QURBAN BAYRAMI HAQQINDA-4

10. Qurban kəsmək;

Lüğətdə “yaxınlaşmaq” mənasını verən qurban sözü dini termin olaraq “Qurban bayramı günündə ibadət niyyəti ilə müəyyən heyvanlardan birini Allah rizası üçün (Allaha yaxınlaşmaq üçün) kəsmək” mənasını verir. Buna ərəb dilində udhiyyə də deyilir. Hz. İbrahimin, Hz. İsmailin və Hz. Hacər anamızın Allaha mütləq təslimiyyətini xatırlayaraq qurban kəsmək Allah-Taalaya yaxınlaşma vəsiləsidir.

Əvvəla, bilmək lazımdır ki, İslam dinində ibadət niyyəti ilə kəsilən müxtəlif qurban növləri vardır və onlar aşağıdakılardan ibarətdir:

1. Qiran və təməttö’ həccini yerinə yetirənlərin kəsdikləri qurban; buna “hədy” deyilir.

2. Ehram halında yerinə yetirilən bəzi əməllərin kəffarəsi olaraq kəsilməsi vacib olan cəza və kəffarə qurbanı;

3. Nəzir qurbanı;

4. Əqiqə qurbanı;

5. Qurban bayramı günündə (zilhiccə ayının 10-da) kəsilən qurban. Bu qurban növünə “udhiyyə” deyilir. Bu ibadət (yəni udhiyyə) hicrətin 2-ci ilində yerinə yetirilməyə başlamış və Hz. Peyğəmbər (s) də vəfatına qədər on il davamlı olaraq qurban (udhiyyə) kəsmişdir.

Bütün bu qurban növlərinin müştərək və fərqli hökmləri vardır.

Qurban ibadətinin tarixi çox qədimdir. Bütün səmavi dinlərdə qurban kəsmək insanı Allaha mənən yaxınlaşdıran bir ibadət sayılmışdır. “Həcc” surəsinin 34-cü ayəsində belə buyurulur:

وَ لِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنْسَكًا لِيَذْكُرُوا اسْمَ اللَّهِ عَلَىٰ مَا رَزَقَهُمْ مِنْ بَهِيمَةِ الْأَنْعَامِ فَإلَـٰهُكُم إِلَـٰهٌ وَاحِدٌ فَلَهُ أَسْلِمُوا وَبَشِّرِ الْمُخْبِتِينَ 

“Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dörayaqlı heyvanların üstündə Allahın adını çəksinlər. Sizin İlahınız tək olan İlahdır. Elə isə Ona təslim olun. (Ya Mühəmməd!) Müti və təvazökar bəndələrə müjdə ver!”

Hz. Adəmin iki oğlunun Allah rizasına nail olmaq üçün qurban təqdim etmə hadisəsinin də Quranda xəbər verilməsi bu işin nə qədər keçmişə dayandığını göstərir. Mövzu ilə əlaqədar ayədə buyurulur:

وَ اتْلُ عَلَيْهِمْ نَبَأَ ابْنَيْ آدَمَ بِالْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِنْ أَحَدِهِمَا وَ لَمْ يُتَقَبَّلْ مِنَ الْآخَرِ قَالَ لَأَقْتُلَنَّكَ قَالَ إِنَّمَا يَتَقَبَّلُ اللَّهُ مِنَ الْمُتَّقِينَ 

“Onlara Adəmin iki oğlunun xəbərini həqiqət olaraq oxu. Onlar qurban təqdim etdikləri zaman onların birindən qəbul edildi və digərindən isə qəbul edilmədi. (Qurbanı qəbul olmayan qardaş) dedi: “Səni mütləq öldürəcəyəm!” (Qardaşı da ona belə) dedi: “Allah yalnız müttəqilərdən (təqva sahiblərindən) qəbul edər!””[1]

İslam dinindəki qurban ibadətinin Hz. İbrahim və Hz. İsmail ilə yaxın əlaqəsi vardır. Bu barədə Quran-kərimdə buyurulur:

