onu üç dəfə təkrar oxumuşdu. Şeyx Övdət mərhum Seyidin övladları içərisində ictihad mərhələsinə çatanlar haqqında deyir: “Mən hesab edirəm ki, onun iki övladı – Seyid Əli və Seyid Cəfər ictihad yolundadırlar və onlar cüzi də olsa, bəzi fitvalar verə bilərlər”. Eyni konteksdə Şeyx Övdət qeyd etmişdir ki, dini rəhbər İshaq Fəyyaz və İbrahim Cənnati Seyid Əli Fəzlullaha mərhumun təsis etdiyi xeyriyyə müəssisələrinə şər’i hüquqlar çərçivəsində rəhbərlik etməyə icazə vermişlər. Seyidin şagirdlərindən, yaxud övladlarından hər hansı birinin dini rəhbərliyi öhdəsinə götürməsi barədə verilən suala o, belə cavab vermişdir: “Bəli! Lakin gələcəkdə. Hesab edirəm ki, Seyid Əli Fəzlullah gələcəkdə dini rəhbərliyi öz üzərinə götürəcəkdir. Burada müctəhidlik yolunda davam edən tələbələrindən də vardır”. Başqa bir cavabda da demişdir ki, Şeyx Hüseyn Əl-Xəşən də ictihad yolunda hərəkət edir və o, Fəzlullahın ən görkəmli şagirdlərindəndir. Seyid təqlidçi rəhbərliklərdən hər bir sahədə bütün problemləri öhdəsinə götürən, dünyaya açıq olan dinamik rəhbərliyi ilə fərqlənmişdir.

İslam müqaviməti mövzusunda demişdir: “Bildiyim odur ki, Seyid müqavimət hərəkatı yarandığı gündən ona qayğı göstərmiş, xüsusilə, onun bir çox rəhbərlərinə təlimlər vermişdir”. 

SEYİDİN ƏXLAQİ CƏHƏTLƏRİ

Şeyx Övdətin dini rəhbəri və ustadı Seyid Mühəmmədhüseyn Fəzlullah haqqında ən çox qeyd etdikləri bunlar idi: “İntuisiyalı və hazırcavab bir insan idi. Hər hansı bir məsələ haqqında soruşanda qaydalarla və konkret dəlillərlə cavab verərdi. Son günə qədər bu hazırcavablığı özünü qoruyub saxlamışdı. O həm də olduqca diqqətli idi. Məsələn, gündüz vaxtı işığın yandırılmamasına və qənaətlə işlədilməsinə diqqət yetirərdi. Ona pislik edənlərə qarşı danışmağımıza mane olardı. İslam vəhdətini qorumağa çalışardı. Həmişə bizə vəsiyyət edərdi ki, ideoloji və mədəni mübarizə aparaq. Onun bir çox xatirələri vardır ki, onları hal-hazırda qeyd etməyə vaxt və imkan yoxdur”. 

h. q. 01 səfər 1432

m. 05 yanvar 2011

Tərcümə: Salman Süleymanov

Təshih: Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Korrektor: Məhbubə Kərimzadə


[1] Şeyx Yasir Övdət Livanın cənubunda sərhəd bir kənddəndir. Miladi təqvimi ilə 1969-cu ildə anadan olmuş, 1984-cü ildə Ayətullah Mühəmmədhüseyn Fəzlullahın elmi hövzəsində İslam Şəriəti İnstitutuna daxil olmuş, orada müqəddimə elmləri və bir az da səthi dərsləri oxumuş, sonra 1989-cu ildə müqəddəs Qum şəhərinə getmiş və orada Elmi Hövzənin məşhur alimlərindən dərs almışdır. Burada Ayətullah Nur Mühəmmədi, Ayətullah Hərəndi, Ayətullah İrəvani, Seyid Adil Ələvi və başqalarından təhsil almışdır. Ayətullah Dəmavəndidən uzun müddət dərs almış, sonra Livana qayıtmış, doğma hövzəsində Seyid Mühəmmədhüseyn Fəzlullahın dərsi-xaricində iştirak etməyə başlamışdır. Həmin müddətdən 2010-cu ilə – Seyidin vəfatına qədər orada qalmışdır. Onun bir neçə ictimai və dini fəaliyyəti vardır. Camaat namazına pişnamazlıq etmiş, xütbə söyləmiş, mühazirələr oxumuş, seminarlar və konfranslarda iştirak etmişdir. Bəzi komitələrin və mədəni fəaliyyətlərin müəllifi olmuş, habelə Şəriət İnstitutunda tədrislə məşğul olmuşdur.

[2] “Nəhl”, 43

[3] Lüğətdə “yol yoldaşı olmaq” mənasını verən “istishab” sözü üsuli-fiqh termini olaraq “əvvəl var olan şeyin davamiyyətinə hökm etmək” mənasını verir. Başqa bir təbirlə desək, sonra davam etməsi barəsində şübhə hasil olan öncəki yəqini vəziyyətə riayət etmək. Bunun izahı budur ki, əgər bir şeyin əvvəl mövcud olduğuna yəqinliyimiz olsa, lakin onun hal-hazırkı vəziyyəti barəsində tərəddüd hasil olsa, onun davam edilməsinin hökm edilməsinə istishab deyilir. Məsələn, əgər dəstəmazlı olsaq, sonra dəstəmazı batil edən amilin baş verib-vermədiyinə şübhə etsək, bu vəziyyətdə “istishab” prinsipinə əsasən, dəstəmazın pozulmadığına hökm edəcəyik.

SEYİD FƏZLULLAH … MƏZHƏBÇİLİYİN FÖVQÜNDƏ DAYANAN ŞİƏ

SEYİD FƏZLULLAH… MƏZHƏBÇİLİYİN FÖVQÜNDƏ DAYANAN ŞİƏ

Seyid Fəzlullah: “Ulduzları Allah ona görə yaradıb ki, insana mütləq zülm deyilən bir şeyin mövcud olmadığını agah etsin. Bütün zülmətlərdə nur damlaları vardır bu nur damlaları bir yerə cəm olurlar ki, sübh şəfəqinin yaxında olduğunu xəbər versinlər”.

Bu sözlər livanlı novator (modernist) şiə rəhbər Seyid Mühəmmədhüseyn Fəzlullaha məxsusdur. Bu alim müsəlmanların səflərini (yəni dəstələrini) parçalamaq istəyən və İslam ümməti arasında təfriqələrin yaranmasına zəmin yaradan qüvvələr qarşısında öz zəngin elmi, geniş dünyagörüşü və qətiyyəti ilə mübarizə aparırdı.

O, – ola bilsin ki, hamıdan əvvəl – Peyğəmbərin həyat yoldaşlarını və əshabəsini – Allah onların hamısından razı olsun! – təhqir etməyin haram olduğunu elan edən və Həzrət Fatimə əleyhəssəlamın Ömər ibn Xəttab tərəfindən döyülməsi və qabırğasının sındırılması haqqında şiə ədəbiyyatında yer alan hadisəni inkar edən və bunun baş verməsini qeyri-mümkün hesab edən şiə müctəhidi və rəhbəridir. O, Mədinə şəhərindəki “Məlik Fəhd adına Mətbəə”də çap olunub iki üz arasında qərar tutan kitaba səmimiyyətlə iman gətirdiyini və bu kitabın mətnləri ilə ziddiyyət təşkil edən hər bir şeyi rədd etdiyini təsdiq etməklə “Fatimənin müshəfi”ni, yəni Həzrət Fatimə əleyhəssəlama məxsus olan Quran nüsxəsini inkar etmişdir.

Əli ibn Əbitalibin Əbubəkr Siddiqə beyət etdiyini və onun Ömər ibn Xəttabın – Allah onların hamısından razı olsun! – vəlayətini (hakimiyyətini) qəbul etdiyini iqrar etmiş və İmam Əlinin onlara müşavir olduğunu, daim kömək etdiyini və yol göstərdiyini təsdiq etmişdir.

Seyid Fəzlullah başda Ayətullahil-üzma Xomeyni olmaqla bir çox şiə müctəhidləri və mərcə’ləri ilə ixtilaf edərək imamların – Allahın salamı olsun onlara! – müqəddəsləşdirilməsini, onların qeybi bildiklərini və məqamlarının nübüvvət və peyğəmbərlik məqamına bərabər olduğunu inkar etmişdir. Livanda dünyaya gəlib boya-başa çatan Fəzlullah öz ölkəsində Ali Şiə Məclisinin yaradılmasına qarşı çıxmışdır. Çünki o, bunun təkcə şiələrə deyil, bütün müsəlmanlara xidmət etməsinə və öz sıralarında istər sünni, istərsə də şiə olmaqla bütün müsəlmanları cəmləşdirməsinə inanırdı.

Seyid Fəzlullah bütün bu işlər və əqidələr uğrunda mübarizə apardı, öz məzhəbçiliyinin fövqünə yüksəldi. O, məzhəbçilikdən çəkinərək insanları ümmət üçün yeganə qurtuluş yolu olduğuna inandığı vəhdətə doğru çağırdı… Hətta fərqli bir dini rəhbərlik yaradaraq məzhəbin fövqündə dayandı.

BAŞLANĞIC

O, 1935-ci ildə İrakın Nəcəfi-əşrəf şəhərində doğulmuşdur. Onun atası Əbdurrauf Fəzlullah dini elmləri öyrənmək üçün Livanın Cəbəli-Amil bölgəsindən oraya (İraka) əvvəlcədən mühacirət etmişdi. Seyid o dövrdə ən məşhur elm mərkəzində ailəsi ilə birlikdə uzun zaman dərs və tədrislə məşğul oldu. Onun gənclik illəri Nəcəfi-əşrəfdəki böyük Elmi Hövzənin (Seminariyanın) qucağında keçmişdir. Belə ki, Fəzlullah dini tədrisini doqquz yaşında atasının yanında başladı və tədricən irəliləyib təqribən 16 yaşında dərsi-xaricə (magistr və doktorantura mərhələsinə) daxil olub Seyid Əbülqasım Xoyi, Seyid Möhsün Həkim, Seyid Mahmud Şahrudi və Şeyx Hüseyn Helli kimi o dövrün böyük Hövzə ustadlarından dərs aldı.

