
MÜŞTƏRƏK TƏ’QİBLƏR
Müştərək tə’qiblər deyildikdə hər bir namazdan sonra yerinə yetirilən ümumi tə’qiblər nəzərdə tutulur. Əvvəl əsas müştərək tə’qibləri sizin nəzərinizə çatdırırıq:
1. Namazın salamından sonra əlləri iki qulağın, yaxud üzün, yaxud da boğazın müqabilinə qaldıraraq üç dəfə təkbir demək;
Müfəzzəl ibn Ömər deyir: “İmam Sadiqdən soruşdum: “Hansı səbəbə görə namaz qılan şəxs salamdan sonra üç təkbir deyir?” İmam belə cavab verdi: “Həqiqətən, Rəsulullah (s) Məkkəni fəth etdikdə əshabəsi ilə Həcərüləsvədin yanında zöhr namazını qıldı. Namazın salamını dedikdən sonra əllərini yuxarı qaldırdı və üç dəfə təkbir dedi. Və sonra dedi: “Allahdan başqa ilah yoxdur, O təkdir! Öz vədini həyata keçirdi, Öz bəndəsinə kömək etdi, Öz ordusunu gücləndirdi, əhzaba (dəstələrə) təkbaşına qalib gəldi. Mülk və həmd Ona məxsusdur! Həyat verir və öldürür! O, hər şeyə Qadirdir!” Sonra üzünü əshabəsinə doğru çevirdi və dedi: “Bu təkbirləri və sözləri heç vaxt tərk etməyin! Kim namazın salamından sonra bu təkbirləri və sözləri deyərsə, İslamı və onun ordusunu qüvvətləndirdiyinə görə Allah-Taalaya olan vacib şükrü əda etmiş olar!”[1]
2. Fatimeyi-Zəhranın – Allahın salamı ona olsun! – təsbihini demək; o təsbih 34 dəfə “Əllahu Əkbər”, sonra 33 dəfə “Əlhəmdülillah”, sonra 33 dəfə “Sübhanəllah” və bir dəfə “La ilahə illəllah” deməkdən ibarətdir.
Həzrət Fatimeyi-Zəhranın təsbihinin deyilməsi tə’qibdə deyilməsə də, özlüyündə müstəhəbdir. Bəli, tə’qibdə deyilməsi müstəhəbbi-müəkkəddir.
Yatmaq istədikdə pis yuxunu uzaqlaşdırmaq üçün də deyilir.
Həmin təsbihi deyərək tə’qiblə məşğul olmaq vacib namazlara məxsus deyildir, hər bir namazdan sonra onun deyilməsi müstəhəbdir[2].
İmam Sadiq (ə) buyurmuşdur: “Kim vacib namazdan sonra ayağa qalxmadan Həzrət Fatimənin təsbihi ilə Allahı təsbih edərsə, Allah onu bağışlayar! Təsbihi “Əllahu Əkbər” cümləsi ilə başlamalıdır”[3].
İmam Sadiq (ə) Əbuharun əl-Məkfufa belə dedi: “Ey Əbuharun, biz uşaqlarımıza namaz qılmağı əmr etdiyimiz kimi Həzrət Zəhranın (ə) təsbihini deməyi də əmr edirik. Sən də həmişə bu təsbihi de! Çünki kim o təsbihi deyərsə, bədbəxt olmaz!”[4]
İmam Baqir (ə) buyurmuşdur: “Kim Həzrət Zəhranın (ə) təsbihi ilə Allahı təsbih edib sonra istiğfar edərsə, bağışlanar. O təsbih dil ilə yüz təsbihdən ibarətdir, lakin mizanda min təsbihdən ibarətdir. Şeytanı qovur, Rəhman Allahı razı salır”[5].