رَبِّ هَبْ لِى مِنَ الصَّالِحِينَ ﴿۱۰۰﴾ فَبَشَّرْنَاهُ بِغُلَامٍ حَلِيمٍ ﴿۱۰۱﴾ فَلَمَّا بَلَغَ مَعَهُ السَّعْيَ قَالَ يَا بُنَيَّ إِنِّى أَرَىٰ فِى الْمَنَامِ أَنِّى أَذْبَحُكَ فَانْظُرْ مَاذَا تَرَىٰ قَالَ يَا أَبَتِ افْعَلْ مَا تُؤْمَرُ سَتَجِدُنِى إِنْ شَاءَ اللَّهُ مِنَ الصَّابِرِينَ ﴿۱۰۲﴾ فَلَمَّا أَسْلَمَا وَ تَلَّهُ لِلْجَبِينِ ﴿۱۰۳﴾ وَ نَادَيْنَاهُ أَنْ يَا إِبْرَاهِيمُ ﴿۱۰۴﴾ قَدْ صَدَّقْتَ الرُّؤْيَا إِنَّا كَذَلِكَ نَجْزِى الْمُحْسِنِينَ ﴿۱۰۵﴾ إِنَّ هٰذَا لَهُوَ الْبَلاَءُ الْمُبِينُ ﴿۱۰۶﴾ وَفَدَيْنَاهُ بِذِبْحٍ عَظِيمٍ ﴿۱۰۷﴾ وَ تَرَكْنَا عَلَيْهِ فِى الْآخِرِينَ ﴿۱۰۸﴾ سَلاَمٌ  عَلىٰ إِبْرَاهِيمَ ﴿۱۰۹﴾ كَذَلِكَ نَجْزِى الْمُحْسِنِينَ ﴿۱۱۰﴾ إِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ 

“(İbrahim) dedi: “Ey Rəbbim, mənə salehlərdən olacaq (bir övlad) bəxş et!” Biz də ona həlim xasiyyətli bir oğlan uşağı ilə müjdə verdik. O (yəni İbrahimə müjdə verilən həlim xasiyyətli həmin uşaq) böyüyüb (atası ilə) bərabər çalışma həddinə çatdıqda (İbrahim ona) dedi: “Oğlum, yuxuda görürəm ki, səni qurban kəsirəm, bax gör nə fikirləşirsən!” O dedi: “Atacan, sənə nə əmr olunursa, onu da et! İnşallah mənim səbrlilərdən olduğumu görəcəksən”. Hər ikisi (Allahın əmrinə) təslim olduğu və onu gicgahı üstə yerə yıxdığı zaman Biz ona belə xitab etdik: “Ey İbrahim, sən artıq yuxunu təsdiq etdin!” Biz muhsinləri (gözəl əməl sahiblərini) belə mükafatlandırırıq. Həqiqətən, bu, açıq-aşkar imtahandır. Biz fidyə olaraq ona böyük bir qurbanlıq verdik. Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq. Salam olsun İbrahimə! Həqiqətən, Biz möhsünləri (gözəl əməl sahiblərini) belə mükafatlandırırıq. Həqiqətən, o, Bizim mömin qullarımızdandır!”[2]

a) Qurban kəsməyin hikmət və faydaları;

Qurban kəsmək istər fərdi, istərsə də ictimai baxımdan müxtəlif faydaları olan malla yerinə yetirilən bir ibadətdir. Qurban kəsən şəxs Allahın əmrinə boyun əyir və qulluq şüurunu qoruduğunu canlı bir şəkildə ortaya qoyur. Möminlər hər dəfə qurban kəsdikdə Hz. İbrahim ilə oğlu Hz. İsmailin uca Allahın əmrinə mütləq itaət məsələsində imtahandan çıxdıqlarının xatirəsini təzələyir və özlərinin də oxşar bir itaətə hazır olduqlarını simvolik davranışla göstərmiş olurlar.

Bunu bir qədər izah edək. Allah bütün insanların bütün məsələlərdə təslim olmalarını istəyir. Bəzi işlərdə başa düşsələr də, başa düşməsələr də təslim olmalarını istəyir. İnsan içkinin haram olmasının səbəbini başa düşməyə bilər, amma təslim olması lazımdır. Həmçinin bir qadın Allahın ona örtünməyi əmr etməsinin səbəbini başa düşməyə bilər və ya bu hökmün yanlış olduğunu düşünə bilər. Lakin Rəbbim əmr edir, – deyib buyurulduğu şəkildə örtünməsi lazımdır. Təslimiyyət budur.

Bəzi insanların belə dediyini eşidirik: “Dinin bütün əmrlərini başa düşürəm, lakin ribanın (faizin) haram edildiyini başa düşə bilmirəm”. Lakin biz başa düşməsək də, Allah bizdən təslim olmağımızı istəyir. Bizə nümunə və örnək göstərir ki, təslim olmağı öyrənək. İman da bundan ibarətdir.