Buna görə də həmyaşıdları onun elmi məqamının və təhsilinin şahidi olmuşlar. 1966-cı ildə o, Livana qayıtdı. Bu qayıdışla İrakdakı islami fəaliyyət meydanı böyük bir itki verdi.

 Seyid Mühəmmədbaqir Sədr bunu öz sözü ilə belə ifadə etmişdir: “Nəcəfdən çıxan hər bir şəxs Nəcəfdən məhrum olmuşdur, lakin Seyid Fəzlullah istisnadır. O, Nəcəfdən çıxdıqda Nəcəf ondan məhrum oldu”.

İslami-mədəni işlə məşğul olan Qardaşlıq Ailə Cəmiyyətini yaratmış bir qrup şiə alimlərinin ona göndərdiyi dəvətə cavab olaraq Seyid Fəzlullah Livana qayıtdı. Onlar Livan İslami İş Dairəsinin Fəzlullaha ehtiyacı olduğuna inanaraq bu dəvəti göndərmişdilər. O, İslam Şəriət İnstitutu hövzəsini (seminariyasını) yaratmış, bir çox dini elmlər öyrənmək istəyənlər üçün başlanğıc nöqtəsini qoymuşdur. Livan ortamında bir çox görkəmli alimlər bu institutda təhsil almışdır. İnstitut müasir dövrdə də qalmaqdadır.

Livana köçəndən bəri Seyid Fəzlullahın fəaliyyəti təkcə nəzəri dəvətlə bitməmiş, əksinə ictimai xidmətlər də göstərməyə davam etmişdir. Nəbəə məntəqəsində qadınlar üçün elmi hövzə (seminariya) qurmuş, tibbi xidmətlər göstərən klinika yaratmışdır. Vətəndaş Müharibəsi başladıqdan sonra yaşamaq üçün cənuba köçmüş, yetimlər üçün xeyriyyə evləri, ictimai təşkilatlar, tibbi müəssisələr və məscidlər inşa etmişdir.

FƏZLULLAH HİZBULLAH

Partiyanın yaradıcısı olan bir çox kadrların mənəvi-ideoloji tərbiyəsindəki roluna görə Fəzlullah Livan Hizbullahının mənəvi rəhbərlərindən sayılır. O, dünyada mühüm şiə dini rəmzlərindən biridir, çünki insanlar keçən 50 ildən artıq bir müddətdə onun siyasi-ictimai təcrübəsindən faydalanmışlar.

Fəzlullah Livanda, Körfəz ölkələrində, Amerika, Kanada və Avstraliyada miqrant məntəqələrində geniş miqyasda mürid və davamçılar qazanmışdır. Məhz bu vəziyyət ona böyük maliyyə və dəvət imkanları yaratdı. Nəticədə onun şiə ərəblərin dini rəhbəri kimi geniş miqyasda tanınmasına kömək etdi. Habelə onun tabeçiliyində “Müjdəçi xəbərlər” radiosu, 15-dən artıq nəşriyyat evi, əlavə olaraq onlarla xeyriyyəçi müəssisələr və qurumlar vardır ki, Livandakı yetimlərə və ehtiyacı olanlara xidmət edir.

Eyni zamanda 3 elmi hövzəyə həm rəhbərlik edir, həm də xərclərini ödəyir. Onlar Dəməşqdə “Bəhmən” hövzəsi, Qumda “Əttar” hövzəsi və Livanda “Qureyfi” hövzəsidir. Bundan başqa, bir sıra hövzələrə də rəhbərlik edir. Bu, Körfəzdə, xüsusilə Küveyt, Bəhreyn və Səudiyyədə şiələrin verdiyi xümslər hesabına reallaşır. Həmçinin onun əksər ərəb dövlətləri ilə, xüsusilə Ərəb Körfəzi dövlətləri və Livanda rəsmi səviyyələrdə geniş əlaqələri vardır.

FƏRQLİ DÜŞÜNƏN

Fərqli düşünən şiə rəhbər… Bu, Seyid Fəzlullahın ən çox yayılmış xarakteridir. Məhz o bildirmişdir ki, imamət mövzusu ətrafındakı fikir ayrılığına tarixə söykənərək nəzər salmalıyıq. Bununla da müsəlmanların bölünüb-parçalanmasına deyil, onların bir güc halında bir yerə toplanmasına şərait yaratmalıyıq.

Eyni zamanda o, İranı İrakda iranyönlü Sistaninin rəhbərliyini qəbul edib, Livanda ərəbyönlü Fəzlullahın rəhbərliyini rədd etməyə vadar edən kəskin fikirlərin müəllifidir. Baxmayaraq ki, dünyaya şiə düşüncəsinin yayıldığı tarixi məkan olan Livandakı Cəbəli-Amil Qum və Nəcəfdən daha öndədir.

Dünyada böyük şiə rəhbərlərindən biri kimi Fəzlullah öz elmi, mötədilliyi və şiə evinə açılışı ilə tanınmış böyük ideoloji layihə hazırlamışdır ki, bununla şiələr təkcə Livanda deyil, bütün ərəb regionunda da fəal ictimai-siyasi qüvvə kimi tanınmışdır.

Fəzlullah özünü yalnız müridlərinə həsr etmiş ötəri bir insan deyil. O, Livanda ən böyük hadisələrin önündə gedən, daim qəlblərdə qalacaq bir şəxsiyyət olmuşdur. 1989-cu ildə silahlı müqavimət layihəsindən başlayaraq 2009-cu ildə seçki əməliyyatına qədər həmişə terrorizmlə günahlandırılmış, Amerika və Qərb mediasında Hizbullahın mənəvi atası kimi qələmə verilmişdir. Habelə 1983-cü ilin oktyabr ayında Livanda Hizbullahın həyata keçirdiyi və yer üzündə ən böyük qeyri-nüvə partlayışı hesab olunan mübarək əməliyyatda da ittiham edilmişdir.

TƏƏSSÜBKEŞLİYƏ QARŞI

Seyid Fəzlullah hesab edir ki, Livan xalqı öz xristianları və müsəlmanları ilə birlikdə vahid bir vəhdət təşkil edir. Onlara deyir: “Din bir dəyərdir, tayfaçılıq isə qəbilə dəyərlərinə belə malik olmayan geridə qalmış qəbiləçilikdir. Gəlin ağlın qəlbin sözünə qulaq asaq! Gəlin məhəbbətlə dolu gözəl bir ölkə quraq! Qoy hərəkatımız insanda gözəllik olsun!”

İmamlar haqqında qülüvv (həddi aşıb onlara ilahi sifətlər isnad etmək) və onlara təəssübkeşlik barəsində isə buyurur: “Biz hər hansı bir imam hər hansı peyğəmbər üçün istənilən növ qülüvvü rədd edirik, çünki biz xalis tövhidə iman gətirmişik. Əli ibn Əbitalib haqqında qüluvv ilə bağlı hesab edirik ki, Əli barəsində həddi aşmaq, onun ilahlığına ilahlığa yaxın olduğuna etiqad etmək küfrdür”.

Eyni zamanda o, Aşura günü şiələrin başından və kürək nahiyəsindən qan çıxardıqları bəzi ayinlərə etiraz etmişdir. O, insanların bu cür hərəkətini səhv üsyan…” hesab etmişdir. “Biz İmam Hüseyn hərəkatının təmsil etdiyi faciəyə başqa bir don geyindirilməsinə, insan bədəninə əziyyət verilməsinə, yaxud İslamın görüntüsünü zədələyəcək hər hansı bir hərəkətə etiraz edirik”. Həmçinin şiələrin bəzi düzəldilmiş daşların (möhürün) üzərinə səcdə etmələrini də inkar etmişdir. Bildirmişdir ki: “Bu, heç bir müqəddəslik simvolu deyildir”. Əlavə etmişdir ki: “ƏhliBeyt fəqihlərinin fikri budur ki, yalnız yerə (torpağın üzərinə) səcdə edilməlidir”.

Azandakı şiə və sünni ixtilafı haqqında buyurur: BizƏşhədu ənnə Əliyyən vəliyyullah!” (“Şəhadət edirəm ki, Əli Allahın bütün məxluqat üzərinə təyin etdiyi rəhbəri vəlisidir”) cümləsini azanın bir hissəsi hesab etmirik. Fitvalar kitabında da bunu yazmışıq. Bildirmişik ki, biz azana hər hansı bir cümlənin əlavə edilməsi ilə razılaşmırıq. “Həyyə əla xayriləməl” (“Ən xeyirli işə tələsin!”) cümləsində ixtilaf var. Burada şiə müsəlmanlardan gələn rəvayətlərə görə bu azanın bir hissəsidir, lakin sünni müsəlmanlar bunu belə hesab etmirlər. Həmçinin sünnilər sübh azanındaƏsSəlatu xayrun minənnaum” (“Namaz yuxudan daha xeyirlidir”) cümləsini artırırlar, lakin şiələr bunu düzgün saymırlar. “Əşhədu ənnə Əliyyən vəliyyullah” cümləsi ilə əlaqədar onu bildirmək istəyirik ki, azanın bir hissəsi deyil, onu azanın bir hissəsi hesab etmək icazəli deyil. Şiələr bunu yalnız təbərrük üçün deyirlər”.

RƏHBƏRLİK FİTNƏSİ

Şiə rəhbərlər arasındakı əlaqələrdə müasir tarixdə geniş bir əlamət olaraq Fəzlullah fitnəsi kimi tanınmış fitnə davam etməkdədir. Bu, Seyid Mühəmmədhüseyn Fəzlullahın Nəcəf və Qumdakı elmi hövzələrin xaricində müstəqil rəhbər kimi elanından sonra İran və İrakdakı həmkarları tərəfindən məruz qaldığı hücumla başlayır.