İmam Sadiq (ə) buyurmuşdur: “Hər gün hər namazdan sonra Həzrət Fatimeyi-Zəhranın təsbihini deməyi hər gün min rükət namaz qılmaqdan daha çox sevirəm!”[6]
3. “Fatihə” surəsini oxumaq;
4. “Ayətül-kürsi”ni oxumaq;
أَللهُ لاَ إِلَـٰهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ لاَ تَأْخُذُهُ سِنَةٌ وَ لاَ نَوْمٌ لَهُ مَا فِى السَّمَاوَاتِ وَ مَا فِى الأَرْضِ مَنْ ذَا الَّذِى يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَ مَا خَلْفَهُمْ وَ لاَ يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلاَّ بِمَا شَآءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ. لاَ إِكْرَاهَ فِى الدِّينِ قَدْ تَبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَ يُؤْمِنْ بِاللهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقىٰ لاَ انْفِصَامَ لَهَا وَ اللهُ سَمِيعٌ عَلِيمٌ. أَللهُ وَلِيُّ الَّذِينَ آمَنُوا يُخْرِجُهُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَ الَّذِينَ كَفَرُوا أَوْلِيَاؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُمْ مِنَ النُّورِ إِلَى الظُّلُمَاتِ أُوْلَـٰئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ
Transkripsiya: “Əllahu la ilahə illa Huvəl-Həyyul-Qəyyum. La tə’xuzuhu sinətun və la naum. Ləhu ma fis-səmavati və ma fil-ərd. Mən zəl-ləzi yəşfəu indəhu illa bi iznih. Yə’ləmu ma bəynə əydihim və ma xəlfəhum. Və la yuhitunə bişəy’in min ilmihi illa bima şa’. Vəsiə kursiyyuhus-səmavati vəl-ərda və la yəuduhu hifzuhuma. Və Huvəl Əliyyul-Əzim.
La ikrahə fid-din. Qəd təbəyyənər-ruşdu minəl-ğəyy. Fə mən yəkfur bit-tağuti və yu’min billahi fəqədis-təmsəkə bil-urvətil-vusqa lənfisamə ləha vəllahu Səmiun-Əlim.
Əllahu vəliyyul-ləzinə amənu yuxricuhum minəz-zulumati ilən-nur. Vəl-ləzinə kəfəru əvliyauhumut-tağutu yuxricunəhum minən-nuri iləz-zulumat. Ulaikə əshabun-nar. Hum fiha xalidun”[7].
Tərcümə: “Allahdan başqa heç bir ilah yoxdur. O Həyydir (daima diridir), Qəyyumdur (hər şeyin Ona bağlı olduğu varlıqdır)! O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa, Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən, Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. O, Əliyydir (ucadır), Əzimdir (böyükdür)!
Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Tağutu inkar edib Allaha iman gətirən hər kəs, şübhəsiz ki, qırılması mümkün olmayan ən möhkəm bir qulpdan (dəstəkdən) yapışmış olur. Allah Eşidəndir, Biləndir!
Allah iman gətirənlərin dostudur, onları zülmətlərdən çıxarıb nura tərəf yönəldər. Kafirlərin dostu isə Tağutdur. Onları nurdan ayırıb zülmətlərə salarlar. Onlar cəhənnəmlikdirlər və uzun müddət orada qalacaqlar!”
Rəvayətlərdə bildirilir ki, kim hər bir vacib namazdan sonra “Ayətül-kürsi”ni oxuyarsa, həmin şəxsin namazı qəbul olunar. Allah onu Öz pənahında saxlayar (qoruyar və hifz edər), onu bəlalardan və günahlardan qoruyar[8] və heç bir zərərli həşərat belə (o cümlədən zəhərli ilan) ona zərər verə bilməz[9].
5. “Şəhidəllah” ayəsini (“Ali-İmran” 18) oxumaq;
شَهِدَ اللهُ أَنَّهُ لاَ إِلَـٰهَ إلاَّ هُوَ وَ الْمَلاَئِكَةُ وَ أُولُو الْعِلْمِ قَائِمًا بِالْقِسْطِ لاَ إِلَـٰهَ إِلاَّ هُوَ الْعَزِيزُ الْحَكِيمُ
Transkripsiya: “Şəhidəllahu ənnəhu la ilahə illa huvə vəl-məlaikətu və ulul-ilmi qaimən bil-qıstı la ilahə illa huvəl-Əzizul-Həkim!”
Tərcümə: “Allah, mələklər və elm sahibləri Ondan başqa ilah olmadığına ədalətlə şahidlik etdilər. Ondan başqa ilah yoxdur! O, Əzizdir (yenilməz qüvvət Sahibidir), Həkimdir (hikmət Sahibidir)!”