Rəbbi İbrahimə “Təslim ol!” – dedi. O da “Mən aləmlərin Rəbbinə təslim oldum!” – dedi[3]. Allah İbrahimi nə ilə imtahan etdisə, bütün imtahanlardan çıxdı. Allah təslimiyyətin simvolu olan İbrahimə (ə) bir röya göstərdi. Dedi ki, oğlum, yuxuda görürəm ki, səni qurban kəsirəm. Peyğəmbərlərin yuxusu bizim yuxularımıza bənzəmir. Onların röyası vəhydir. Ona görə də röyada əmr ediləni yerinə yetirmək onlara vacibdir.

Oğlu İsmailə bax gör nə fikirləşirsən, – dedi. Bir ata bunu övladına deyərkən hansı hissləri keçirmişdir? Bunu düşünmək lazımdır. Özümüzü İbrahim əleyhissəlamın yerinə qoymalıyıq. İllərlə gözləmiş, Rəbbim, mənə saleh bir övlad ver, – deyə dua etmiş və bu duasının nəticəsində Allah ona bir övlad nəsib etmişdir. 80-90 yaşlarında baba olacağı bir yaşda ikən ata olmuşdur. İndi də Allah ona oğlunu kəsəcəksən, – deyə əmr verir. Bir ata bunu övladına necə deyə bilər?

Quran bu səbəbdən davamlı olaraq bizə İbrahim əleyhissəlamı Allahın necə imtahan etdiyini və o imtahanlardan necə çıxdığını bəyan edir. Övladı da onun kimidir. “Atacan, sənə nə əmr olunursa, onu da et! İnşallah mənim səbrlilərdən olduğumu görəcəksən”, – deyir. Bunu demək Hz. İbrahim üçün nə qədər çətindirsə, Hz. İsmail üçün də o qədər çətindir. “Bunu sənə Rəbbinmi əmr edir?”, “Bəli! Bunu mənə Rəbbim əmr edir”. “Elə isə Onun dediyini həyata keçir, atacan”. Bu şəkildə ikisi də Allaha təslim olub öz vəzifələrini həyata keçirdilər. Hz. İbrahim bıçağı əlinə almış, İsmail (ə) də yerə yatıb gözləyirdi. Allahın məqsədi yalnız onlara təslim olmağı öyrətmək idi. Onlar Allaha təslim olmalı və təslimiyyətin nümunəsi olmalı idilər.

Həqiqi iman insana təslimiyyət duyğusu verir. Həqiqi imana sahib olmayan şəxsdə təslimiyyət duyğusu olmaz. İnsanda təslimiyyət vardırsa, onun həqiqi imana sahib olduğu deyilə bilər. Eynilə Hz. İbrahim (ə) və Hz. İsmaildə olduğu kimi. Əlbəttə ki, övlad sevgisi Allahdandır, fitridir. Lakin şər’i vəzifələri yerinə yetirməyə mane olacaq qədər yüksək səviyyədə bir övlad və ya həyat yoldaşı sevgisi Allahdan deyil, nəfsdəndir. Allah bu sevgini normal səviyyəyə endirmək istəyir. Buna görə də Qurban bayramında qurbanlıq heyvanlarımızı kəsərkən Hz. İbrahimi xatırlamalıyıq. İsmaili kəsmək deyildikdə insanın sevdiyi şeyləri Allah uğrunda fəda etməsi, Allah uğrunda haram şəhvətlərini kəsməsi və öz iradəsini tərk edib Allahın iradəsinə təslim olması nəzərdə tutulur. Məsələyə bu şəkildə baxmayan müsəlmanlar həqiqi qurban kəsimini həyata keçirə bilməzlər. Hər kəsin bir İsmaili vardır. Bəzilərinin İsmaili həyat yoldaşı, bəzilərinin İsmaili övladları, bəzilərinin İsmaili isə malı və ya məqamı, yəni dünyada ən çox sevdikləri şeylərdir. Qurban kəsərkən hər bir kəs öz İsmailini fəda etmə niyyəti ilə kəsməlidir.