Qumdakı rəhbərlər daha fəal hərəkətə keçdilər. Bu ittihamlar onun şəfaət və təvəssülə qarşı mübarizəsindən, övliyaların, xüsusilə Fatimeyi-Zəhranın məqamı, imamların möcüzəsi barəsindəki fikirlərindən sonra bir az da gücləndi. Belə bir vəziyyətin yaranmasına Ayətullahil-üzma Qolpayqaninin Seyid Fəzlullaha nəsihət və tənqid məktubu göndərməsi də səbəb olmuşdur. O tələb edirdi ki, şiələr arasında mübahisəyə bir an əvvəl son qoysun. Hətta bəziləri iddia edirdilər ki, o, şiə dini rəhbərliyini ləğv etməyə çalışır.

Həmçinin Seyid Fəzlullah onda da ittiham olunurdu ki, Qumda və Nəcəfdə böyük rəhbərlər zahidanə həyat tərzi sürürlər, o isə zövq və şəhvət içində olan bir həyat yaşayır. Deyirdilər ki, İran və İrak alimləri köhnə və ucuz mənzillərdə yaşadığı bir halda, Fəzlullah qəsr və saraylarda ömür keçirir.

SUİQƏSD CƏHDLƏRİ

Seyid Fəzlullah üç dəfə pis niyyətli insanlar tərəfindən sui-qəsdə məruz qalmış, hər üçündən də xilas olmuşdur. Bu da onun həmişə hadisələrin özəyində olmasından, dediyindən dönməməsindən, israrla çalışmasından irəli gəlirdi. İndiyə qədər də bilinmir ki, bu sui-qəsdlərin arxasında kim dayanır; Amerika təhlükəsizlik idarələri, yoxsa İsrail agentliyi, yaxud onun narahat etdiyi həmyaşıdı olan din xadimləri! Axı o bir çox şiə mütəfəkkirlərini heç nədən çəkinmədən tənqid edir, imamları və rəhbərləri əfsanələşdirən bütün fikirlərə və hadisələrə şüurlu şəkildə etiraz edirdi. Bu da onu asanlıqla hədəfə çevirir, ikiüzlülükdə və şiə məzhəbini yox etməkdə ittiham edilməsinə səbəb olurdu.

Müəllif: Həmdi ətTəhavi (21.02.2010)

Tərcümə: Salman Səfəralı oğlu Süleymanov

Təshih: Xəyyam Əliağa oğlu Qurbanzadə

Redaktor: Əfruzə Həsən qızı Həsənova

Korrektor: Məhbubə Hüseynbala qızı Kərimzadə

SADİQİ TEHRANİNİN ŞAHİDLİYİ

Əllamə Sadiqi Tehrani Livandakı Elmi Hövzə (Seminariya) tələbələrinin Ayətullah Seyid Fəzlullahın ictihadı və ona təqlid etməklə bağlı ona ünvanlanan suala belə cavab vermişdir: “Rəhman, Rəhim Allahın adı ilə! Sizin sualınıza cavab olaraq deyirəm ki, Ayətullahil-üzma Seyid Mühəmmədhüseyn Fəzlullah – Uca kölgəsi var olsun! – İslam elmlərini Kitab və Sünnə işığında çox yaxşı bilən nadir bir alimdır. Mən artıq qırx ildir ki, onu dərin bilgiyə sahib olan bir alim kimi tanıyıram. İki mənbəyə (Kitab və Sünnəyə) əsaslanaraq verdiyi fitvalarda ona təqlid etməyi heç bir şübhə olmadan icazəli hesab edirəm. Allah onu qorusun!”

Qum Elmi Hövzəsi,

h. q. cəmadiyələvvəl ayı 1420-ci il – m. avqust ayı 1999-cu il

SEYİD FƏZLULLAHIN HƏYATINA QISA BİR BAXIŞ

XX-XXI ƏSRLƏRİN BÖYÜK MÜCTƏHİDİ VƏ MÜTƏFƏKKİRİ SEYİD MÜHƏMMƏDHÜSEYN FƏZLULLAHIN

HƏYATINA QISA BİR BAXIŞ

SEYİD FƏZLULLAHIN FİQHİ MƏQAMI VƏ SİYASİ MÖVQELƏRİ

Mərhum Ayətullah Seyid Mühəmmədhüseyn Fəzlullah h. q. təqvimi ilə 19 şəban 1354-cü ildə (m. 16 noyabr 1935-ci ildə) Nəcəfdə anadan olmuş və 1966-cı ildən ömrünün sonuna kimi (04.07.2010) Beyrutda yaşamışdır.

Seyid Fəzlullah Nəcəfi-əşrəfdə olduqca böyük elmi hövzə əhatəsində böyümüş və formalaşmışdır. O, hələ kiçik yaşlarından dini təhsil almışdır (təxminən 9 yaşlarında). İlk təhsilini atasından almış, təxminən 16 yaşında dərsi-xaricə (magistr və doktorantura səviyyəsinə) başlamışdır. O zamanlar hövzənin Seyid Əbülqasım Xoyi, Seyid Möhsün əl-Həkim, Seyid Mahmud Şahrudi və Şeyx Hüseyn Helli kimi ustadlarından dərs almış və Molla Sədra Badkubinin “Əsfar” dərslərində iştirak etmişdir. Seyid Fəzlullah o dövrdə öz elmi təhsili sahəsində tanınmış tələbələrdən olmuşdur. Bu barədə belə qeyd edilir ki, hətta Seyid Şəhid Mühəmmədbaqir əs-Sədr Seyid Fəzlullahın elmi mübahisələrinin izahını Seyid Xoyiyə aparmışdır ki, Fəzlullahın fəzilətini göstərsin. Bu məsələ sonralar Seyid Fəzlullahın dini rəhbər Xoyinin yanında böyük etibar sahibi olmasına və alim müctəhiddən asılı olan işlərdə ona mütləq vəkalət verməsinə gətirib çıxarmışdır. Seyid haqqında o da yazılmışdır ki, o, dərslərdə və hafizlikdə öz yaşıdlarından çox irəlidə olmuş və fərqlənmişdir. O zamanlar Nəcəfdə təhsil alan tələbələr ondan bir çox mövzulara aydınlıq gətirməyi və şərh etməyi istəmişlər. Beləcə, Seyid fiqh və üsul müəllimi olaraq elmi fəaliyyətə başlamışdır.

Qeyd etdiyimiz kimi, o, Livanda mərhum Ayətullah Xoyinin səlahiyyətli vəkili olmuş və Beyrutda İslam Şəriəti İnstitutunun əsasını qoymuşdur. Seyid Fəzlullah müasir Livanın ən görkəmli şiə fəqihi olmuş və sionist qəsbkarlara qarşı müqavimət xəttinin simvollarından biri olmuşdur. Seyid Fəzlullahın 45 illik fəaliyyətinin nəticəsi Beyrutda dərrakəli şiələrin yeni nəslinin yetişdirilməsidir. Seyid Fəzlullah məktəbinin məzunları son yarım əsrdə Livanın ən mühüm dini, ictimai və siyasi liderləridir. Onun fiqh və üsul elmləri sahəsində dərsi-xaricin tədris olunmasında bir neçə onillik təcrübəsi var idi.

Ustadı Ayətullah Xoyinin Nəcəfdə vəfatından sonra (08.08.1992) Seyid Fəzlullah ərəb dünyasında, ələlxüsus Livan və Suriyada dindar gənc nəsil arasında (Nəcəf və Qumun ənənəvi hövzələrində yox) şiə dini rəhbərliyinin müdrik namizədlərindən biri kimi müzakirə olunurdu.

Onun ənənəvi fiqhi və üsuli mirası bilməklə yanaşı müasiri olan dini rəhbərlərin əksəriyyətində görünməyən üç xüsusiyyəti də var idi:

1. Yeni fiqhi fitvanı və etiqadi rəyi və yeni tarixi anlayışı ifadə etmə cəsarəti;

2. Müasir dünya ilə tanışlıq;

3. Heç bir məzhəbi təəssübkeşliyin olmaması, dini dözümlülüyə sahib olması və söhbətcil olması.

Həqiqətən də, Seyid Fəzlullah müasir gənc dini rəhbərlər arasında zəmanəyə uyğun fitvalar verməkdə ən yenilikçi və çağdaş dünyanın siyasi, ictimai və iqtisadi mürəkkəbliklərinə daha çox bələd olanlardan biri idi. O, müasir islamşünaslar arasında şiə etiqadi məsələləri sahəsində onların ən müxalif olanlarının zümrəsinə daxil idi.

İşğal edilmiş Fələstinin məzlum xalqının hüquqlarını şiddətlə müdafiə edən və ABŞ-ın Orta Şərqdəki təcavüzkar siyasətinə qarşı çıxan Seyid Fəzlullahın aydın siyasi mövqeyi onu Livanda, bəlkə, bütün ərəb dünyasında ən görkəmli azadlıq və müqavimət dini rəhbərinə çevirmişdi. Livan Hizbullahının rəhbərləri və korpusu onun tələbələri və şagirdləri olmuşlar.

Seyid Fəzlullah sağlığında Ayətullah Xomeyninin şiə dünyasındakı siyasi rəhbərliyini qəbul etmişdi.

Onun Ayətullah Müntəziri ilə yaxşı münasibətləri olub.

Ağayi-Xamənəiyə gəlincə Seyid Mühəmmədhüseyn Fəzlullah Ruhullah Xomeyninin vəfatından və Seyid Əli Xamənəinin rəhbər seçilməsindən sonra İran rəhbərinin (Ağayi-Xamənəinin) mərcə’liyi (dini rəhbərliyi) məsələsi ilə müxalifət etmiş və Tehranla olan əlaqəsi uzun müddət gərgin olmuşdur. Seyid Fəzlullah Ağayi-Xamənəini İran İslam Respublikasının rəhbəri kimi tanısa da, onu dünya müsəlmanlarının vəliyyi-əmri (lideri), yaxud dünya şiələrinin rəhbəri hesab etmirdi. Ən əsası isə o, heç bir vaxt Ağayi-Xamənəinin mərcəiyyətini (dini rəhbərliyini) qəbul etməmişdir. Seyid Fəzlullah Ağayi-Xamənəinin mərcəiyyətinin (dini rəhbərliyinin) iranlı olmayan ən mühüm tənqidçisi olub.

