QURBAN BAYRAMI HAQQINDA-6

f) Qurban kəsərkən hansı dua oxunmalıdır?

• Qurban kəsərkən dua oxumaq vacib deyildir, müstəhəbdir. Dua belədir:

وَجَّهْتُ وَجْهِيَ لِلَّذِى فَطَرَ السَّمَاوَاتِ وَ الأَرْضَ حَنِيفاً مُسْلِماً وَ مَا أَنَا مِنَ الْمُشْرِكِينَ إِنَّ صَلاَتِى وَ نُسُكِى وَ مَحْيَايَ وَ مَمَاتِى لِلهِ رَبِّ الْعالَمِينَ لاَ شَرِيكَ لَهُ وَ بذَٰلِكَ أُمِرْتُ وَ أَنَا مِنَ الْمُسْلِمِينَ أَللَّهُمَّ مِنْكَ وَ لَكَ بِسْمِ اللهِ وَ اللهُ أَكْبَرُ أَللَّهُمَّ تَقَبَّلْ مِنِّى

Transkripsiya: “Vəccəhtu vəchiyə lilləzi fətərəs-səmavati vəl-ərzə hənifən, muslimən. Və ma ənə minəl-muşrikin. İnnə səlati və nusuki və məhyayə və məmati lillahi Rəbbil-aləminə la şərikə ləhu və bizalikə umirtu və ənə minəl-muslimin. Əllahummə minkə və ləkə. Bismillahi vəllahu Əkbər. Əllahummə təqəbbəl minni”.

Tərcümə: “Mən hənif (haqqa meyil edən, batildən haqqa tapınan halda) və müslim olaraq, üzümü göyləri və yeri yoxdan Yaradana çevirdim. Və mən müşriklərdən deyiləm. Mənim namazım da, ibadətim də, həyatım da və ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur. Və mənə sadəcə bu əmr olundu. Və mən müsəlmanlardanam. Allahım, hər şey Səndəndir və hər şey Sənin mülkündür! Allahın adı ilə! Və Allah ən böyükdür. Allahım, bu qurbanı məndən qəbul et!”

• Əgər heyvanı kəsən başqa bir şəxsdirsə, qurban kəsən şəxs əlini onun əlinin üzərinə qoymalı və yuxarıdakı duanı oxumalıdır.

• Əgər qurbanı özü və əhli-əyalı üçün kəssə, “Əllahummə təqəbbəl minni!” duasının yerinə “Əllahummə təqəbbəl minni və əhli-bəyti!” (“Allahım, məndən və əhli-əyalımdan qəbul et!”) duasını oxumalıdır.

• Əgər qurbanı vəfat etmiş şəxsin yerinə kəssə, “Əllahummə təqəbbəl minni!” duasının yerinə “Haza ən fulanin. (“Fulanin” sözünün yerinə vəfat etmiş şəxsin adı deyilir.) Əllahummə, təqəbbəl minhu!” (“Bu filankəsin (Meyitin adı deyilir.) yerinə kəsilən qurbandır. Allahım ondan qəbul et!”) duası oxunmalıdır.

g) Qurban əti necə paylanmalıdır?

 • Qurbanlıq olaraq kəsilmiş heyvan üç hissəyə bölünməli, bir hissəsi sədəqə olaraq fəqir möminlərə, bir hissəsi hədiyyə olaraq zəngin olsalar belə, möminlərə və qonşulara verilməli, qalan üçdə biri isə qurban kəsən şəxsin özü və ailəsi tərəfindən yeyilməlidir.

• Qurban ətindən kafirə də – istər zimmi kafir olsun, istərsə də hərbi kafir[1] – vermək icazəlidir.

ğ) Qurbanla əlaqədar müxtəlif hökmlər;

• Qurbanı bayram günü (10 zilhiccə) kəsmək müstəhəb ehtiyatdır. Kəsim işinin zilhiccə ayının 11-ci və 12-ci günlərində də həyata keçirilməsi mümkündür.