Yuxarıda qeyd etdiyimiz kimi qurban sözü “yaxınlaşmaq” mənasını verir. Yəni Allaha yaxınlaşmaq. İnsan bir heyvan kəsərək necə olur ki, Allaha yaxınlaşa bilir? Əslində Allah burada bizə belə bir mesaj vermək istəyir; İbrahim (ə) Allaha itaət edərək İsmailini kəsməyə hazır olduğu üçün Allaha yaxınlaşmışdı, qoyunu kəsdiyi üçün yox! Qoyunu hər bir şəxs kəsə bilər, lakin, həqiqətən, qurban kəsmiş şəxslər lazım gələrsə, sevdiklərini Allah yolunda tərk etməyi bacaran şəxslərdir. Qurban kəsən şəxslər bunları xatırlamalı, İbrahimi (ə) və İsmaili (ə), Allahın əmri qarşısında təslimiyyət nümayiş etdirən Hacər anamızı xatırlamalıdırlar. Bilmək lazımdır ki, qurban kəsərkən yalnız fiqhi şərtləri yerinə yetirənlər yox, lazım gələrsə, sevdiklərini Allah yolunda tərk etməklə təslimiyyət göstərməyi bacaranlar Allahın mədhinə nail ola bilərlər. Deməli, qurban kəsməyin əsas hikməti və faydası budur ki, biz hər dəfə qurban kəsdikdə Hz. İbrahim ilə oğlu Hz. İsmailin və həyat yoldaşı Hz. Hacərin uca Allahın əmrinə mütləq itaət məsələsində imtahandan çıxdıqlarının xatirəsini təzələyək və özümüzün də oxşar bir itaətə hazır olduğumuzu simvolik davranışla göstərmiş olaq.

Qurban kəsməyin başqa bir hikməti və faydası budur ki, qurban kəsmək cəmiyyətdə qardaşlıq, yardımlaşma və həmrəylik ruhunu canlı saxlayır, ictimai ədalətin bərqərar olmasına yardımçı olur. Ələlxüsus, ət alma imkanı heç olmayan və ya çox məhdud olan yoxsulların olduğu şəraitdə onun bu rolunu daha aydın şəkildə görmək mümkündür. Zənginə malını Allah rizası, yardımlaşma və başqaları ilə paylaşma yolunda xərcləmə zövqü və vərdişi verir, onu xəsislik xəstəliyindən və dünya malına məftun olmaqdan xilas edir. Fəqirin də varlı qullar vasitəsilə Allaha şükr etməsinə, dünya nemətinin yer üzündəki bölüşdürülməsi mövzusunda özünü bədbinlik və düşmənçilikdən xilas etməsinə və özünü cəmiyyətin bir üzvü olaraq hiss etməsinə səbəb olur.

b) Qurban kəsərkən gözəl niyyət və ixlas əsasdır;

Allahın razılığını qazanmaq üçün yerinə yetirilən hər bir işdə gözəl niyyət əsasdır. Qurban kəsməkdə də belədir; gözəl niyyət və ixlas əsasdır. Quran-kərimdə bu barədə buyurulur:

لَنْ يَنَالَ اللَّهَ لُحُومُهَا وَلاَ دِمَاؤُهَا وَ لَكِنْ يَنَالُهُ التَّقْوَىٰ مِنْكُمْ

“Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz, Allaha çatacaq olan yalnız sizin təqvanızdır. …”[4] Ümumiyyətlə, Allah yalnız müttəqilərin (təqva sahiblərinin) ibadətlərini qəbul edir. “Maidə” surəsinin yuxarıda qeyd etdiyimiz 27-ci ayəsi bu mövzunu bir nümunə göstərərək açıqlayır.

Göründüyü kimi, qurban kəsənlərdən birinin qurbanı gözəl niyyətinə və Allahın yasaq etdiyi işlərdən qorunduğuna görə qəbul edilmiş, digəri çirkin niyyətə sahib olduğuna və günahkar olduğuna görə onun qurbanı qəbul edilməmişdir.

Peyğəmbərimiz (s) də bu mövzuda belə buyurmuşdur: “Əməllərin qiyməti yalnız niyyətlərə görədir. Hər bir kəs gördüyü işin qarşılığını niyyətinə görə alır. …”[5]

İmam Sadiq (ə)

لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلاً

“… Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün …”[6] ayəsi haqqında buyurdu: “Yəni daha çox əməl edəcəyinizi yox, daha dürüst əməl edəcəyinizi …” Həqiqətən, Allahdan qorxmaq, sədaqətli və gözəl niyyət sahibi olmaq dürüst və səmimi olmaq deməkdir. İşi səmimi və ixlaslı olaraq yerinə yetirmək işin özündən də çətindir. Gördüyün hər hansı işin mükafatını yalnız Allahdan istəsən, həmin iş xalis və səmimi bir iş məqamına yüksələr. Niyyət işdən fəzilətlidir. Bil ki, həqiqətən, niyyət işin özüdür”. Sonra İmam Sadiq (ə) aşağıdakı ayəni oxudu:

قُلْ كُلٌّ يَعْمَلُ عَلَىٰ شَاكِلَتِهِ

“De: “Hər bir şəxs öz məsləyi, yəni niyyəti əsasında iş görər. …””[7]

c) Qurban kəsmək şəriətə görə icazə verilən bir ibadətdir;

Qurban kəsmək bir adət və ənənə deyildir, məşruiyyəti (şəriətə uyğun olması) Kitab və Sünnə ilə sübuta yetmiş bir ibadətdir. Qeyd etdiyimiz kimi, qurban kəsmək hicrətin ikinci ilindən etibarən yerinə yetirilməyə başlamışdır.

Quran-kərimdə belə buyurulur:

وَ الْبُدْنَ جَعَلْنَاهَا لَكُمْ مِنْ شَعَائِرِ اللَّهِ لَكُمْ فِيهَا خَيْرٌ فَاذْكُرُوا اسْمَ اللَّهِ عَلَيْهَا صَوَافَّ فَإِذَا وَجَبَتْ جُنُوبُهَا فَكُلُوا مِنْهَا وَ أَطْعِمُوا الْقَانِعَ وَ الْمُعْتَرَّ كَذَلِكَ سَخَّرْنَاهَا لَكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ 

“Biz qurbanlıq dəvələri də sizin üçün Allahın əlamətlərindən qərar verdik. Onlarda sizin üçün xeyir vardır. Sıraya düzüldükləri halda üstlərində Allahın adını çəkin. Onlar böyrü üstə düşüb canları çıxdığı zaman ətindən özünüz də yeyin, əl açmayana və dilənçiyə də yedirdin. Onları sizə belə ram etdik ki, bəlkə, şükr edəsiniz!”[8]

 Hz. Aişədən nəql edildiyinə görə Allah Rəsulu (s) belə buyurmuşdur: “Adəm oğlu Qurban bayramı günü Allah nəzdində qurban kəsməkdən daha sevimli bir iş görməmişdir. Həqiqətən, o kəsilən qurban qiyamət günü buynuzları, tükləri və dırnaqları ilə (savab olaraq) gələcək. Həqiqətən, kəsilən qurbanın qanı yerə düşmədən Allah tərəfindən qəbul edilər. Buna görə də könlünüzü qurbanla xoş edin!”[9]

Peyğəmbərimiz qurban kəsməyi tövsiyə etməklə yanaşı şəxsən özü qurban kəsməklə müsəlmanlara nümunə olmuşdur. Ənəs (r. ə.) belə demişdir: “Allah Rəsulu (s) ağ rəngli iki qoç qurban kəsərdi”[10].

ç) Qurban kəsməyin şər’i hökmü;

Əhli-sünnədən olan müctəhidlər qurban kəsməyin hökmü haqqında fərqli ictihadlar ortaya qoymuşlar. İmami-Ə’zəm Əbuhənifəyə görə qurban kəsmək vacibdir. Ona görə, bu hökmün dəlili aşağıdakılardan ibarətdir:

1. Quran-kərimdə Allah-Taala belə buyurur:

فَصَلِّ لِرَبِّكَ وَ انْحَرْ 

“Rəbbin üçün namaz qıl və qurban kəs!”[11]

Ayədə qurban kəsməyi tələb edən qəti bir əmr ifadəsi yer almışdır.

2. Vacib hökmünün başqa bir dəlili Peyğəmbərdən (s) nəql olunan hədisdə yer alan vəiddir (qorxutmadır). Hədisdə buyurulur: “Gücü (yəni infaq etmə gücü) olduğu bir halda qurban kəsməyən şəxs bizim namazgahımıza (müsəllamıza) yaxınlaşmasın!”[12]

Belə bir qorxutmadan yalnız vacib olan bir əməlin tərk edilməsi üçün istifadə edilir. Yəni İmami-Ə’zəm demək istəyir ki, qurban kəsmək vacib olmasaydı, Peyğəmbərimiz (s) onu tərk edən şəxsi bu şəkildə təhdid etməzdi.