Seyid Mühəmmədhüseyn Fəzlullah İran İslam Respublikası və Seyid Əli Xamənəi ilə olan problemləri barəsində belə demişdir: “Bəziləri mənə demişdir ki, problem sənin fikirlərin və fitvaların deyildir, əksinə məsələ Küveyt dinarı və Səudiyyə rialıdır. Mümkündür ki, sən öz dini rəhbərliyin vasitəsilə bu pulları öz tərəfinə çəkəsən. Məhz buna görə mənim dini rəhbərliyimi bir təhlükə hesab edirdilər. İkinci məsələ dini rəhbərin ərəb olması məsələsi idi. Bir çoxlarının dini rəhbərin ərəb olmasından xoşu gəlmirdi. Üçüncüsü isə mənim dini rəhbərliyim Xamənəinin mərcəiyyəti (dini rəhbərliyi) üçün bir təhlükə idi, çünki mənim mədəni və siyasi görüşlərim onun görüşlərindən daha açıq idi. Çoxu istəyirdi ki, dini rəhbərlik İranda qalmış olsun. Hətta Ağayi-Sistaninin dini rəhbərliyi ilə İrakın xüsusi siyasi şərtlərinə görə çarəsizlikdən razılaşmışdılar”[1].

Seyid Mühəmmədhüseyn Fəzlullah Seyid Əli Xamənəinin fəqih olmadığına inanırdı. O, bəzən xatırladırdı ki, Ruhullah Xomeyninin vəfatından əvvəl şəxsən özü Xamənəidən eşitmişdir ki, o (yəni Xamənəi), musiqi kimi bəzi fiqhi məsələlərdə Ayətullah Müntəzirinin fikrinə tabedir. Seyid Fəzlullah deyirdi: “Ayətullah Xomeyninin vəfatından əvvələ qədər bəzi məsələlərdə müqəllid olmuş bir şəxs necə oldu ki, gözlənilmədən şiələrin mərcəi-təqlidi oldu?”

O, bu mövzunu siyasi bir mövzu hesab edirdi və belə düşünürdü ki, bir fiqhi mövzunu siyasiləşdirmək mərcəiyyət (dini rəhbərlik), onun tarixi və ənənəvi məqamı üçün zərərlidir. O, İran tərəfindən ona göstərilən təzyiqlərə baxmayaraq, Seyid Əli Xamənəinin fiqhi məqamının və vəlayətinin təsdiq edilməsi barəsində heç vaxt danışmamışdır.

Seyid Əli Xamənəi də Seyid Fəzlullahın nüfuzunu və dini rəhbərliyini Livan Hizbullahı və Livan şiələri arasında özünün siyasi nüfuzuna maneə kimi görürdü. Ona görə də onun ictihad gücünə sahib olmadığını, hətta bid’ətçi və şiəliyin məşhur fikirlərinə zidd olan fikirlərə sahib olduğunu göstərməyə çalışırdı.

AYƏTULLAH XOMEYNİNİN

VƏFATINDAN SONRA LİVANDA ŞİƏ DİNİ RƏHBƏRLİYİ

Ayətullah Seyid Fəzlullah Muna Sukəriyyəyə verdiyi ətraflı müsahibəsində (2007-ci ildə dərc edilib.) Ayətullah Xomeyninin vəfatından sonra Livanda şiə dini rəhbərliyi, İran İslam Respublikası qüvvələrinin mərcəiyyət (dini rəhbərlik) işinə müdaxiləsi, dini rəhbərlik barəsində Livan Hizbullahının mövqeləri, Ağayi-Xamənəinin baxışı və İran rəhbərinin öz mərcəiyyəti ilə üzləşmə metodu barəsində mühüm məqamları bəyan etmişdir. Bu müsahibənin bəzi başlıqlarının tərcüməsi belədir.

Seyid Fəzlullah mərcəiyyət (dini rəhbərlik) məsələsində Hizbullahla olan ixtilafını belə izah edir: “Hizbullahdakı qardaşların diqqəti İrana yönəlmişdi. İranda isə elə şəxslər var idi ki, müstəqil şəxs istəmirdilər, hətta həmin şəxs dini rəhbərliyin başında olsa da və onlar tərəfindən dəstəklənsə də. Onlar dini rəhbər kimi qondarıb ortaya çıxardıqları dini rəhbər olmayan bir şəxs üçün mənim dini rəhbərliyimi təhlükə görürdülər. …

Hizbullahdakı qardaşların mənim dini rəhbərliyimə qarşı mənfi mövqe tutması təbii idi. Bu da İrandakı bəzi xətlərlə uyğun gəlirdi”[2].

“İslam Respublikasının mənimlə mənfi münasibəti o zaman başladı ki, bir tərəfdən adım dini rəhbərlər arasında qeydə alındı, digər tərəfdən İranda bəzi xətlər mənim mərcəiyyətimi (dini rəhbərliyimi) Ağayi-Xamənəinin mərcəiyyətinə maneə kimi gördü. Buna görə də mənim mövqeyimi ictimaiyyətin gözündən salmağı planlaşdırdılar. Bu məqsədə çatmaq üçün bəzi fikirlərim və düşüncələrimə görə mənə qarşı mövqe tutanları təşviq etməkdən, Hizbullahın rəhbərlərini və üzvlərini hər vasitə ilə mənə qarşı qızışdırmaqdan tutmuş başqa bir çox mənfi üsullara əl atdılar. Mənə qarşı mənfi mövqedə olan hər kəsi təşviq edirdilər. Həm də mən müstəqil idim və tabeçilik göstərmirdim. İran İslam İnqilabını dəstəkləməyimə baxmayaraq, sırf ona tabe deyildim, özümün xüsusi düşüncələrim var idi ki, onların bir neçəsi İslam İnqilabının bəzi xətləri ilə kəsişir və bəziləri isə bir-biri ilə üst-üstə düşmürdü”[3].

“Çox təbii haldır ki, indi İran, ələlxüsus Ağayi-Xamənəinin nöqteyi-nəzərindən məqsədə uyğun olaraq hesab edir ki, İranın vəlayəti-fəqih nəzəriyyəsinə köklənməsi etibarilə dini rəhbərlik İranda olsun. Onların nöqteyi-nəzərindən dini rəhbər (mərcə’) vəlayəti-fəqihin müdafiəçisi olmalıdır. Belə bir şey o vaxt həqiqət tapa bilər ki, dini rəhbər (mərcə’) həmin İran dairəsinin, Qum Hövzəsinin mühasirəsində olsun, istər vəliyyi-fəqih olsun, istərsə də vəlayəti-fəqihin müdafiəçilərindən olsun. Bu həmin məqamda məsələnin aydınlaşdırılmasıdır. Lakin İran hökuməti dini rəhbərliyin Qumda olmasını zəruri hesab etməklə yanaşı siyasi əsaslarla Nəcəf dini rəhbərliyini də təsdiq edir. Biz bu vəziyyəti onlar Ağayi-Sistanini təsdiq edəndə gördük. Çünki İrakdakı şəraiti, xüsusən də oradakı şiələrin vəziyyətini tarazlaşdırmaq üçün ona ehtiyacları var idi”[4].

Araşdırma:

a) Ağayi-Xamənəi dövründə İran İslam Respublikası tərəfindən təsdiq edilmiş dini rəhbərlik üçün zəruri şərt İran sakini olmaq, ikincisi vəlayəti-fəqihin müdafiəçisi olmaq, üçüncüsü və ən əsası dini rəhbərin sırf tabeçi olması və müstəqil olmamasıdır. O, ə’ləm dini rəhbər olsa da belə, müstəqil dini rəhbəri qəbul etmir. O, təsdiq olunmuş müstəqil dini rəhbərlə də razılaşmır, sırf tabeçilik istəyir.

b) Livan Hizbullahı mərcəiyyət (dini rəhbərlik) məsələsində sırf İslam Respublikasının diktə etdiyi siyasətlərə tabe olmuş və ona əsaslanaraq Seyid Fəzlullahın mərcəiyyətinə (dini rəhbərliyinə) qarşı çıxıb İran hökumətinin aləti kimi onun mövqeyini məhv edib zəiflətməyə çalışmışdır.

c) İran İslam Respublikası Seyid Fəzlullahın dini rəhbərliyini Ağayi-Xamənəinin dini rəhbərliyi üçün təhlükə kimi qiymətləndirmişdir. Fəzlullahın mərcəiyyətinin qeydə alınması ilə İslam Respublikası onu gözdən salmağı planlaşdırmışdır. Bu dağıdıcı proqram üç yanaşmaya əsaslanırdı:

1. Fəzlullahın hər hansı bir müxalifini istənilən yolla həvəsləndirmək;

2. Fəzlullahın fikir və düşüncələrinə qarşı çıxanları müstəsna olaraq təşviq etmək;

3. Hizbullah liderlərini və korpusunu ona qarşı qızışdırmaq.

SEYİD FƏZLULLAHIN İSTİDLALİ VƏ

FİTVAİ FİQH SAHƏSİNDƏ YAZDIĞI ƏSƏRLƏRİ

Seyid Fəzlullah əsərləri çox olan bir alimdir. İslam elmlərinin müxtəlif sahələrinə aid onlarla müəllif əsərləri ilə yanaşı, o, həm də istidlali fiqhdə məhsuldar təcrübəyə malikdir. Onun fiqhi tədqiqatları və fiqhdən keçdiyi dərsi-xariclərinin şagirdləri tərəfindən yazıldığı və 1374-cü (m. 1995-ci) ildən bəri nəşr olunduğu təqrirləri 25 cilddən çoxdur. Aşağıdakı əsərləri buna misal göstərə bilərik:

1. “Kitabul-cihad” (“Cihad” kitabı);

2. “Kitabun-nikah” (“Nukah” kitabı);

3. “Kitabul-ət’imə vəl-əşribə” (“Yemək və içmək” kitabı);

4. “Kitabul-vəsiyyə” (“Vəsiyyət” kitabı);

5. “Kitabul-qur’ə vəl-istixarə” (“Püşk və istixarə” kitabı);

6. “Kitabus-sayd vəz-zəbahə” (“Ovçuluq və kəsim” kitabı);

7. “Risalətun fir-rəda’” (“Süd əmmə haqqında risalə”);

8. “Fiqhul-icarə” (“İcarənin fiqhi hökmləri”);

9. “Fiqhul-məvaris vəl-fəraiz” (“İrsin fiqhi hökmləri”);

10. “Fiqhul-qəza” (“Qəzavətin fiqhi hökmləri”);

11. “Fiqhuş-şirkə” (“Şərikliliyin fiqhi hökmləri”);

12. “Fiqhul-həcc” (“Həccin fiqhi hökmləri”);

13. “Fiqhut-təlaq” (“Talağın fiqhi hökmləri”);

14. “Fiqhul-həyat” (“Həyatın fiqhi”);

15. “Əl-Yəmin vəl-əhd vən-nəzr” (“And, əhd və nəzir” kitabı);

16. “Səlatul-cumuə” (“Cümə namazı”);

17. “Əl-Büluğ” (“Həddi-büluğa çatma”);

18. “Qaidətu-la zərərə və la zirarə” (“Zərər vermək və zərərə zərərlə qarşılıq vermək yoxdur” qaydası haqqında risalə) və s.

Fitvai fiqhdə ən azı beş kitabı nəşr edilmişdir:

1. “Dəlilul-mənasik” (“Həcc kitabçası”) (1374 – m. 1995);

2. “Əl-Məsailul-fiqhiyyə” (“Fiqhi məsələlər”) (1375 – m. 1996);

3. “Əl-Fətavəl-vadihə” (“Açıq-aydın fitvalar”) (1376 – m. 1997);

4. Üç cilddən ibarət ən mühüm fitva kitabı “Fiqhuş-şəriə”  (“Dərindən düşünülmüş şəriət”) (1377 – m. 1998);

5. Və nəhayət, “Əhkamuş-şəriə” (“Şəriət hökmləri”) (1382 – m. 2003).

Qurana dair tədqiqatları aşağıdakılardan ibarətdir:

1. “Təfsirun min vəhyil-Quran” (“Qurandan ilhamlanmış təfsir”) adlı 25 cildlik təfsir;

2. “Əl-Hivar fil-Quran” (“Quranda dialoq”);

3. “Üslubud-dəvəti fil-Quran” (“Quranda dəvət üsulu”);

4. “Dirasatun və buhusun Quraniyyə” (“Quran tədqiqatları və araşdırmaları”);

5. “Mutarəhatun fi qəzaya Quraniyyə” (“Quran mövzularında müzakirələr”);

6. “Min irfanil-Quran” (“Quran maarifindən …”)

7. “Hərəkətun-nübüvvəti fi müvacəhətil-inhiraf” (“İnhiraf qarşısında peyğəmbərlik hərəkatı”)

Onun Quranın tədqiqatına dair yazdığı yuxarıda qeyd olunan çoxsaylı əsərlərlə yanaşı dini mövzularda qələmə aldığı üç kitabı da var:

1. “Peyğəmbərlərin məsumluğunda müraciətlər”;

2. “Təkvini (kosmik) vəlayət”;

3. “Cənnət yalnız müsəlmanlar üçündürmü?”

Bu diqqətəlayiqdir. Seyid Fəzlullah Əhli-Beytin təlimlərini izah edərkən bir neçə əsər yazmışdır: “Qədir ətrafında İslam nəzəriyyəsi”, “Haqqın ölçüsü – Əli”, “Zəhra – nümunəvi qadın”, “Əhli-Beytin həyat tərzi”, “Kumeyl duasının şərhi” və “Səhifeyi-Səccadiyyənin şərhi”.

SEYİD FƏZLULLAHA QARŞI DİNİ TƏƏSSÜBKEŞLİYİN

VƏ SİYASİ GÜCÜN XOŞAGƏLMƏZ ƏLAQƏLƏNDİRMƏSİ

Seyid Fəzlullahın dini rəhbərliyinin Seyid Xamənəinin dini rəhbərliyinə mane olması barədə dəqiq fikir söylənildiyi vaxt Fatimeyi-Zəhranın (ə) başına gələn hadisələrə və imamların təkvini (kosmik) vəlayətinə yenidən baxış keçirilməsində Seyid Fəzlullahın fərqli fikirləri ənənəvi dini rəhbərləri ona qarşı yönəltmək, onun şəxsiyyətini məhv etmək və iğtişaş yaratmaq üçün yaxşı bir bəhanə kimi müəyyənləşdirildi. Siyasi hakimiyyət və dini təəssübkeşlər əl-ələ verdi və beləliklə də, Seyid Fəzlullahın ictihadı və şiəliyi şübhə altına alındı!

Qüds Qüvvələri[5] ilə əməkdaşlıqda ittiham olunan şübhəli hərəkat Qum və Nəcəf alimlərindən Seyid Fəzlullahın şiə əqidəsinin doğruluğunu soruşur. Bu cür mütəşəkkil, təşkil olunmuş suallar  h. q. təqvimi ilə 1411-ci ilin ramazan ayından (h. ş. 27 esfənd 1469 – m. 18 mart 1991) başlayır.

Bu suallara mərhum Ayətullah Fazil Lənkərani 1372-ci ilin bəhmən ayında (m. yanvar ayı 1994 ), mərhum Ayətullah Bəhcət isə 1375-ci ilin aban ayında (m. oktyabr ayı 1996) cavab verir.

Lakin mərhum Ayətullah Mirzə Cavad Təbrizinin 27 zilhiccə 1417 (h. ş. 15 ordibeheşt 1376 – m. 5 may 1997) tarixli hökmü məsələyə başqa ölçü verir: “Mən dəfələrlə qeyd etmişəm ki, (S. M. Fəzlullah) zall və muzildir (yəni özü azğındır və başqalarını da azdırır). Onu və əsərlərini təbliğ etmək, kitablarını oxumaq icazəli deyildir. Azğın olduğuna və ictihadı da sübuta yetmədiyinə görə ona təqlid etmək olmaz. Hər bir möminin məzhəbin haqq əqidələrini müdafiə etməsi və bu cür fikirlərə qail olan möminləri agah etməsi vacibdir ki, onlar azğın ruhaninümaların (yalançı ruhanilərin) təsiri altına düşməsinlər!”

Mərhum ustad Ayətullah Təbrizi, əlbəttə, ömrünün axırına qədər Ağayi-Xəmənəinin ictihadı və hökumətin Hövzəyə və mərcəiyyətə (dini rəhbərliyə) müdaxiləsi barəsində bir kəlmə də danışmamışdır.

Ayətullah Vəhid Xorasani də 1376-cı ilin mehr ayında (m. sentyabr 1997) Seyid Fəzlullahın zəlalətdə olduğunu təsdiq etmişdir. Ağayi-Xamənəi də sualın fərz olunan hissəsində (Seyid Fəzlullahın mərcəiyyət və ictihadında problemin olması təsəvvürü) Seyid Fəzlullaha təqlid etməkdən vaz keçməyi doğru hesab etmişdir[6].

Ayətullah Müntəziri əksər dini rəhbərlərdən fərqli olaraq Seyid Fəzlullahı nəinki təfsiq etməmiş, hətta o ağır mühitdə onun elmini və xidmətlərini tərifləmişdir. O, Seyid Fəzlullahın mərcəiyyəti (dini rəhbərliyi) və fikirləri ilə bağlı verilən həmin şübhəli suallardan birinə belə cavab yazmışdır: “Həzrət Ayətullah Seyid Fəzlullah Beyrutda İslama xidmət edən müctəhid alimdir və onun elmindən və kitablarından istifadə olunur!” (h. ş. 22 fərvərdin 1384-cü il – m. 11 aprel 2005-ci il)

Ayətullah Müntəzirinin Seyid Fəzlullahı müdafiə etməsi məzhəbi təəssübkeşliyin və siyasi gücün xoşagəlməz birləşməsinə ağır gəldiyi üçün verilən cavaba şübhə ilə yanaşdılar və rəsmi olaraq bu barədə Ayətullah Müntəziridən izahat istədilər! Ayətullah Müntəziri də ona təzyiq göstərənlərə cəsarətlə belə bir cavab yazmışdır: “Möhürümlə möhürlənmiş mənimdir və mən onu öz elmim və əqidəmlə yazmışam!” (h. ş. 31 fərvərdin 1384-cü il – m. 20 aprel 2005-ci il)

Bir müddət sonra Ayətullah Müntəziridən yenidən Seyid Fəzlullah haqqında soruşulduqda onu bir daha dəstəkləmişdir: “Müəzzəmun ləh (Seyid Fəzlullah) İslam alimlərindəndir və müxtəlif sahələrdə çoxsaylı əsərləri vardır. Heç bir müsəlmanı, qalmışdı hələ alimlər olsun təhqir etmək icazəli deyildir!” (h. ş. 30 bəhmən 1386-cı il – m. 19 fevral 2008-ci il)

Əlbəttə, Seyid Fəzlullahın Hizbullah və İslam Respublikası ilə münasibətləri son vaxtlar müəyyən qədər yaxşılaşmışdı. Lakin Seyid Fəzlullah Ağayi-Xamənəinin dini rəhbərliyini ömrünün axırına kimi qəbul etməmiş və məzhəbi təəssübkeşliyin və siyasi gücün həmin şübhəli cərəyanı da Seyid Fəzlullahı təkfir və təfsiq etməkdən əl çəkməmişdir. Seyid Fəzlullah ona qarşı olan bu məzhəbi cərəyandan sonra heç vaxt İrana səfər etməmişdir.