• Qurbanlıq heyvanı zilhiccə ayının on günündə almaq müstəhəb ehtiyatdır (daha fəzilətlidir).

• Qurbanlıq heyvanların evdə böyüdülüb kökəldilmiş heyvanlardan olması məkruhdur.

• Qurbanlıq heyvanı insanın özünün kəsməsi müstəhəbdir. Əgər kəsə bilməsə, əlini qəssabın əlinin üzərinə qoymalı və kəsim işində ona kömək etməlidir.

• Heyvanın dərisini, başını və bütün halal üzvlərini sədəqə olaraq vermək müstəhəbdir. Onlardan qurban kəsən şəxsin özü istifadə etməməli və onları qəssaba və heyvanı kəsən şəxsə muzd olaraq verməməlidir. Lakin qəssab miskin olarsa, həmin hissələri qəssaba sədəqə olaraq verə bilər.

• Hədisdə bildirilir ki, qurbanlıq heyvanın dərisini dabbağ etmək və o dərinin üzərində namaz qılmaq və oturmaq mümkündür.

• Əgər insan qurban kəsmək üçün bir heyvan tapa bilməsə, onun qiymətinə bərabər sədəqə verməsi müstəhəbdir. Əgər qiymətlər müxtəlif olsa, bazarda ən aşağı adi qiyməti ödəmək kifayətdir.

• Əgər özü və əhli-əyalı üçün bir baş heyvan kəssə, kifayətdir. Bir baş özü üçün və digərini də əhli-əyalı üçün kəsməsi müstəhəb ehtiyatdır (daha fəzilətlidir). Əhli-əyalının sayı qədər heyvan kəsdikdə, onun savabı daha çox olar.

• Atasının, anasının, övladlarının və vəfat etmiş şəxslərinin əvəzinə qurbanlıq heyvan kəsməsi gözəldir. Zahir budur ki, Peyğəmbər (s) və hidayət imamlarının əvəzinə də qurban kəsmək gözəldir.

• Rəvayət olunmuşdur ki, Peyğəmbər (s) qurbanlıq olaraq iki qoyun kəsərdi. Birincini kəsdikdə belə deyərdi: “Allahım, bunu öz yerimə və Əhli-Beytimdən qurban kəsə bilməyənlərin əvəzinə kəsirəm!” İkincini kəsdikdə isə belə deyərdi: “Allahım, bunu öz yerimə və ümmətimdən qurban kəsə bilməyənlərin əvəzinə kəsirəm!”

İmam Əli əleyhissəlam da hər il iki qoyun kəsər və birincini kəsərkən belə deyərdi: “Allahım, bunu Peyğəmbərinin yerinə kəsirəm!” Sonra ikincini öz yerinə kəsərdi.

• Əgər bir dəstə insanın hər biri özü üçün qurban kəsə bilməsə, yeddi nəfərə qədər, hətta yetmiş nəfərə qədər hamısının qurbanlıq heyvanı müştərək kəsməsi mümkündür. Yəni bir heyvanı təkbaşına kəsmək mümkün deyildirsə, yeddi, hətta yetmiş müsəlman o heyvanı ortaq alıb kəsə bilər.

• Bayram namazından sonra qurban ətindən iftar etmək müstəhəbdir (yəni qurban ətindən yeyincəyə qədər bir şey yeyib içməmək və namazdan sonra qurban ətindən yemək müstəhəbdir). Çünki Peyğəmbərimiz belə etmişdir.

Tərtibatçı: Xəyyam Qurbanzadə   


[1] Zimmi kafir deyildikdə İslam ölkələrində əhli-zimmənin məxsus şərtləri ilə İslam hökumətinin pənahında yaşayan kitab əhli (yəhudilər və xristianlar) nəzərdə tutulur. Hərbi kafir deyildikdə isə kitab əhli olmayan kafirlər və İslam hökumətinin himayəsinə girməmiş, yaxud himayə olunmaqdan boyun qaçırmış kitab əhli nəzərdə tutulur.

Bir şərh yazın