Lakin maliki, şafii və hənbəli məzhəblərinə görə, həmçinin hənəfilərdən İmam Əbuyusifə görə isə qurban kəsmək vacib deyildir, sünnəti-müəkkədədir[13].

Qurban kəsməyin sünnə olduğunu deyənlərin də əsaslandığı dəlillər vardır. Ətraflı məlumat almaq istəyənlər fiqh kitablarına müraciət edə bilərlər.

Şiə məzhəbinə görə, Qurban bayramı günündə imkanlı şəxslərin qurban (udhiyyə) kəsməsi vacib deyildir, müstəhəbbi-müəkkəddir.

d) Hansı heyvanlardan qurban kəsilməlidir?

• Qurbanlıq heyvan gərək qoyun, ya keçi, ya öküz, ya da dəvə olsun. Bunlardan başqa heyvanların, məsələn atın, yaxud ceyranın qurban kəsilməsi düzgün deyildir.

• Əgər qurbanlıq dəvə olsa, 5 yaşar olmalıdır, yəni 5 yaşı tamam olub, 6-cı ilə daxil olmuş dəvə olmalıdır. Kəsilən dəvənin dişi olması müstəhəbdir.

• Əgər qurbanlıq keçi və ya öküz olsa, 2 yaşar olmalıdır, yəni 2 yaşını tamamlayıb 3-cü ilə daxil olmuş heyvan olmalıdır. Kəsilən heyvanın keçidirsə, erkək olması, öküzdürsə, dişi olması müstəhəbdir.

• Əgər qurbanlıq qoyun olsa, 1 yaşar olmalıdır, yəni 2-ci ilə daxil olmuş heyvan olmalıdır. Qoyunun erkək olması müstəhəbdir.

• Dəvənin qurban kəsilməsi daha fəzilətlidir (müstəhəb ehtiyatdır). Ondan sonra öküzün kəsilməsi daha fəzilətlidir.

e) Qurbanlıq heyvanda hansı xüsusiyyətlər olmalıdır?

Müstəhəb qurbanlıqda heyvanda aşağıdakı xüsusiyyətlərin olması müstəhəb ehtiyatdır:

1. Kəsilən heyvan müstəhəb ehtiyata əsasən sağlam olmalıdır; yəni qoturluq tutmuş və keçəl heyvan olmamalıdır.

2. Kəsilən heyvan çox qoca olmamalıdır;

3. Heyvan arıq olmamalıdır; hətta heyvanın kök olmasının aşkar görünməsi, yəni köklük və arıqlıqda miyanə (orta) olması müstəhəbdir.

4. Heyvanın xilqəti tam olmalıdır. Yəni əzaları kamil olmalıdır. Buna görə də müstəhəb ehtiyatdır ki, axtalanmış (xayaları və yumurtaları çıxarılmış), quyruğu və qulağı kəsilmiş, daxili buynuzu sınıq, qulaqsız, buynuzsuz, çolaq, kor və başqa naqis xüsusiyyətlərə malik olan heyvan qurban kəsilməsin. Deməli, müstəhəb qurbanlıqda (yəni udhiyyədə) kor, çolaq, quyruğu və qulağı kəsilmiş, buynuzu sınmış, axtalanmış və arıq heyvanı qurban kəsmək olar.

Tərtibatçı: Xəyyam Qurbanzadə


[1] “Maidə”, 27  

[2] “Saffat”, 102-111

[3] “Bəqərə”, 131

[4] “Həcc”, 37

[5] “əl-Camius-səhih”, Bəd’ül-vəhy 1, Mühəmməd ibn İsmail Buxari

[6] “Mülk”, 2

[7] “İsra”, 84, “Kafi”, Babul-ixlas, h. 4     

[8] “Həcc 36

[9] “Sünən”, Ədahi 1, Timizi

[10] “Sünən”, Kitabul-ədahi 1, İbn Macə

[11] “Kövsər 2”

[12] “Sünən”, Ədahi 2, İbn Macə

[13] Əhli-sünnəyə görə, Peyğəmbərin davamlı olaraq yerinə yetirdiyi, çox az tərk etdiyi işlər. Sübh, zöhr və məğrib namazlarının sünnətləri ilə işa namazının son sünnəti kimi. İslami bir şüar (əlamət) olan azan, namazın camaatla qılınması kimi sünnətlər də vacib dərəcəsində bir ibadət olub sünnəti-müəkkədə (qüvvətli sünnə) hesab olunur.

Bir şərh yazın