“Milli Görüş-Sabiqun” hərəkatı


[1] “İllər, vəziyyətlər və şəxsiyyətlər haqqnda, belə danışdı …, belə dedi …”, Seyid Mühəmmədhüseyn Fəzlullah, Muna Sukəriyyə ilə müsahibə, “Darun-nəhar”, Beyrut, 2007, s. 69

[2] “İllər, vəziyyətlər və şəxsiyyətlər haqqnda, belə danışdı …, belə dedi …”, Seyid Mühəmmədhüseyn Fəzlullah, Muna Sukəriyyə ilə müsahibə, “Darun-nəhar”, Beyrut, 2007, İkinci nəşr, 2012, Beyrut İslam Mədəniyyəti Mərkəzi tərəfindən nəşr olunmuşdur. s. 159

[3] “İllər, vəziyyətlər və şəxsiyyətlər haqqnda, belə danışdı …, belə dedi …”, Seyid Mühəmmədhüseyn Fəzlullah, Muna Sukəriyyə ilə müsahibə, “Darun-nəhar”, Beyrut, 2007, İkinci nəşr, 2012, Beyrut İslam Mədəniyyəti Mərkəzi tərəfindən nəşr olunmuşdur. s. 162

[4] “İllər, vəziyyətlər və şəxsiyyətlər haqqnda, belə danışdı …, belə dedi …”, Seyid Mühəmmədhüseyn Fəzlullah, Muna Sukəriyyə ilə müsahibə, “Darun-nəhar”, Beyrut, 2007, İkinci nəşr, 2012, Beyrut İslam Mədəniyyəti Mərkəzi tərəfindən nəşr olunmuşdur. s. 163

[5] İran İslam İnqilabı Keşikçiləri Korpusunun xaricdəki bölməsi

[6] Həmin şübhəli cərəyan internetdə mərhum Ayətullah Seyid Fəzlullaha qarşı “zalalnet” adlı inter saytı yaradıb ki, bu da bir çox şiə fəqihlərinin və dini rəhbərlərinin dözümsüzlüyünün sübutudur. İran İslam Respublikasına yaxın yazıçı Cəfər Mürtəza Amili Seyid Fəzlullahın fikirlərini tənqid edən “Zəhra faciəsi, şübhələr və cavablar” adlı iki cildlik kitab yazmışdır. (1997-ci il) Seyid Fəzlullaha qarşı düşmənçiliklə bağlı bu kitabı oxumaq lazımdır: “Ayətullah S. M. Fəzlullah heç vaxt batmayan günəşdir, həyatı, mövqeləri haqqında deyilənlər, etirazlar, cavablar, dini və siyasi müxalifləri” (Mustafa Sübhi Xızır və Mehdi Xəlil Cəfər, 2010-cu il)

NƏCMƏDDİN ƏRBAKAN – “MİLLİ GÖRÜŞ” LİDERİ

TÜRKİYƏ RESPUBLİKASININ SABİQ DEPUTATI,

 ƏFSANƏVİ BAŞ NAZİR, MÜHƏNDİS,

 AKADEMİK, SİYASƏTÇİ VƏ “MİLLİ GÖRÜŞ” LİDERİ

Nəcməddin Ərbakan 1926-cı il 29 oktyabrda Sinopda doğulmuşdur. Atası Adananın Kozan və Saimbəyli bölgəsində yaşamış Kozanoğullarından Məhəmməd Səbri Ərbakandır.

Ağır cinayətlər üzrə cəza rəisi olan atasının müxtəlif yerlərdə vəzifəyə təyin olunması ilə əlaqədar olaraq uşaqlığı ayrı-ayrı şəhərlərdə keçən Ərbakanın anası da Sinopun tanınmış ailələrindən birinin qızı Qəmər xanım olmuşdur.

Nəcməddin Ərbakan ibtidai təhsilə Kayseri Cümhuriyyət İbtidai Məktəbində başlamışdır. Atası Trabzona yeni vəzifəyə təyin edildiyinə görə ibtidai təhsilini burada əlaçı olaraq tamamladı.

Ərbakan xocanın ilk dəfə mənəvi təsirlənməsi hələ 3 yaşında ikən Kayseridə qaldıqları evin qarşısındakı tarixi “Laləli” camesində verilən azanlar və qılınan camaat namazları ilə başlamışdır. Onun uşaqlıq illəri bu camenin eyvanında keçmişdir. Ələlxüsus 1928-ci ilin sonunda bu camedə qılınan bir cənazə namazından olduqca təsirlənmişdir.

Çox kiçik yaşlarda namaza və oruca başlayan Ərbakan daha sonralar yenə atası Məhəmməd Səbri bəyin təqaüdə çıxıb məskunlaşdığı İstanbul Fatehdəki “İskəndərpaşa” came imamı Məhəmməd Zahid Kotku həzrətləri kimi dövrün önəmli elm və ürfan əhlindən bəhrələnmiş və mənəvi kamilləşmə mərhələsində bu böyük şəxsiyyətlərin tərbiyəsində yetişmişdir. 

1937-ci ildə ibtidai təhsilini tamamladıqdan sonra həmin il İstanbul Oğlan Liseyində orta təhsilini davam etdirməyə başladı. Məktəbdəki çalışqanlığına görə dostları tərəfindən ona “Dərya Nəcməddin”, – deyə müraciət edilirdi. Məktəbdə “Sıfırçı Avni” olaraq tanınan fizika müəllimindən ilk dəfə 10 alan şagird də məhz o olmuşdur.

Bütün sinifləri müvəffəqiyyətlə keçən Nəcməddin Ərbakan İstanbul Oğlan Liseyini 1943-cü ildə əla qiymətlərlə bitirdi. O dövrlərdə liseyi əlaçı olaraq qurtaranları universitetlərə imtahansız qəbul edirdilər. Lakin Nəcməddin Ərbakan imtahansız daxil olmağı qəbul etməyərək imtahanlarda böyük uğur qazanınca İstanbul Texniki Universitetinin ikinci kursundan birbaşa ali təhsilə başladı. İbtidai sinfə altı yaşında, universitetə də ikinci kursdan başladığına görə özündən iki yaş böyük olanlarla eyni kursda təhsil almalı oldu. Texniki Universitetdəki kurs yoldaşları arasında Süleyman Dəmirəl və Turqut Özal da var idi.

O, universitetdə oxuduğu illərdə universitet tələbələrinin namaz qılması üçün məscid açılması məsələsində böyük cəhd göstərmiş və açılan məsciddə həm namaz qılmış, həm də elmi və dini söhbətlər etmişlər.

1948-ci ilin yayında İstanbul Texniki Universitetini böyük müvəffəqiyyətlə başa vuran Ərbakan həmin ilin iyununda Maşınçılıq fakültəsi motorlar kursunda assistent olaraq vəzifəyə başladı. 1948-51-ci illər arasındakı bu 3 illik assistentlik dövründə o zaman doktorluq dissertasiyasının yerini tutan qabiliyyət dissertasiyasını hazırladı. Siniflərdə dərsləri tədris etmək dosent və professorların səlahiyyətində olmasına baxmayaraq, özü assistent olduğu halda, onun da dərs deməsinə izin verilmişdir. Qabiliyyət dissertasiyasındakı müvəffəqiyyətinə görə universitet tərəfindən 1951-ci ildə Axen Texniki Universitetində[1] elmi araşdırmalar aparmaq, elm və təcrübəsini artırmaq üçün Almaniyaya göndərilən Ərbakan alman ordusu üçün araşdırma aparan “DVL Araşdırma Mərkəzi”ndəki araşdırma ilə məşhur olan və V1 və V2-ləri inkişaf etdirən professor Şmit ilə birlikdə çox uğurlu işlər gördü. Axen Texniki Universitetində çalışdığı il yarımda, biri doktorluq dissertasiyası olmaqla 3 dissertasiya hazırlayan Ərbakan Almaniya universitetlərində keçərli olan doktor-mühəndis (dr-ing) adını aldı.

Almaniya İqtisadiyyat Nazirliyi üçün mühərriklərin daha az yanacaq yandırmaları mövzusunda araşdırmalar apararaq məruzə edən və bu arada da dosentlik dissertasiyasını hazırlayan Ərbakanın “Dizel mühərriklərdə püskürdülən yanacağın necə yandığını” riyazi olaraq izah edən bu dissertasiyası Almaniyanın elmi dairələrində böyük əks-səda doğurdu. Dissertasiya elmi məcmuələrdə nəşr edildiyi üçün o tarixdə Almaniyanın ən böyük motor fabriki olan və dünyada mühərrikin ilk istehsal olunduğu Doyç motor fabriklərinin baş direktoru prof. dok. Flaç tərəfindən Leopard tanklarının mühərrikləri ilə əlaqədar araşdırmalar aparmaq üçün bu fabrikə dəvət edildi.

Almaniya İqtisadiyyat Nazirliyinin Ruyr[2] yaşayış sahəsindəki fabriklərdən birinin üzərində araşdırma aparmaq üçün təşkil edilən heyətdə o da iştirak etmişdir. Eyni zamanda 15 gün Ruyr bölgəsindəki bütün ağır sənaye fabriklərini gəzmək və araşdırmalar aparmaq fürsəti əldə etmişdir.

II Dünya Müharibəsindən sonra Almaniya universitetlərində doktorluq edən ilk türk elm adamı olan Ərbakan 1953-cü ildə dosentlik imtahanı vermək üçün İstanbula gəldi. İmtahan nəticələrinə əsasən 27 yaşında Türkiyənin ən gənc dosenti adını almaq şərəfinə nail olan Nəcməddin Ərbakan yenidən araşdırmalar aparmaq üçün Almaniyanın Doyç fabriklərinə getdi. O, burada 6 ay müddətində mühərrik araşdırmaları üzrə baş mühəndis kimi alman ordusu üçün aparılan tədqiqat işləri ilə əlaqədar fəaliyyətə başladı.