6. “Qulillahummə” ayəsini (“Ali-İmran”, 26) oxumaq;
قُلِ اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِى الْمُلْكَ مَنْ تَشَآءُ وَ تَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشَآءُ وَ تُعِزُّ مَنْ تَشَآءُ وَ تُذِلُّ مَنْ تَشَآءُ بِيَدِكَ الْخَيْرُ إِنَّكَ عَلىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
Transkripsiya: “Qulillahummə Malikəl-mülki tu’til-mülkə mən təşau və tənziul-mülkə mimmən təşau və tuizzu mən təşau və tuzillu mən təşau biyədikəl-xayru innəkə əla külli şəy’in Qədir!”
Tərcümə: “De: “Ey mülkün sahibi olan Allahım! Sən mülkü istədiyin şəxsə verər, istədiyindən də onu geri alarsan, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə Qadirsən!”
İmam Sadiq (ə) atasından, o da öz atalarından Peyğəmbərin (s) belə dediyini rəvayət etmişdir: “Allah ərşdən asılmış və onlarla Özü arasında heç bir hicabın (pərdənin) olmadığı “Fatihə” surəsini, “Ayətül-kürsi”ni, “Şəhidəllah” (“Ali-İmran”, 18) və “Biğayri-hisabin”ə qədər “Qulillahummə” (“Ali-İmran”, 26, 27) ayələrini nazil etmək istədikdə onlar dedilər: “Ey bizim Rəbbimiz, bizi günahlarla dolu olan evə və Sənə üsyan edən şəxslərə doğru endirirsən?! Halbuki biz pak və müqəddəs ərşdən asılmışıq”. Allah onlara belə cavab verdi: “And olsun izzət və calalıma ki, kim hər vacib namazdan sonra sizi oxuyarsa, onu müqəddəslik hasarında (yəni Cənnətdə) məskun edərəm, gizli gözümlə ona hər gün yetmiş dəfə baxaram, hər gün onun yetmiş hacətini həyata keçirərəm ki, onun ən kiçiyi bağışlanmadır, hər bir düşməndən ona pənah verər və həmin düşmənə qarşı ona yardımçı olaram. Ölümündən başqa heç bir şey onun Cənnətə daxil olmasına mane ola bilməz!”[10]
7. “İxlas” surəsini oxumaq; hədisdə bildirilir ki, Allaha və axirət gününə iman gətirmiş şəxs vacib namazdan sonra mütləq “İxlas” surəsini oxumalıdır. Kim vacib namazdan sonra bu surəni oxuyarsa, Allah ona dünya və axirət xeyrini əta edər, nəinki onun özünü, hətta onun ata-anasını və onların övladlarını bağışlayar[11].
(ardı var)
Tərtibçi: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə
Redaktor: Əfruzə Həsənova
Korrektor və operator: Məhbubə Kərimzadə
[1] “Vafi”, c. 9, s. 94, Babu ma yuqalu bə’də kulli səlatin, Feyz Kaşani
[2] “Təbsirətül-vəsilə”, Tə’qib haqqında, m. 1, s. 97, Əllamə Mühəmməd Sadiqi Tehrani
[3] “Səvabul-ə’mal və iqabul-ə’mal”, “Səvabu təsbihi Fatimətiz-Zəhra”, h. 4
[4] “Səvabul-ə’mal və iqabul-ə’mal”, “Səvabu təsbihi Fatimətiz-Zəhra”, h. 1
[5] “Səvabul-ə’mal və iqabul-ə’mal”, “Səvabu təsbihi Fatimətiz-Zəhra”, h. 2
[6] “Səvabul-ə’mal və iqabul-ə’mal”, “Səvabu təsbihi Fatimətiz-Zəhra”, h. 3
[7] “Bəqərə”, 255, 256, 257
[8] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib, 23, h. 5, s. 224
[9] “Səvabul-ə’mal və iqabul-ə’mal”, “Səvabu mən qərəə ayətəl-kursiyyi ində mənamihi və qərəəha dəbrə-külli-səlatin”
[10] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib, 23, h. 4, s. 224
[11] “Səvabul-ə’mal və iqabul-ə’mal”, “Səvabu-qiraəti-Qul huvəllahu əhəd”