1953-cü ilin noyabrında İstanbul Texniki Universitetinə qayıdan Ərbakan 1954-cü ilin may ayından 1955-ci ilin oktyabr ayına qədər əsgərlik vəzifəsini yerinə yetirdi. İstanbul Kağıthanədəki 6 aylıq ehtiyat zabit təlimindən sonra Halıcıoğlundakı istehkam nəzarət bölüyündə 6 ay kiçik-leytenant, 6 ay da leytenant olaraq maşınlara nəzarət və təmir hissəsində xidmət etdi.

Xidmət müddətində hər il Amerikadan alınan təchizatın siyahısını hazırladı. Hazırladığı bu siyahı amerikan yardım heyətinin diqqətini cəlb etmiş və bir amerikalı polkovnik həmin siyahını hazırlayan şəxslə görüşmək istədiyini məktəbin komandiri Şərəf Özdiləyə bildirmişdir. Məktəbin komandiri də polkovniki Ərbakanın yanına gətirmiş və polkovnik: “Siz bu günə qədər Amerikadan yardım olaraq gizləmə toru, bel, külüng və s. kimi şeylər istədiyiniz halda bu il nəzarət bölüyü üçün iş maşınlarının təmir olunması əsnasında emal edilməsi lazım olan müxtəlif hissələrin emalı üçün dəzgahlar istəmisiniz. Necə olur ki, bu dəzgahları istəyirsiniz?” – şəklində danışınca Ərbakan amerikan ordusu quruluş təlimatnaməsini açaraq: “Bizim işi görən Amerikadakı həmin birliklərdə bu dəzgahlar var, bizdə nə üçün olmasın?” – deyə cavab verəndə amerikalı polkovnik artıq deməyə söz tapmamış və bir sözlə, dəzgahlar gəlmişdir.

Əsgərlik xidmətindən sonra təkrarən universitetdəki işinə qayıdan Nəcməddin Ərbakan İstanbul Texniki Universiteti Motorlar Laboratoriyasında 100 ədəd yerli ilk motoru düzəltdi və 1956-cı ildə Türkiyədə ilk yerli motoru davamlı halda emal edəcək 200 ortaqlı (şərikli) “Gümüş Motor” səhmdar cəmiyyətini qurdu. Ərbakanda belə bir fabrik qurma fikri Almaniyada işlədiyi vaxtlarda Türkiyə Aqrar Təchizat Təşkilatının sifariş verdiyi mühərrikləri görüncə oyanmışdı. Vətənə qayıtdıqdan sonra bu sahədə fəaliyyətə başladı. Bu gün “Pancar Motor” adı altında işləyən fabrikin təməli 1 iyul 1956-cı ildə qoyuldu. “Gümüş Motor” fabrikində isə iş prosesi 1 mart 1960-cı ildə başlamışdır.

O dövrün baş naziri rəhmətlik Adnan Menderes 1960-cı ilin əvvəllərində fabriki gəzərkən: “Mən fermerəm, bu motorlardan özüm istifadə etmişəm. Bunun qədər böyük bir addım olduğunu çox yaxşı bilirəm. Türkiyədə bunların icra edildiyini görmək, məni son dərəcə məmnun etmişdir. Kaş ki mən bu fabriki 1960- ildə deyil, 1950-ci ildə görəydim. O vaxt Sümərbankın bir çox fabriklərini özəl sektora satar, ondan aldığım pul ilə Türkiyədə ağır sənaye fabriklərini qurardım”, – deyərək hisslərini dilə gətirmişdir. Menderes həmçinin fabrikin ehtiyacı olan 1 300 000 dollarlıq valyutanı da bir gündə təxsis etdirmişdir.

“Gümüş Motor” fabriki, digər adı ilə “Pancar Motor” fabriki 1960-cı ildən bəri 40 ildən çox bir vaxtda Türkiyənin torpaqlarını sulayan, inşaat maşınlarını, kiçik traktorları, dəniz qayıqlarını və kiçik gəmiləri hərəkətə gətirən motor ehtiyacını təmin etmiş və həmçinin Suriya, İran, Pakistan və Sudan kimi qardaş ölkələrə motor ixrac etmişdir.

1960-cı ildə Ankarada keçirilən Sənaye Konqresində “Gümüş Motor”un emal etdiyi məhsulları təqdim edən Ərbakan: “Yeni məqsədimiz avtomobillərin Türkiyədə istehsal olunmasıdır”, – fikrini ortaya atmış, o zaman rəhbərlikdə olan hərbiçilər tərəfindən bu fikrə rəvac verilmişdir. Beləliklə, Əskişəhər Dəmiryollar CER emalatxanasında “İnqilab avtomobili” adı ilə ilk yerli avtomobil hazırlanmışdır. Hərbi rəhbərlik “Gümüş Motor” fabrikinə gələrək fabriklə daha yaxından tanış olmuş və orada gördükləri onlarda böyük maraq və həyəcan yaratmışdır. Buna görə Nəcməddin Ərbakan Milli Müdafiə Nazirliyinin konfrans salonunda 200-ə yaxın general və yüksək rütbəli zabitlər üçün “Sənaye konfransı” keçirmişdir. 1965-ci ildə professor olan Ərbakan 1966-cı ilin fevralında Palatalar Birliyi Sənaye Dairəsi Sədarətinə gətirildi. Daha sonra baş katib olan Ərbakan 1968-ci ilin mayında Palatalar Birliyi İdarə Heyəti üzvü, 1969-cu ilin mayında isə Palatalar Birliyinin sədri oldu. O zamankı Dəmirəl hökuməti hər cür qanuni hökmləri heçə sayaraq Ərbakanı polis gücü ilə vəzifəsindən uzaqlaşdırdı.

Nəcməddin Ərbakan Türkiyə Palatalar Birliyi Sənaye Dairəsi sədri olduğu zaman tanış olduğu, həmin qurumda işləyən, iqtisadçı, ingilis dilini mükəmməl, alman dilini kifayət qədər bilən, fransızca danışmağı bacaran, ölkəsində və dünyada baş verən hadisələri yaxından izləyən, yüksək əxlaqa və düşüncəyə malik, cazibədar bir xanım-xatın olan Nərmin Ərbakanla 1967-ci ilin yanvarında ailə həyatı qurmuşdur. 1967-ci ilin sonlarında böyük qızları Zeynəb, 1974-cü ilin oktyabrında Əlif və 1979-cu ildə yeganə oğulları Məhəmməd Fateh dünyaya gəlmişdir. 

Nəcməddin Ərbakan sənaye sahəsinə lazımi diqqət göstərilmədiyinə görə siyasətlə məşğul olmaq qərarına gəlmiş və deputatlığa namizəd olmaq üçün “Ədalət” Partiyasına müraciət etmişdir. Burada veto edilən Ərbakan 1969-cu il seçkilərində Konyadan müstəqil olaraq namizədliyini irəli sürmüş və iki deputatın seçilə biləcəyi qədər səs toplayaraq Məclisə üzv olmuşdur.

1970-ci il 24 yanvarda Ərbakan tərəfindən “Milli Görüş” hərəkatının qurulan ilk partiyası olan “Milli Nizam” Partiyası 1971-ci il aprel ayında çevriliş üsuli-idarəsinin də təzyiqi ilə antidemokratik bir şəkildə Konstitusiya Məhkəməsi tərəfindən bağlandı. Ərbakan bir qədər istirahət etmək və müalicə olunmaq üçün İsveçrəyə getdi və bir müddət orada qalmalı oldu.

Daha sonra 11 oktyabr 1972-ci ildə qurulan “Milli Səlamət” Partiyası (MSP), Süleyman Arif Əmrənin rəsmi rəyasətində, Ərbakan xocanın isə təbii liderliyi ilə iştirak etdiyi seçkilərdə, 12 səslə 48 deputat və 3 senator yeri qazanaraq 51 deputatla Məclisə daxil olub qrup yaratdı.

1974-cü ildə MSP-CHP koalisiyasında Baş Nazir köməkçisi və İqtisadi Qurum Sədarəti vəzifələrini öhdəsinə götürən Nəcməddin Ərbakan beləcə Türkiyənin maddi və mənəvi inkişafı yolundakı fəaliyyətini, demək olar ki, başlamış oldu.

1977-ci il 5 iyun seçkilərindən sonra qurulan 3 tərəfli koalisiyada da bu vəzifəni davam etdirən Ərbakan liderliyindəki MSP, beləcə cəmi 4 il müddətində hökumət ortağı oldu.

1974-1978-ci illər arasında qurulan 3 hökumət dövründə də Baş Nazir köməkçisi və Nazirliklərarası İqtisadi Qurum Sədarəti vəzifəsini icra edən professor Nəcməddin Ərbakan bu dövrdə Kipr Zəfərinin qazanılmasında böyük rol oynamış, Kipr Barış Hərəkatından sonra adanın hamısının ələ keçirilməsi fikrini müdafiə etmiş, böyük tarixi Ağır Sənaye Kampaniyasının həyata keçirilməsi və müvəffəqiyyətlə davam etməsinə rəhbərlik etmiş, Türkiyənin İslam Konfransına tam üzv olmasını təmin etmiş, yeni nəsillərin milli və mənəvi dəyərlərə bağlı olaraq yetişməsində böyük önəm daşıyan İmam-Xətib Məktəblərinin açılmasında və yayılmasında önəmli xidmətlər etmişdir.

Bu dövrdə rant iqtisadiyyatı[3] yerinə real iqtisadiyyatı tətbiq etmiş, milli qaynaqlara söykənərək Anadolunun bütünlüklə inkişafı və sənayeləşməsi istiqamətində müvəffəqiyyətli addımlar atmışdır. Türkiyənin iqtisadi inkişafını və güclənməsini özləri üçün uyğun görməyən xarici düşmənlərin təsiri ilə koalisiya ortağı “Ədalət” Partiyasından 11 şəxsin müxalifət partiyasına daxil olması və nazir qoyulmaları hadisəsi ilə TBMM-də iqtidarın çoxluğu qalmayınca bir müxalifət partiyasının lideri olaraq parlament çalışmalarında böyük təsir göstərmişdir.

1978-ci ilin əvvəlindən 1980-ci ilin 12 sentyabrına qədər müxalifətdə qalan və MSP-yə sədrlik edən Nəcməddin Ərbakan 12 sentyabr çevrilişinin gətirdiyi antidemokratik tətbiqat və yasaqlarla 1987-ci ilin sentyabrına qədər siyasətdən rəsmən uzaqlaşdırıldı.

1987-ci ilin sentyabrında keçirilən referendumda yenidən siyasi haqlarını əldə edən Ərbakan 1983-cü il 19 iyulda qurulan “Rifah” Partiyasının 1987-ci il 11 oktyabrda keçirilən tarixi qurultayında yekdilliklə təkrarən sədr vəzifəsinə təyin edildi. 1991-ci il 20 oktyabr seçkilərində yenidən deputat seçilən Ərbakan daha sonra bələdiyyələr inqilabını həyata keçirmiş və nəhayət, 1995-ci il ümumi seçkilərdə böyük bir müvəffəqiyyət qazanaraq “Rifah” Partiyasını birinci partiya məqamına gətirmişdir. Buna görə də 28 iyunda hökuməti qurma vəzifəsini alaraq 7 iyulda referendumla Türkiyənin Baş Naziri olmuşdur. Prof. Nəcməddin Ərbakan 54-cü T. R. Baş Naziri olaraq 1996-cı il 28 iyundan 1997-ci il 2 iyula qədər 1 illik hakimiyyət dövründə uğurlu addımlar atmışdır. Faiz və borc spiralları içərisində çıxılmaz bir vəziyyətə düşən türk iqtisadiyyatını 6 aylıq qısa bir müddət içərisində daxili və xarici borc almadan, qiymətləri artırmadan tamamilə milli qaynaq paketlərini hərəkətə gətirməklə düzəltmiş, Türkiyəni iqtisadi krizlərdən xilas etmiş, milli mənbələrdən istifadə yolu ilə dövlətə 30 milyard dollardan çox qaynaq yaratmışdır. Şirin reseptlərlə kəndli, fəhlə, məmur, tacir, təqaüdçü, dul və yetimlərə qısa zamanda görülməmiş orta rifah artımı gerçəkləşdirmişdir. Etdiyi müxtəlif islahatlar içərisində ictimai təşkilatlar arasında “Hovuz sistemi”nin qurulmasını da göstərmək olar.

Atdığı bu addımlarla iqtisadiyyatı gücləndirən Ərbakan 1997-ci il büdcəsini balanslaşdırılmış büdcə olaraq formalaşdırmağa müvəffəq olmuş və bu büdcəni yanvar və fevral aylarında balanslaşdırılmış büdcə olaraq idarə etmişdir. Xalqın dəstəyini alan bu çox əhəmiyyətli nailiyyətlərin yanında beynəlxalq sahədə də inkişaf etməkdə olan 8 ölkənin əməkdaşlığına liderlik edərək böyük bir cəhdlə bir il kimi qısa bir müddətdə D-8[4] təşəkkülünü meydana gətirməsi önəmli bir dünya hadisəsidir.

Xalqdan alınan vergilərin və milli imkanların haqsız bir rant iqtisadiyyatı ilə kiçik bir zümrəyə ötürülməsi, beləcə milyonların əzilməsi, fəqirləşməsi və milli iqtisadiyyatın təxribata uğraması siyasətinə son qoyan Prof. dok. Nəcməddin Ərbakanın müəyyən üsullardan istifadə etməsi və onu həyata keçirməsi rant iqtisadiyyatı ilə dolanan bir dəstə rantçı zümrənin xoşuna gəlməmiş, bu zümrə 1997-ci ilin yanvarından etibarən əlindəki mətbuat və sərmayə gücü ilə 54-cü hökumətin müvəffəqiyyətli addımlarına təsir etmək üçün müxtəlif yollara baş vurmuşdur. Müxtəlif təsirlərlə koalisiya ortağı “Doğru Yol” Partiyasının deputatlarının hökumətdən dəstəklərini çəkməyə məcbur edilməsi fəaliyyətləri qarşısında bir ilin sonunda bir dəyərləndirmə aparılmış, 550 şəxslik parlamentin RP+DYP+BBP-dan meydana gələn 278 nəfərlik deputatın imzası ilə məclisdə çoxluq olaraq ən qısa müddətdə yenidən seçkilərə gedilərək daha güclü şəkildə işləmək şərti ilə hazırlanmış Yenidən Böyük Türkiyə layihəsinin istiqrar və hüzur içində təmin olunmasına qərar verilmişdir.

Koalisiya Protokolunun tələbinə əsasən seçkiyə qədər baş nazirlik vəzifəsini icra etməli olan prof. dok. Nəcməddin Ərbakan bu vəzifəni dünyada bənzəri olmayan nümunəvi davranışı ilə DYP sədri prof. dok. Tansu Çillərə vermək istəmişdir. Prezident Süleyman Dəmirəlin daha öncə siyasi həyatı boyunca uğrunda mübarizə apardığı demokratik prinsipləri bir tərəfə qoyub yanlış bir yol tutaraq uğursuz vəzifə bölgüsü aparması, 1997-ci ilin iyulundan etibarən Türkiyəni 4 il boyunca xalqın maddi və mənəvi cəhətdən çətinliklər çəkdiyi bir dövrün içinə salmışdır.

Laiklik (sekularizm və dünyəvilik) və Atatürkçülük mübahisələri nəticəsində post-modern çevriliş ilə Ərbakan istefa vermək məcburiyyətində qaldı. 1997-ci il 21 mayda Ali Məhkəmə Respublika Baş Prokuroru Vural Savaş RP-nın bağlanması üçün Konstitusiya Məhkəməsinə müraciət etdi və partiya bağlandı. Qurucusu olduğu “Milli Görüş” hərəkatının 2001-ci ildə bölünməsindən sonra Ərbakanın da dəstəklədiyi Milli Görüşçü qanad Rəcai Kutan rəhbərliyindəki “Səadət” Partiyasını qurdu. Daha sonra partiyanın sədrliyini icra etdisə də, siyasi fəaliyyətinə yasaq qoyulduğu üçün işindən əl çəkməyə məcbur oldu. Cəzası qurtardıqda da səhhətində yaranan problemlərə görə yenidən vəzifəsinə qayıda bilmədi.

O, 2010-cu il 17 oktyabrda təkrarən “Səadət” Partiyasının sədri seçildi. Səhhətinin getdikcə pisləşməsinə baxmayaraq, vəfat etdiyi günədək qərargahları ilə əlaqə saxlamış, partiya və ölkədaxili məsələlər ilə bağlı görüşmələrinə davam etmişdir.

19 yanvar 2010-cu ildə ayağında yaranan damar iltihabı xəstəliyinə görə xəstəxananın reanimasiya şöbəsində bir müddət müalicə olunmuşdur. Sonra tənəffüs və ürək çatışmazlığından əziyyət çəkdiyinə görə Ankaradakı “Güvən” xəstəxanasının reanimasiya şöbəsində müalicə olunmasına baxmayaraq, tənəffüs çatışmazlığı baş verdiyi üçün ürək və digər orqanların da yaratdığı narahatlıqdan 27 fevral 2011-ci il saat 8:50-də şüurunu itirərək koma vəziyyətinə düşmüş, saat 11:40-da həkimlərin bütün səyinə və həyati funksiyalarının bərpa edilməsinə çalışmalarına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdır.

Vəsiyyətinə əsasən rəsmi dövlət mərasimi təşkil olunmamış və 1 mart 2011-ci il çərşənbə axşamı günü zöhr namazının ardınca “Fateh” camesində qılınan cənazə namazından sonra Zeytunburnu “Mərkəzəfəndi qəbiristanlığı”nda dəfn edilmişdir. Qəbrinə onu sevənlər tərəfindən Türkiyənin müxtəlif bölgələrindən gətirilən torpaqlarla bərabər Qüds, Şimali Kipr Türk Respublikası (ŞKTR), bosniyalı lider Aliya İzzətbeqoviçin qəbrindən gətirilən torpaqlar da səpilmişdir.

Cənazə mərasimində Prezident, Milli Məclisin sədri, Baş nazir, partiya sədrləri, nazirlər, deputatlar, TSQ (Türk Silahlı Qüvvələri) mənsubları, səfirlər, bələdiyyə sədrləri, müxtəlif partiyaların nümayəndələri, 60 ölkədən gələn hərəkat liderləri və təmsilçiləri iştirak etmiş, cənazə namazı iki milyondan çox şəxs tərəfindən qılınaraq, nəşi ailə qəbiristanlığının yerləşdiyi “Mərkəzəfəndi qəbiristanlığı”nda dəfn edilmişdir.

Məkanı Cənnət olsun! AMİN!

Azərbaycan “Milli Görüş-Sabiqun” hərəkatı


[1] Axen Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətində bir şəhərdir.

[2] Ruyr bölgəsi Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətində yerləşən, 5,3 milyon əhalisi olan və 4,435 kv.metr sahəsi ilə Almaniyanın ən böyük metropol yaşayış mərkəzidir.

[3] Haqsız qazanca dayanan iqtisadiyyat. Rant əziyyət çəkmədən, layiq olmadan qazanılan mülk, pul, yəni əməksiz qazanc deməkdir.

[4] Divelənmənt 8 – İnkişaf etməkdə olan 8 ölkə (Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir, Nigeriya)